Ləpələr danışdı
Sahildə görüşdük səninlə
Dindi könül duyğularımız.
Qağayılar sənin dilinlə
Mavi dalğalar əllərinlə
Göyün üzü şəfəqləriylə
Sevgi saçdı ətrafımıza.
Sinəyə sığmayan köksümüz
Görüşdü ayrıldı ömrümüz.
Pıçıldaşan ləpələr
danışdı səssizcə...
Sevgilər sirrini bölüşdü,
yaşadı bizimlə...
Yaradanım
Möhtacdır gecələr
Gecələr üşüyər
Yorğana bürünər
Küləklə sürünər
Gecələr qaranlıq
Sönmüş ocaqların
Ötmüş yalanların
Qorxaq insanların
Tutaraq əlindən
Yeriyər qaranlıq
Sabahlara doğru
Möhtacdır sabahlar
Üfüqlər açılar
Şəfəqlər saçılar
Tələsən insanlar
Parlayan şəfəqin
Tutaraq telindən
Harasa qaçışar
Səhərki aydınlıq
Haraya qaçırıq
Məkan və anlayış
Biz, fikir və qaçış
Qovuşmaq istəyi
Qalır bircə qarış
Bu taleyin hökmü
Həyat, zaman, qədər
Ömürlər calanar
Nələrsə yaşanar
Yaranan, yaradan
Düşün Sən və bu an
Fikirləş görərsən
Olmadı deyərsən
Qarşısında duran
Sirləri özündə
Kiminin gözündə
Kiminin könlündə
Kimlərinsə yanıb
Yaxan sözündə
Təbiətin şahı
İnsanlığa toxum
Verilən dölündə
Görünməyən vardır
Əlbət, bu dünyanın
O dünyanın özü də
Möhtacdır sönməyən
Möhtacdır dönməyən
Əbədi işıqlı
Sahilsiz eşqinə...
Sev insanı
Sev insanı, bağlan ona yaxın bilib
Qəlb evində özgələri doğma bilib
Bu həyatı ən şirin bir nemət bilib
Yaşa-yarat, xəyalların gerçək olsun
Məchul olan gözəlliklər sənin olsun
Bu həyatda səni duyan çevrən olsun
Dünya dolub-boşalırsa,
Demək kürə, olur çevrə.
Ürəklər çek boş çevrəyə, qoy çevrən
ürəklərlə dolu olsun .