Qönçəgül Kamalqızı
Əziz Nesin qədər qadının göz yaşlarının səbəbini gözəl, içdən təsvir edən kəlmələrə rast gəlməmişdim bu günə qədər.
“Qadınlar hər şeyə ağlaya bilər. Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Əgər qadın ürəkdən ağlayırsa, onu ağladan ürəyinə toxunub deməkdir...”
Məhləmizdə bir qadın yaşayırdı. Əsl adı Balaxanım idi, amma Baxı nənə deyirdik ona.
Əziz Nesinin bu nənəyə nə dəxli var deyəcəksiz, bilirəm...
Amma nədənsə, ağlayan qadından söz düşəndə Baxını xatırlayıram. O da yarasına özü məlhəm olan, kəm taleyinə lay-lay deyərək özünə sarılan qadınlardan idi.
Anamın dilindən tanımışdım onu. Hələ lap gənc yaşlarında iki dəfə ailə qurmuşdu. Bəxti gətirməmişdi hər iki ailəliyində də. Ana olmaq sevincini yaşaya bilməmişdi. Yaşadığı ağrı-acıdan qaçmaq üçün başını götürüb kənddən şəhərə üz tutmuşdu. Övlad əvəzinə dərdini köksünə sıxıb, balaca bir evdə yaşayırdı tək-tənha.
Hələ də unutmadığım qəribə qoxusu var idi onun evinin. Qurutduğu bitkilərin, dəmlədiyi çayın, balaca qazançada bişirdiyi yeməyin iyinə qarışan tənhalıq qoxusu hopmuşdu evinin divarlarına...
Ağappaq ağaran tellərinin arxasında gizlədirdi iri, qara gözlərini. Gözlərinin nə vaxtsa güldüyünü xatırlamıram onun.
Məclislərdə öz yeri var idi Baxının. O qədər çox bayatı bilirdi, elə bil canlı folklor idi.
Anam deyir ki, Baxı ağlayanda göydə quşlar qanad saxlayırdı... Bunun nə qədər doğru olduğunu bilmirəm.
Amma onu bilirəm ki, uşaq olsam da Baxı ağı deyəndə mən də ağlayırdım…
Ölümün, ayrılığın hələ nə olduğun tam dərk etməsəm də, içimi sızladırdı onun yanıqlı səsi.
Kimsə onun bu yanıqlı ağlamağının əsl səbəbini bilmirdi.
Dərdini danışmazdı, amma xeyir-şər ağbircəyiydi. Əsasına söykənib, hər kəsə yetirdi əlindən gəldiyi qədər.
Toylarda astaca oynamağı var idi Baxı nənənin. Bir dəfə yaxınlarımın birinin toyunda “Qız qalası” mahnısına oynamaq istədiyini dedi.
Nə qədər zümzümə etsə də, mahnını oxuya bilmədilər onun üçün. Peşman-peşman geri qayıtdı.
Ürəyincə olmayan bir musiqiyə oynadı yarıkönül. O zamanlar niyə onun bu mahnını israrla istəməyinin səbəbini anlamamışdım.
Həmin mahnını eşitdim illər sonra...
Solmaz olur təmiz eşqin təravəti,
Gəlir dostlar alnı açıq, üzügülər.
Sanki səndən öyrənməkçün səadəti
O gün orda görüş verir sevgililər.
Sevgi qədər sən cavansan, Qız qalası
Sən nə qədər mehribansan, Qız qalası.
Sən demə təmiz eşqə, səadətə möhtac imiş Baxı nənə. Bir ovuc xoşbəxtlik, mehribanlıq arzusuna çatdıra bilərmiş onu.
Bu mahnıya oynamaq istəyirdi, çünki sevinirmiş bu mahnı ilə az da olsa. Amma heç kim o mahnını oxumadı onun üçün.
Baxı nənə də yarımçıq sevdasına, ürəyini göynədən, sağalmayan sevgi yarasına bayatı qoşdu, ağı dedi. Hönkür-hönkür ağlayan qadına döndü.
Öz dərdinə ağlaya-ağlaya, başqalarının da dərdinə şərik oldu.
Qaçqınlıq düşəndən sonra xəbər tuta bilmədik ondan. Bir gün eşitdik ki, Sumqayıtda dünyasını dəyişib, orda dəfn ediblər bir vətən həsrətlisini də...
Baxı öləndə onun dərdinə ağlayan olubmu görəsən, bilmirəm. Bəlkə də səsindən göydə qanad saxlayan quşlar ağlayıb onu həzin-həzin.
Ya da səssiz-səmirsiz, qara torpağa tapşırıblar üzüdönük taleyinin ağırlığını gözlərində və ürəyində özü ilə o dünyaya aparan bu qadını...
Ağlayan qadının göz yaşlarını mələklər sayır deyirlər, hesabını sormaq üçün.
Tənhalığın, yalnızlığın ağuşunda qalıb inciməsin, sınmasın ürəyi heç bir qadının.
Sevgi və sevincdən ağlasınlar sadəcə. Axı, sevildiyini bilmək qadını həm güclü, həm də xoşbəxt edər...