“Azər və Aida adası" əsərində erməni xislətinin mənalandırılması - Elmir Həsən

“Azər və Aida adası" əsərində erməni xislətinin mənalandırılması - Elmir Həsən
8 avqust 2023
# 15:00

Kulis.az Elmir Həsənin “Azər və Aida adası" əsərində erməni xislətinin mənalandırılması" yazısını təqdim edir.

Gülşən Lətifqızı(Kazımova) 1961-ci ildə Bakı şəhərində anadan olub. AYB-nin, NYİ-nin və “Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri olmuş, tərcüməçi kimi fəaliyyət göstərmişdir. "Ana Vətən" Azərbaycanlı Qadınlar Birliyi 2004-cü ildə Hollandiyada onun rəhbərliyi altında fəaliyyətə başlamışdır. Cəmiyyətin yaradılmasında məqsəd Avropada yaşayan azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək olmuşdur.

2006-cı ildə Gülşən Kazımovanın "Nəslimizin qızları" adlı kitabı Niderlandda nəşr edilib. 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, Gülşən Kazımova Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi" fəxri adına layiq görülüb. Hollandiyada yaradacılıqla məşğul olmaqla bərabər, Azərbaycan diasporunun inkişafında xüsusi xidmətlər göstərmiş azərbaycanlı yazıçı hesab olunur. Gülşən Lətifxan 2015-ci ildə vəfat etmişdir.

Onun müəllifi olduğu “Azər və Aida adası” romanı ədəbiyyatımızda mühüm və mürəkkəb mövzuya həsr edilmiş əsər sayılır. Münaqişənin konstatasiya prizmasında təsvir edilməsi əsəri bu mövzuda yazılmış böyük romanlarla bərabər çəkiyə gətirir.

Əsər ilk baxışdan sevgi romanına bənzəsə də, ancaq məzmununda uzun müddət davam edən gərgin siyasi münaqişə və onun gənc nəslin həyatına nə dərəcədə təsir göstərməsi dayanır.
Romanda azərbaycanlı Azərin və anası erməni olan Aidanın timsalında qaranlıq məqamları özündə birləşdirən gerçək düşüncələr əks olunub. Qısa şəkildə ifadə etsək, bu əsər Azərbaycanda (Azərbaycan SSR-də) XX əsrin 80-ci illərinin sonlarındakı ab-havanı təsvir edir və romanda ən gərgin tarixi hadisələr işıqlandırılıb.

Əsərin əsas hissəsi qəhrəmanın iç dünyası və duyğuları üzərində qurulub. Aida əsərin əvvəlində yeni aldığı səsyazan cihazı haqqında düşüncələrini və hisslərini bölüşür. Səsyazan onun üçün fikirlərini rahatlıqla ifadə etməyin yolu kimi çıxış edir. Ancaq daha maraqlı məsələ isə onun əmisi oğlu Azərə olan duyğularıdır. Azər İngiltərəyə oxumağa getdiyi üçün Aida onun yoxluğundan böyük bir tənhalıq və boşluq hissi yaşayır. Azərə olan sevgisi çox dərin və güclüdür, hətta ata-anasından belə daha üstün bir məhəbbət bəslədiyini düşünür. Onunla bağlı olan xatirələr və duyğular qəhrəmanın həyatında mərkəz rol oynayır.

Balaca Aidaya görə, məhəbbətlə yaşamaq daha gözəldir, eşqlə ömür keçirmək dünyada ideal fikirli insanların ən mənalı yaşamaq adətidir. Sevgi, həm də günaha batanlardan qorunmağın ən şirin təntənəsidir. Aida da Azərə tutunub, baxmayaraq ki, onların arasında məsafələr var. “Məsafələr heç nəyi dəyişmir” ifadəsi məcburən yaranmış təsəlliverici bəhanələrdir. Keçmişdə qalan xoş xatirələrin davamı boşluğa dayandığı zaman əzab verir. Ciddi sevgilərin yaşandığı bədənlərdə bu həmişə belə olur.

Aidanın valideynləri fərqli millətlərin nümayəndəsidir. Anası erməni, atası isə azərbaycanlıdır. Bu ailə quruluşu onun həyatında dərin izlər buraxmışdır, çünki qarşıdurmaya gedən dövründə ailə və milli kimlik məsələləri daha da qabarıq şəkildə ortaya çıxır. Aidanın valideynlərinin münasibəti, xüsusən anası ilə bağlı çətinliklər, onun kimlik axtarışlarını və daxili təlatümlərini artırır. Anası Karina erməni əsilli olsa da, azərbaycanlı ailənin gəlinidir, ancaq münaqişə başlayanda o, ərini və qızını xilas etmək üçün Bakıdan biryolluq getmək məcburiyyətində qalır, Aida isə atası ilə nənəsinin yanında qalır. Aida əsərdə qarışıq ailə vəziyyətində həm azərbaycanlı, həm erməni köklərinin gətirdiyi ziddiyyətlərin ağırlığını yaşamaq məcburiyyətində qalır.

Roman həmçinin Qarabağ münaqişəsinə toxunur. Aida münaqişənin təsiri ilə həyatında baş verən dəyişikliklərdən bəhs edir: sevdiyi erməni qonşularını və dostlarını itirir, anasının bu vəziyyətdə yaşadığı ziddiyyətlər və onların ailə üzvlərinin necə əziyyət çəkdiyi vurğulanır. Sovet İttifaqının dağıldığı, Ermənistan-Azərbaycan münaqişəsinin başladığı bir dövrdə, millətlərarası münasibətlər də zədələnmişdir. Bu, həm Aidanın şəxsi həyatında, həm də geniş ictimai sferada hiss olunur.

Müəllif niyə məhz kiçik yaşlı bir qızı bu qədər təlatümlü hadisələrin ağuşuna atır? Bunu ancaq yüksək həyati müşahidəsi olan yazıçı edə bilərdi.

Qadın zərif duyğuların ən esetik varlığıdır. Şərq qadınlarının məsuliyyətli davranışları bütün dövrlərdə müttəsil tərzdə diqqət çəkib; ailə quruculuğunun ən mütəşəkkil strukturunu da Şərq qadınları təşkil etmək qabiliyyətinə malikdir. Qadın zərifliyinin də əsas mahiyyəti budur. Onların incəliyi yalnız mənəvi məsələdədir, yeri düşəndə qadın ən kəsalətli durumları hərəkətləndirən insan növüdür. Həm də bu əsərdə qadın sədaqəti müəllif tərəfindən önə çəkilmiş mədəni meyar kimi götürülə bilər.

Əsərin adı da bizi müəyyən qədər mətnaltı mənaları açmağa sürükləyir. Burda yazıçının seçdiyi adlar təsadüfü seçilməyib və məlumat üçün deyim ki, “Azər” adı farscadan od, atəş, atəşgah (oda qulluq edən mələk) anlamlarındadır, “Aida” adına gələndə isə XX əsrə qədər Azərbaycanda, nə Aida, nə də Aidə qadın adının mövcud olmasından danışmaq olmaz. Qeyd etmək lazımdır ki, bu gün Aida qadın adı Cənubi Qafqazın hər üç respublikasında yaşayan xalqların leksikonunda mövcuddur. Aida qadın adının mənşəyi haqqında lüğətlərdə müxtəlif yozumlara rast gəlinir. Məsələn, adın yunan mənşəli olması barədə fikir yürüdənlər göstərir ki, qədim yunanlarda aida sözü “bülbül” mənasındadır. Bu sözün ada çevrilməsi çox keçmiş zamanlara aid əsatirlərlə əlaqədardır. Burdan müxtəlif versiyalar irəli sürmək mümkündür, ancaq ən ağılabatanı Azərin simasında odlar yurdunu tərənnüm edən yazıçı, həm də gözəl səsi olan bülbülü odlar yurdunun gərgin siyasi, çaxnaşmalı zamanlarının məsuliyyət sahibi kimi təsvir edir. Eyni zamanda Aida adı Qərb və Şərq mədəniyyətlərinin sintezini simvolizə edir. O, qarışıq nikahdan doğulmuşdur, bu da onun taleyini mürəkkəbləşdirən bir elementdir. Aida adı, həmçinin onun keçirdiyi şəxsi və emosional ziddiyyətləri, hibrid kimliyini təmsil edir.

Əslində, faciə əsərin təsvir mərkəzində dayanan Azərlə Aidanın faciəsidir. Ermənilər tərəfindən başladılmış siyasi münaqişələrin qurbanı kimi nə qədər sevgilər pərakəndə hala düşdü. Ada dənizlə dörd bir tərəfdən əhatə olunmuş quru sahəsidir. Azərlə Aidanın da adası sonsuz dənizin əhatəsindədir. Amma bu dəniz aydınlığın rəmzi deyil, bu dəniz münaqişələrin, siyasi maraqların, böyük güclərin, düşmənlərin əhatəsidir. İnsanlar dünyaya gələrkən bir-birlərinə düşmən kimi doğulmurlar.

Əsər Aidanın Azəri nə qədər çox sevdiyinin, Aidanın Atası Muradın ilk əvvəllər Azərbaycan Neft və Kimya İnstitutunda işləyərkən anası Karina ilə tanış olmasından və o vaxtdan ailə qurmaları haqqında təsvirlə başlayır.

“Münaqişə başlayanda mənim atam respublikanın aparıcı, mühüm sahələrindən birində çalışırdı, özü də nazir müavini vəzifəsində. Onun keçirtdiyi həyəcan, qorxu təsəvvürümə gəlir, mən indi başa düşürəm ki, o, biçarə nələr çəkib! Axı, o, anamı çox istəyirdi və təbii ki, anama görə həyəcanlanırdı, amma dünyagörmüş bir kişi kimi susurdu, içində çəkirdi. Və hərdən özünə ürək-dirək verirdi: "Bəyəm erməni qızıyla evlənən yalnız mənəm? Kimin nə həddi var mənə artıq-əskik söz desin!". Müəllif, həm də göstərir ki, hər iki xalqı sadəcə siyasətin qurbanı ediblər və Aidanın atası erməni qızla evləndiyi üçün linçlənməsini üzdə göstərməsə də, daxilində əziyyət çəkir. Əslində isə siyasətin insafsız üzündən böyük zərər görənlər xalqın heç kəslə problem axtarmayan, sakit, sadə təbəqəsi olur, elə xalq da məhz həmin insanların cəmidir.

Romanda Aidanın azərbaycanlı babası İbrahim ilə erməni olan babası Xristoforun daxili aləmi, dünyagörüşü də qarşılaşdırılır. Aida azərbaycanlı babası İbrahimi, yoxsa erməni babası Xristoforu daha çox istədiyini özünə sual edir. Amma Aida üçün hər ikisinin məxsusi yeri var. İbrahim babası bir qədər sərtxasiyyət, mühafizəkardır. Belə ki, ailədə daha çox oğlan uşaqlarına diqqət ayırır; övladlarına dini ad qoymağın lehinə olan şəxsdir. İbrahim babasının yanında uzanmaq, qıçını-qıçının üstünə aşırıb oturmaq olmazdı. O, otağa girəndə hörmət əlaməti olaraq ayağa qalxmaq lazım idi. Xristofor bu məsələlərdə sərbəst pilləni tutur. O, xaraktercə də həlim insandır. Aida üçün Xristofor babasının azad ruhlu, xoşmünasib davranışları daha çox qəlbə yatandır. Niyə bəs müəllif azərbaycanlı İbrahimi bir qədər mühafizəkar, sərtxasiyyət göstərir? Müəllifin bu məsələlərdə bütün gücü ilə bərabərliyi qorumağa çalışdığı qaranlıq məsələ deyil. İbrahim nəvələrinə, əzizlərinə qayğı göstərir. İbrahimin kiçiklərdə böyüklərə qarşı yaratdığı hörmət nadanlıq psixologiyası kimi yozulmamalıdır. Burada müəllif İbrahimin öz milli-mənəvi dəyərlərinə olan hörmətini göstərməklə Azərbaycan xalqının uca məqamını təsbit etməyə çalışmışdır. Xristofor isə Qərb dəyərlərinin daşıyıcısıdır. Biz onu erməni xislətinə sahib insan kimi görməməliyik. Onun üçün ailəyə yanaşma da fərqlidir. Amma heç cür təkzib etməməliyik ki, Xristofor Bakı ermənisidir; uzun müddətdir, Azərbaycanda yaşayır. Şübhəsiz, onun düşüncəsindəki humanizm də bu səbəbdəndir. İstər Xristofor, istərsə də yoldaşı Qreta erməni xislətinə yaxşı bələddilər. Hətta Qarabağ məsələləri qızışdığı vaxt eşidəndə ki, oğlu Ruben “Krunk”(Durna) terror təşkilatına üzv olub, həmin an ürəyi partlayıb ölür. Onsuz da Rubenin yöndəmsiz erməni ailəsi ilə qohumluğu Xristofora az dərd deyildi. Yazıçı çox məharətli şəkildə o dövrün siyasi hadisələrinə reallıq prizmasından yanaşır və heç bir halda millətçilik mövqeyindən çıxış etmir.

Hadisələr Aidanın dilindən nəql olunur. Aidanın anası ermənidir və hadisələr zamanı doğmalarının - nənəsi Qretanın, erməni babası ilə Xristoforun və dayısı Rubenin itkisi ilə üzləşir, sonda isə anası da qəfildən evdən qaçır və on bir yaşlı qızcığazın iztirabları başlayır. Aidanın gündən-günə gərginləşən dünyasında yeganə işıq Azərdir. Özünəməxsus şirin təhkiyə ilə qələmə alınmış bu sevgi dastanı Aidanın "Azər və Aida adası" adasından Azərə xitabıyla başlayır. Əsərin ilk fəsillərindən Aidanın anasının erməni olmasına baxmayaraq, Azərbaycanı çox sevdiyini, istər mədəniyyətinə, istərsə də yaşadığı ölkənin insanlarına qarşı böyük sevgi-məhəbbət ilə yanaşdığı aydın şəkildə görünür, təbii ki, bu da səbəbsiz deyil, çünki Aida havasını udduğu, suyunu daddığı yurdun istiliyini daim duymaqdadır, bunu insanlarla münasibətdə daha gözəl şəkildə anlayır. Müxtəlif ağır durumun bir yeniyetmə qızın dili ilə verməsi, onun gözləri ilə təqdim edilməsinə çox təriflər verməyə səbəbimiz var. “İndi özüm də inana bilmirəm ki, mən haçansa bu gözəl respublikanın bəxtiyar vətəndaşlarından biri olmuşam... Özü də necə bəxtiyar”.

Əsərdə mürəkkəb dövrün sıxıntılı siyasi məqamlarına geniş yer verilmişdir və demək olar ki, bu əsər sevgi xatirələrindən daha çox özündə siyasilik daşıyan əsərdir. Aidanın dilindən vurğulanır ki, ”Böyük Ermənistan” xülyası ilə bütün mürəkkəb istiqamətlərə yönələn siyasi münaqişələrə də məhz ermənilər şərait yaradıb. Bütün bu hadisələrə ta uşaq vaxtlarından şahidlik etmiş Aida kədərli şəkildə rəsmi məlumatlara, əsasən, qeyd edir ki, bu günün özündə də Bakıda iyirmi mindən yuxarı erməni əhali yaşayır və o şəhər ki, Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların sığınacaq yerinə çevrilib, o şəhər ki, bu günün özündə də gəncləri erməni aqressiyasının qurbanı olurlar.

Yazıçı ortaya çıxan qaranlıq suallara cavab axtarmağa çalışır. Aida düşünür ki, hər iki xalq uzun müddət bir yerdə mehriban şəkildə yaşayıblar, ancaq müəyyən ünsürlər ortaya sonda sağalmaz ədavət toxumu əkməyə nail olublar. Ermənilər isə sonda bu ədavətə “qurban” getdilər. Daha sonra Aida öz ailəsi ilə Yerevana yöndəmsiz dayısı Ruben gilə qonaq getdiklərini xatırlayır. Aida onu Yerevanda – qədim Azərbaycan şəhərində heyrətləndirən hadisələri də unutmur: “ermənilər Azərbaycan musiqisinə qulaq asır, amma erməni dilində! Xörəkləri də türk adları daşıyır: “basdırma”, “dolma”, “xaş”. Elə bilirdim Bakıda öz evimizdəyəm, amma orda adamlar Bakıdakı kimi istiqanlı deyildilər”.

Aida Yerevana gedəndən sonra ermənilərin şovinist millətçi olduqlarını və Azərbaycan xalqının mədəniyyətini mənimsəməyə çalışdıqlarının, sözün əsl mənasında, şahidi oldu, belə ki, əsərin bu yerində əyani izahlarla Aidanın atası erməni ailəsinə “dolma”, “basdırma”, “lavaş”, “kətə” kimi milli mətbəximizə məxsus olan yeməklərin əsl mənası haqqında məlumat verir və təbii ki, bu onlarda qıcıq yaradır. Rubenin urcah olduğu riyakar Hayqanuşun kiçik bacısı Siranuşun “dünyagörüş”ü Aidanı eybəcər formada təəccübləndirir. Belə ki, Siranuşun yaşının kiçik olmasına baxmayaraq, ağlında “Böyük Ermənistan” xülyası “bərq” vurur. Danışıqlarından aydın olur ki, türkləri düşmən kimi görür. Heç gizlin deyil ki, erməni ailələrində uşaqları körpə vaxtında türklərə qarşı düşmənçilik ruhunda “tərbiyə” edirlər. Siranuşun danışığında, düşüncəsində də bunu görmək təəccüblü deyil. Ancaq Aida Bakıda bu cür söhbətlərə cəfəngiyat kimi baxıldığını bildiyindən yalnız riqqətə gəlməklə kifayətlənir. Çünki Aida, babası İbrahimdən yalnız müsbət örnəklər götürmüşdü; Siranuşun ermənilərin yer üzündə seçilmiş millət olduqlarını dediyində babası İbrahimin, “yer üzündə seçilmiş millətin olmadığını, Allahın insanları bir-birlərindən yaxşı şeylər öyrənmək üçün yer üzünə göndərib” sözlərini xatırlayır və bunları Siranuşa izah etməyə çalışır. Aida çörəyin qalığının Siranuş tərəfindən yerə, tozun-torpağın içinə atıldığını görəndə təəssüflənir və tez çörək tikəsini yerdən götürüb öpür. Nifrət, çirkinlik içində “böyüyən” Siranuşa çörəyi yerə atmağın qəbahət olduğunu deyir.

Əsərdəki Aida obrazı müəllifin birbaşa öz prototipidir. Aşağıda “Azər və Aida adası” əsərindən göstərilən parçada müəllif dövrün ziddiyətli məsələlərini hər iki xalqın müqayisəsi prizmasında göstərir və yaşadığı dönəmin mürəkkəb prosesini olduğu kimi təqdim edir və üstünlüyü Azərbaycan xalqına verir, ancaq bu yerdə ümumən erməni millətinin hər birinin yalnız müharibə düşüncəsində olduğu faktını da təkzib edir: “Orda yaşamaq istəsəm də, istəməsəm də, hər halda mənim qanım qarışıqdır! Mən uğursuz bir haşiyəyəm, genetik cəhətdən azərbaycanlı olduğum qədər də erməniyəm və damarlarımda bir-birinin qanını içməyə hazır olan iki millətin qanı axır və mənim bütün məhrumiyyətlərim və fəlakətlərim də bununla bağlıdır”.

“Azər və Aida adası” romanında Aida taleyin hökmünə məğlub olur, ona görə yox ki Aida zəif xarakterə malik idi, Aida və Azər kimi saysız-hesabsız, bir-birini sevən gənclərin bu cür iyrənc düşmənçiliyə qurban getməsi demək idi. Yazıçı göstərir ki, iki millət arasındakı problemlərin birinci növbədə səbəbkarı “böyük”lərin siyasi oyunlarıdır. Amma buna baxmayaraq, azərbaycanlıların bu oyuna uymadığını, lakin ermənilərin xislətindəki təcavüzkar meyillərin, şovinist əhval-ruhiyyənin yüksək olması, onların bu oyuna bada getməsinə səbəb oldu. “Yer üzündə dövlət qurmaq kimin kəşfidir görəsən?” - deyən Aidanın intiharı hər iki xalq arasında olan düşmənçiliyin yalnız onların özünü məhv edəcəyini göstərən ən aydın və dramatik hissədir.

Əsərin sonuna yaxın hissədə hər iki ailənin müharibənin əsnasında üzləşdiyi bədbəxtliklər, əslində hər iki millətin sadə vətəndaşlarının faciəsidir. Bunun da ən böyük acısını, utancını və ən əsası bədbəxtliyini Aida özünü təcavüzkar millətə mənsub olmaqda görür və sonda bütün bu faciələrdən dözməyərək intihar qarşısında yeganə seçim olaraq görür.
“Azər və Aida adası” əsəri əsasən “Bahadır və Sona” və “Əli və Nino” romanları ilə müəyyən istiqamətlərdə səsləşir. Hər üç əsərin əsas mövzusu sevgi və fərqli millətlərə mənsub iki gəncin münasibətidir.

Müqayisə üçün “Bahadır və Sona” romanından bir parçaya nəzər salaq: "Məqsəd bir, yol bir, əcəba! Nə üçün insanlar bir-birindən təfriqə düşüblər? Səbəb? Səbəb, ağlımızın naqisliyi. Biz əsl mətləbi əldən buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir Allah buraxır, min Allaha səcdə edirik. Fəqət əsil mətləbi anlayanlar birləşirlər, qovuşurlar məhəbbət nə olmağını düşünürlər. İştə biz də bu dərəcədə bulunuruqsa, məhəbbətimiz tələh edən qanunlara sitayiş etməliyik, deyilmi?". N.Nərimanov isə bir qədər fərqli yöndən yanaşaraq faciələrin hələ yenicə isindiyi yerdən başlanğıc edərək iki xalq arasında olan ümumi nəticəni sevgiyə, bir tanrıya, özündə humanist qaydaları sabit edən qanunlara istiqamətlənməyə çağırış edir. Təbii ki, yazıçının bu düşüncədən yanaşması məhz onun bir-birilə ədavətdə olan xalqlar arasında gələcəkdə görmək istədiyi sülh, tolerantlıq ümumi ideallar uğrunda mübarizə təşkil edirdi, çünki bir-birilə qonşu olan xalqların daha çox dostluq əlaqələrinə ehtiyacı var; əlbəttə, ilk öncə düşünməliyik ki, hər iki xalqın nümayəndələri nəinki indi, hətta gələcək günlərdə də dəyişilməz qonşuluq münasibətlərinə sahib olacaqlar. Odur ki, yazıçı yüksək mənəvi estetik ideallardan çıxış edərək, gələcək nəsillər naminə hər iki xalqı məhəbbətə söykənməyə dəvət edir. Ümumilikdə isə Nərimanov üçün xalqlar arasındakı ədavət ictimai problem əhəmiyyəti daşıyır. O düşünür ki, yeganə çıxış yolu sevgi-məhəbbət yoludur. Aqressiya, kin zamanın axışına qarşı gəlməkdir. “Hamı insanlar bir nöqtəyə gərəkdir yeriş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. Mən sizi sevirəm, siz də məni , "Yox, sevmək olmaz!" qanunu varsa, mən tam vücudumla bu qanunu məhv etməyə çalışıram. Müsəlman, xristian, yəhudi və bütpərəst nə olmağını anlamıram və istəmirəm də anlamaq!"

Müqayisəyə gətirdiyimiz hər üç əsərin sonunda ölüm var. Amma bu ölümlərin səbəblərinə gəldikdə, böyük oxşarlıq görürürük. Əslində hər üç yazıçı müxtəlif zamanlarda qələmə aldıqları bu əsərlərlə həmin dövrün ab-havasını tarix əsərləri qədər gerçək anladırlar. Bahadır öz dövrünün natəmiz düşüncə tərzinə qarşı çıxır. Erməni qızı Sona ilə bir-birlərini sevməsinə rəğmən hər iki millət arasında olan düşmənçilik, eyni zamanda hər iki gəncin sevgisi üçün də ciddi maneə olaraq dayanır. Bahadır əsərin sonunda intihar edir, ancaq intihardan əvvəl yazdığı məktubda qeyd edir ki, kimsə mənim ölümümdə təqsirkar bilinməsin. Və insanları bir-birindən ayıran "uçurum dərələr"lə mübarizədə məğlub olduğunu yazan Bahadır, həm də yazır ki, siz sonda məhvə məhkum olacaqsınız. Millətlər arasında nifaq salanların sonu işıqlı görünə bilməz.

Nəriman Nərimanov Bahadır və Sona obrazı ilə insani dəyərlərin, ideal sevgilərin mücəssəməsini təsvir edir. Oxşar detallar Qurban Səidin "Əli və Nino" romanında da var. Bu əsərdə sonluq Əlinin şəhid olması ilə nəticələnir. Ancaq burada Əlinin şəhid olmasına səbəb öz vətəni uğrunda mübarizədir, vətən sevgisi sonda daha üstün zirvəyə çevrilir. Baxmayaraq ki, azərbaycanlı Əli ilə gürcü qızı Nino arasındakı məhəbbətin əsas mahiyyətində millətlərin bir-birinə olan sevgisi dayanır. Nino gürcü olsa da Əlini bütün qəlbi ilə sevir, hər iki aşiq çətin zaman kəsiklərindən üzü ağ şəkildə çıxmağı bacarırlar. Bəzi tənqidçilərin fikrincə "Əli və Nino" əsəri Şərq ruhuna uyuşmayan əsər olaraq yazılmış, daha çox Qərb düşüncəsi, mədəniyyəti üstün mövqeyə çəkilmişdir. Bununla yanaşı Şərq müstəvisində Azərbaycan mədəniyyəti, milli mətbəxi ətraflı şərh olunur. Amma burada yazıçı daha çox ədalətli məqsəd güdmüş, Şərqin əsrin əvvəllərinə dair olan hərtərəfli geriliyini canlandırmışdır. Bütün mənfiliklərə rəğmən Əlinin sonda ölümünü heç də Şərqin məğlubiyyəti kimi yozmamalı, əksinə Əlinin öz sevgisinə olan sədaqəti ilə bərabər, həm də Şərq vətənpərvərliyinin ən uca məqama qaldırılmasıdır. Ümumilikdə isə hər üç əsərin ortaq kəsişməsi onların Azərbaycan xalqının humanist dəyərlərinin realizm mövqeyinə salınmasıdır. Son olaraq demək mümkündür ki, “Azər və Aida adası” romanı milli folklorun təsirini ön plana çəkməklə yazılmış bir əsər olaraq böyük önəm daşıyır, ən əsası əsərin bütün fəsilləri bir-biri ilə möhkəm şəkildə bağlıdır. Bu bağlılıq bizi əsərin hər bölümündə yeni düşüncə və gerçəkliklərlə tanış edir.

“Bahadır və Sona” əsəri azərbaycanlı oğlanla erməni qızının sevgisində mədəniyyətlərarası toqquşmasını əks etdirir. “Əli və Nino” romanında isə Azərbaycan və Gürcüstan arasında mədəni və dini fərqlərə toxunulur. Ancaq Müsəlman və xristian dünyası arasındakı fərqliliklər hər üç əsərdə əsas münaqişə səbəblərindən biridir. Buna baxmayaraq hər bir əsərdə sevgi münasibətləri millət və mədəniyyət sərhədlərini aşmağa çalışır.

Bundan əlavə “Azər və Aida adası” Qarabağ müharibəsi fonunda müasir tarixə daha yaxın hadisələri təsvir edir, “Bahadır və Sona” XIX əsrin sonlarına XX əsrin əvvəllərinə aid mədəni və etnik münaqişələrinə fokuslanır, “Əli və Nino” isə daha geniş Şərq-Qərb qarşıdurmasını, Qafqazın mədəni müxtəlifliyini göstərir.

# 5412 dəfə oxunub

Müəllifin son yazıları

# # #