1 milyard satılan albomu ilə dövrünün ən çox dinlənilən "Rok-n-roll Kralı"

1 milyard satılan albomu ilə dövrünün ən çox dinlənilən "Rok-n-roll Kralı"
16 avqust 2025
# 13:40

16 avqust məşhur müğənni Elvis Preslinin anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Elvis Presli dünya musiqisinin tarixində silinməz iz qoymuş sənətkarlardandır.

Onun adı sadəcə bir müğənni kimi deyil, bütöv bir dövrün simvolu kimi yadda qalıb.

“Rok-n-rollun Kralı” kimi tanınan Elvis, həm səhnədəki duruşu, həm də musiqi və kino sahəsindəki uğurları ilə milyonlarla insanın sevgisini qazanıb.

Elvis Presli 1935-ci ildə Missisipi ştatında kasıb bir ailədə dünyaya gəlib.

Atası Vernon tarlalarda çalışır, anası Gladis tikiş fabrikində işləyirdi. Çətin uşaq və yeniyetməlik dövrü keçirən Elvis, musiqiyə olan marağını çox erkən yaşlarda göstərməyə başlayıb.

O, 10 yaşında “Old Shep” adlı mahnını ifa edərək ilk dəfə bir müsabiqədə yer aldı və bunun sayəsində ilk gitarasını qazandı.

Elvisin ilk studiya yazısı “That’s All Right” adlı mahnı ilə oldu və bu mahnı rok-n-roll janrının başlanğıcı hesab edilir.

O dövr üçün bu, çox qeyri-adi hal idi, çünki Elvis ağ dərili olsa da, afro-amerikan musiqi janrlarını – xüsusilə bluz və soul tərzlərini ifa edirdi. Bu da onu digər sənətkarlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri idi.

Preslinin səhnəyə çıxışı, hərəkətləri və geyim tərzi gənclər arasında yeni bir dalğa yaratdı. Onun saç düzümü, fərqli geyimləri və jestləri bir çox gənc üçün nümunəyə çevrildi.

O, yalnız musiqi ilə deyil, həm də səhnə performansı ilə də insanları cəlb edirdi. 1950-ci illərin sonunda artıq Elvis beynəlxalq səviyyədə tanınan bir ulduza çevrilmişdi.

Elvis təkcə musiqi ilə kifayətlənməyərək, kino sahəsində də uğurlar qazandı. O, ümumilikdə 31 filmə çəkilib. “Love Me Tender”, “Jailhouse Rock”, “Blue Hawaii” kimi filmlər onun kino karyerasının ən parlaq nümunələrindəndir.

Bu filmlər həmçinin onun musiqilərini daha geniş auditoriyalara çatdırmağa kömək etdi.

Elvis Presli dünya üzrə 1 milyarddan çox albom satışı ilə musiqi tarixinin ən çox dinlənilən sənətçilərindən biridir.

Onun “Heartbreak Hotel”, “Don’t Be Cruel”, “Hound Dog”, “Love Me Tender”, “Jailhouse Rock” kimi mahnıları bu gün də geniş auditoriyalar tərəfindən dinlənilməkdədir.

Elvisin şəxsi həyatı və ölümü uzun illərdir müzakirə mövzusudur. O, 1977-ci ilin 16 avqustunda, cəmi 42 yaşında dünyasını dəyişdi. Rəsmi məlumatlara görə, ölüm səbəbi ürək çatışmazlığı idi.

Amma illərdir davam edən şayiələr və nəzəriyyələr Elvisin əslində ölmədiyi və gizli şəkildə yaşadığı barədə iddiaları gündəmdə saxlayır.

Elvisin yaşadığı Graceland malikanəsi bu gün də ziyarətgahlardan biridir. Hər il yüz minlərlə insan onun evini ziyarət edir, xatirəsini yad edir. Məzarı da burada yerləşir və musiqi tarixinin bu böyük simasına hörmət əlaməti kimi qorunur.

2022-ci ildə ekranlara çıxan “Elvis” filmi sənətkarın həyatını yenidən gündəmə gətirdi. Rejissor Baz Lurmanın çəkdiyi bu film Presleyin musiqiyə yüksəlişini, meneceri Tom Parker ilə münasibətlərini və Amerika cəmiyyətindəki yerini əhatə edir.

Film Kann Film Festivalında ayaqüstə alqışlanıb və böyük maraqla qarşılanıb.

Elvis Presli sadəcə bir müğənni deyil, bir dövrün ruhunu təmsil edən canlı əfsanə idi.

Onun musiqisi, filmləri və mirası bu gün də yaşayır və gələcək nəsillər üçün ilham mənbəyi olmağa davam edir.

# 118 dəfə oxunub

Oxşar xəbərlər

"Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır..."  - O,  Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

"Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır..." - O, Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

14:48 16 avqust 2025
Obrazlarının fikirləri "həbs qoxuyan"  yazıçı - 20 Yanvar faciəsində Yusif Səmədoğlu hansı addımı atmışdı?

Obrazlarının fikirləri "həbs qoxuyan" yazıçı - 20 Yanvar faciəsində Yusif Səmədoğlu hansı addımı atmışdı?

13:50 16 avqust 2025
Novruz Bayramına görə təqiblərə məruz qaldı... - Şıxəli Qurbanovu sianid turşusu ilə zəhərləmişdilər?

Novruz Bayramına görə təqiblərə məruz qaldı... - Şıxəli Qurbanovu sianid turşusu ilə zəhərləmişdilər?

12:40 16 avqust 2025
Bir insanı kifayət qədər tanımırsınızsa, onu sevə bilərsiniz...  - "Çirkli realizm" ustasından aforizmlər

Bir insanı kifayət qədər tanımırsınızsa, onu sevə bilərsiniz... - "Çirkli realizm" ustasından aforizmlər

12:40 16 avqust 2025
Azərbaycan “Silk Way Star” vokal müsabiqəsində

Azərbaycan “Silk Way Star” vokal müsabiqəsində

12:20 16 avqust 2025
Keçmişi bu günə daşıyan zehni "zaman maşını" - Mahnılar niyə xatirələrimizi oyadır?

Keçmişi bu günə daşıyan zehni "zaman maşını" - Mahnılar niyə xatirələrimizi oyadır?

12:00 16 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər