Nina Nikolayevna - Nadir Yalçından yeni hekayə

Nina Nikolayevna - Nadir Yalçından yeni hekayə
12 iyul 2022
# 09:00

Kulis.az Nadir Yalçının "Nina Nikolayevna" adlı yeni hekayəsini təqdim edir.

Zümzüməsi obamın nazlı gəlninin – Kürün qızıl tanasına çevrilən salxım söyüdləri titrədir, günəşlə ay arasında bardaş quran toranlığa layla çalır, sulardan boylanan ülvi arzulara dəm tuturdu. Yanıqlı, təmkinli, aramla oxuyurdu. Bütün susan qaratoyuqların acığına bu oğrun vədəni nəğmələndirirdi. Sözə avazı ilə yaraşıqlı libas geyindirsə də, bu avazla mizrabı telə möhkəm vurmaq olmazdı, od tutub yanardı qovaqlar.

Qəmlə nəşələnmək olardı bu sədada!

Gözlərini qırpmış, əllərini dizləri ilə tənləşdirmişdi. Bilirdim, qırışları dərinləşmişdi. Mən bilirdim, qeyrisi, tutalım, qonşu Əsgəri çağırsan unamazdı bunu.

Oxuyurdu nənəsi deyən bayatılardan…

***

Yer yerindən silkələndi, darvaza şaraq-şaraq şaqqıldadı, toyuq-cücə çəpər başına tullanıb qonşu həyətinə keçdi, ağacın ətək budaqlarında sallanan gilaslar əsim-əsim əsdi, yazıq anamın yerindən dik atılmağı ilə həyətə qaçmağı bir oldu, dədəm necə diksindisə, mürgüsünə daş bağlandı. Qorxumdan tutun başına dırmaşdım.

Nənəm bu istinin cırhacırında qızmar Günəşlə əlbir olub ocağımıza od ələyirdi.

Elə yana-yana haray çəkirdi! Deyirdin, yaylığındakı yarpaqlaryerlə bir olacaq.

– Ana, nolub, nə hay-həşirdi, qonum-qonşunun dincələn vaxtı niyə qıy-qışırıq salmısan? – atam gözlərini ovxalaya-ovxalaya pilləkənlərdən düşdü.

– Mərdan, evimi murdarladılar, həyətimə qara xal saldılar, başıma daş düşdü, bala.Qardaşın gəlib.

Atamın çiçəyi çırtladı. Elə həmin vaxt da sevinci gözündə qaldı. Anasının neçə illərdi həsrət çəkdiyini yaxşı bilirdi. Bəs nolmuşdu axı?

– Ənvərdən ötrü gecə-gündüz ah-vay edən sən idin də, indi nolub?

– Bir kafir qızını da yanına salıb, bala, sarı pişiyə oxşayır. Dinim-imanım yandı…

O gündən nənəmin əhlət ağacından da ağır olan boxçası evimizdə qərar tutdu. Zəhər tuluğu idi, alqışına alqış çatmazdı, aman-aman qarğışından…

Anamı hirsləndirəndə çalmasını açıb qaçırdım. Dalımca əlli söz deyirdi. Hərdən yazığım da gəlirdi. Qara yaylığının ucunu gözünə sıxıb gecələr astadan ağalyırdı. Əlhəmini çaşdırmışdı, qınamırdım… Anama tapşırmışdı:

“Nə Ənvəri, nə də yanındakı xaxolu üstümə qoymarsız…”

Nənəmin həmin hay-küyündən sonra həyətlərinə götürüldüm. Əmimi heç görməmişdim, həmişə atam ondan ağız dolusu, fərəhlə danışardı. Əmimdən çox yanında gələn adamı görmək üçün səbirsizlənirdim, axı nənəmi kim belə cin atına mindirmişdi?

– Bizə nə gözəl oğlan gəlib! – əmim Ənvər dedi.

Onu ilk görəndə şux qamətli, saçları arxaya dalğalanan, enlikürək bir oğlan idi əmim Ənvər… Sevgisi gözündən yağırdı. Par-parıldayırdı gözləri. Kəlmə belə kəsməsə, yenə bilmək olurdu ki, o başqa cür sevirdi.

– Yaxın gəl, Mərdanın baş dərisisən. Məktəbə gedirsən?

– Hə, birinci sinifə.

– Oğulsan… Tanış ol, bu da Ninadır.

Nina Nikalayevna!

Əmim Ninanı mənə təqdim edəndə başımı sığallaya-sığallaya onun pərişan gözlərinə zilləndi. Bütün dərd-sərini canına çəkməkçün zillənirdi, axı o burda – doğma diyarda belə səs-küylə qarşılanmağa layiq deyildi. Əmim qorxurdu, birdən Nina onu qoyub getsə, bütün başına gələcək xoşagəlməz işlərdən bezsə… Əmim başqa cür sevirdi, bütün kəndi özünə düşmən edəcək cəsarətlə sevirdi…

Nina bu boz kəndimizdə qürub vaxtı körpə ərik budaqlarından zorən ayrılıb şərə qarışan narıncı şəfəqlərə bənzəyirdi. Quluncunun üstünəcən qıvrılan sünbül sarısı saçları Ninanın təbəssümünün ecazlı davamı idi. Şax qamətindən ayrılan sinəsi düzəngahda qabaran aran təpəciklərini xatırladırdı – bu da həmin böyük təbəssümün tamamı.

O bu axarlı-baxarlı çay ömrümüzə gecələr maviləşən tül kimi sərildi. Nina ilk illər bizim dildə qırıq-qırıq danışırdı. Amma elə bil dilimizin ahəngi onun nitqinə biçilmişdi, o buz kimi soyuq danışıqçün yaranmamışdı. Kim bilir, bəlkə də, Nina öz məskəninə – əsl taleyinə qovuşmuşdu.

Qəribliyinə sıza-sıza yaş töksə də, əmimə olan məhəbbətindən əl çəkmirdi. Nina qürbətdə məskən sala bilməyən, köksünün döyüntüləri bədənini silkələyən qaranquşlar kimiydi. Elə hey çırpınırdı…

Bir dəfə əclaflıq eləyib Ninanın gözəlliyinin dərinliyinə varmışdım. Həyatımda gördüyüm ən cazibədar vücudun sahibi idi Nina Nikalayevna. Günün birində əmim biçində olanda fələyin felinə uyub taxta hamamın oyuq yerindən Ninanı o ki var süzdüm. Neyləyim? Ağzımın suyu axan vaxtlar idi. Amma o tindəki zeytun ağacı haqqı ürəyimdə pis şey yox idi. Necə ki açan çiçək, yumurtasını yenicə çartlatmış sapsarı cücə, baramadan yenicə çıxan kəpənək bütün canlılara məhrəm idi, Nina da o taxta hamamın oyuğundan öz ana libasında – təbiətin qızı kimi məni xoşhallandırmışdı.

Yalnız həmin gün gözümdən yayınmayan bir şey məni fikir təşnəsində boğmuşdu, Ninanın boynunda nəsə parıldayırdı. Həmin işarəni hesab dərsində təzə-təzə öyrənmişdim. Az keçməmişdi, qəbiristanlığın göz işlədikcə uzanan dərinliklərindən,kol-kosun içindən boylanmışdı həmin işarələr mənə sarı.

Xaç idi – Ninanın inancı, duası, məmləkəti…

Kəndimizdə zülm ayaqladı gözəl Nina. Nə xaçını boynundan açır, nə sevgisini ürəyindən söküb ata bilirdi. Amma yaxşı bələd olmuşdu bu yerlərə. İl ili qovladıqca tərtəmiz danışırdı. Yatağında cilvələnən Kürə baxdıqca Volqanı xatırlayırdı. Buraları öz içinə sığdıra bilmişdi.

Günün birində Volqadan bir külək əsdi, külək gəlib yetişdi Kürə, Kürdən ocağımıza… Nənəm torpağa basıdırlan gün kəndin ağsaqqalları – dirsəklənəndə qolunun altına qoşa zər xaralı döşəkçə atılan, gəzəndə ağır tərpənən, danışanda asta dillənən, başıpapaqlı kişiləri Sotlanəhməd dayı, Əsəd əmi, Qəşəm kişi əmimin evinə ayaq basdılar, dədəm də böyürlərində.

Kişilər göy kimi guruldadılar, yel kimi əsdilər. Nina iç vurub ağlayırdı. Az qalırdım, gedim deyim, ay kişilər, görmürsüz necə gözəldi, nə istəyirsiz, amma deyə bilməzdim. Arxayın idim əmimə, bilirdim, lazım olsa, o deyər, canlarını da alar. Belə sevirdi o, başqa cür…

Kişilər çox danışdılar, çox dil tökdülər. Nəhayətdə Əsəd əmi dilləndi:

–Qayınanan quran əhli idi. Sən də pis, yaxşı onun gəlnisən. Gərək məclisində olasan, bir işin qulpundan yapışasan. Lap bunu qoyaq kənara, nə vaxtacan tay-tuşuna qaynıyıb-qarışmayacaqsan? Əlini nəyə vursan murdarlanacaq. Gəl, biz deyənə qulaq as. Bu boyda kişilər gəlib ayağına, bizi yüngülsaqqal eləmə.

Nina yana-yana boynundakı xaçı açdı. O gecə Ninaya zülmətdən zülmət oldu. Anam ona qüsul verdirdi. Molla Məmmədi çağırdılar. Molla Məhəmməd kəlmeyi-şəhadəti dedikcə Nina təkrarlayırdı. Mollanın gur səsi evi də silkəliyirdi, Ninanın bədənini də…

Ninanın boynundakı xaç qeybə çəkildi!

Qız-gəlinlər əvvəl-əvvəl qaynıyıb qarışmasalar da sonralar buzları əritmişdilər, tez-tez onun başına yığışar, gözəlliyinə mattım-mattım tamaşa eləyərdilər. Çünki o, müsəlman olmuşdu. Müsəlman olandan sonra kəndlə qaynayıb qarışdı gözəl Nina, oğul-uşağa qaynayıb-qarışa bilməsə də…Allah payın əsirgəyirdi əmimdən, xanımından.

O rus qızı laylayı iliyinəcən başa düşürdü. Övladsızlığının acığına laylay qulaqlarına hopmuşdu, bəlkə. Qonşu gəlinlər körpə beşiyini yelləyib laylay çalanda, o həzin zümzümə Ninanı beşiktək yırğalayır, xəyaldan xəyala aparırdı.

Əmim onun qəmini dağıtmaqdan ötrü əlindən gələni edirdi. Əmimlə əl-ələ verib Kürün sahilində o baş-bu baş gəzir, qoca qovağın altında sevişib qəmlərini dağıdırdılar. Allah bilir, neçə bala arzuları Kürdə boğulub sulara qərq olmuşdu. Əmim qovağın altında Nina üçün mahnı oxuyar, əllərini onun gur saçlarında gəzdirə-gəzdirə bu yerlərin əfsanələrini nəql edirdi.

Beləcə gün günə calanır, möhnət sevincə, şadyanalıq kədərə yoldaşlıq edirdi. İllərin qanadlarından yıxılanlar geri dönmədikcə böyüdüyümüzü, yaşlandığımızı hiss edirdik.

Həyətimizdəki tut ağacını kəsdilər, filmlər rəngləndi, arzular böyüdü, qayğılar çoxaldı. Mən də böyüdüm o arzularla birgə, Nina yaşlandı, əmim nuraniləşdi. Nina dəyişdi, qırışdı, balacalaşdı. Amma saçları həminki kimi gur, canlı idi, meşə kimi… Əmim isə… Qocaldıqca qəribə sükut bürüyürdü onu, bu səssizliyi bəzən ürpəndirirdi adamı.

Təkcə o tindəki zeytun ağacları həmən qaldı…

Günün birində əmimin səssizliyi kəndi başına götürdü. Nina adını dilinə gətirə bilmədiyi ölüm mələyinin ağuşuna sığındı. Həyətdə ağappaq parçadan bir yuyat yeri quruldu, ağappaq, köppüş əlli nənələr yumağa gəldilər,gümüş kimi par-parıldayan vedrələ hovuzun yanında sicilləmə düzüldü. Ağ-ağ ağı deyən ağıçılar harayladı ötənləri keçənləri…

Nina yuyulanda anam da yuyat yerində idi. O, çox adamı yola salmışdı, ilk dəfə idi rəngi ağappaq olmuşdu. Fikirləşirdim, yəqin, Nina qəribdi, ona görə halbahal olub anam…

Gün batmağa tələsəndə anam məni evin dalına çağırdı. Adamlar səngimişdi, sakitlik idi. Gördüm, nəsə demək istəsə də çəkinir. Əlimi çiyinlərinə dayayıb gözlərimi qırpdım. Yavaşca pıçıldadı:

– Bunu Ninanı yuyanda tapdım, – corabını aşağı çəkib xaçı götürdü, ovcuma basdı, – heç kim görməyib məndən başqa, narahat olma.

– Axı bu xaç neçə ildi yoxa çıxmışdı, Nina müsəlman olmuşdu. İndi bu hardan çıxdı?

– Saçının arasından.

– Necə?.

– Xaçın nazik ipi saçının dibinə düyünlənmişdi.

Nina… O necə də sədaqətli idi. Ninanın saçı ölüncə nazilmədi, təravətdən düşmədi, həmişə gur, qıvrım-qıvrım dalğalandı. Soyuq yerlərdən gəlib qızmar məkana düşən Ninanın sarı saçları öz ölkəsində gur meşə idisə, bizim kəndimizdə səhraya bənzəyirdi, gün işığından cadar-cadar olan səhraya. O gur saçlar Ninanın sədaqət rəmzi imiş, sən demə… O saçlar nazilsəydi, xaçı harda gizlədəcəkdi? Necə bədənində daşıyacaqdı… O xaç bu illər ərzində həm yox imiş, həm var imiş.

***

Xaçı ovcuma bərk-bərk basıb düşünür, ayaqlarımı ardımca sürüyürdüm. Hara gedəcəkdim? Onun bu pünhan etibarının nişanəsini harda yoxa çıxaracaqdım. Əmim… Bilirdimi yazıq əmim? Düşünürdüm, qəbirstanlığa getmək… Xaçı torpaqlara qərq eləmək… Ya da kəndimizdə lap çoxdan basdırılan rus qəbirlərinin üstünə qoymaq… Bilmirdim. Bütün bunları düşünə-düşünə gördüm gəlib çatmışam Kürün sahilinə. Bura məni gətirən o zümzümə idi… Əmim… oxuyurdu, yanıqlı, təmkinli, aramla oxuyurdu. Ötənləri yada salıb, Ninanı oxşaya-oxşaya bu oğrun vədəni nəğməsinin bağrına basırdı.

Qaratoyuqlar bu avaza məst olub ağacların koğuşuna sığınınan ilıq havada xumarlanırdılar…

# 3224 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #