Nihad İsa
Nəfsim və nəfəsim
Nəfəsim nəfsimə bağlı.
Nəfsimi dansam,
ədalətsiz olardım.
Özümə pir desəm əgər,
kəramətsiz olardım.
Nəfəsim gedib-gəlirsə,
üzüm ağlayıb-gülürsə,
qələmim yazır,
pozanım silirsə
sağ ol, ey nəfsim!
Amma, artığın gözləmə məndən!
Bir “sağ ol” deyirəm sənə,
hər vacib olanı verirəm sənə.
Sən ey nəfsim, nəfəsin yatağısan.
Mənim kimi sən də dünya qonağısan!
Tanrı səni xəlq edibsə,
sən də həqsən, ədalətsən!
Mən sənə pir demərəm,
amma ki, kəramətsən!
Eşitsin dünya məni,
duysun nədir mətləbim!
Onun məndə haqqı var,
mənim ondan tələbim!
Ya rəbb, şükür olsun
mən həqiqətləri buldum,
çün saxta olan bütün
təriqətləri sildim!
Nəfsim xumar istər, ona işgəncə etmərəm.
O badə istəyəndə ona damla vermişəm.
Nəfsim bir uşaqdır, mən onu tərbiyə etdim.
Hər ümman istəyəndə ona damla vermişəm!
Min yerə bölüb damlanı, orada ümmanı buldu.
Hər damlanı bölə-bölə özü bölündü.
Girdi şəffaf qəfəsə, sudan ibarət,
onu pir eylədi, tapdı kəramət.
Qəfəsdən çıxmağa utanar nəfsim.
Keçər bulaq kimi min bir süzgəcdən,
axar acizanə öz qəfəsində.
O şəffaf qəfəslər ona saraydır,
İstəməz yer alsın söz qəfəsində.
Tanrı qarşısında çılpaqdır nəfsim.
Qaşı qabaqlı atayam, uşaqdır nəfsim.
Bir gün mənim canımdan süzülərək qəfəslər,
başqa canda birləşər, birləşəndə həvəslər.
Dünya belə dövr edir.
Nəfəsim varsa sağ olsun nəfsim!
Amma daha artığın gözləməsin.
Böylə tərbiyə edib, böylə böyütdüm.
İstidə tərlətdim, qışda üşütdüm.
Ya rəbb, şükür olsun
mən həqiqətləri buldum,
çün saxta olan bütün
təriqətləri sildim!
Saraylarda haray var
Şeriyyatın sərhədləri
incəlir
dünyanın dörd yanında
bombalar partladıqca.
Dincəlir
eşqinin kölgəsində
bir quru bədən,
itilərkən fikirlərin sözlərdə.
Saraylarda haray var,
haraylarda qiyamlar.
Allahı günahlara
şərik qılır adamlar.
Gözünə heyran olduğum,
bir çay gətir
içimdəki harayları söndürəm.
Duz çörək
Olaylara baxış tərzim dəyişir.
Gözlərim əriyirlər gündən günə.
Tərzim dəyişir,
olaylar təkrarlanır.
Onlar cavan,
mən qoca.
Onlar əbədi,
mən fani.
Fani demişkən,
bir ani fürsətdə
ölümsüzlük var.
Bizim tərəflərdə rəssamlar
həqiqətə su qatıb
rəng alırlar.
Bizim tərəflərdə
həqiqətin sudan
korluğu var.
Külli həqiqət
yenə yağış istər.
Baxışlarım gözlərinə taxılar.
Dönər, durar,
yenidən səni bular.
Bulanar əhvalım
günəşi gözlərində
görə bilməsəm.
Gəl, qonaq ol,
mənzərəyə pəncərədən.
Bölüşək köhnəlmiş
çərçivələri duz çörək kimi.