"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?
22 fevral 2026
# 15:00

Kulis.az Sara İbrahimin Bəhruz Tağızadənin "Cincilim" romanı haqqında yazısını təqdim edir.

“Çəhrayı çobanyastığı” romanım haqda yazdığı yazıya görə Bəhruz Tağızadənin şəxsən özünə minnətdarlıq etmək istəyirdim. Sonra fikirləşdim ki, ona təşəkkür yazısı yazım. Doğrusu, onun romanım haqda yazacağını gözləmirdim.

Bəhruz Tağızadəylə (Romançı) “Cincilim” romanına qədər tanış deyildik. Saytda romanı yayımlanana qədər belə bir yazıçı olduğunu bilmirdim. Əməliyyat edildiyini, xəstəxanadan yenicə çıxdığını eşidəndə lap mütəəssir oldum. O vəziyyətində kitabımı oxuyub, üstəlik haqqında da yazıb.

Bəhruz bəy, ilin, günün bu vaxtında, yazıçıların, ədəbiyyata birbaşa aidiyyatı olan adamların susduğu, bir- birinin kitabını oxumadığı, görməzliyə vurduğu çağda xəstə halınızla əlinizə qələm alıb bəzi naşirlərin təbirincə desək, “tanınmamış” bir yazıçının əsəri haqda yazmağınız, həm də bu cür yüksək fikirlərlə çıxış etməyiniz nəcib, paxıllıq hissindən uzaq insan olmağınızdan xəbər verir. Çox sağ olun! Demək, nəsli kəsilməkdə olan, xeyirxah, təmənnasız yaxşılıq edə bilən insanlar aramızda hələ də var.

Təsadüfə baxın ki, siz kitabımı oxuyub haqqında yazı hazırladığınız vaxt mən də sizin “ Cincilim” romanınızı oxuyurdum. Kitabınız haqda ilk dəfə “Kulis”də romandan hissələr yayımlanarkən bildim. Elə ilk sətirlərdən bu romanın fərqli, yeni olduğunu başa düşdüm. Məni təəccübləndirə bildiniz. Çoxdandır, müasir, yerli yazıçılardan belə maraqlı süjet xətti, sadə, axıcı dili və hadisələrin, oxu tempinin yüksək olduğu bir əsər oxumamışdım.

“Cincilim” romanı haqda tənqidçi araşdırması tapmaq ümidi ilə internetdə axtarış apardım. Bu yeni, maraqlı roman haqda yazı tapa biləcəyimi düşünürdüm, amma Təvəkkül Boysunar və akademik Nizami Cəfərovun yazdıqlarından başqa bir yazı görmədim. Hər ikisi sağ olsunlar, əsər haqda layiq olduğu fikirləri yazıblar. Fürsətdən istifadə edib mən də sizin “ Cincilim” romanınız haqda bəzi fikirlərimi bölüşmək istəyirəm.

Məncə, romanı maraqlı edən səbəblərdən biri və birincisi onun dilidir. Dil o qədər sadə və axıcıdır ki, bəzən müəlliflə üzbəüz oturub danışdığını zənn edirsən. Səmimi, ilhamla yazıldığı üçün oxucunu elə ilk sətirlərdən arxasınca apara bilir. Bəlkə, elə bu səmimiyyətə görə bəzən bütün bu hadisələrin müəllifin öz yaşadıqlarını qələmə aldığı qənaətinə gəlirsən. Sadə dildə yazılmış əsərlər bəzən oxucuda belə yazmağın çox asan, primitiv olduğu düşüncəsini yaradır. Amma yazı-pozudan az-çox anlayanlar bunun o qədər də asan olmadığını bilir.

Bəhruz Tağızadə isə bunu bacardığını sözügedən romanda sübut edə bilib. Mən bu romanı Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə müqayisə edərdim. Hər iki əsərin dili olduqca sadə və axıcıdır. Hər iki əsər əsasən, gənclərə xitab edir. Əsərin qəhrəmanları yaşadıqları dövrün çatışmazlıqlarını, bunula bərabər, öz mənfi cəhətlərini də səmimi dillə etiraf edirlər.

“Cincilim” romanının baş obrazı Ərəllə Selincerin qəhrəmanı Holden Koperfildin oxşar cəhətləri çoxdur. Holdenin özü barədə etirafı:

“Yaman yalançıyam. Ömrümdə mənim kimisinə rast gəlməzsiniz. Təhərsiz yalançı. Məsələn, qəzet köşkünə qəzet-zad almağa gedəndə soruşsalar ki, hara gedirsən, bir də gördün, qayıtdım ki, operaya”.
Ərəl: “Dərs oxumaqdan zəhləm gedirdi. Yalnız Səməd Vurğunun “Azərbaycan” şeirini , bir də təzə himnimizin sözlərini əzbərləmişdim”.

“Avaralanmağı xoşlayırdım, dərslərimi Cincilimə görə oxuyurdum. Bakıya getmək, ona yaxın olmaq üçün çalışıb- vuruşurdum”.

“Cincilim Kabildə yaşasaydı, oranı vətən seçərdim”.

“ Cincilim” romanı səmimi hisslərin yoxa çıxmaqda olduğu, insanların hissiyyatsız robotlara çevrildiyi iyirmi birinci yüzilliyin gənc nəsilinə Ərəlin simasında saf hisslərin, sevginin hələ var olduğunu inandırıcı bir dillə öyrədir. Ərəl sevdiyi qızı ilahiləşdirir, onun gözündə Cincilim mələkdir, nə qədər sevsə də, ona yaxınlaşmaqdan ötrü hər cəfaya qatlaşsa da, əlinə toxunmağa belə qıymır. Sevdiyi qızın paklığına bir misqal da kölgə salmaq istəmir, yaşadığı dövrün Məcnununa çevrilir.

“Yıxılsan, əlindən tuta bilərəm, Cincilim?”

“Yıxılmasam da, tuta bilərsən”.

”Yeriyən Kəbəmsən, Cincilim, Tövratımsan, İncilimsən”.

“Bu dünya nə gözəl yer imiş, sən varsan deyə, onu cənnətə dəyişmərəm”.

“ Cincilim” romanıyla müəllif həm də oxucunu doxsanıncı illərə qaytarır,o dövrün ab- havasını yenidən xatırladır. Əsərdəki “bakuş” şirniyyatı, “şirvan”, “ nizami”, “ məmməd” kimi pul əskinaslarına verilən adlar uşaqlığı, gəncliyi o dövrə düşmüş oxucuya yaxşı tanışdır.

“Elə bil, monqol-tatar ordusu kəndə hücum etmiş, adamlarını qılıncdan keçirib getmişdi. Kənddə taun epidemiyasından sonrakı bir dəhşət hökm sürürdü. Adamlar bir- biri ilə zarafat da etmirdi. Hamı başını aşağı salıb yalnız qidalanmaq haqda düşünürdü”.

“Naxırı kəndi toza basan inəklər də elə bil küsüb getmişdi. İnsanlar sürətlə hər şeylərini satıb şəhərə üz tuturdular”.

Oxuduğumuz bu sətirlər o illərdə kəndlərin boşalmasını, urbanizasiyanı gözlərimiz önündə canlandırır.

Romanda sərrast, yerində işlənmiş cümlələr oxucunu yaxşı mənada sarsıdır. Bu gözlənilməz, düz hədəfə dəyən ifadələr romanın az qala hər səhifəsində var.

“Hörmət” rüşvətin vicdandan və məcəllədən təmizlənmiş forması idi”.

“Sən özün ədalətli olmasan, ədaləti heç kim bərpa etməyəcək”.

“Rusiyadan ancaq pul gəlir, Gürcüstandan heç nə gəlmirdi. Ermənistandan isə qaçqınlar və şəhid çəsədləri…”

“Cincilim” romanı ötən ildə nəşr edilmiş ən uğurlu, oxucu sevgisi qazanmış romanlardan biridir. Bunula belə, romanda xırda qüsurlar da var. Bu da təbiidir, hətta dünyaca məşhur əsərlər də nöqsandan xali deyil.

Əsərdə vulqar, açıq-saçıq ifadələr az işlənməliydi. Bəzi yerlərdə bu, heç inandırıcı da görünmür. Məsələn, BDU-nun hüquq fakültəsinin bütün tələbələrinin bir-birinə ataları haqda yazmaq istəmədiyim o sözü işlətməsi mənə inadırıcı gəlmədi. Bir-iki nəfər ola bilərdi, amma qrupdakı bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür.

Bir də, “əlinə sağlıq”, “ səndən anlayış istəyirəm” kimi türkcə sözlər həmin illərdə hələ danışıq dilimizə daxil olmamışdı.

Amma bunlar redaktə və korrektə prosesində sonrakı nəşrlərdə düzəldilə biləcək xırda qüsurlardı.

Əziz Bəhruz Tağızadə, saf sevgi haqda yazdığınız, bir dəfə də “sevgi” sözünü işlətmədiyiniz, “ şah əsərim” deyib oxuculara təqdim etdiyiniz romanınıza dünyaca məşhur, şah əsərlərin taleyini yaşamağı arzulayıram.

Romanım haqda yazdığınız yazıya görə də təşəkkürlərimi qəbul edin. Yazıb yaradın, ümid edirəm ki, əsəriniz layiq olduğu dəyəri alacaq.

Bu gün olmasa da, sabaha ümid var.

Sonda isə bədii əsərləri təhlil edib qiymətləndirmək, oxucu ilə yazıçı arasında ünsiyyət, anlaşma yaratmaq birbaşa peşəsi, işi olanlardan soruşuram: “Siz niyə susursunuz?”


# 243 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər