Yaşadığı ölkənin başqa yerlərində həftənin ikinci gününün ikinci adının olub-olmadığını Yazgül bilmirdi. Onun yaşadığı kənddə çərşənbə axşamına “tək” deyirdilər. Körpə yaşlarında əhəmiyyət verməsə də, böyüdükcə həftənin bütün günlərinin bir, çərşənbə axşamının isə iki adının olması Yazgülün fikirlərini suallarla doldururdu. Öz-özünə: -Axı tək olan çərşənbə axşamı deyil. Həftənin günlərini sıralayanda tək qalan şənbədir. Bazar ertəsi, bazar. Çərşənbə axşamı, çərşənbə. Cümə axşamı, cümə. Və şənbə. Şənbə gününün ertəsi də yoxdur, axşamı da. Niyə şənbə gününə deyil, çərşənbə axşamına “tək” adını veriblər? -soruşardı.
Suallarına cavab tapa bilməyəndə insanlar özlərindən qəribə hadisələr uydururlar. Yazgül də çərşənbə axşamını qeyri-adi gün kimi qəbul etmişdi. Digər günlərdən fərqi olmasa da çərşənbə axşamı ona ağır gün kimi görünmüşdü. Hətta ilin axır çərşənbəsi od üstündən atlananda adamların “Ağırlığım-uğurluğum düş bu odun üstünə” sözlərində öz fikrini təsdiqləmişdi.
Yaşadığı kənddə yazıldığı kimi deyil, elin öz deyimi ilə “tək” adlandırdıqları çərşənbə axşamının Yazgül üçün xüsusiyyəti, həftənin bu günündə dünyaya göz açması idi. Onun adını da elə dünyaya göz açdığı fəsil ilə, bahar aylarının bəzəyi olan çiçəklərin birləşməsindən götürüb “Yazgül” çağırmışdılar.
Yazgül hər hansısa çərşənbə axşamlarının birində deyil, yurdunun bayram etdiyi günündə dünyaya göz açmışdı. Onun yaş günləri bayramla birlikdə qeyd olunurdu. Daha doğrusu, bayram ərəfəsində. Novruz bayramından əvvəlki çərşənbə axşamı hər il eyni tarixə təsadüf etmədiyinə görə Yazgülün ad günləri müxtəlif tarixlərlə qeyd olunurdu.
Ad gününün müxtəlif tarixlərlə qeyd olunması Yazgülə qeyri - adi hadisə kimi görünürdü. Yeni yaşını ilin arzularla dolu axşamında qarşılayırdı deyə özünü fərqli görür, daha doğrusu, hamı kimi olmadığını düşünürdü.
Dünyaya göz açdığı gün, çərşənbə axşamı kimi.
Təqvim aylarının hər həftəsinin ikinci günü olan çərşənbə axşamının digər günlərdən fərqi yoxdur. Buna baxmayaraq insanlar Novruz bayramından əvvəlki çərşənbə axşamında arzularının gerçək olacağına inanırlar. Sirr kimi ürəklərində daşıdıqları arzularınının gerçək olması ümidi ilə ilin son çərşənbə axşamını gözləyir, niyyət tuturlar.
Bayram axşamının təmiz, pak, ən əsası ümidlərlə dolu arzuları!
Yazgülün ilk diləyi bayram axşamında deyil, bir neçə gün əvvəl olmuşdu. Daha doğrusu, nənəsinin gələcək diləyini hələ ilin axır çərşənbəsi olmadan yerinə yetirməli olmuşdu.
Bu şəxsi istək deyil. Bayram üçün bişirilən şirniyyatın ilk bişənini saxlamaq yaşlı qadınların inancıdır. Qadınlar bişirdikləri kökənin ilk bişənini ayırıb axır çərşənbənin bayram tonqalının istisinə tutduqdan sonra təmiz dəsmala büküb saxlayırlar. İl quraq keçərsə bu kökəni suda isladıb yağışın yağmasını istəyirlər.
Yazgül həmin bayram təndirdən çıxan ilk kökəni nənəsinin istəyi ilə büküb saxlamışdı. Təbii ki, bunun nə qədər doğru olduğunu da bilmək istəmişdi. Yayın qızmar ayı, torpağın susuzluqdan çatladığı günlərin birində nənəsindən kökəni suda islatmasını istəmişdi. Nənəsi Yazgülün eşidə bilməyəcəyi qədər pıçıltı ilə dua oxuyub kökəni suya salmışdı. Yazgül olacağına inanmasa da həmin axşam yağış yağmışdı. Çox güclü, ələnirmiş kimi yağıb hər tərəfi su ilə doldurmuşdu.
Həmin gündən sonra Yazgül çərşənbə niyyətlərinə inamışdı. İl boyu xatırlamasa da üçüncü ay başlar-başlamaz ilin son çərşənbə axşamının təqvimdə olacağı günü səbirsizliklə gözləmişdi.
Onun ikinci niyyəti ayaqqabı diləyi olmuşdu. Bu niyyətlə dilək tutanlar demək olar ki olmur. Çox güman ki, ayaqabının “darlıq” olduğu deyimi insanları bu niyyətdən uzaq tutur. Amma sınayanlar da olur. Niyyət edənlər hava qaralanda, daha doğrusu, bayram tonqalları yanıb közə düşəndə arzularının gerçək olmasını diləyib ayaqqabılarını damın üstünə atır, səhərə kimi gözləyirlər. Səhər çıxıb götürəndə ayaqqabının hər iki tayı düz düşübsə niyyəti hasil olacaq deməkdir. Ayaqqabının sol tayı tərs, sağ tayı düz düşübsə ümid var deməkdir. Əksinə düşübsə, ya hər iki tay üzü üstədirsə diləyi olmayacaq deməkdir.
Yazgül bu niyyəti riyaziyyat müəllimi üçün etmişdi. Onun müəlliminə hirsi çox idi. Müəllimin saçlarının ortasını yastılayıb yan tərəflərini bilərəkdən pırpız saxlayıb baş görkəmini baxılmaz hala salması, qışqıra-qışqıra danışması, yerli-yersiz şagirdləri cəzalandırması Yazgüldə ona qarşı acıq yaratmışdı deyə onu cəzalandırmaq istəmişdi. Dilək tutub bayram axşamından istəmişdi ki, müəllim məktəbdə, hətta kənddə olmasın.
Yazgülün ayaqqabısının sol tayı tərs, sağ tayı düz düşmüşdü. O ümid etsə də müəllimini “göndərə” bilməmişdi. Müəllim öz ata-baba yurdunda qalıb məktəbdə vəzifəsinə davam etmişdi. Növbəti dərs ilində isə məktəbə yeni müəllim təyin olunmuş, Yazgül riyaziyyat fənini həmin müəllimdən öyrənmişdi. Belə demək olarsa, Yazgülün niyyəti gec də olsa qəbul olunmuşdu.
Qızların arzuları bitib-tükənmədiyi kimi inancları da çox olur. Kənd yerlərində qızların arzularını bilmək istəyən maraqlı qadınlar da az deyil. Belə ki, ilin axır çərşənbəsinin axşamı xına isladıb qonşu, qohum qızları evinə çağıran qadınlar “xınayaxma” falı ilə onların taleyindən xəbər verirlər.
Yazgülün yaşadığı kənddə qızları evinə toplayan Xanımana idi. Kənddə onu Xanımana deyil, Xanım ana çağrırdılar. Böyük ailəyə sahib olan bu qadın Yazgülün bibisi idi. Gənc qızların sirdaşı olan bu qadın islatdığı xınanı mis qaşığın qulpu ilə onların ovcuna yaxıb talelərindən xəbər verirdi.
Qızlar xınanı az miqdarda ovuclarına yaxdıqdan sonra əllərini birləşdirib bir müddət gözləməli, bu arada niyyət tutmalı idilər. Sonra əllərini bir-birindən ayırıb Xanım anaya göstərərdilər. Baməzə sözləri ilə qızları güldürən bu qadın da xətlərlə, cizgilərlə (fincan falında olduğu kimi) talelərini oxuyub qızların niyyətinin gerçək olub-olmayacağını deyərdi.
Yazgül, hələ ağlının kəsmədiyi yaşlarından bayram axşamlarını bibisinin evində keçirərdi. Qızların həvəslə xına yaxıb dilək tutması, maraqla tale oxutması ona əyləncə kimi görünər, tez böyümək istəyərdi.
Onun on yeddi yaşı tamam olan gün (təqvimlə hələ iki gün qalırdı) əlinə xına yaxmışdı. Həmin gün onun bəxti digər qızlardan yaxşı oxunmuşdu. Onun xınasının cizgiləri bütün qızlardan fərqlənmişdi. Xətlər o qədər çox olmuşdu ki, Xanım ana:
- Sənin taleyinin qaranlıq tərəfi yoxdur ki. Dünyada heç bir sıxıntın olmayacaq. Hər şey istədiyin kimi olacaq -demişdi.
Xanım ananın tale oxuması bununla bitmirdi. Yumurta falı da bu qadının inanclarından idi. Adətən soğan qabığı ilə boyanmış, tanınsın deyə işarələnmiş yumurtaları hər kəs özü gətirib siniyə düzərdi. Xanım ana yumurtaların üstünü qırmızı kəlağayı ilə örtüb dua oxuyardı. Sonra növbə ilə yumurtaları götürüb başqa bir siniyə qoyar, astaca fırladardı. Yumurta üzü qibləyə (uc tərəfi) dayanarsa niyyətin baş tutacağı demək idi.
Həmin bayram Yazgülün işarələdiyi yumurta fərqli idi. O, cəfəri yarpağını isti suda isladıb yumurtanın üstünə yapışdırmış, tənziflə büküb boyamışdı. Yumurta nar kimi qırmızı boyanmış, yarpağın örtdüyü yer ağ çiçək kimi qalmışdı. Onun işarələdiyi yumurta üzü qibləyə dayanmış, hətta çiçək naxışı da tam olaraq görünmüşdü.
Arzularının gerçək olması diləyi ilə niyyət tutmaq çərşənbə axşamının ənənəsidir. Yaşıdları ilə birlikdə dilək tutmaq Yazgülə daha əyləncəli görünərdi deyə arzularının çox, lap çox olmasını istəyərdi. Bayram axşamının bütün diləklərini sınaya bilsin deyə düşüncələrini qarmaqarışıq istəklərlə doldurardı.
Onun qızlarla birlikdə dilək tutub ümid etdiyi inanclarından biri su falı idi. Bu, hər su ilə baxılmır. Bu suyu səhər tezdən, dan ulduzu səmanı tərk etməmiş götürürlər. Bu suyun daşınması da başqadır. Suyu qapaqla örtülə bilən qabda gətirmək lazımdır. Suyu evə gətirən adam qabı əlinə götürdüyü saniyədən yerə qoyacağı vaxta qədər danışmamalıdır. Bu su gizli yerdə saxlanmalı, hava qaralana kimi qapağı açılmamalıdır.
Yazgülün bibisi hər il axar çaydan su gətirib el-obasının qızlarının bu istəyini də yerinə yetirərdi. Axşam olanda suyu şəffaf qaba boşaldar, qızlar da bu suya üzüklər atardılar. Üzük qaşsız olmalı, sapla bağlanmalıdır ki sudan çıxaranda heç nəyə toxunmasın. Üzük çıxarılan zaman hərəkətsiz olması arzunun baş tutmayacağı, saat kəfgiri kimi sağa-sola tərpənərsə mütləq olacağı, dəyirmi hərəkəti isə qərarsızlıq kimi oxunurdu.
Yazgül ilk dəfə bu diləyi tutanda üzüyü sudan dəyirmi hərəkət ilə çıxmışdı. Özü də çox, lap çox hərlənmişdi. Arzusunun bu cür oxunması Yazgülü məyus etməmişdi. Əksinə, qərarsız istəyinin taleyində oxunması onda su falına olan inamını artırmışdı. Təkcə su falına deyil, bayram axşamının bütün inanclarına inanmışdı. Buna görə ovuc dolusu buğda götürüb meyvə ağaclarından birinin yanına getmiş, buğdanı səpməzdən əvvəl sayının tək qalmasına niyyət götürüb iki-iki ağacın ətrafına səpmişdi. Buğdanın son dənəsi onun istədiyi kimi tək qalmışdı. Sonra qulaq falına çıxmışdı.
İlin axır çərşənbəsinin olmazsa-olmaz niyyəti qulaq falıdır. Qulaq falına getməzdən qabaq bir udum su içmək vacibdir. Yazgül su içib dilək tutduqdan sonra qulaqlarını əlləri ilə bağlayıb qonşu həyətlərdən birinə girib gizlənmişdi. Ətrafda heç kimin olmadığını bildikdən sonra yavaş-yavaş içəridə danışılanları eşidə biləcəyi qədər evə yaxınlaşıb dinləmişdi. Eşitdiyi sözlərlə diləyinin uyğun olması ona arzularına çatacağı ümidini vermiş, çox sevinmişdi.
Yazgülün ilin axır çərşənbəsi günlərində gecənin gecikməsini istəyib tələsə-tələsə başqa nələri diləyəcəyini düşündüyü axşamlar çox olmuşdu. Hamı kimi arzularını sıralayıb dilək tutmuşdu. Və bir gün...
Bayram axşamlarının birində Yazgül yuxu görmüşdü.
Niyyət tutub yuxu görmək də bayram axşamının inanclarından biridir. Bu, sadəcə yuxuya getmək deyil. Əvvəlcə duzlu xəmir yoğurub bişirmək lazımdır. Xəmiri yoğuranda da, bişirəndə də heç kim görməməlidir. Yuxu niyyəti tutan adam, axşam keçəndən sonra bişirdiyi yuxanı yeyib bir udum su içmədən yatmalıdır. Niyyətinin gerçək olması adamın yuxusunda görəcəyi sudur. Yuxuda su içərsə, axar çay və ya bulaq görərsə niyyəti hasil olacaq deməkdir.
Həmin il Yazgül niyyət etmədən yatmışdı, amma yuxu görmüşdü. Yuxusunda görmüşdü ki, bayram tonqalının külünü yığıb yerinə su səpmək üçün ocağın yanına gəlib. Ocağa yaxınlaşanda görür ki, yanıb qapqara qaralmış odunların külünün yerində ağ çiçəklər açıb. Görmüşdü ki, çiçəklərdən birini götürüb baxır, iyləyir... Sonra çiçəkləri tək-tək götürüb ovuclarına yığır. O yığdıqca çiçəklər ovucunda birləşib tək gül olur.
Qurumuş ağac budaqlarının yanıb toz olmuş külünün üstündə açmış ağ çiçəklər!
Gördüyü yuxu Yazgüldə qəribə, tam olaraq dərk edə bilmədiyi hisslər oyatmışdı. Həmin gündən sonra onun bir diləyi, tək arzusu olmuşdu. Arzuları bayram axşamlarına sığmayacaq qədər çox olsa da, bütün istəklərini bir diləyində birləşdirmişdi.
“Arzularımın qəlbimdə qalıb solmasını istəmirəm.”
Yazgülün ilin axır çərşənbə axşamından istədiyi, gözlədiyi bu olmuşdu. Onun bütün diləklərini özündə birləşdirən tək cümlə! Həftənin “tək” gününündən Yazgülün bircə diləyi, arzularının qəlbində qalıb solmaması olmuşdu.
Sara Bağırova