Samid Saar
Memuarın başlığı sevinc, sonu kədər.
Başlıqsız sətirlər ölümdən betər.
Yenə də səhnələr ,
pianoçu populyardı.
Amma ona qalan bir otaq ,
bir də memuardı...
Okaber
Bakı Musiqi Akademiyasının sonuncu kurs tələbəsi olan Ravin Seyidov əsl piano dahisi idi. O piano arxasına oturub , dar uzun barmaqlarını klavişlərə uzadanda hər kəs susardı. Hər kəs onu dinləməyi özünə fəxr bilərdi. Çünki hər kəs bilirdi ki, o gələcəyin dahisidir.
Kasıb bir bakılı ailəsində dünyaya göz açan Ravin uşaqlıqdan musiqiyə sevgisi ilə seçildiyinə görə valideynləri onu piano dərslərinə göndərmiş və sonunda o gəlib bu yerə çıxmışdı. Sonuncu kurs tələbəsi olsa da artıq Filarmoniyadan ona iş təklifi də gəlmişdi istedadına görə. Həftə sonları İnturist restoranında piano çalıb maddi ehtiyaclarını qarşılayan gənc pianoçu isə təhsil və özünü inkişafı hər şeydən üstün tutardı.
Bir payız günü dərsdən sonra gənc pianoçu, Fridrix Şopenin əsərlərinin külliyyatın axtara-axtara Qız Qalasının yaxınlığında yerləşən Elmanın bukinistinə gəlib çıxdı. Burada kim nə istərdisə tapa bilərdi: Nizaminin “Xəmsə”sindən tutmuş, Meksika mətbəxinə aid kulinariya kitabına kimi hər şey. Bir anlıq çöldən baxarkən, içəridəki bir neçə qadının Elmanın başına dolandığına baxıb gülümsünərək öz-özünə düşündü: “Qadınlar kitaba sevgisi olan , mədəni insanlarla eşq yaşayar, yatağını bölər, amma sonunda başqa biri ilə ailə qurar.”
Elman da eyni taleyi yaşayırdı. Kifayət qədər kitab mütaliəsi olan bu adam, qadınlar üçün əla kovaler və yataq partnyoru olsa da yenə də üzündəki ağır kədər və sərt hərəkətləri hər şeyi açıb ortaya qoyurdu. Adam tənha idi, tənha. Bu günəcən təkliyin nə olduğunu bilmirdi gənc pianoçu. Gözəl dinləyiciləri, musiqiçi dostları ilə kasıb həyatı rəngarəng keçərdi. Sevgi tərəfdən isə axsaq insan idi. Sonuncu dəfə məktəbdə səkkizinci sinifdə oxuyarkən rus sektorundan Nadejda adlı bir qıza vurulmuşdu. Elə bir yay tətili qədər çəkmişdi bu sevgi. Sentyabrda dərsə gələrkən artıq ikisi də bir–birinə yad idilər. O üzdən sevgi deyərkən naməlum bir hiss kimi yanaşardı bu məfhuma.
Elə pəncərədən bukinistin içinə baxa-baxa qapıya doğru irəliləyirdi ki, gözü bir qıza sataşdı. Deyəsən o da bukinistə gəlirdi. Əynində süd rəngli dizdən plaş, azacıq dizdən yuxarı qara yubka və rəngi tamamlayan ağ kofta. Boğazında isə narıncı nazik şarf. Saçı yanlara dağılmış bu qızın kabluku qırılmışdı. Ayaqqabısının dabanının qırıldığına görə üzündə yaranan kədər də bu qızın gözəlliyinə kölgə sala bilmirdi. İlk baxışdan sevgi deyəsən bu idi. Gənc pianoçu yerində donub qalmışdı. Bəlkə də həyatında ilk dəfə cəsarətin toparladı və qıza yaxınlaşdı:
- Xanım, yardım edə bilərəmmi?
- Yardımlıq bir şey yoxdur, dabanı qırılıb. Məcbur bir taksiyə oturub gedəcəm evə.
Buraya yaxın yerdə pinəçi var. Gözəl təmir edir. Adam elə işləyir ki, yenisindən heç cür fərqlənmir. Gedəkmi?
- Uzaqdır?
- Xeyr azca yoldur.
- Qız ayaqqabılarının ikisini də çıxarıb əlində tutaraq gənc pianoçu ilə yola düzəldi. Yol boyu bir kəlimə də danışmadılar. Beş dəqiqə sonra pinəçinin dükanına çatıb ayaqqabıları verib elə orada da gözləməyə başladılar. Pinəçi ayaqqabıları yarım saata hazır edəcəyini demişdi.
Bu, tanışlıq üçün əsl imkan idi. Ona görə də Ravin, qızı çay içməyə dəvət etdi, qız isə ayaqyalın hara gedə bilərik ki, ayıbdır deyəndə gənc pianoçu da ayaqqabıların çıxarıb pinəçinin yanına qoydu. Beləcə hər ikisi ayaqyalın qaldı. Bayaqdan üzündə əsəb və yorğunluq olan bu qızın siması gülümsədi. Təbəssümlə Ravinə baxaraq “yaxşı gedək” deyib yaxınlıqdakı çay evinə getdilər.
Rəsul kişinin çay evi özgə aləm idi. Eyni anda əlində 16 çay dolu stəkan tuta bilirdi Rəsul dayı. Həmişə də əynində ağ xələt, başında isə iri şapka olardı. Rəsul dayının da öz hekayəsi vardı. Atası onu həkim kimi görmək istəyirdi. Özü də həkim olmaq istəyirdi. Bəzən öz özünə güzgü önündə baxıb doktor Rəsul, Rəsul Şamiloviç deyə müraciət edərdi. Amma fizika və kimyadan zəif olması bu arzuları bir şirin xəyal olaraq Rəsul dayının ürəyində qoymuşdu. Buna görə də onun əynindən ağ xələt çıxmazdı. Hətta heç bir həkimə ağ xələt bu cür gözəl yaraşmazdı, amma çayçı Rəsula yaraşırdı.
Rəsul dayı, çay evinə gələn bu ayaqyalın gənclərə iki gözəl pürrəngi çay gətirib gülümsəyərək: “Bunlar revizorun payından sizə hədiyyədir, rus malı deyil e, əsl Seylondur”, - deyib uzaqlaşdı. Hər ikisi bu gözəl ətri olan çaydan içə-içə söhbətə başladılar.
Qız Zaqataladan idi. Adı Ülviyyə. Pedaqoji Universitetdə ibtidai sinif müəlliməliyi fakültəsində 3-cü kursda oxuyurdu. Bakıda kirayədə qalırdı bir neçə qızla.
Söhbət olduqca gözəl idi. Elə mehriban idilər, sanki Allah onları bir –biri üçün yaratmışdı. Kənardan baxan hər kəs elə bilirdi ki, bunlar uzun illərdir bir-birin tanıyırlar. Yarım saat tez gəlib keçdi. Məcbur qalxıb pinəçidən ayaqqabıları götürdülər, ayaqlarına geyib metroya tərəf üz tutdular.
Ravin bir daha necə görüşə biləcəyik, bəlkə bir-birimizdən nömrə götürək deyəndə, Ülviyyə cavab verdi:
- Nömrə lazım deyil, gəl biz fərqli olaq. Hər həftə sonu elə ilk görüşdüyümüz yerdə , bukinistin yanında görüşək saat beş tamamda. Bax, indidən deyirəm geciksən gözləyən deyiləm.
- Heç gecikərəmmi, Ulviyyə xanım?
- Bilmək olmaz. Geciksən çətin taparsan, - deyib gülümsəyərək metroya girən Ülviyyə yenidən geriyə dönərək təkrarladı:
- Həftə sonu, saat beşdə.
- Cibindəki son pullarını pinəçiyə və çaya verdiyi üçün evə piyada getməyə məcbur olan gənc pianoçu yol boyu hamıya gülümsəyir, salam verirdi. Onun həyatında ilk dəfə idi günəş doğurdu. Sarı saçları, mas-mavi gözləri olan bu qız onun həyatının günəşi idi. İlk dəfə idi gənc pianoçu Bakını belə sevirdi, ilk dəfə idi o Bakının toz qaldıran küləklərinə sehrli bir qüvvə kimi baxırdı. Hər şey onun gözündə gözəl idi .Hətta iki dəfə onu cərimələyən yol polisini də bağrına basacaq qədər sevgiylə dolu idi qəlbi.
Evə çatıb piano arxasına keçib, Bethovenin “Fur Elise” parçasını elə bir tərzdə ifa etdi ki, hətta mətbəxdə qabları yuyan və musiqiyə etinasız olan dul qalmış bibisi də başını qapının çərçivəsinə söykəyib onu dinləməyə başladı. İlk dəfə idi əri vəfat edən bibi musiqinin necə gözəl olduğunu anladı. Çünki musiqidə sevgi vardı. Günlər bir-birini əvəz edirdi. Ülviyyənin xəyalı ilə alışıb yanan gənc pianoçu həftə sonunu gözləyə bilmirdi deyə hər gün Pedaqoji Universitetə gedib, korpus-korpus gəzərək o qızı axtarardı. Tapa bilməsə də həftə sonunu ümidlə gözləyirdi.
Beləcə o gün gəldi. Saat beşin yarısından bukinistin qabağında heykələ dönən gənc pianoçu Ülviyyəsinin gəldiyini görüb sevinsə də o qürurlu addımlarla qıza tərəf irəlilədi. Qeyri-adi bir yerə getmək istəsə də qız bu dəfə özü dilləndi ki, bəlkə həmənki çay evinə gedək ? Birlikdə Rəsul dayının çayxanasına gedib açıq havada əyləşdilər. İki saat durmadan söhbət edib çay içdikdən sonra hər ikisi dəniz sahilinə getməyi qərara aldılar. Qız qalasının yanından Azneft dairəsinə kimi addımlayıb söhbət edə-edə bir az da irəli gedəndə sahildə bir yaşlı balıqçı gördülər. Tilovu olsa da çömbəlib əli ilə balıq tutmaq istəyirdi bu adam. O üzdən maraq xatirinə bu qocanın yanına gəlib salamlaşıb söhbətə başladılar.
- Ay əmi, tilovunuz olduğu halda niyə əl ilə balıq tutmağa çalışırsız?
Qoca əli ilə sahildən kənarda, dənizin içindəki torpaq sahəsini göstərib cavab verdi:
- Bala o torpağı görürsənmi ?
- Əlbəttə .
- Bilirsənmi o nədir elə ?
- Dəniz səviyyəsi düşəndə yaranır o torpaq sahəsi, su gəldikdə isə altda qalır.
- Bala bura vaxtilə Səbayil qalası olub. Deyilənə görə Səba dövlətinin hökmdarı Bilqeyis məhz bu qalada yaşayıb. Süleyman peyğəmbər ilə ailə qurarkən öz taxtını Süleymana hədiyyə edib. Süleyman isə əvəzində ona ölməz balıq bağışlayıb. Bu balığı ancaq əl ilə tuta bilərsənmiş. Və tutanda isə o sənin qəlbindən keçən ilk arzunu yerinə yetirəcək, bir şərtlə ki, onu həmən buraxasan. Yoldaşım xəstə olduğu üçün gəlirəm bura. Bəlkə tuta bildim. Nə qədər ki dəniz səviyyəsi qalxmayıb ümidim var. Dəniz qalxsa balıq buradan uzaqlara gedir.
- Əmi heç o balığı tutan olubmu ?
- Yəqin ki, olub, bala. Olmasaydı boş yerə bu əfsanə olmazdı ki.
Ravin ilə Ülviyyə qoca balıqçıya uğur dilənib oradan uzaqlaşdılar ki, birdən gənc pianoçu dilləndi:
- Ulya, kim bilir, bəlkə də gün gələr, son ümid kimi ora gedərəm səni görməyə.
- Elə demə, bizim dostluğumuz gözəl olacaq. Əsl dostlar isə heç vaxt ayrılmaz.
Gənc pianoçu bu dost sözündən kədərlənsə də büruzə vermədi. Daha sonra isə öz-özünə Ülviyyəyə haqq da qazandırdı. İlk görüşdə başqa hansı sözü gözləyə bilərdi ki? Amma yenə də dost olmasaydı daha gözəl olardı deyib gülümsənərək qıza baxıb dedi:
- Ən yaxın dostun olacam, Ulya.
Əslində hər ikisi dərk edirdi ki, onların dostluğu sevgidir. Sadəcə bu sözü dilə gətirmək olduqca çətin idi .
İlk görüş Baksovet metrosunun qarşısında sona çatdı. Yenə də gənc pianoçu son pullarını da xərclədiyi üçün evə piyada getməli idi. Amma bu ona piyada gəzmək yox, uçmaq kimi gəlirdi. Sanki qanadları var idi. Evə çatanda isə təzad başlayırdı. Həmin o xoşbəxtliyin yerini sonsuz əzab bürüyürdü. Çünki o darıxırdı. Ardıyca yenə də sevinc gəlirdi. Düşünəndə ki, bir həftə sonra yenə görüşəcək, darıxa-darıxa sevinirdi. Günlər bir-birini yola saldıqca xoşbəxtlik daha da artırdı. Beləcə yenə də həftə sonu yaxınlaşdı. Yenə eyni yerdə görüşdülər. Ssenari eyni idi. Yenə də Rəsul dayının çay evi və sahil gəzintisi. Bu dəfə də o qoca balıqçı sahildə idi. Keçən dəfəkindən fərqli olaraq bu dəfə tilov ilə balıq tuturdu. Maraq güc gəlmişdi deyə yenə də qocaya yaxınlaşıb ikisi eyni anda soruşdu:
- Salam əmi, nə əcəb bu dəfə əllə tutmursuz?
- Qabarma başlayıb iki gündü. Səbayil qalası suyun altda qalanda o balıq uzaqlara gedir. İndi nəvəmin doğum günü üçün balıq tuturam. Bir də qismət olsa bir neçə il sonra sular çəkiləndə əl ilə cəhd edəcəm. O torpaq görünməsə tutmaq olmur.
Ülviyyə ilə Ravin sağollaşaraq oradan uzaqlaşarkən birdən gənc pianoçu dilləndi:
- Əgər nə vaxtsa məni itirsən son ümid kimi buraya gələrsənmi?
- Yox. Biz ki dostuq. Dostdan çox dostum var. Sadəcə şirin-şirin xatırlayaram səni.
Ülviyyənin gülümsəyərək verdiyi bu cavaba Ravin də gülümsədi. Çünki bunun zarafat olduğunu bilirdi .
Yenə də görüş Baksovet metrosunun qarşısında sona çatdı. Beləcə hər həftə sonu, payız, qış, yaz demədən eyni yerdə görüşərdilər. Bir-birlərinə dəli kimi elə bağlanmışdılar ki, hər ikisi görüşə vaxtından tez gəlirdi ki, bir az daha artıq vaxt keçirsinlər. Bu dəli eşq onları nə qədər havalandırsa da yenə də “dost” olaraq qalırdılar.
Artıq yay gəlmişdi. Ravin akademiyanı bitirir, Ülviyyə isə imtahanları verib rayona getməyə hazırlaşırdı. Hər ikisinin başı son imtahanlara bərk qarışsa da görüş günü olduğu üçün hər bir işi atıb görüşə tələsirdi. Bu dəfə bir-birindən xəbərsiz düz bir saat hər ikisi tez gəlmişdi görüşə. İlk dəfə idi onlar görüşərkən dostyana əl uzatmaq yerinə qucaqlaşdılar. Sanki nə isə dammışdı içlərinə. 1992-ci ilin yayı da qəribə idi. bir yandan heç vaxt görülməyən istilər, bir yandan da Qarabağda gedən qanlı müharibə. Hər gün qəzetlərdə onlarla şəhid adı. Qəribə bir hal baş verirdi. Kimin dostu qohumu tanışı cəbhədə idisə hamı sanki qara xəbər gözləyirdi. Ümidsizlik yağırdı Bakıdan. Bu ümidsizlik ən dərin sevgilərə də siraət etmişdi sanki. Bu görüş o birilərindən daha uzun və daha gözəl keçdi. Yenə də sahildəki qocanı ziyarət edib birlikdə gəzərkən Ravin dilləndi: Gələn görüşümüzdə səni akademiyaya aparacam. Sənə bəslədiyim əsəri öz əllərimlə ifa edəcəm pianoda.
- Mənim üçün mahnı bəstələmisən ?
- Mahnı yox, kiçik həcmli əsər. Hər notunda dost sevgisi olan bir əsər.
Dost sözün xüsusi eyhamla dediyinə görə Ülviyyə dodaqaltı gülümsəyib, gözləri ilə elə baxdı ki , bu baxışlar “dost desən də sevdiyini bilirəm” mənasına gəlirdi.
Əslində isə gənc pianoçu heç bir əsər bəstələməmişdi. Bu sadəcə bir fikir idi ki anidən oyandı. Qarşıdakı bir həftədə Ravin on belə əsər də bəstələyə bilərdi deyə rahatlıqla bunu dilə gətirmişdi. Bu dəfə Ravin “dostunu” metro yox, düz evinəcən ötürməyə qərar verib Ülviyyə ilə birlikdə metroya girdi. Evə çatmağa az qalmış bu görüşü bir az daha uzatmaq üçün yaxınlıqdakı restorana girib ən ucuz menyunu sifariş etdilər. Qarşılarındakı yarım porsiyonluq dolmanı asta-asta yeyirdilər ki, daha çox söhbət edə bilsinlər. Gənc pianoçu ilk dəfə məhz bu gün anladı ki, əslində dolma qatıqla yox, sevgi ilə daha gözəl dadır. Əfsus ki, dolma da bitdi. Az sonra hesabı ödəyib qalxaraq Ülviyyəsini evə ötürən Ravin əllərini cibinə salıb, Nərimanovdan piyada Yasamala doğru yol aldı. Yol boyu Ülviyyə üçün bəstələcəyi əsər haqqında düşünürdü. Bir saat sonra artıq evdə idi. içəri girəndə qəribə bir mənzərə ilə qarşılaşdı. Hamı yasa batmışdı sanki. Əvvəl elə bildi ki qonşuları Rasimin qara xəbəri gəlib. Daha sonra isə aydın oldu ki sən demə onun özünə müharibəyə çağırış bileti gəlibmiş . Bibisi sərt bir hərəkətlə çağırış biletini gənc pianoçuya uzadaraq , “çay gətirimmi səninçün” adlı münasib bir sualı verdi. Çağırış sabah səhər on tamama idi. Heç Ülviyyə ilə sağollaşmağa da vaxt yoxdur deyə dərindən köks ötürən pianoçu, otağına keçərək təcili bir məktub yazdı.
“Salam Ülviyyə. Səhər tezdən orduya getməliyəm. bilirəm ora mənim yerim deyil. Çünki silah tutmaq bir yana, mənim əllərim heç yumruq belə olmayıb. Yenə də getməliyəm. Qayıdan kimi gələcəm yanına. Qurban sənə, məktubu alan kimi mümkün olan bütün əlaqə vasitələrin yaz göndər bizə. Gəlib səni tapacam. Qayıdacam Ülviyyə. O əsəri sənin üçün öz əllərimlə ifa etməyə qayıdacam. Sənin dostun Ravin...”
Məktubu kitabın arasına qoydu ki, səhər tezdən anasına verib bir yolla göndərtsin Ülviyyə qalan i binaya. Gecəni ailəsi və dostları ilə keçirib səhər tezdən əynini geyinib çağırış məntəqəsinə yola düşmədən öncə anasını kənara çəkib dedi: “Ay ma, nə olar kimsə bilməsin. Bunu yazdığım o ünvana apar. O binada Ülviyyə adlı qız qalır, tələbədir. Mavi gözləri var. Bunu ona ver, qurban sənə”.
Bir neçə saatdan sonra çağırışçıların hamısı ailələri ilə sağollaşaraq avtobuslara doluşub yola düşdülər. Hər kəs ağlayırdı. Həm gedənlər, həm göndərənlər.
Günün sonunda artıq hər kəs Ağdamdakı gənclər taborunda idi. Hər yerdə bir intizamsızlıq, hər yerdə bir qaça-qaç vardı. Tələsik bu gənclərə necə gəldi hərbi formalar paylanılıb on dəqiqədən sonra təlim meydançasında yığışmağı tapşırdılar. Hərbi formaların demək olar ki hamısı fərqli rənglərdə idi. Ölmüş əsgərlərin üzərindən çıxarıldığı da bəlli olurdu. Çünki çoxusunda qan ləkəsi vardı. On dəqiqədən sonra hər kəs meydançada yığışmışdı. Hərbi hissə komandiri tribunaya qalxanda birdən kimsə uca səslə bağırdı: Hərbi hissə, farağat. Hərbidən başı çıxmayan gənclər çaşqınlıq içərisində idi. Nə edəcəklərini də bilmirdilər. Bu an komandir sözə başladı. Başımızın üzərin qara buludlar alıb. Uzun illər qardaş dost dediyimiz ermənilər indi əllərinə silah alıb xaincəsinə bizi qırmağa başlayıb. Onlara dur demək lazımdır. Qoy görsünlər bizim gücümüzü. Sizlər buna görə varsız. Bu gecə sizə silah atmaq öyrədiləcək . sabah isə müqəddəs vətənimizi qorumaq üçün hamınız cəbhəyə yollanacaqsız. Unutmayın ki, ən böyük zirvə şəhidlikdir. Gedin bu vətən uğrunda şəhid olun.
Qəribəsi o idi ki, heç kəs şəhid olmaq istəmirdi. Hamısı yaşamaq istəyirdi. Sadəcə bu şəhadət kəlməsi namus kimi ağır olduğu üçün kimsə cürət edib etiraz edə bilmirdi.
Səhərəcən zabitlər bu yeni gələnlərə silah haqqında uzun-uzadı danışıb , səhər açılan kimi isə yemək verib, bölüklər halına salaraq, bölük-bölük səngərə göndərdilər. Bunun bir adı vardı - başıpozuqluq. Belə əsgər hazırlamazdılar. Bu rəsmən ölüm idi.
Ravin, Qubadan olan Nurullayev Eynulla adlı həvəskar zabitin bölüyündə idi. Görünüşcə köstəbəyə oxşayan bu adamın üzündə nur adlanan, nura oxşayan heç nə yox idi. Boyu səngərdən qısa olan bu adam hələ mənasızcasına boynundan binokl da asmışdı. Bir-bir gələn əsgərlərə baxıb İosif Stalinə bənzəməyə çalışan bu dırnaqarası komandir sözə başladı: Mən sizin komandirinizəm. burada bir qanun var. o da mənim sözümdür. Kim sözümdən çıxsa onu bax bu tapança ilə vurub ,vətən xaini kimi cəhənnəmə göndərəcəm deyərək, əlini qurşağındakı tapança qoburunun üstünə qoydu.
Bütün bu gördükləri gənc pianoçunu bir dünyadan götürüb tamam başqa bir dünyaya atmışdı. İlk gün səngərdə var-gəl edən Ravin , axşam olunca sığınacağa daxil olub yatmaq istəyirdi ki, birdən köstəbək komandir içəri daxil olub qışqırdı: yatmaq yoxdur əsgər. Qalx keç növbəyə . Bura atanın xarabası deyil. Ravin yerindən qalxaraq sakitcə çıxıb səngərə doğru getdi. Elə təzəcə səngərə girmişdi ki, gördü bir həşir var ki burada. İki gün öncə açıq döyüşdə şəhid olan ona yaxın əsgərin cəsədin gətirmişdilər. Səs küy isə ona görə qalxmışdı ki, cəsədlərin arasında səhvən üç erməni meyiti də vardı. Bəziləri deyirdi bunları yandıraq, bəziləri isə yox, olmaz , ölənlərimzlə dəyişək fikrin müdafiə edirdi. Birazdan köstəbək də gəlib çıxdı. əsgərlər bu erməni meyitlərini nə edəcəklərini soruşanda komandir dedi: bunların formasın çıxarıb gizlicə neytralda müsalman kimi basdırın. Bu oğraşlar harada müsəlman qəbri görürsə dağıdırlar. Qoy özləri öz dığalarının qəbrin dağıtsın. Hamı şaqqanaq çəkib güləndə Ravin isə yerdə qalan cəsədlərə baxırdı. İnsan-insanı necə öldürə bilər axı . bu düşüncəylə səngərin divarına söykənib, sayrışan ulduzlara baxdı. Üç erməni cəsədi köstəbəyin canına yağ kimi yayılmışdı deyə o, gənc əsgərlərə gedin dincəlin deyib özü də dincəlməyə getdi.
Gecənin bir yarısı yenidən səs-küy düşdü və hər kəs səngərlərə doluşdu. Ermənilər yenə hücuma keçmişdi. Göz gözü görmürdü,amma, güllələr havada vulkan lavası kimi axırdı. Səhərəcən davam edən aramsız atışma, hava açılanda sona çatdı. Hər kəs yorğun idi deyə, hərə başını bir kənara qoyub elə səngərdəcə yatdı.
Beləcə günlər davam edərkən gənc pianoçu da müharibənin bir hissəsinə çevrilirdi. Artıq üçüncü ay idi . Ravindən başqa hər kəs erməni vurmuşdu. O isə düşmən də olsa kimsəyə güllə ata bilmirdi deyə hər dəfə atışma zamanı avtomatı yuxarı tutub atəş açardı ki, insan qatili olmasın.Bu ağır günlərdə onun tutunduğu tək şey hərbi hissənin Bobbi adlı iti idi. Alman iti olan Bobbi adam kimi dil bilirdi. O üzdən Ravin tez-tez öz yeməyinin yarısını götürüb onun yanına gedər və iti sığallayaraq söhbət edərdi. Sanki bir doğmalıq, dostluq yaranmışdı onunla it arasında. Bir gün də səhər yeməyinin yarısın götürüb Bobbinin yanına gedərkən gördüyü mənzərə onun qanını belə dondurdu. Bobbi yerdə ikiyə bölünmüş halda uzanmışdı. Gecə bu tərəfə keçən erməni kəşfiyyatçıları , it hürməsin deyə onu bıçaqla öldürmüş, sonra isə iki hissəyə bölüb içalatın çölə tökmüşdü. Hadisənin təfərrüatını tam öyrəndikdən sonra gənc pianoçu, Bobbinin parçalanmış cəsədi qarşısında insanlığını itirdi. Axı bu dilsiz ağılsız heyvandır. Öldürürsən adam kimi öldür də ay oğraş bu nə qəhbəlikdir deyib bir başa səngərə yollandı. Ehtiyyat güllə daraqlarını və bir neçə qumbara götüb tək başına düşmən tərəfə hücuma keçdi. Bunu görən ermənilər atəşə başladığına görə, Ravinin əsgər yoldaşları da cavab atəşi ilə düşməni yayındırmağa çalışırdı. Pianoçu artıq erməni səngərinə daxil olmuşdu. Gözlərindəki insanlıq qığılcımını Bobbinin qanı tutmuşdu deyə , içindəki nifrəti üzündə qara bulud kimi əks olunan Ravin Seyidov ilk öncə qumbaralarla səngərdə önünü açıb , atəş aça-aça irəliləyirdi. Qarşısına çıxan hər kəsə atəş açan pianoçu birdən dayandı. Qabağında arıq , cılız təxminən on üç ya on dörd yaşı olan bir erməni uşağı əlində silahla qorxudan səngərin divarına qısılıb qalmışdı. Qarayanız olan bu uşağın qorxudan rəngi ağarmışdı. Balağından isə sidik damcılayırdı. Qorxu bu uşağı elə bürümüşdü ki , əlindəki silahdan belə istifadə edə bilmirdi. Öz-özünə uşaq öldürmək olmaz , olmaaaaz deyə bağıran Ravin , uşağa qaç deyə işarə verdi. Erməni uşaq isə yerində donub qalmışdı. Uşağa başı qarışan Ravin birdən ayağında istilik hiss etdi. Yaraladığı ermənilərdən biri arxadan onun buduna atəş açmışdı. İstilikdən sonra ağrı yenicə başlayırdı ki, eyni ayağından , dizdən aşağı bir istilik daha qalxmağa başladı. Arxadan baldır nahiyəsindən ikinci atəş açılmışdı. Tarazlığını itirən pianoçu yerə yıxıldı. Elə yıxılmağıyla da ermənilər onun başının üstünü alıb , tez əl-qolunu bağladılar. Əlləri bağlandıqca gözləri qaralıb huşunu itirən Ravin bir də iki gün sonra əsir kimi özünə gəldi. Oyandığını görən erməni komandiri Azərbaycan dilində özünə gəldinmi türk beçəsi deyib üzünə tüpürdü. Qardaşımın oğlu sizdə olmasaydı qanını tualetə tökəcəkdim. Çünki türkün qanı müqəddəs erməni torpaqlarına haramdır sözlərini deyib hərbi rabitə telefonu ilə qarşı tərəfə, yəni Ravinin komandiri ilə əlaqəyə girir:
- Ara, sənə demişdim axı qardaşımın oğlun səndən alacam. əsgərin məndədir. Sən mənim qohumumu verirsən mən də sənin əsgərini. Güllələrin də çıxarmışıq. Sağlamdır.
Telefonun o biri ucundan xırıltılı səs eşidilir: Mənim erməniyə əsir düşən əsgərim ola bilməz. əsir düşübsə öldür. Yoxsa qayıtsa özüm öldürəcəm. Dəstək asıldı. Stalin də əsir düşmüş oğlunu alman fedmarşalına dəyişməmişdi deyə özünü Stalin kimi aparan komandir Eynulla Nurullayevin Stalindən fərqi onda idi ki, Stalin öz oğlunun həyatı ilə qərar vermişdi, o isə əsgərlərinin canı bahasına Stalinlik edirdi. Öz qohumlarını isə müharibədən uzaq tuturdu. Hansısa tanışı ya qohumu cəbhəyə gələndə müxtəlif bəhanələrlə onları geri göndərir, xalqın balalarını isə ölümə sürükləyirdi. Onun üçün Ravin həyatı haqqında əmr vermək asan idi. Çünki öz oğlu Bakının mərkəzində “Vərəm xəstəsi” kimi müalicə alırdı.
Erməni komandir yerdə yatan Ravinə baxıb dedi:
- Komandirin səni öldürməyimi tapşırdı mənə.
- Öldür o zaman.
- Türkə asan ölüm yoxdur, bunu bilmirsənmi ?
- Necə də olsa sonu ölümdür. Öldür, oğraş.
Erməni komandir yanındakı zabitlərdən birinə tapşırıq verdi ki, bizə lazım olan hərbi məlumatları almamış öldürməyin. Məlumatları almaq üçün nə lazımdısa edin. Sonra da ayağına daş bağlayıb dərənin kənarında qazdığımız içi dolan tualetə atın. Türkün yeri oradır.
Tam beş saat pianoçunu nəyi var döydülər. Yumruqlardan üzü şişib tünd göy rəngə bulanmışdı. Qırmızı qan ilə bu tünd göy rəng qeyri adi bir xarizma verirdi ona. Döyməkdən ermənilər də yorulmuşdu,amma, bir hərbi məlumat belə ala bilməmişdilər. Erməni komandir yenidən otağa daxil olub yerdə qan içində yatan Ravinə baxıb soruşdu:
- Ara sən kəşfiyyatçısan, ya sportsmen?
- Heç biri.
- Bəs nəsən ?
- Pianoçu .
- Nə, piano?
- Karsan? Pianoçuyam .
Komandir yanındakına Ravini yan otağa gətirməyi əmr edib özü otaqdan çıxdı. Ravini sürüyüb ikinci otağa-komandirin kabinetinə gətirdilər. Otaqda hər şey köhnə idi. Küncdə isə köhnə bir piano vardı. Komandir başı ilə piano göstərib Ravinə baxaraq soruşdu: Çala bilərsənmi ? Ravin isə bir divara söykənib taqətsiz oturub pianoya baxırdı. Komandir özü pianonun qarşısına stul qoyub ərkanla pianoçunu yerdən qaldırıb stula oturdaraq , özü pianonu açdı. Ravin nə qədər döyülüb taqətsiz olsa da , pianonu görən kimi bir anlıq bütün həyatı gözündə canlandı. Özündə güc tapıb Bethovenin Für Elise əsərini ifa etməyə başladı. Köhnə piano ilk dəfə idi belə sehirli görünürdü erməni komandirin gözlərində. Musiqi səsləndikcə komandir də kiçik çərçivəli pəncərədən uzaqlara baxaraq xəyala qapılmışdı. Əsər bitdikdən sonra komandir Ravinə baxıb dilləndi: demək pianoçusanmış həqiqətən. Bu yaxşı oldu. İndi bilirəm nə etmək lazımdırsa. Elə bu an yan otaqdakı zabitlərdən birini çağırıb dedi: buna barmaqları əzizdir. Barmaqları olmazsa bir daha belə gözəl formada pianoda çala bilməz. Aparın bundan nə lazımdırsa soruşun. Vermədiyi hər cavaba görə barmaqların sındırın. Pianoçunu sürüyüb otaqdan çıxardılar. Yenidən işgəncə başlamışdı.
- Cavab ver alçaq türk. Neçə əsgəriniz, tankınız, iri çaplı silahınız var. Cavab ver.
Ravinsə “bilmirəm” deyə-deyə bir-bir sınan barmaqlarının ağrısından bağırırdı. Yarım saat sonra hər iki əlinin barmaqları sınmışdı. O isə heç bir məlumatı verməmişdi. Komandir yenidən içəri girəndə zabit əlindəki silahı pianoçunun başına dirəyib atəş açmaq istəyirdi. Bunu görən komandir soruşdu: yenə də heç nə demədi?
- Xeyr, yoldaş komandir.
Düşmən də olsa, şərəfli düşməndir. Bu deyəsən türk deyil. Türk olsaydı çoxdan tutuquşu kimi hər şeyi demişdi. Bunu salın donuzxanaya. Qoy erməni donuzlarının peyinini təmizləsin ölənə kimi. Son nəfəsinə kimi donuzlarla yaşasın. Kimsə bununla danışmasın. Donuza dönsün orada. Donuz iyi versin. Aparın .
Pianoçunun hökmü kəsilmişdi. Onu ilk öncə sürüyüb həkimin yanına aparıb barmaqların necə gəldi gipsə qoyub , daha sonra elə sürüyərək də donuzxanaya aparıb atdılar. Qara günlər indi başlayırdı. Barmaqları sınıq və gipsdə olduğundan əlləri ilə yeyə bilmirdi deyə qabağına atılan yeməyi məcbur elə donuz kimi palçığın içindən yeməyə məcbur idi. beləcə günlər ötür, aylar keçirdi. Pianoçu barmaqlarını beş aydan sonra tərpətməyə başlayanda iki erməni gəlib onun əlindəki gipsləri çıxarıb getdilər. Nəcisin içində və donuzların arasında yaşamağa məcbur qalan pianoçu bir neçə dəfə özünü öldürmək istəsə də , hər dəfə son anda bəlkə qurtulub xilas oldum ümidi ilə bu fikirdən vaz keçmişdi. Donuzların arasında vaxt ötdükcə, donuzlar da pianoçunu özlərindən biri kimi qəbul etməyə başlamışdı. Artıq soyuq havalarda o, donuzlara sığınıb yatır, yeni doğulan donuzlara isə qulluq edirdi. Gündüzlər donuzxananı təmizləyir, gecələr isə balaca donuzları qucaqlayıb ulduzlara baxa-baxa xəyallara dalırdı. Görən anam necədi, Ülviyyə nə edir. Xəbərləri varmı əsirlikdə olduğumdan. Artıq ayları illər əvəz edirdi. Pianoçu donuzlarla birlikdə yatıb durur, insanla bir kəlimə də kəsə bilmirdi. nifrət etdiyi erməniləri görəndə isə sevinirdi ki, bəlkə danışa bildi. Ermənilərin onu öz dilində söyüb alçaltdığını bilsə də insan səsi pianoçuya ən gözəl musiqi kimi gəlirdi. Hər gecə pianonu unutmamaqdan ötrü körpə donuzları dizləri üstündə yatırıb xəyalında klavişləri canlandıraraq barmaqlarını asta-asta tərpədərək xəyalən musiqi ifa edirdi. Tək əyləncəsi bu idi. Fəsillər və illər bir-birini əvəz edirdi. Pianoçu elə donuzxanda yaşlanırdı. Artıq neçənci ilin olduğunu da unutmuşdu. Bircə fəsilləri ayıra bilirdi. İllər keçdikcə ümidlər dü tükənirdi. Bütün ümidlərinin kəsilib qəti olaraq özünü asmaq qərarı verdiyi an bir də gördü ki donuzxananın qapısı açıldı. Bir erməni əsgəri ona əli ilə gəlməyi işarə edirdi.
Artıq 2018-ci il idi. O hərbi hissəyə gənc bir zabit komandir kimi göndərilmişdi. Gənc komandir də hər şey haqqında yanındakılardan soruşub, hərbi hissə haqqında məlumat alarkən pianoçunun da hekayəsini eşidib heyrətlənmişdi deyə onu görmək üçün yanına gətirilməsini əmr etmişdi. Pianoçu bir anlıq sevinmişdi. Düşündü ki, yəqin ona ehtiyac qalmayıb deyə öldürəcəklər. Necə də olsa başqası tərəfindən öldürülmək, intihardan daha rahatdır. Erməni əsgər, pianoçunu komandirin yanına gətirərkən gənc komandir onun halını görüb elə pəncərədən ermənicə qışqırdı ki, aparın onu çimizdirib adam halına salıb gətirin. Tam olaraq 25 il sonra pianoçu ilk dəfəydi hamam üzü görürdü. Birdən gözü hamamdakı güzgüdə əksinə sataşdı. İlahi bu nə idi? o gənc pianoçu artıq saçı ağarıb, arıqlıqdan yanaqları içəri batmış, üzü qırışlanmış bir kişiyə çevrilmişdi. 46 yaşını ilk dəfə güzgüdə gördü. Bu həqiqətən əzab idi. anlatılması mümkün olmayan bir əzab.
Bir saatdan sonra pianoçunu adam şəklində gənc erməni komandirin kabinetinə gətirdilər. Elə həmin otaq idi. Cüzi dəyişiklik edilmişdi. Həmin o köhnə piano da eyni küncdə qalmışdı. Pianoçunun qarşısında hündürboy sarışın gənc zabit durmuşdu. Zabit gözləri ilə onu süzüb yemək və içki olan masaya əyləşib pianoçunu da masaya dəvət etdi. Sonuncu dəfə onunla bu otaqda mədəni davranarkən barmaqları qırılmışdı deyə bir anlıq qorxudan əllərini arxasında gizlədən pianoçu asta addımlarla masaya yaxınlaşdı. Erməni komandir ona yemək çəkib araq süzüb özü də yeməyə başladı. Pianoçu illər sonra ilk dəfə idi, isti yemək görürdü. Nə qədər ac olsa da qürurla davranaraq astaca yeməyə başladı. əslində isə bir anda masadakı hər şeyi gözünə təpmək istəyirdi. Gənc zabit yemək yeyə-yeyə pianoçu ilə nə qədər danışmaq istəsə də , nə qədər sual versə də o, bir kəlimə də olsa dinmədi. İllərdi kimsə ilə danışmırdı axı. O üzdən sakitcə gah erməni zabitə qısa aralıqlarla baxır gah da xörəkdən yeyirdi. Komandir araq qədəhin qaldırıb pianoçunun qədəhinə vuraraq içəndə ona da içməyi təklif etdi. Pianoçu qədəhi bir dəfəyə başına çəkdi. Beləcə ard-arda altı qədəh içdikdən sonra pianoçu, erməni komandirin “niyə hərbi sirrləri verib canını bu zülmlərdən qurtarmadın” sualına cavab verdi:
- Sevirdim.
- Hər kəs vətənin sevir.
- mən başqasın sevirəm.
Onun sirrə nə dəxli var ki ?
- Qorxdum gedib oralara çıxıb ona da xətər yetirərsiz. Bobbini parçalayan erməni ona nələr edərdi?
- Bobbi? Hindi aktrisası?
- Xeyr, bizim itimiz. Onu siz öldürdüz. İki hissəyə böldüz. Bobbi. O it idi.
Erməni zabit pianoçuya baxaraq azacıq susduqdan sonra yenə soruşdu:
- Deyirlər pianoçusan. Bir şey ifa edə bilərsənmi ?
- Xeyr.
- Xahiş edirəm.
Erməni zabitin bu xahişi ona qəribə gəlmişdi. O üzdən astaca yerindən qalxaraq pianoya doğru addımlayıb, stulu altına qoyub əyləşərək pianonun qapağını qaldırıb sakitcə baxmaöa başladı. Iyirmi beş il sonra ilk dəfə idi əlləri pianoya toxunurdu. Sınıqdan sonra bir əyri-üyry bitişmiş barmaqlarına, bir də pianoya baxaraq sakitcə qırışlanmış əllərini pianoya uzatdı. Bir anlıq gözlərini yumub donuzların üstündə xəyalən çaldığı musiqiləri yadına salaraq barmaqlarını klavişlərə toxundurdu. Şopenin Nokturnesini ifa etməyə başladı. Gözlərini yumub dəli kimi, ağlaya-ağlaya Nokturneni elə çalır, pianonun klavişlərinə elə toxunurdu ki, sanki uzun illər sonra ana öz ovladına qovuşmuşdu. əsər bitəndə pianoçu zabitin gözlərindəki yaşı gördü. Zabit göz yaşını sakitcə silərək soruşdu: evinə getmək istəyirsənmi ? Bu sualı pianoçu gözləmirdi. O üzdən donub qalmışdı. Mənim Türkiyədə dostlarım var. səni oraya qaçırıb saxta türk pasportu düzəltdirib evinə göndərə bilərəm deyən zabitin sözləri pianoçunun içindəki ölən ümidləri yenidən oyandırdı.
- Bunu niyə edirsən ki?
- Mən də sizlərdən biriyəm əslində.
- Azərbaycanlısan?
- Bəli.
- O necə olur?
- Uzun söhbətdir, qismət olsa başqa vaxt danışaram. Mən genetik olaraq sizlərdən biri olsam da, ruhən erməniyəm. Atam bizi necə xilas etmişdisə mən də sənə yardım edəcəm.
- Bəs əvəzində nə etməliyəm sizin üçün?
- Heç nə. Nə vaxtsa müharibə bitsə oralara gəlsəm, qonaq edərsən. Başqa heç nə.
İki gün sonra Ravin artıq İqdırda idi. Gizli yolla Türkiyəyə aparılan Ravini orada bir erməni qarşılayıb balaca bir evə apardı. Bir həftəyə yaxın orada qalan Ravi , saxta pasportu hazır olduqdan sonra erməninin ona verdiyi 200 dollar ilə özünə bilet alıb təyyarə ilə Azərbaycana gəldi. Gözlərinə inanmırdı. İlahi. Hər şey necə dəyişərmiş. Hava limanı möcüzə idi. Limandan kənara çıxdıqda isə qarşısındakı mənzərə onu daha da heyrətləndirdi. Bura Bakıdırmı deyə öz-özünə çaşqınlıqla sual verdi. İri göydələnlər müasir avtomobillər, müasir geyimli adamlar. Hər şey onu çaşdırmışdı. Axı o buradan gedəndə Bakı belə deyildi. Taksilərin birindən Sovetskiyə necə getmək lazım olduğunu soruşanda sürücü ona “İyirmi ver, aparım səni” dedi. Yol boyu sürücü ilə söhbət edərkən Sovetskinin dağıdıldığını, insanların başqa yerə köçdüyünü öyrənəndə inanmadı. Elə ki Sovetskiyə çatıb yerində uçulmuş evləri gördükdə ayaqları tutuldu. Məhəllələrinə doğru qaçıb evlərinin də uçulduğunu görüb dəhşətə gəldi. Axı onlar hara gedə bilərdilər? Bütün qohumları elə burada, məhz sovetskidə yaşayırdı deyə getməyə başqa yeri olmadığı üçün çarəsiz halda piyada oradan Qız Qalasına-xatirələr məkanına getməyi qərara aldı. Yarım saat sonra Qız qalasına çatıb Elmanın bukinistin görüb sevincək içəri girəndə buranın eynilə 25 il öncəki kimi qaldığını görüb elə hisslər keçirdi ki, sanki yenidən o illərə-iyirmi beş il öncəyə qayıtmışdı. Bir anlıq özünü itirib Elmanı qucaqlayıb bağrına basmaq istəsə də özünü toparlayıb gülümsəyərək soruşdu:
- Sizdə not dəftəri varmı?
- Var. Hansından verim? Beş manatlıq, yoxsa 17 manatlıq ?
- Beş manatlığın verin zəhmət olmasa.
Elmanın saçı ağarsa da heç dəyişməmişdi. Elə həminki qısa, lakonik danışan sərt Elman olaraq qalmışdı. Pianoçu not dəftərin götürüb çölə çıxıb qapının ağzında dayanaraq, vaxtilə Ülviyyənin kabluku qırılan yerə baxdı. Özündən ixtiyarsız gedib təxminən həmin yerdə dayandı. Gözləri yaşarırdı. Bu yaşda özünü yetim kimi hiss etmək də varmış taleyində. Sakitcə not dəftərini qoltuğuna vurub sahilə üz tutdu. Vaxtilə Ülviyyə ilə birlikdə gəzdiyi sahil tam dəyişmişdi. Bu dəyişiklik sahili ögeyləşdirsə də, Ülviyyənin gözləri kimi mas mavi olan Xəzər doğma idi. Asta-asta köhnə xatirələrlə addımlaya-addımlaya Azneft dairəsinə gəlib çatdı. İlahi bura həmin yer idi. Qoca balıqçının əl ilə balıq tutduğu yer. ətrafda insan çox idi. kimi gəzir, kimi oturub dənizə baxır, söhbət edirdi.Balıqçı isə orada yox idi. çünki çoxdan rəhmətə getmişdi. Sakitcə gəlib həmin yerdə oturub sahilə baxa baxa keçmişə səyahət edərək ailəsi və Ülviyyə haqqında fikirləşirdi. Görən hardadılar nə edirlər. Ülviyyə ailə qurubmu ? İndi necə görünür ? O , bu fikirlərə qapılarkən bilmirdi ki, vaxtilə anası gedib min bir əziyyətlə Ülviyyəni tapıb o məktubu çatdırmışdı. O heç bilmirdi ki, özü sağ olsa da ölüm xəbəri gəlmiş və bu xəbərdən anası dözə bilməyib dünyasın dəyişmişdi. Dənizin kənarında oturub sakitcə dənizə baxarkən birdən gözləri dənizdəki torpaq sahəsinə sataşdı. Dəniz çəkilmişdi deyə torpaq üzə çıxmışdı. Birdən qoca balıqçının sözləri onun qulağında cingildədi: “Bala bura vaxtilə Səbayil qalası olub. Deyilənə görə Səba dövlətinin hökmdarı Bilqeyis məhz bu qalada yaşayıb. Süleyman peyğəmbər ilə ailə qurarkən öz taxtını Süleymana hədiyyə edib. Süleyman isə əvəzində ona ölməz balıq bağışlayıb. Bu balığı ancaq əl ilə tuta bilərsənmiş. Və tutanda isə o sənin qəlbindən keçən ilk arzunu yerinə yetirəcək, bir şərtlə ki, onu həmən buraxasan. Yoldaşım xəstə olduğu üçün gəlirəm bura. Bəlkə tuta bildim. Nə qədər ki dəniz səviyyəsi qalxmayıb ümidim var. Dəniz qalxsa balıq buradan uzaqlara gedir.”
Elə bu an pianoçu əlindəki not dəftərin yerə qoyub son ümidlə dənizə yaxınlaşaraq əlini suya saldı. Birinci cəhddə əli yosunlara dəydi. İkinci dəfə əlin sonacan dənizə saldı. Bu dəfə əli daşa toxundu. Birdən yerindən qalxıb qurşağacan dənizə girib bir addım da atdı. Su artıq sinəsində idi. Son dəfə əyilib tam suyun altına girdi. İlahi. Əlinə balıq keçdi. Barmaqları arasında balığı tutan kimi bircə şeyi istədi: İlahi nə olar Ülviyyəni görə bilim. Suyun altından çıxanda gördüyü şey onu özündən ixtiyarsız dəli kimi gülməyə məcbur idi. Əlindəki adi kiçik siyənək balığı idi. O, balığa baxıb gülümsəyərək “heç olmasa sən arzumu o balığa çatdır” deyib buraxdı. Ağır addımlarla sudan çıxarkən birdən gözləri təxminən yüz metr kənarda oturan bir qadına sataşdı. O da əlini dəniza salıb nə isə axtarır. Sanki tapa bilmirmiş kimi əlini yenidən suya salırdı. Görəsən o da balıq axtarır fikri ilə asta-asta , üstündən su axa-axa qadına doğru yaxınlaşanda qadın birdən döndü.
- Ülviyyə. Ülviyyə bu sənsən?
- Ravin ?
- Ülviyyə.....