Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
“Ulduz” jurnalı ilə ayb.az saytının birgə layihəsi
İlham Abbasovun təqdimatında
Gözəl təbiət və məhəbbət nəğməkarı, incə ruhlu psixoloq, insanın qəlb yaşantılarının, mürəkkəb və təzadlı mənəvi dünyasının kamil bilicisı və bəzərsiz ifadəçisi, bir neçə oxucu nəslinin duyğu və düşüncələrinə hakim kəsilmiş, ədəbi zövqünü tərbiyə etmiş ustad yazıçı. Əsərlərinin çoxunun yazılmasından yüz ildən artıq vaxt ötsə də, onlar öz təravət və təsir gücünü bu günəcən itirməmişdir.
Dövrün A.Çexov, T.Mann, S.Sveyq, H.Uells, C.Qolsuorsi, R.Kiplinq, M.Qorki kimi böyük yazıçıları onun yaradıcılığını çox yüksək qimətləndirmiş, ədəbi tənqid onun ən yaxşı əsərlərini L.Tolstoy, O.Balzak və F.Dostoyevski kimi dahilərin romanları ilə müqayisə etmişdir.
Söhbət böyük Norveç yazıçısı Knut Hamsundan gedir. 1920-ci ildə o, Nobel Mükafatları Komitəsinin qərarı ilə “əsrlərlə torpağa bağlılığını və patriarxal ənənəyəsadiqliyini qoruyub saxlayan Norveç kəndlilərinin həyatından bəhs edən “Torpağın bərəkəti” əsərinə görə” ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldü.
Knut Hamsun (əsl soyadı Pedersen) 1859-cu il avustun 4-də Norveçin mərkəzi hissəsində, Harmutret xutorunda çoxuşaqlı yoxsul kəndli ailəsində doğulmuşdu. Öz torpağı olmayan, ailəsini muzdurluqla dolandıran atası Peder əlavə qazanc xatirinə gecələr dərzilik də edirdi. Knut üç yaşında ikən ailəsi Şimal Buzlu okeanının sahilində, qütb dairəsində yerləşən Nurlaun qəsəbəsinə köçdü. Atası yaxınlıqda, qaynının Hamsunq xutorunda yerləşən fermasında işləyirdi. 10-12 yaşlarından atasına kömək etməklə üzücü kəndli əməyinin bütün ağırlıqlarını görən Knut ədəbi təxəllüsünü də həmin xutorun adından götürmüşdü. Dayısı balaca muzdurunun nazı ilə oynamır, onu tez-tez döyür və ac saxlayırdı. Nəticədə 1873-cü ildə 14 yaşında evdən qaçan, çəkməçı şagirdi, bənna köməkçisi, konka konduktoru, xırdavat satıcısı kimi çalışan yeniyetmə təqiblərdən gizlənmək, çörək pulu tapmaq xatirinə işini və yaşayış yerini daim dəyişməli olurdu. Məhrumiyyətlərlə dolu bu həyat içərisində Knutun yeganə ümid və sevinc mənbəyi Allahın (ya təbiətin) ona bəxş etdiyi fitri yaradıcılıq istedadı idi. Şahidi oduğu maraqlı hadisələr barədə qəzetlərə xırdaca xəbərlər yazırdı...
Hətta ibtidai təhsil almağa belə imkanı olmamış, yazıb-oxumağı özbaşına öyrənmiş gənc 17 yaşında ikən ilk “ciddi” əsərini – “Frida” povestini yazır və Norveçin ən məşhur şairi, gələcyin Nobel mükafatçısı B.Börnsonun yanına gələrək məsləhət almaq üçün yazısını ona verir. B.Börnson əlyazma ilə tanış olduqdan sonragənc müəllifə– “cavan oğlan, yaxşı olardı ki, özünüzü aktyorluqda sınayasınız” – məsləhətini verir. Ölüm hökmünə bənzəyən bu “məsləhət” inadkar cavanı ruhdan salmır və bir il sonra o, “Müəmmalı adam”(1877) povestini çap etdirir. Həyatda öz yerini tapmaq istəyilə gənc yazıçı yolpulunu bir baqqaldan borc alaraq 1878-ci ildə arzularının dalınca Norveçin o zaman Kristaniya adlanan paytaxtı Oslo şəhərinə köçür. Və elə həmin ildə də K.Hamsunun “Yeni görüş” adlı mənzum povesti və “Bürger” adlı ilk hekayəsi nəşr edilir. Osloda bir il yol fəhləsi kimi çalışandan sonra bəxtini sınamaq üçün daha uzaqlara – Amerikaya üz tutmaq qərarina gəlir. İngiliscə bir kəlmə də bilməyən gənc mühacir ABŞ-da iki ilə yaxınehtiyacın hər üzünü gördükdən sonra 1884-cü ildə Norveçə qayıtmalı olur. Daha iki il vətənində aclıq və səfalət içində ağır günlər keçirir və 1886-cı ilin sonunda yenidən ABŞ-a gedərək müxtəlif yerlərdə günəmuzd fəhlə işləməklə dolanmağa çalışır. Lakin bu dəfə də Amerikanı “fəth edə” bilməyərək Avropaya dönməyə məcbur olur.
Qəribə səslənsə də, bu uğursuzluq onun həyatında ən uğurlu rol oynayır. Bu dəfə vətənində yox, Danimarkanın paytaxtı Kopenhagendə məskunlaşan K.Hamsun həyatını peşəkar ədəbi yaradıcılığa həsr etmək qərarına gəlir və yenicə yazdığı “Aclıq” romanını tanınmış publisist, “Nyu Yord” (“Yeni həyat”) jurnalının redaktoru Edvard Brandesə təqdim edir. O, Danimarkanın görkəmli ictimai və ədəbi xadimi, K.Hamsundan əvvəlki Nobel mükafatçıları H.Pontoppidan və K. Gellerupun ustadı olmuş Georq Brandesin kiçik qardaşı idi. Onunköməyi ilə roman 1890-cı ildə jurnalda, 1891-ci ildə isə ayrıca kitab şəklində nəşr edilərək bütün Skandinaviyada sensasiya doğuran ədəbi hadisəyə çevrilir. Əsərin jurnal variantı işıq üzü görəndən dərhal sonra Norveç mətbuatı “ədəbiyyata yeni şəxsiyyət, yeni bədii üslub gəldiyini” vurğulamışdı. Kitabın nəşrindən sonra isə Danimarka tənqidçisi Erik Skram romanın böyük uğuru haqqında yazırdı: “Bu əsərin bədii məziyyətləri onu müasir Avropa ədəbiyyatının ən yaxşı nümunələri ilə bir sıraya qoymaq imkanı verir.”
1885-1886-cı illərdə Osloda baş vermiş real hadisələr üzərində qurulmuş “Aclıq” romanında süjet birinci şəxsin dilindən nəql edilir. Köhnə bir evin çardağında, kiçicik bir otaqda ehtiyac çəkərək yaşayan gənc yazıçının bütün həyatıdözülməz əzablar içərisində keçir. O, kiçik məqalə və felyetonlarını qəzetlərdə çap etdirməyə çalışsa da, çox vaxt buna nail ola bilmir. Gündəlik çörək pulu qazanmaq üçün o, istənilən işlə məşğul olmağa hazırdır, amma elanları nə qədər diqqətlə izləsə də, heç bir iş tapa bilmir.
Daimi aclıq iztirabları onun əsəblərinin də pozulmasına səbəb olmuşdur. Beynini didən üzücü fikirlər onu yaradıcılıqla məşğul olmağa da qoymur. Azacıq da olsa vəsait əldə etmək üçün bütün əşyalarını, hətta kitablarını da satmağa, girov qoymağa məcbur olmuşdur. Psixi sarsıntı və sinir pozuntuları onun rəftarında da anormal məqamların meydana çıxmasına səbəb olur. Bunun nəticəsində yazılarında dolaşıqlıqlar görünməyə başlayır və az-az da olsa yazılarını dərc edən qəzetin redaktoruonları götürməkdən imtina edir.
Bu cür ağır sınaqlar üçün Allahın niyə məhz onu seçdiyi barədə üzüntülü düşüncələrdən sonra belə bir qərara gəlir ki, Tanrı onu məhv etmək üçün bu yolu seçmişdir. Yaşadığı otağın kirayə haqqını ödəmək üçün son möhlətin də vaxtı keçmişdir. O, qəzetə verdiyi yazının dərc olunacağı, qonorar ilə evin pulunu ödəyəcəyi ümidi ilə yaşayır, lakin bu son ümid də puça çıxır. Ev sahıbinin küçəyə atdığı gənc gecəni meşədə keçirməyə məcbur olur.
Aclıq əzablarına birtəhər son qoymaq üçün çörək dükanına gedib bir tikə çörək istəyir, ancaq yavan çörəyi çeynəyib udmaq belə onun üçün əziyyətə çevrilir. Onun küçədə səfil vəziyyətdə qaldığını görüb polis bölməsinə aparırlar. Gənc yazıçı yalandan guya mənzilinin açarını itirdiyini söyləyir. Bölmədə evsiz-eşiksiz kimsəsizlərə yemək üçün talon verildiyini görüncə, səfilliyini etiraf etmədiyinə peşman olur.
Polisdən buraxılandan sonra küçədə təsadüfən rastlaşdığı tanış qəzet redaktoru halına acıyaraq gələcək qonorarının hesabına ona bir qədər pul verir. O, təzədən bir otaq kirayələyib gecə-gündüz yeni yazılar üzərində çalışmağa başlayır. Son qəpik-quruşunu şam almağa xərcləyən gəncin çörək almağa yenə də pulu qalmır. Bütün bu fiziki və mənəvi əzablar içərisində o, yaradıcı istedadına inamını bir an belə itirmir. Ancaq bu yolla məhv olmaqdan can qurtara bilməyəcəyini anlayınca gəmidə ocaqçı işinə düzəlir və nə qədər çətin olsa da, yazıçılıq arzusundan əl çəkməli olur. Real həyatda qəhrəmanından daha inadkar çıxan K.Hamsun bundan sonra yenidən ABŞ-a getməyə məcbur olsa da, inadından dönməmişdi.
Müəllifin bütün diqqətinin əzab çəkən tənha və kimsəsiz, fəqət istedadlı və iradəli bir insanın mənəvi dünyasının ən dərin qatlarına qədər açılıb göstərilməsinə həsr olunmuş bu əsəri K.Hamsun özü roman yox, insan ruhunun təhlilinə yönəlmiş düşüncələr silsiləsi hesab edirdi.
Yazıçı öz qəhrəmanına ad verməmişdir, əsərdəki hadisələrə qədər keçirdiyi həyatin təfərrüatı da, demək olar ki, bilinmir. Ancaq onun nə zamansa yaxşı günlər keçirmış, ailə tərbiyəsi görmüş, təhsil almış yüksək mənəviyyatlı bir insan olduğu göz önündədir. Üzləşdiyi bütün çətinliklərə baxmayaraq, o, mənliyini, insaniliyini bir an belə itirmir, şəxsiyyətini alçalda biləcək, əxlaq və mənəviyyat ölçülərindən kənara çıxan bir addım belə atmır.
Müəllif xüsusi olaraq vurğulayır ki, qəhrəmanını bədbəxtliyə düçar edən, iztirablarını artıran bir amil dəonun tənhalığıdır. Onu əzablara məruz qoyan bu böyük şəhərdə (dünyada !) kəlmə kəsəcəyi, dərd-sərini bölüşəcəyi, ən nəhayət, kömək istəyə biləcəyi bir nəfər belə yaxını, dostu yoxdur.
“Aclıq” romanının uğurundan sonra Kopenhagendə müasir ədəbiyyatın vəziyyəti barədə mühazirələrlə çıxış etməyə dəvət olunan K.Hamsun bu mühazirələrdən özünün yaradıcılıq kredosunun və estetik kosepsiyasının əsas prinsiplərini şərh etmək üçün bir fürsət kimi yararlanmaq qərarına gəldi. Birinci mühazirədə dövrün ən məşhur yazıçısı, bütün Avropada böyük şöhrət qazanmış görkəmli İsveç dramaturqu H.İbsen də iştirak edirdi. Lakin bu, gənc yazıçını onun və ardıcıllarının ünvanına bir sıra tənqidi fikirlər səsləndirməkdən çəkindirmədi. K.Hamsunun başlıca ittihamı bu idi ki, realist yazıçılar əsas diqqəti cəmiyyət həyatının zahiri cəhətlərinə yönəldərək insanın daxili dünyasının dərinliklərinə nüfuz etməyi yaddan çıxarir, onun mənəvi aləminin ziddiyyət və mürəkkəbliklərini əks etdirməyi unudurlar. Onun fikrincə, sənət üçün yalnız real gerçəkliyin faktlarını, ictimai şəraiti əks etdirmək kifayət deyil, insanın psixologiyasını, ruhunu tədqiq etmək lazımdir. Ədəbi obrazlar yalnız hansısa ictimai ideyaların daşıyıcısı kimiyox, qəlbi müxtəlif duyğu və düşüncələrin ziddiyyətli qarşıdurması ilə dolu olan canlı insan kimi təqdim olunmalıdir. Öz yaradıcılıq missiyasını o belə mənalandırırdı: “Müasir bir psixoloq kimi mən insan ruhunu işıqlandırmalı və təsvir etməli, onun ən dərin guşələrinə baş vurmalı, ən gizli sirlərini açmalıyam.”
H.İbsenin yaradıcılğında K.Hamsunun daxilən qəbul edə bilmədiyi bir cəhət də get-gedə güclənən simvolizm cizgiləri idi. Şəxsiyyətinə və sənətinə böyük hörmətlə yanaşdığı B.Börnsonun estetik realizmini də o artıq köhnəlmiş, zamanın tələblərinə cavab verməyən bir ədəbi metod sayırdı. O, XIX əsrin ikinci yarısında meydana çıxan naturalizm və pozitivizm cərəyanlarından da uzaq dururdu. İnsan və cəmiyyət münasibətləri haqqında mexaniki təsəvvürlər, insanın davranışını yalnız zahiri amillərlə bağlayan determinist görüşlər də K.Hamsuna yad idi. O, insanın ictimai və fərdi münasibətlərinin obyektiv mürəkkəbliyini yaxşı anlayır və qeyd olunan cərəyanların “bəsit” yanaşmasından qaçaraq təsvir etməyə çalışırdı.
Qeyd etmək lazımdır ki, “Aclıq” romanının süjet xətti və ideyası müəyyən üslub və məzmun korrektələri ilə, daha doğrusu, əvvəldə xeyli yumşaldılmış şəkildə və əksinə, sonda daha faciəvi bir yekunla görkəmli Amerika yazıçısı Cek Londonun Azərbaycan oxucusuna yaxşı tanış olan məşhur “Martin İden” (1909) romanında, demək olar ki, təkrarlanmışdır.
K.Hamsunun bədii əsərlərinin heç biri tam avtobioqrqfik səciyyə daşımasa da, onların hər birində müəllifin öz taleyindən, tərcümeyi-halından müəyyən detallar tapmaq mümkündür. Bu cəhətdən “Aclıq” romanını xüsusi fərqləndirmək olar.
Bu əsərdən sonra XIX əsrin son onilliyində məhsuldar işləyən yazıçı bir-birinin ardınca “Misteriyalar”(1892), “Redaktor Lünge”(1892), “Yeni şəfəqlər” (1893), “Pan”(1894), “Viktoriya”(1898) romanlarını nəşr etdirir. “Misteriyalar” romanında kiçik bir kəndə gələn və camaatın avamlığından istifadə edərək onları saxta “möcüzələrlə” heyrətə salan bir fırıldaqçının əməllərindən bəhs olunur. (Bu süjet böyük Mirzə Cəlilin ölməz “Ölülər” əsərinin ideyasının ümumbəşəri səciyyə daşıdığını bir daha sübut edir.) “Pan” və “Viktoriya” romanlarının əsasını isə məhəbbət mövzusu təşkil edir. Digər məsələlərdə olduğu kimi, sevgi mövzusunda da yazıçı ənənəvi dəyərlərə yenimünasibət nümayiş etdirməyi bacarmışdir. Həmin illərdə onun kitabları bir çox dillərə tərcümə edilir və böyük populyarlıq qazanır. Lakin etiraf etmək lazımdir ki, bu əsərlərin heç biri “Aclığ”ın uğurunu təkrarlaya bilmədi. Daha yüksək peşəkarlıq vərdişləri ilə yazılmış bu əsərləri, bütün məziyyətlərinə baxmayaraq, ədəbi tənqid debütant yazıçının qələmindən çıxmış “Aclıq”la müqayisədə geriyə atılmış addım kimi qiymətləndirdi.
“Misteriyalar” romanında fərdin şüuraltı dünyasını əks etdirən, “Pan” romanında insanın təbiətlə doğmalığı ideyasını ön plana çəkən yazıçı A.Şopenhauer, E.Hartman, F.Nitsşe fəlsəfəsinə əsaslanan yeni – subyektiv nəsr konsepsiyasını praktik olaraq yaratdığı kimi, “Qəlbin şüuraltı həyatı” adlı irihəcmli essesində də bu konsepsiyanın nəzəri müddəalrını ifadə edir. Bundan əlavə, özünün “Norveç ədəbiyyatı”, “Psixoloji ədəbiyyat”, “Dəbli ədəbiyyat”, “Aristokratik radikalizm”, “Simvolizm” kimi məqalələrində K.Hamsun sosial yönümlü ədəbiyyatı inkar edərək irəli sürdryü yeni sənət konsepsiyasında mövcud ədəbiyyatı “ictimai məsələlərə insan ruhundan daha artıq diqqət yetirməkdə” itiham edir. O, sənətdə həqiqətin ifadəsini obyektivliklə yox, “qərəzsiz subyektivizm” ilə bağlayırdı. Avropa ədəbiyyatının Kamyu, Kafka, Sartr kimi görkəmli nümayəndələrinin yaradıcılıq mövqeyinin formalaşmasına K.Hamsunun ədəbi praktikasının və nəzəri görüşlərinin güclü təsiri danılmazdır.
XIX əsrin 90-cı illərində nəsrlə paralel olaraq həm də dram yaradıcılığına müraciət edən ədib “Hakimiyyətin qapısı önündə”(1895), “Həyat dramı”(1896), “Axşam şəfəqi”(1898) pyeslərindən ibarət dramaturji trilogiyasını qələmə alır. Lakin dövrün ədəbi ictimaiyyəti bu əsərləri soyuq qarşılayaraq ədibin səhnə əsərlərində bədii xarakterlərin romanları ilə müqayisədə nisbətən zəif alındığı qənaətinə gəlir. K.Hamsun da, görünür, bu qənaətlə razılaşaraq ömrünün sonuna qədər bir daha dram əsəri yazmır.
90-cı illərdə Skandinaviya, alman, fransız, rus nəsrinin ən yaxşı nümunələri ilə dərindən tanış olan yazıçı onlardan yaradıcı şəkildə bəhrələnərək özünün ədəbi-estetik konsepsiyasını və bədii ifadə üslubunu daha da zənginləşdirir. O, dünya nəsrinin böyük nümayəndələrinin getdiyi yolu təkrar etmədən, yeni ədəbi üslub və ifadə tərzi taparaq onların çatdığı bədii kamillik zirvəsini fəth etməyi bacarır. Ən maraqlı cəhət odur ki, özünün ilk şedvrlərini yaradarkən gənc yazıçı ona təsirindən bəhs olunan klasik ədiblərin çoxunun əsərlərini hələ heç oxumamışdı.
1898-ci ildə 39 yaşlı K.Hamsun 25 yaşlı Berqliot Beks adlı xanımla ailə qurur. Səkkiz il davam edən bu nikahdan onun bir qızı dünyaya gəlmişdi. İkinci dəfə 1909-cu ildə 50 yaşında ikən özündən 22 yaş kiçik aktrisa Mariya Andersenlə evlənmiş, dünyaya iki oğul,iki qiz övladı gətirərək ömrünün sonuna qədər onunla bir az xoşbəxt, bir az qalmaqallı həyat sürmüşdü.
1898-ci ildə Norveç Yazıçılar Cəmiyyətindən 1200 kron məbləğində yardım alan K.Hamsun bu vəsaiti səyahətə sərf etmək qərarına gəlir. O, səfər marşrutu olaraq Rusiya və Osmanlı imperiyalarını seçir. Yazıçı xanımı Berqliotla birgə əvvəlcə Sankt-Peterburq və Moskvada olduqdan sonra Türkiyəyə gedərkən yolüstü Qafqazda olmuş, Vladiqafqaz, Tiflis və Bakida bir neçə gün keçirmişdi. Bu səyahətin nəticəsi olaraq yazıçı 1903-cü ildə Rusiya (o cümlədən Bakı) səfəri haqqında “Nağıllar ölkəsində”, Türkiyə səfəri haqqında isə “Aypara ölkəsində” adlı oçerklərini nəşr etdirir.
Bakı səfərində K.Hamsun neft mədənlərində, dəniz sahilində, Qaraşəhərdə, İçərişəhərdə və Şirvanşahlar sarayında (müəllif “Xan sarayı” yazır), Atəşgahda olmuş, əsas diqqəti şəhərin ağır ekoloji vəziyyətinə yönəltmişdi. (Hərçənd ki, o zaman heç “ekologiya” anlayışı mövcud deyildi.) Həmin illərdə Bakı haqqında yazan bir çox başqa müəlliflərdən fərqli olaraq, Norveç yazıçısı neft sənayesinin coşqun inkişafından vəcdə gəlmir, əksinə, dünyagörüşünə uyğun olaraq, Qərb texnologiyasının şəhəri və onun sakinlərini öz təbii həyatlarından uzaqlaşdırdığını, təbiəti çirkləndirdiyini xüsusi vurğulayır.
“Nağıllar ölkəsinə səyahət” əsərində K.Hamsun Bakını belə təsvir edir: “Bakının 125 minə yaxın əhalisi var, bura Xəzər dənizinin sahilində yerləşən ən mühüm ticarət şəhəridir. Şəhər nəhəng toz dumanına bürünmüşdür. Əhəng daşı tozu insanların, heyvanların, evlərin, pəncərələrin, yeganə parkda bitən ağac və kolların üzərini tamam ortüb. Hər şey çox qəribə görünür. Burada neft torpağın altından fontan vurur, buna görə də şəhərin havasından kerosin qoxusu gəlir. Vərdiş etməyənlərdə bu qoxu aramsız öskürək yaradır. Burada həmişə külək əsir.
...Şəhər o qədər Avropalaşıb ki, Şərq şəhəri olmaqdan çıxıb, ancaq o qədər Şərqli qalıb ki, hələ Avropalı olmayıb.”
XIX – XX əsrlərin qovuşma mərhələsində K.Hamsunun yaradıcılığında da keçid və yeniləşmə prosesi baş verir. O, ilk əsərlərinə xas olan məhəbbət və təbiət məzmunlu, yüksək pafoslu lirizmdən uzaqlaşaraq daha epik xarakterli təhkiyə üslubuna üz tutur. Yeni mərhələdə onun nəsri üçün Norveç əyalətinin həyat tərzi, məişəti və insanların mənəvi dünyası aparıcı rol oynamağa başlayır. Onun qəhrəmanlarının duyğu və düşüncələri də romantik məzmununu itirərək daha həyati mahiyyət qazanır.
Bütün bu dəyişikliklər həm də yazıçının özünün yaşadığı mənəvi böhranla bağlı idi. Vətəninin tədricən patriarxal həyat tərzindən uzaqlaşaraq onun nifrət bəslədiyi kapitalist inkişaf yoluna üz tutması K.Hamsunu çox ciddi mənəvi yaşantılara, hətta iztirablara məruz qoyurdu. Hələ ABŞ-da keçirdiyi illərdə Qərb yolunun qəbuledilməzliyi barədə gəldiyi qənaət artıq real həyat təhlükəsi qədər yaxın və amansız görünürdü. Bu hiss onun həyat duyumuna ağır bir qüssə və üzüntü gətirirdi. Yazıçının “Xəyalpərvər”(1904), “Vəhşi xor”(1904) “Payız ulduzları altında”(1906), “Qızıl gül”(1908), “Xəlvəti ifa edən səyyah”(1909), “Sonuncu sevinc”(1912) əsərləri məhz bu əhval-ruhiyyənin təsiri altında yazılmışdı.
İrihəcmli nəsr əsərləri ilə yanaşı ədibin qələmindən “Sav çariçası”, “Poçt arabası”, “Adicə milçək”, “Küçədə”, “Üzük”, “Məhəbbət köləsi”, “Trivolili xanım”, “Gizli ağrı”, “Ata və oğul”, “Qalib”, “Həyatın səsi” və digər məşhur hekayələr də çıxmışdı. Bu əsərlər onun romanlarla yanaşı çox çətin sayılan hekayə janrında da yetkin istedad sahibi olduğunu göstərir. Romanlarında olduğu kimi, hekayələrində də müəllifin əsas məqsədi personajların mükəmməl mənəvi-psixoloji portretinin yaradılmasıdır.
1910-cu ildə K.Hamsun şəhər həyatından uzaqlaşmaq barədə çoxdankı niyyətini reallaşdıraraq kəndə köçür. Əvvəlcə şimal adalarından birində xutor alır, 1918-ci ildən isə Qrimştad şəhəri yaxınlığındakı Nerxolt malikanəsində yaşamağa başlayır. Bu addım yazıçının həyatı üçün prinsipial məna daşıyırdı – daim təbiətlə, torpaqla sıx bağlı olan, insan əməyinin real bəhrələrini əyani olaraq göstərən kənd həyatı, yazıçının fikrincə, insanın mənəvi və fiziki iflasına gətirib çıxaran şəhər sivilizasiyasından fərqli olaraq, həm fərd, həm də xalq üçün xilas yoludur. K.Hamsun Avropanın patriarxal həyat tərzindən uzaqlaşmasının, sənayeləşmənin əleyhinə idi. Hesab edirdi ki, bu proseslər insanı ilkinliyindən, təbiiliyindən uzaqlaşdırır. Bu zəmində yaranan ziddiyyətlərin bəşəriyyəti dünya müharibəsinə gətirib çıxarması, tökülən qanlar yazıçının belə bir qənaətini bir daha qətiləşdirdi ki, tarixi proseslər düzgün yolla getmir. Onun fikrincə, müharibəyə səbəb olan beynəlxalq ziddiyyətlər məhz müasir sivilizasiyanın fəsadlarından ibarətdir. Və bunda ictimai-sosial münasibətlərlə yanaşı, diqqəti insandan daha şox ictimai mühitə yönəldən ədəbiyyatın da öz günah payı var.
Həyat və yaradıcılıq təcrübəsi artdıqca K.Hamsun daha geniş əhatəli, mürəkkəb strukturlu, epik xarakterli əsərlər yazmağa meyllənir. Bunun nəticəsi olaraq “Əsrin övladları”(1913) və iki cildlik “Segelfoss şəhəri”(1915) romanları meydana gəlir. Əsl xalq həyatının, milli düşüncə tərzinin yalnız kənd mühitində qorunub saxlandığı, urbanizasiyanın xalqı təbii-ənənəvi köklərindən ayırıb özündən uzaqlaşdırdığı fikrində olan ədib bu ideyaların ifadəsi olaraq 1917-ci ildə özünün şah əsəri olan “Torpağın bərəkəti” romanını yazır. Bu əsərdə mütəfəkkir yazıçının həyat konsepsiyası özünün ən dolğun və mükəmməl ifadəsini tapmışdır. Bu monumental epopeyada müəllif ənənəvi patriarxal həyat tərzinə, ən əsası isə torpağa bağlılığını qoruyub saxlamış sadə Norveç kəndliləri İsak və İngerin böyük məhəbbətlə təsvir etdiyi həyatı nümunəsində əkinçi əməyini insan üçün ən faydalı və şərəfli məşğuliyyət kimi qiymətləndirir.
Romanın uğuru şox möhtəşəm oldu. Hərbi və siyası böhran şəraitində, tam qorxu və çaşqınlıq içərisində qalmış Norveç cəmiyyətində bu əsər əsl insanlıq mahiyyətinin bərpasına çağıran, varlığın əbədi dəyərlərini tərənnüm edən bir himn kimi qarşılandı. Bu triumfal marafonun zəfər finişi isə yazıçının ali ədəbiyyat mükafatı ilə təltif eilməsi oldu. 1920-ci ildə Nobel Mükafatları Komitəsi az-az hallarda baş verən bir qərar qəbul edərək konkret bir əsərə -- məhz “Torpağın bərəkəti” romanına görə Knut Hamsunu ədəbiyyat üzrə Nobel mükafatına layiq gördü. Ədəbiyyat üzrə mükafatçıların seçilməsində həlledici soz sahibi olan qurumun – İsveç Akademiyasının üzvü Harald Yerne bu əsərin ideyasının, sadəcə, kənd həyatı ilə bağlanması fikrini yanlış sayaraq onu “harada yaşamasından, nə işlə məşğul olmasından asılı olmayaraq, bütün insanların həqiqi həyat hekayəsi” kimi dəyərləndirmişdi.
Nobel mükafatı alarkən cəmi 61 yaşında olmasına baxmayaraq, K.Hamsun təqdimat mərasimindəki nitqində özünü “qoca” adlandıraraq gənclərə yol verməyin vacibliyindən danışmış, ümumiyyətlə nitqini gənclərə həsr etmişdi. Mükafatının maliyyə vəsaitilə yazıçı Norveçin cənubunda iri bir torpaq sahəsi aldı. Burada malikanə tikdirərək orada yaşamağa, həm yaradıcılıqla, həm də təsərrüfat işləri ilə məşğul olmağa başladı.
İki dünya müharibəsi arasındakı dövr onun şan-şöhrət və populyarlığının zirvə mərhələsi idi. Nobel mükafatı aldıqdan sonra K.Hamsunun əsərləri Avropanın bütün dillərinə tərcümə edildi, adı dünya miqyasında məşhurlasdı. Lakin paradoksal vəziyyət onda idi ki, elə həmin dövrdə onun dünyagörüşü və sənət konsepsiyası getdikcə daha artıq ümidsizlik və çıxılmazlıq ideyalarının təsiri altına düşməyə başlayır. Yazıçının bu illərdə qələmə aldığı əsərlərdə həyatdan küskünlük motivləri, insan mənəviyyatının qaranlıq cəhətlərini daha qabarıq əks etdirmək meylləri getdikcə güclənir. Görünür, bu hal həmin dövrdə ictimai həyatda qərbçi sivilizasiya normalarının patriarxal həyat tərzi üzərində qələbəsinə cavab reaksiyası kimi meydana çıxmışdı.
“Qadınlar quyu başında”(1920) povestində balaca bir balıqçı kəndində əhalinin müasirləşmə həvəsinə düşməsi və bunun nəticəsində kəndin öz yaşayış qaydalarını itirərək tamam məhv olması prosesi təsvir edilmişdir. İki cildlik “Son fəsil” romanı da təsvir edilən həyat normasına və ədəbi mövqeyinə görə bədbinlik təlqin edən bir əsərdir. Burada ucqar bir kəndin yanında yerləşən ümidsiz xəstələr üçün pansionun ürəksıxan, qüssəli həyat tarixçəsi öz əksini tapmışdır. Bu pansionatı müəllif müasir xəstə cəmiyyətin simvolik modeli olaraq təqdim edir. Onun əksinə, sağlam yaşayış rəmzi kimi yaxınlıqdakı kəndin həyatı göstərilib.
Yazıçının “Sərsərilər”(1927), “Avqust”(1930), “Həyat davam edir”(1933) romanlarından ibarət trilogiyasında əyalət kəndinin həyatı böyük bir tarixi epoxada – XIX əsrin 70-ci illərindən XX əsrin 20-ci illərinə qədərki dövrdə bütün genişliyi və dərinliyi ilə təsvir edilmişdir.
Ədibin son bədii əsəri – 1936-cı ildə nəşr olunmuş “Dairə qapanır” romanı həm süjetin gedişinə, həm də finalına görə tam faciəvi səciyyə daşıyır. İnsani duyğulardan, mənəvi dəyərlərdən uzaq düşməsi əsərin qəhrəmanı səfil Abeli həyatın lap dibinə ataraq, ruhunda xeyirlə bağlı bütün hissləri öldürərək onu anlaqsız vəhşiyə çevirir və sonda müəllif insan həyatının tam mənasızlığı qənaətinə gəlir.
Ümumilikdə K.Hamsunun sağlığında roman, povest, pyes, hekayə, şeir və publisistik yazılardan ibarət 30-dan çox kitabı nəşr olunmuşdu.
İctimai tərəqqi ideyalarına inanmaması, demokratik inkişaf yolunu qəbul etməməsi K.Hamsunun özünü də həyat yolunun yekununda fəciəli sonluğa gətirib çıxardı. Norveç xalqının milli iftixar mənbəyi olan ən böyük yazıçısı vətənin, millətin ən ağır günündə onun düşmənləri ilə bir sırada durdu. Yaradıcılığının son mərhələsində müşahidə olunmağa başlayan antihumanist fikirlər tədricən onun dünyagörüşünün mürtəce təsirlər altına düşməsinə gətirib çıxardı. O, Avropa ziyalılari içərisində İtaliya və Almaniyada baş qaldıran faşizm ideologiyasını simpatiya ilə qarşılayan nadir insanlardan biri oldu. Onun fikrincə, “Avropanın başı üzərində dolaşan kommunizm kabusu”ndan (K.Marks) xilas olmağın yeganə yolu nasizmə dəstək vermək idi. K.Hamsunun faşizmə bu cür yanaşmasının kökündə həm də hələ gənclik illərindən Nitsşe fəlsəfəsinə bağlanması və onun fövqəl-insan ideyasını qəbul etməsi dururdu.
Skandinaviyalı yazıçıların, o cümlədən Nobel mükafatçılarının çoxu kimi K.Hamsun da Avropa və dünyada şan-şöhrət qazanmasına görə özünü Almaniya ədəbi mühitinə və alman dilinə borclu bilirdi. Onun maddi gəliri əsasən kitablarının Almaniyadakı nəşrləri hesabına başa gəlirdi, haqqında ilk kitabı da 1910-cu ildə alman ədəbiyyatşünası Karl Morburger çap etdirmişdi. Digər tərəfdən, K.Hamsun Almaniyanın əsas geosiyasi rəqibləri sayılan İngiltərəni, Amerikanı (ümumiyyətlə anqlo-saksları), eləcə də kommunizmin təcəssümü kimi qəbul etdiyi Sovet İttifaqını sevmirdi. Və bütün bu amillər onu Almaniyaya aid hər şeyə rəğbətlə yanaşmağa sövq edirdi.
Birinci Dünya müharibəsi zamanı da o birmənalı olaraq Almaniyanın tərəfini saxlamışdı. 40-cı illərdə yazdığı məktubların birində o, mövqeyini belə ifadə edirdi: “Bütün bu illər ərzində, hələ müharibədən çox-çox əvvəldən mən Almaniyaya dost kimi yanaşmışam, çünki mən germanam.” Müharibə zamanı almanlar Norveçı tutarkən bütün ziyalılar bu hadisəni işğal kimi dəyərləndirəndə təkcə K.Hamsun əks mövqedə dayanaraq bunu böyük Almaniyanın balaca Norveçə kömək əli üzatması kimi mənalandırır və ölkənin faşistpərəst hökuməti ilə əməkdaşlıq edirdi. (Hərçənd ki, sonra bu hakimiyyətin başçısı Kvislinqin cinayətlərini görərək ondan üz döndərdi.)
Norveçin “böyük german dövlətinə birləşdirilməsi” ideyasının tərəfdarı kimi çıxış edən K.Hamsunun nəzərində Almaniya ideal mədəniyyət ölkəsi idi. 30-cu illərin son dərəcə mürəkkəb ictimai-siyasi şəraitində o, faciəvi yanlışlığa uymuş və faşistlərin qərbçi, eləcə də kommunist ideyalarını məhv edərək dünyanı yenidən patriarxal həyat mühitinə qaytaracaqları, bununla da bəşəriyyəti xilas edəcəkləri illüziyasını ozünə təlqin etmişdi. İstənilən halda fanatizmin faciəyə cətirib çıxardığını bir daha təsdiq edən bu fikir onun hələ müharibədən əvvəlki publisistik yazı və çıxışlarında bir neçə dəfə səslənmişdi. Müharibə illərində isə almanlar və Norveçin faşistrpərəst rejimi onun bu yanlışlığından məkr və məharətlə istifadə etdilər. 1943-cü ildə K.Hamsunu qəbul edən A.Hitler onu hörmət-izzətlə qarşılamış, lakin yazıçının Norveçin faşist diktatoru Kvislinqə münasibəti, ölkəsinin gələcəyi barədə mövqei fürerin xoşuna gəlmədiyi üçün onu hiddətləndirmiş və o – “bir daha bu şəxsi burada gormək istəmirəm!” – deyərək görüşü yarımçıq tərk etmişdi.
Ədibin faşistlərə rəğbətli münasibətini düşünülməmiş addım, yaxud qocalıq əlaməti saymaq kobud səhv olardı. 1945-ci ilin yayında faşistlərlə əməkdaşlığa görə həbs edilmiş, 1947-ci ildə isə məhkəmə qarşısına çıxarılan Nobel mükafatçısı öz mövqeyini bir daha təsdiq edərək demişdi: “Yazdıqlarım səhv deyil, yazdığım zaman da səhv deyildi. Mən özümdən narazı deyiləm və vicdanım təmizdir.” Məhkəmənin qərarı ilə həbs cəzasına layiq görülən qocaman yazıçı dörd ay həbsxanada saxlandıqdan sonra məhkəmə ekpertizası onu “əqli deqradasiya” diaqnozu ilə məhbəsdən xilas etdi. Bu dəfə məhkəmə onu 425 min Norveç kronu (təxminən 80 min ABŞ dolları) həcmində cərimə edərək əlil qocalar üçün psixiatrik pansiona göndərdi.
Yazıçı üçün ən böyük cəza isə bir neçə il əvvələ qədər ona pərəstiş edən insanların nifrətini qazanması, ömrünün son illərini təcrid və tənhalıq şəraitində yaşaması oldu. Norveç xalqı öz böyük yazıçılarından üz döndərdi. Oxucular onun kitablarını yandırır, yaxud nifrət dolu məktublarla müəllifin ünvanına göndərirdilər. Bütün bunlara baxmayaraq,məğlub statusu ilə barışmaq fikrində olmayan qoca Hamsun ona qarşı yönəlmiş ictimai və hüquqi ittihamlara cavab olaraq pansion palatasında (kamerada da demək olardı) “Ot basmış cığırlarla” adlı publisistik kitabını yazır. Yüksək peşəkarlıqla işlənmiş bu son əsəri ilə tamam qocalıb əldən düşmüş, qulaqları eşitməyən, keçirdiyi insultdan sonra nitqi də pozulmuş, fəqət zəkasının aydınlığını, yaradıcılıq əzmini qoruyub saxlamış K.Hamsun sanki öz varlığını yenidən təsdiq etmək istəyirdi. Doğrudan da, bu kitab müəllifin hüquqi cəhətdən bəraət qazanmasına əsas verməsə də, şəxsiyyətinə və yaradıcılığına marağın yenidən canlanmasına səbəb oldu. Ona da elə bu lazım idi. “Ot basmış cığırlarla” əsəri ilə yazıçı taleyinin ot basmış cığırlarını təmizləmək istəyirdi: “Necə olur-olsun, bu kitabı Norveçdə və xaricdə nəşr etdirməliyəm. O məni xilas edəcək.” Amma müəllif bu kitabda etiraf, üzrxahlıq, tövbə xarakterli bircə cümlə də yazmamış, özünün bütün məqamlarda haqlı olduğunu sübut etməyə çalışmışdı. Kitabın nəşri xatirinə ona bəzi hissələri dəyişməyi təklif etsələr də, höcət qoca bundan qətiyyətlə imtina etmiş ...və 1949-cu ildə, 90 illik yubileyi günlərində əsərin çapına nail ola bilmişdi.
Yaradıcılığının ilkin mərhələsində K.Hamsunun əsərləri Rusiyada maraqla qarşılanır, həvəslə tərcümə edilir, səxavətlə nəşr olunurdu. Klassik rus nəsrinin L.Tolstoy və F.Dostoyevski kimi böyük nümayəndələrindən bəhrələndiyini o özü də etiraf edir, Avropa ədəbi tənqidi də onun yaradıcılıq manerasının formalaşmasında bu təsirin böyük rol oynadığını xüsusi vurğulayırdı. Rus ədəbiyyatının K.Hamsunun müasiri olmuş A.Çexov, M.Qorki, A.Blok kimi görkəmli nümayəndələri də onun ədəbi ustalığını yüksək qiymətləndirirdilər. XX əsrin əvvəllərində Norveç yazıçısının səyahət üçün məhz Rusiyanı seçməsi də, təbii ki, təsadüfi olmamışdı. Həmin səyahət zamanı yazıçını Rusiyanın paytaxt şəhərləri Peterburq və Moskvada xüsusi təmtəraqla qarşılamışdılar. Ancaq sovet dövründə ideoloji baxışlarına görə adı “qara siyahı”ya salınaraq SSRİ-də yasaq eilmiş, tərcümə və təbliğ olunmamışdı. Aydındır ki, həmin dövrdə Azərbaycanda da onun əsərlərinin tərcümə və nəşr olunmasından söhbət belə gedə bilməzdi.
Ancaq müstəqillik dövründə dünya mədəniyyətinin əvvəllər bizim üçün qapalı qalmış bir çox dəyərli nümunələri sırasında böyük Norveç yazıçısının yaradıcılığı da Azərbaycan oxucusuna təqdim olundu. 2009-cu ildə “Nobel mükafatı laureatlarının əsərləri” seriyasından K.Hamsunun “Seçilmiş əsərləri” çap edildi. Kitaba Nadir Qocabəylinin uğurlu tərcüməsində yazıçının dünya şöhrəti qazanmış iki əsəri – “Aclıq” və “Torpağın bərəkəti” romanları daxil edilmişdir. (Qeyd edək ki, həmin əsərlərin hər ikisi 2014-cü ildə ayrıca kitab şəklində yenidən nəşr edilib.) “Seçilmiş əsərlər” tərcüməçinin “Ziddiyyətlər burulğanında” adlı geniş və maraqlı ön sözü ilə açılır. Həmin yazıda N.Qocabəyli K.Hamsunu belə xarakterizə edir: “...O həm insan, həm də yazıçı kimi ziddiyyətli şəxsiyyət idi. Lakin Hamsunun bədii dühası və istedadı oqədər qüdrətli və əzəmətlidir ki, dünya durduqca oxucular tərəfindən böyük rəğbətlə qarşılanacaqdır. O, yaddaşlarda daim gözəlliyi və sevginitərənnüm edən böyük ədib, insan ruhunun dərinliklərini, dünyanın əbədi təzadlarını ustalıqla təsvir edən dahi sənətkar kimi qalacaqdır.”
“Ön söz” müəllifinin Norveç klassikinin sənət və şəxsiyyətini dəyərləndirərkən diqqəti ilk növbədə ziddiyyətlərə yönəltməsi təsadüfi deyil. Həqiqətən, yazıçının xarakteri də, həyatı da, yaradıcılığı da, düşüncə tərzi də başdan-başa ziddiyyətlərlə doludur. Və ən maraqlısı budur ki, onunla bağlı təzadlı məqamlar yazıçı dünyasını dəyişdikdən sonra da davam etməkdədir.
- Sənədlərə görə, 1859-cu ildə doğulsa da, özü həmişə dünyaya 1860-cı ildə gəldiyini yazır, yubileylərini də bu tarixə uyğun qeyd edirdi;
- 18 yaşında ilk əsərini öz familiyası ilə yox, yaşadığı xutorun adından götürdüyü təxəllüslə çap etdirmişdi. Amma xutorun adı Hamsunq idi. Adicə bir mətbəə xətası üzündən sözün sonundakı “q” hərfi düşmüşdü. Yazıçı isə bunu taleyin nişanəsi kimi qəbul edərək ömrünün sonuna qədər təxəllüsünü həmin yanlış variantda saxlamışdı;
- Yazıçı kimi bütün varlığı ilə zorakılığa nifrət edir və vətəndaş kimi tarixdə ən amansız zorakılıqlara imza atmış faşistlərin hakimiyyətini dəstəkləyirdi;
- Humanizm ideyalarının rəmzi olan Nobel mükafatının medalını ən anti-humanist siyasi rejimin baş ideoloqu Göbbelsə hədiyyə edərək – “siz bu medala layiq olan yeganə şəxssiniz” – demişdi;
- Norveçin faşistpərəst hökumətinin müdafiəsinə qalxır və onun başçısı Kvislinqin hakimiyyətdən uzaqlaşdırılması üçün mümkün olan hər şeyi edirdi;
- İctimai mövqeyinə görə faşizmi təqdir etsə də, publisistikadan başqa , bədii əsərlərində onun lehinə bir cümlə belə yazmamışdı;
- Hətta faşizmin iflasından sonra da bütün dünyanın onu lənətləməsinə baxmayaraq, öz mövqeyindən imtina etməmiş, Hitlerin ölümü münasibətilə nekroloq yazmışdı;
- Faşizmə meyllənməsində qatı faşistpərəst olan arvadı Mariyanın güclü təsiri olsa da, onun hətta şahid kimi məhkəməyə çağırılmasına, adının hər hansı şəkildə hallandırılmasına yol verməmiş, bununla belə, ömrünün sonuna qədər onunla küsülü qalmış, pansiondan öz malikanəsinə döndükdən sonra belə onun evə qayıtmasına icazə verməmişdi;
- Ahıl yaşında ağır cəzaya məruz qalacağını yaxşı bilsə də, məhkəmə prosesinin keçirilməsini o özü israrla tələb ermişdi. (Bəlkə də, tarix qarşısında bəraət qazanmaq ümidi hələ ölməyibmiş...);
- Bir insan kimi nüfuzu, bir yazıçı kimi şan-şöhrəti artdıqca daha çox bədbinlik və ümidsizlik duyğularının əsirinə çevrilirdi;
- Norveçin ictimai rəyi onu dahi yazıçı saymaqla bərabər, bu ünəcən də “kollaborsionist” (düşmən tərəfə keçib özününkülərə qarşı vuruşan) adlandırır.
K.Hamsunu bir insan kimi səciyyələndirərkən əlavə etmək lazımdır ki, o həmişə düşündüyünü demiş, heç zaman yalan danışmamış, sözündən və yolundan dönməmiş, ümumiyyətlə, ömrü boyu əqidəsinin, məsləkinin ziddinə bir addım belə atmamısdı. Razılaşaq ki, təkcə elə bunun özü hər adamın bacarmadığı bir hünərdir.
Səhhətinin ağırlaşmasına görə 1950-ci ilin yayında əlil qocalar pansionundan evə buraxılan K.Hamsun Nerholm malikanəsində il yarım yaşadıqdan sonra 1952-ci il fevralın 19-da 93 yaşında vəfat etdi. Yazıçının ölümü Norveç cəmiyyətində müharıbə dövründən bəri onunla bağlı hökm sürən qeyzli nifrət hissini bir qədər yumşaltdı. Bundan əlavə, onun işğal dövründəki fəaliyyətinin o vaxtacan naməlum qalan bəzi cəhətləri də aşkara çıxdı. Məsələn, məlum oldu ki, K.Hamsun işğalçı hakimiyyət dairələri ilə yaxın münasibətlərindən yararlanaraq bir çox mədəniyyət xadimlərini repressiyalardan xilas edibmiş. Bu kimi faktlar və ötən illər, şübhəsiz ki, yazıçının səhvlərinə bəraət qazandırmır, amma... Hər halda, zamanbu görkəmli sənətkarın ədəbiyyat qarşısındakı xidmətlərinin və yerinin obyektiv qiymətləndirilməsini tələb ediridi. Onun rolu, əlbəttə ki, mürəkkəb və ziddiyyətlidir, lakin yaradıcılığının yüksək ədəbi dəyəri də danılmaz həqiqətdir.
Ölümündən iki il sonra – 1954-cü ildə vətənində K.Hamsunun əsərlərinin 15 cildlik külliyyatı nəşr edildi. Bu hadisə bir vətəndaş kimi olmasa da, bir yazıçı kimi onun bəraət almasının və yenidən həyata qayıtmasının başlanğıcını qoydu. Böyük yazıçının ədəbi irsinə tərəddüd və təəssüf dolu oxucu sevgisi vətənində onun yaradıcılığının yenidən dəyərləndirilməsi ilə nəticələndi. Bundan sonra yazıçının dünya oxucusuna “qayıtma” prosesi başlandı, ildən-ilə genişləndi, əsərləri,demək olar, bütün mədəni xalqların dillərinə tərcümə edildi, kütləvi tirajlarla nəşr olundu və müəllifinə XX əsrin ən böyük yazıçılarından biri kimi dünya şöhrəti qazandırdı.
Knut Hamsunun Nobel mükafatının təqdimat mərasimindəki nitqi
Mənə göstərilən bu səmimi, lütfkar münasibətə nə ilə cavab verəcəyimi bilmirəm. Özümü göyün yeddinci qatında hiss edirəm,ayaqlarım yerdən üzülüb, sanki buludların üstü ilə uçuram, salon başıma fırlanır.
Mənim indiki yerimdə olmaq asan iş deyil. Stokholmda mənə elə böyük xətir-hörmət qoydular ki, bundan sonrasını düşünmək belə çətindir. Sizin qarşınızda sadəcə necə varamsa, elə də dayanmışam. Lakin ölkəmə qoyulan hörmət, verilən qiymət qəlbimi qürur və iftixar hissi ilə doldurur. Bəli, mən bu ölkəni, bu torpağı çox sevirəm.
Xoşbəxtlikdən, gəncliyin bəxtəvər illərində keçirdiyim buna bənzər “başgicəllənmə” halları indi, bu qoca vaxtımda köməyimə çatır. Cavanlıqda bu cür hallar kimin başına gəlməyib? Hərçənd ki, həyatda insanlardan uzaq gəzməyi xoşlayan anadangəlmə qocalar da var. Məncə, gənc insan üçün qoca kimi cəsarətsiz və ehtiyatlı davranmaqdan pis bir şey ola bilməz. Həyatım boyu torpağın ayağım altdan qaçdığı çox məqamlarla üzləşmişəm, ancaq, şükür ki, hələ də ayaq üstə möhkəm dayana bilirəm.
Buraya toplaşmış say-seçmə insanları müdrikanə sözlərlə yormaq istəmirəm, xüsusən ona görə ki, məndən sonra böyük elm adamları çıxış edəcəklər. Bu gün mənim üçün xüsusi bir gündür. Bu gün böyük yaradanın mərhəməti minlərlə adam içərisində mənə nəsibolmuş, o məni öz lütfünə layiq bilmişdir. Mən öz ölkəm adından İsveç Akademiyası qarçısında baş əymək, minnətdarlığımı bildirmək istəyirəm. Onların məni bu böyük etimada layiq bildikləri üçün qürur hissi keçirirəm.
Mükafata layiq görülmüş əsərim barədə yalnız bunu deyə bilərəm ki, onu yazıb ərsəyə gətirmək üçün bacardığımı, əlimdən gələni etmişəm. Başqa heç nə... Hamıdan öyrənmişəm. Hamıdan öyrənməyən kim var ki?! İsveç poeziyasından, xüsusən müasir şairlərdən cox şey öyrənmişəm. İndi ədəbiyyat məsələlərinin dərinliyinə varıb kimlərdən nə götürdüyümü bir-bir sadalamalı olsam, hamının ünvanına minnətdarlığımı çatdırmağa məclisimizin vaxtı çatmaz. Urəyimdən keçənlərin hamısını çatdırmağı, yəqin ki, heç bacarmaram da, yaş da daha o yaş deyil, gücüm də tükənir...
Bu parlaq məclisdə, bu gur işıqların parıltısı altında toplaşanların hamısına təşəkkürlərimi bildirmək, hər kəsə gül-çiçək dəstəsi, ya gəncliyimin coşqun illərində olduğu kimi, bir bənd seir təqdim etmək istərdim. Ancaq, yəqin ki, buna cəsarət etməyəcəyəm, qoca vaxtımda özümü gülünc vəziyyətə salmaq istəmirəm.
Həqiqət budur ki, bu gün Stokholmda mən böyük şan-şöhrətə və var-dövlətə çatmışam. Artıq hər şeyim var, bircə şeyim çatmır – gəncliyim yoxdur. Biz hamımız nə qədər qocalsaq da, gəncliyimizdən ayrıla bilmirik. Amma kənara çəkilib gənclərə yol verməliyik və bunu ləyaqətlə etmək lazımdır.
Bilmirəm, qaydalara görə indi nə etməliyəm, ancaq ürəyimin dərinliyindən gələn bir duyğu ilə bu badəni İsveç gənclərinin şərəfinə, bütün gənclərin şərəfinə, dünyada gənc nə varsa, hamısının şərəfinə qaldırmaq istəyirəm.
K.Hamsunun aforizmlərindən seçmələr
- Həyatdakı bütün sevınc və kədərin mənbəyi insanın öz qəlbindədir.
- Məhəbbət qəlbimizi rəqsə sövq edən musiqidir.
- Yaşamaq eşqi elə böyük bir nemətdir ki, onun müqabilində dünyanın bütün iztirabları xırda görünür.
- Məhəbbət insana həyat verdiyi kimi, onu məhv də edə bilər.
- Bu xanım işvəkarlıq etməyi bacarmır, cazibədarlığı da elə bundadır.
- İlk məhəbbətin insan qəlbinə vurduğu möhür onun ömrünün sonuna qədər silinmir.
- İnsanın layiq olmadığı sevgi də ona layiq olduğu sevgi qədər xoşbəxtlik gətirir.
- Hər bir insan bərabərlər arasında birinci olmaşa can atır.
- Məhəbbət insan qəlbini gül-çiçəkli bağa, nifrət isə üfunətli zibilliyə çevirir.
- İnsan zəkası işığı zülmətdən ayırmağı öyrənən anda onun qəlbində məhəbbət duyğusu oyanır.
- İlk dəfə sevdiyin qadının lütfkar baxışlarını dünyada heç nə ilə müqayisə etmək olmaz.
- Məhəbbət miskin dilənçiyə hədsiz qürur verə, təkkəbbürlü kralı səcdəyə məcbur edə bilər.
- Mən yol kənarında oturub öz taleyini gözləyən tənha yolçu kimiyəm.
- Sevən qadın öz sevgisindən qürur duyanda güclü olur.
- Zəkalı yoxsul zəkali varlıdan daha ağıllı olur.
- Mən hətta öz miskinlik və cılızlığımı da gözəl sözlərlə ifadə etmək istərdim.
- Əgər inamında qətisənsə, nəyə inanmağının o qədər də fərqi yoxdur.
- Ümid edirəm ki, bu gün səhər görmədiyim adamı unuda biləcəyəm.
- Məncə, hətta ağlı başında olan insanın da ürəyi həssas olmalıdır.
- O xanım məni çox tərbiyəli bir adam sayırdı. Bu, məni hiddətləndirdi və mən yaxınlaşıb sırtıqcasına onu öpdüm.
- Həyatakeçməz arzularla yaşamaq əsl xoşbəxtlikdir.
- Həyatda heç nə axtarmadan yaşamaq nə qədər miskin və mənasızdır.
- Boyük şəhərlərin sakinlərinin balaca kəndlərdəki həyatın gözəllik və əzəməti barədə heç təsəvvürləri belə yoxdur.
- Həyat insana müvəqqəti istifadə üçün verilib.
- Əsl insan uğur qazananda işgüzar, uğursuzluqla üzləşəndə inadkar olmağı bacarmalıdır.
- İlk məhəbbət Ulu Yaradan “Ol!” əmrini verən anda doğulub.
- Ulu Yaradan yaratdıqlarının heç birini yenidən yoxluğa çevirmək istəməyib.
- Heç nəyə görə əzab çəkməyə dəyməz, onsuz da yüz ildən sonra hamısı unudulacaq.
- Səhər gözümü açanda birinci onu fikirləşirəm ki, bu gün nəyə sevinim.
- Mən başımı dik tutub gəzməyə utanıram, həmişə başımı aşağı salıb otlara və qum dənələrinə baxmağı üstün tutram.
- Yoxsul adamın öz vicdanı ilə razılıqda yaşaması çətin olur.
- Bəzən mənə elə gəlir ki, Allah bir an belə gözünü çəkmədən səbrlə mənim tədricən, yavaş-yavaş necə məhv olmağımı izləyir.
- Orta əsrlər Avropa ədəbiyyatından bəhs edərkən vicdan barədə danışmağın yeri yoxdur, vicdanı ilk dəfə Şekspir icad edib.
- Xanım, siz susanda mən sizi daha çox sevirəm.
- Gözəlliyi paltarda görmək onu təhqir etməkdir.
- İnsanı xoşbəxtliyə aparan yolu əslində heç kəs bilmir.
- İnsan hətta Allaha inamını itirsə belə, mərhəmətə inamını itirməməlidir.
- İlhamın nə vaxt gələcəyini heç kəs bilmir, ona görə də əlini əlinin üstünə qoyub onu gözləmək sadəlövhlükdür.
- Məhəbbətdə irəli gedə bilmirsənsə, deməli, geri gedirsən.
- Səmanın ənginliyinə baxdıqca, sanki, dünyanın dərinliyini görürsən.
- Bütün dərdləri sağaldan zamanın əsas dərmanı yuxu və qidadır.
- Qadınlar xoşbəxt kişiləri sevmirlər, onlar bədbəxt kişi axtarırlar ki, ona xoşbəxtlik bəxş edə bilsinlər.
- Sağ olun ki, mənə sizi görmək xoşbəxtliyi nəsib oldu.
- Mən peşəkar yazıçılar kimi hər gün müəyyən qədər yaza bilmirəm, mən təbin gələcəyi anı gözləməyə məhkumam.
- Birdən təsadüfən yadınıza düşsəm, bilin ki, mən hələ də sizi sevirəm.
- Doğulan gündən bəri həyatımın yeganə mənası sizi sevmək olub.
- Yaxşılıq çox zaman tamam unudulur, ymanlıqdansa həmişə nə isə bir nişanə qalır.
- Bəzən çox ağır keçən həyatda belə, insanın qəlbi səbəbi bilinməyən bir fərəhlə dolu olur.
- Məsələ təkcə nəyə inanmaqda deyil, həm də necə inanmaqdadır.
- Heç yerdə özümü meşədəki qədər azad və sərbəst hiss etmirəm. İmkanım olsaydı, elə meşədə yaşayardım.
- Həyatda insana təhlükə gətirməyən bir yol yoxdur.
- Böyük şair olmağın bir şərti də qəlbindən keçənləri deməkdən utanmamaqdır.
- Tolstoy insan qəlbində və dünyada sevinci öldürüb yerini sevgi ilə doldurmaq istəyir.
- Dahi şəxs ailəsinin bir neçə nəslinin – babasının, atasının, oğlunun, nəvəsinin, nəticəsinin istedad payını zəbt edərək özündə toplayır.
- Mən heç zaman heç kimə söz verməmişəm ki, başqalarından daha vicdanla yaşayacağam.
- Ulduzlara baxanda işıq şüası mənim xəyalımı onların yanına aparır.
- O, öz zarafatlarına qəhqəhə ilə gülürdü. Yox, psixikasında problem yox idi, sadəcə, zarafatları ona həqiqətən gülməli görünürdü.
- İnsanlar, heyvanlar, quşlar, ağaclar, mənə qulaq asın! Meşədə keçirdiyim tənha gecəyə görə hamınıza təşəkkür edirəm.
- Adətən bizə hədiyyə verilən hər hansı bir şey satın aldığımızdan daha baha başa gəlir.
- Sevdiyim qadın məndən qəlbimi istədi və mən qüssələndim ki, həyatımı istəmir.
- Başqaları mənə bir xoş baxışı qıymadığı halda, sən məhəbbətini qıydın.
- Yaz gəlmişdi, damarlarımda qanım elə coşmuşdu, sanki, tunelin içi ilə qatar gedirdi.
- Keşiş tövbə üçün yalnız saat 12-yə qədər qəbul edir. Bundan sonra mərhəmət vaxtı başa çatır.
- Elə adamlar var ki, həyat yolunda bircə dəfə yıxılmaqla daha ayağa qalxa bilmir, amma elələri də var ki, heç nə olmayıbmış kimi ayağa qalxır, üst-başının tozunu çırpıb yoluna davam edir.
- Son nəfəsimə qədər Allaha yalvaracağam ki, mənə müdriklik verməsin.
- Ədəbiyyatda əsl zövq sahibi olmaq dahi yazıçıları böyüklərdən fərqləndirməyi bacarmaqdır.
- Dilənçilər özlərini pula biganə kimi göstərmək istəyirlər, əsl dilənçilik də elə budur.
- Uşaq böyüdükcə dünyanın möcüzələri azalır.
- Məhəbbət mərəzindən xilas olmaq üçün tənhalığa çəkilmək lazımdır.
- Son qismətin çarmıxa çəkilmək olacaqsa, insanları inandıra bilməyinin nə mənası var?!
- Bədbəxtlik o qədər də qorxulu deyil, bir gün keçib gedir və unudulur. Ən qorxulu şey xoşbəxtliyin olmamasıdır.
- Bədbəxtlik bəzilərini sındırır, diz üstə çökdürür, bəziləri isə sınmadan, əyilmədən qürurla ölümə doğru gedir.
- Əlbəttə, hər şey kimi bədbəxtlik də ötüb keçir, ancaq qurbanları da az olmur.
- Ehtiyac insanı fərasətli olmağa öyrədir.
- Qəribədir, cəmiyyət ərsiz hamilə qadını qınayır, uşağın şərəfsiz atasını yox.
- Sevgi ağıllı adamı kütləşdirir, kütbeyini ağıllandırır.
- Qadına təkcə əllə yox, baxışla da toxunmaq olar.
- On ildir ki, səni bir an belə unuda bilmirəm – bu, sənin hünərin yox, mənim bədbəxtliyimdir.
- Sevən canını da qıyar, sevməyən bir xoş baxışı belə qıymaz.
- Komediyanın ölməzliyi ondadır ki, oradakı hadisələr həyatda hər gün təkrarlanır.
- Səhər-səhər yola çıxırsan və sevdiyin adamla rastlaşmağa ümid edirsən, lakin rastlaşmırsan, şünki bu gün o, başqa yolla gedib.
- Hamı sakitcə xəyala dalıb qışın gəlməsini gözləyir, hətta gözlərindəki parıltı belə sönüb.
- Bütün cəhdlərinin mənasız olduğunu anlamaq o qədər də xoş hiss deyıl. Amma sonda ölümün labüd olduğu ömürdə əslində insanın bütün həyatı yalnız bundan ibarətdir.
- Təxirə salmaq imtina etmək deyil.
- Xoş gələcəyə inam insanın sadəlövhlüyü yox, axmaqlığıdır.
- Ahıl yaşlarında insan həyata yalnız mənalı keçdiyinə görə minnətdar ola bilər.
- Sosializm insanları bərabər şəkildə rəzil olmağa səsləyir.
- Xoşbəxtliyin nə olduğunu unutmuş insanlar arasında xoşbəxtliyə can ataraq yaşamaq çox çətindir.
- Qocalığn insana guya müdriklik gətirməsi boş sözdür. Qocalıq taqətsizlikdən başqa heç nə gətirmir.
- Xoşbəxtliyin ən vacib şey olmadığına inanmaq çox asandır.
- Otaq o qədər darısqal idi ki, pəncərəsi olmasaydı, eynən tabuta bənzəyərdi.
- İnsan incəlib iynənin gözündən keçəndə dəvə də cənnətə düşə bilər.
- Kütlə öz üzvlərinin xeyiri üçün heç bir iş görmür, əxlaqi, etik hisslər kütləyə yaddır. Kütlə üçün yeganə səciyyəvi cəhət dağıdıcılıq instinktidir ki, o coşan zaman kütlə heç öz liderinə də tabe olmur.
- Polad qılınc insanı sevgilisinin “yox” sözü qədər ağır yaralaya bilməz.
- Mən insanı əməllərinin ictimai dəyərinə görə yox, duyğularının təmizliyinə görə qiymətləndirirəm.
- Qasırğa yatandan sonra gəmidəkilər özlərinə gəldilər və onların çoxu tufan zamanı Allaha yalvarmalarından utanmağa başladı.
- İnsanlar yaxşı hadisələri bəxtin, pis hadisələri isə taleyin adına bağlayırlar.
- Başa düşmürəm ki, niyə başqaları mənim kimi düşünmürlər, məgər mən hər şeydə haqsızam?
- Güzgüdəki əksindən başqa, heç kim ona heyranlıqla baxmırdı.
- Həyatın sevinclərindən doymuş, ləzzətlərindən usanmış qocanın həyat enerjisi aşıb-daşan gəncə dünya nemətlərindən imtina etməyin faydası barədə məsləhət verməsi, hətta müqəddəs kitabdan sitatlar gətirməsi mənə iyrənc görünür.
- İnsan həyatında uğursuzluqlar heç də həmişə mənfi rol oynamır. Olur ki, uğursuzluq əbləhin birini əsl kişiyə çevirir.
- Cəmiyyət qanunlarını kişilər yaradırlar, amma onların cəmiyyətdə qadınların davranış qaydaları barədə təsəvvürü belə yoxdur.
- O, tənhalığını dəf etmək üçün hərdən cibindəki mis pulları cingildədirdi.
- Payız artıq gəlib, ancaq yarpaqların, həşəratların timsalında həyat hələ də ölümə müqavimət göstərir.
- Bütün gecəni göz yaşları içində Allaha yalvarıb ilhamı köməyə çağırdım, səhərə qədər gözüm qapıda qaldı ki, görəsən, gələn varmı?
- Saçların ağarır, görünür, sən məndən başqa daha kiminsə haqqında düşünürsən.
- Dilənçi günündə olmağıma baxmayaraq, hələ də vicdanlıyam – ilahi, gör, nə qədər gülüncəm!
- Özünə təskinlik vermək üçün ətrafındakı xoşbəxt adamlarda bir eyib axtarırdı.
- Bu da sənə çaypulu,.. get özünə imarət al.