Kulis.az Şamil Həsənovun "Xəbərlər" adlı qısa hekayəsini təqdim edir.
Yarımişıqlı, divarı ucuq-sökük balaca otaqda baba nəvələrini başına yığıb cırıldayan, köhnə, ayaqları əsən, Sovetdənqalma çexollu divanda arvadı ilə yan-yana oturmuşdu. Axşamları bu mehriban ailə həmişə televizorda xəbərlərə baxırdı; belə toplantı nəvələr üçün daha şən keçirdi. Bu toplantıda nənə-baba üçün zövq verici şey nəvələrinin hay-küyü buraxıb sakitcə dayanmaları, arabir xısın-xısın bir-birinin qulağına nəsə demələri idi, onlar da bu xısınlaşmadan həzz alıb uşaqları tərifləyirdilər. Lakin bu səhnədən də maraqlı, gülməli səhnə olurdu.
Hər dəfə xəbərlər başlayanda nənə pultu yanında axtarır, tapmayanda ərinə sarı dönüb onu hara qoyduğunu soruşurdu; baba da sağ əlini arxasına qoyaraq ağrıyan bədənini azca yuxarı qaldırıb gah oturduğu yerə, gah divanın altına, gah da otağın o biri küncündəki stola boylanıb baxırdı, nəticə hasil olmayanda uşaqların üstünə qışqırıb tələb edirdi ki, pultu dərhal versinlər. Nəvələrdən biri babadan qorxaraq pultu nənəsinə uzadıb onu bərk-bərk qucaqlayırdı, o biri beş nəvə isə bunu görüb gülüşürdü. Az qala ev ələk-vələk ediləndən sonra tapılan pult onlar üçün böyük əhəmiyyətə malik idi, çünki televizorun səsini artırıb vacib məlumata qulaq asmalı idilər. Xəbər anonsunda bildirilirdi ki, yaxın müddətdə bütün qocaların pensiyası ilə bağlı yenilik olacaqdır.
Nəhayət, bir gün xoşbəxt axşamlardan idi; bu səadətli ailədə oğul, gəlin, nəvələr —hamı yığışıb xəbərlərin əsas buraxılışına baxırdı. Bir neçə siyasi məlumatdan sonra gözlənilən xəbər elan edildi, bu, iki qocaya xoş təsir bağışladı: axır ki pensiyalar artırıldı. Bu xəbəri eşidən balacalar nənəyə, babaya sarılıb müxtəlif şeylər istəyirdilər: kimisi şirniyyat, kimisi dəftər-qələm, kimisi də pul tələb edirdi. Şadlanmış qocalar da məcbur qalıb razılaşırdı, ancaq dərmanlarını almalı olduqlarını da unutmurdular.
Ayın ortasında pensiyalar veriləndə bu ailəyə bədbəxtlik üz verdi. Oğul kartı bankomata salıb pul çəkəndə gözlərinə inanmadı, başını bulayıb evə qayıtdı.
- Dədə, ay dədə... mama, ay..., —deyəndə anası otağın qapısı arasında görünüb cavab verdi:
- Hə, aldınmı? Uşaqlarına bir şey almadın? Bəs istəmişdilər axı?
- Mama, beş manat artırılıb, amma üstəlik kommunal xərcləri də qalxıb.
Qoca kişi bunu eşidən kimi qabağa yüyürüb arakəsmədən arvadını kənara itələyib dilləndi: —Ay aman... Kirayənin pulunu zorla ödəyirik. Indi uşaqlara nə alaq bəs? Sənin də pulun yeməyə çatmır... Eh!
Uşaqlar mahnı oxuya-oxuya dəhlizə çıxdılar:
- Ay baba atamız gəldi, deməli, pul da verəcəksiniz...
Yazıq qoca yenidən kirimişcə həmişəki yerində divanda uzandı. Nəvələri onu çağırsa da, o heç nə eşitmirdi, artıq öz xəyalına dalmışdı. Nəvələr nənəyə mahnı qoşurdular:
- Nənə, nənə, can nənə, can sənə qurban nənə, bizə pul verən nənə...
Uşaqlar gülüşür, ürəkdən sevinirdilər...