Ülviyyə Tahir
Erməni lavaşı
Səhər-səhər ayılan kimi əlini balışının altına atdı. Açar yenə orada yox idi. İçini məhzun bir kədər bürüdü. İki ay idi artıq. İki ay idi ki, əvvəldən heç də sabit olmayan ailənin təməlini indi də “oğurluq” adlı bir qurd gəmirirdi. Yerindən qalxaraq elə alt köynəyində yan otağa keçdi. Rütubətdən quzulayıb tökülmüş divarın önündə yetim kimi duran sandığın ağzındaki qıfıl sirk klounu kimi asılıb qalmışdı. Kədərli məhzun və sahibsiz.
Özündən asılı olmadan soyuq sandığın üstünə çökdü. Budur, aylardır topladıqları pullar gecənin bir aləmində haralarasa sovrulur , Həcər isə adından doğan bir daş soyuqluğu ilə bunun hələ nə qədər davam edəcəyini gözləyirdi. Amma artıq bıçaq sümüyə dirənmişdi. Səbri məcrasından çıxaraq onu boğazlayırdı. Oxlov fırlamaqdan döyənək olmuş əllərini ağrı ilə gözdən keçirtdi.
Bəli, onun alnına xanım olmaq yazılmamışdı. O, bunun üçün heç mübarizə də aparmırdı. Onun vur - tut bircə diləyi var idi. Gəldikləri bu uzaq qərib diyarda balaca bir ev. İndi bu arzusunu kürəyindən bıçaqlayan birini boğazlamağın artıq vaxtı çatmışdı.
Qətiyyətlə ayağa qalxdı. Uşaqlara tələm-tələsik səhər yeməyini yedizdirib bağçaya apardı. Qışın alaca nəfəsi üzünə hovxurduqca Həcərin addımları sürətlənir, içindəki kin, nifrət bütün bədənini, beynini, fikirlərini yandırırdı. Onun bu ellərdə nə işi var idi ki....
Soyuq külək yanaqlarını döyəclədikcə böyüdüyü kəndin qoxusu gəlirdi burnuna. İsti sobanın qırağında pişik kimi qıvrılmasını, hey böyümək istədiyini xatırladı. Heyhat. Bütün bunlar ondan nə qədər uzaq idi indi. Addımlarını daha da sürətləndirərək iş yerinə çatmağa tələsdi. İş yeri adlanacaq yer isə bir binanın yeraltı zirzəmisi idi. Çox uzun bir zirzəmi idi. Bu zirzəminin o başını görmək hələ işçilərdən heç kəsə nəsib olmamışdı.
Doğrusu, buna maraq göstərən də, olmamışdı. Bu zirzəmidə hər kəs özünə düşəcək işi çox gözəl bilirdi. Səhər doqquzda başlanan iş günorta bir saatlıq fasilə ilə dayanar, sonra yenə həmin sürətlə axşam saat altıya qədər davam edərdi. Kiçik dialoqlar istisna olmaqla, söhbət qəti qadağan idi. Əslində, bunu işə bir zərəri olmazdı, lakin telli Həcərə demişdi ki, bu zirzəminin sonunda ermənilər öz uşaqlarına tarixlərini öyrətmək üçün kurs açıblar.
Bax elə bu zirzəminin sirli bucağından həqiqətən aradabir uşaq səsləri gələrdi. Amma heç kəs nə bu zirzəminin sonunu görmüşdü, nə də buradakı gizlicə milli tarixini öyrənən uşaqları. Zirzəminin bu rütubətli küncündə lavaş yayan bu qadınların tarixlə, millətçiliklə bir dərdi yox idi. Onlar ərlərinin rus qadınlar ilə oynaşmağından, uşaqlarının məktəb, bağça dərdindən və dünyanın hər tərəfində dəyişməz bir şiddətlə insanların üzərinə sıyrılan kasıbçılıq qılıncından şikayətlənirdilər.
Sükutla baş verən bu dialoqların sözə ehtiyacı yox idi. Onların ortaq sükutda birləşən bir dərdləri var idi. Müzakirə olunmayan, içlərində basdırılan, qəbir sükutu ilə yola verilən dərdləri var idi.
Həcər artıq bir il idi ki, bu işə gəlib gedirdi. Lakin üç il öncə yatsaydı yuxusuna belə girməzdi Rusiyanın bu qarlı çovğunlu halı. Xəyalına belə gəlməzdi bir gün bura gələcəyi, burada işləyə biləcəyi. Amma taleyində bu da var imiş. Anası həmişə deyərdi ki, qızım bir yerin sənə çörəyi qismətdirsə, sən onu quş dimdiyində də olsa yeyəcəksən.
Nəbi ilə evləndikdən sonra evliliyi sanki kvartala bölündü. Nəbi altı ay Rusiyada, altı ay evdə oldu. Yayı Rusiyada, qışı Azərbaycanda özünə kurort etdi bu iki ölkəni. Və bir gün...Bir gün Nəbinin heç vaxt dönməyəcəyi məlum oldu. İki körpə uşaqla təkbaşına qaldı Həcər. Nəbinin dönməyəcəyini bilən neçəsi burnunun suyunu axıtdı çəpərlərin dibində, amma Həcər heç kimə huş vermədi. Yay keçdi. Payızın yağışları başlayanda Həcərin canını da qaramat basdı.
Gecələr uzandıqca gənc və təravətli bədənini yorğana bürüməklə isidə bilməyəcəyinin fərqinə vardı. Başqa kişilərə baxmayacaq qədər namuslu idi. Soyuq gecələrin birində qərarını verdi. Axırıncı iki inəyi satıb yol aldı tanımaza-bilməzə düz Rusiyanın çöllərinə.
İlk dəfə çıxdığı uzaq yolda çöllər ona nəhayətsiz, qatar isə uzun ilanı xatırlatdı. Bu ilanın nə vaxtsa sürünüb bir yerə vara biləcəyinə ümidin itirdi az qala. Qatar son dayanacağını tapanda Həcər yeni bir həyatın nəfəsini öz üzərində hiss etdi. Budur hər kəsin bir qarşılayanı var.
Həcər qatarda tanış olduğu qadınların köməyi ilə əvvəl bazarı, sonra Nəbini tapa bildi. Əvvəl bu nəhəng şəhərdə iynə olub itəcəyini zənn etsə də, bacardı. Nəbi əvvəl çığırıb - bağırsa da sonra sakitləşdi. Əl-ələ verib yaşamağa başladılar. Rus dilinin qolunu-qıçını qıra-qıra danışmağa çalışırdı. Sonra Nəbinin az qazancı ilə bir şey edə bilməyəcəklərini anladı. Elə qonşuluqda qalan Telli də kömək etdi bu qərara gəlməyinə. Onu Rusiyada sığortasız, müvəqqəti yaşayış tərzi ilə kim işə götürəcək? –bunu ondan Nəbi sual edəndə Tellinin cavabı hazır idi.
Üç gün sonra Həcər Tellinin təsvir etdiyi məkanda işə götürüldü. İş yerinin sahibi erməni idi. Bu, əvvəlcə Həcəri hürkütdü, lakin Telli onu sakitləşdirdi.
- Erməni bizi niyə işə götürsün ki? - Həcər şübhəli-şübhəli soruşanda Telli dodağını büzərək:
- Çoxbilmiş çıxmısan guya sən?! Aaaz, hərə öz ayıbına göz yumur. Sən sığortasız immiqrant, o isə lavaşı erməninki kimi sırıyacaq qədər bic. Bu qədər. Get gör içəridə bir dənə də olsa erməni arvadı yuxa yayır? Yox. Görə bilməzsən, çünki əllərindən gəlmir. Tak şto, səs eləmə. İşini gör, pulunu al! - cavab verdi.
Tellinin bu qədər aydın izahatı Həcəri o qədər qane etdi ki, daha bir kəlmə belə soruşmadan işinə başladı.
- Hər şey yolunda idi, əgər bu oğurluq olmasaydı - Həcər yenə odlanaraq ürəyindən keçirdi. Yerinə keçə-keçə önlüyünü bağladı. Telli onun üzünə baxaraq:
- Yenəmi? - deyə soruşdu.
Həcər üzündəki acı ifadə ilə başını tərpətdi və - bu dəfə lap çox aparıb.- dişlərini qıcayaraq söylədi.
- Bəlkə qumara dadanıb? - Telli nagüman şəkildə söylədi.
- Nədisə bilinəcək. Belə şey qırx gün gedir, onsuzda. Bu gün işdən icazə alıb gedəcəm.- Həcər qətiyyətlə əlindəki xəmiri kündəliyə-kündələyə söylədi.
- Hara?
- Gedəcəm - Həcər Telliyə cavab vermədən gözləri yol çəkə-çəkə sanki öz qərarına özünü inandırırmış – Gedəcəm- deyə yenə təkrarladı.
İşdən icazə alanda Tiqranın üzündəki ilan soyuqluğu Həcərin canına həmişəki üşütməni saldı.
- Bir saat. Bir saatın var. Geciksən içəri qoymacam. Bilirsən ki, buranın qapısı açılmaz- siqaretini külqabıda əzərək əli ilə get işarəsi verərək dilləndi. Sonra nə düşündüsə - Hacar qeri qel- qırıq - sökük türkcə dilləndi və cibindən beş yüz rubl çıxararaq –Al! Lazımın ular –deyərək pulu Həcərə uzatdı.
- Lazım deyil. Varımdı.- Həcər etiraz edəndə o:
- Biz yerliyik al - Qarabağdan olduğuna həmi şəkikimi işarə vurub rus dilində sözünə davam etdi. – bir saatın artıq əlli dəqiqəsi qaldı. Tez elə!
Həcər avtobus dayanacağından az qala qaçaraq özünü bazara yetirdi. Nəbini uzaqdan sezərək özünü paltar alverçilərinin arasına verdi. Özünü paltarlara baxırmış kimi göstərərək papağını alnına doğru çəkdi. Paltosunun boynunu da qaldıraraq üzünü tam görünməz etdi. Yavaş-yavaş Nəbinin piştaxtasına yaxınlaşdı. Heç nəyi planlamamışdı. Beynində yalnız qısa əmr siqnalları var idi: get, dayan, dön. Vəssalam. Nəbi isə kefi damağı çağ əlindəki pivə bankasından içir, aradabir qəhqəhə çəkib gülürdü. Onun tez-tez qolundakı saatına baxmasından Həcər vaxtında gəldiyinə azacıq ümidlənirdi. “Bəlkə bəxti kəsəcək ,doğurdan Nəbini iş başında yaxalaya biləcək” - deyə sürətlə fikrindən keçirdi.
Bir azdan Nəbi yanındakılara nə isə deyərək sürətlə oradan ayrıldı. Həcər onun bu qəfil hərəkətindən təşvişə düşərək onun arxasınca yüyürdü. Budur Nəbi qarşısında gedir. “Axı niyə bu günə qaldılar?! Bəyəm qarşısına çıxıb sən niyə bu pulları götürürsən - deyə soruşa bilməzdim.” – Həcər dodaqlarını çeynəyə-çeynəyə yalnız bunları düşünürdü.
Nəbi addımlarını yavaşıdıb qızıl dükanına girdi. Həcər vitrin şüşəsinin bu tərəfindən onun böyük bir üzük seçdiyini müşahidə etdi. Onun dükandan çıxdığını görüb özünü tez yaxınlıqdakı yük maşınlarının arxasına verdi. Nəbi ətrafına fikir vermədən üzündəki xoşbəxt bir ifadə elə qızıl dükanın yanındakı gül dükanına girdi. Orada böyük bir gül dəstəsi bağladaraq sürətlə oranı tərk etdi.
Həcər artıq məsələnin nə yerdə olduğunu anlamışdı. Yenə səbrini basaraq ərinin arxasınca yollandı. Nəbi istiqamətini bazara tərəf çevirəndə Həcər bir az çaşdı. Elə bazara çatmamış Nəbinin qəfil ayaq saxladığını görüb özünü qələbiliyin içinə atdı. Elə o an hündürboylu bir qadının əriylə görüşdüyünü gördü. Həcər yavaş-yavaş özündən asılı olmadan onlara yaxınlaşmağa başladı. Budur: əri üzüyü balıqqulağına bənzər parıltılı qabından çıxardaraq onun barmağına taxdı.
Gül dəstəsini bağrına basan qadının gözəlliyi bir tablo kimi Həcəri ovsunlamışdı. Nəbi isə elə bir addımlığında dayanan arvadının bədbəxtliyinin görməyəcək qədər kor, onun iniltisini eşitməyəcək qədər kar idi. O an qarşısındakının əllərindən yapışaraq özünü cənnətdə hiss edirdi. Həcər qəti addımlarla Nəbiyə yaxınlaşaraq qolundan yapışdı.
Xeyir olsun, ay Nəbi, bu nə deməkdi? - Həcərin səsi Nəbiyə çox gec çatdı. Əvvəl inanmağı gəlmədi. İlk öncə qolunu kəlbətin kimi sıxan barmaqlara, sonra isə o barmaqların sahibinə baxdı. Rəngi sapsarı saraldı.
Sənin burada nə işin var? – boğazında boğulan ötkəmliklə dilləndi.
Həcər heç nə demədən oradan uzaqlaşdı. İnsanlar ətrafında duman kimi idi. Nəfəsi kəsilə-kəsilə yalnız - ona heç vaxt gül alınmadığını, onun görüşünə kiminsə xoşbəxt və həyəcanlı halda tələsmədiyini, saçlarının heç vaxt gözəllik salonunda qulluq görmədiyini, heç vaxt o qadın kimi bahalı ətirlər vurmadığını düşündü.
Bir anlıq ayaq saxlayaraq əllərini paltosunun cibindən çıxararaq tamaşa etdi. İçi döyənək olmuş əllərinin dərisi soyuqdan partlyaraq şoran torpağa bənzəyirdi. Bu gün bu əllərin zülmünün məhsulu bir üzük və bir dəstə gül etmişd. Vəssalam. Elə bu an qulağının lap dibində tanış bir səs çınladı:
- Ay Həcər bacı, niyə burada dayanmısan?
Həcər başını döndərərək Eldarı gördü. Eldar nəfəsini dərmədən davam etdi.
- Elə yaxşı oldu sənə rast gəldim. Bizim diaspora Fevralın 26-na görə pul yığırlar. Bəlkə siz də bir....- sözlərinin ardını gətirmədən susdu.
- Həcər onun firavanlıq tökülən üzünə, köklükdən qatlanmayan barmaqlarına və ən sonda əlindəki plastik torbaya baxdı. Gözlərini “Armyanski lavaşı” yazılan torbadan ayırmadan bayaq Tiqranın verdiyi puldan iki yüz rubl çıxardaraq ona uzatdı.