Yüzbəyovun zəhərlədikləri - Nihat Pir yazır

Taleh Yüzbəyov, aktyor

Taleh Yüzbəyov, aktyor

25 dekabr 2021
# 12:00

Kulis.az Nihat Pirin "Yüzbəyovun “tuluğ”undakılar" adlı yazısını təqdim edir.

Hər şeydən öncə filmin “Youtube serialı”ndan çıxaraq ekranlaşdırılması hər bir tamaşaçının film boyu diqqətdə saxlamalı olduğu ən vacib məqamdır. Niyəsi isə çox sadədir. Çünki Adil obrazını tamaşaçı “Zəhər tuluğu” “Youtube serialı”ndan tanıyır və Adili fenomen halına gətirən də məhz “Youtube” tamaşaçısı və aktuallığına hesablanmış lüğətidir. Amma sözügedən obrazı böyük filmə daşımağın və onun “zəhərlənməsi”nin səbəbini göstərməyin həm rejissor adına, həm də ssenari adına risk və çətinlik törədəcəyi məlum idi. Şübhəsiz, Taleh bilir ki, Adilin sözügedən hazırcavablılıq və ürəkdən tikan çıxaran lüğəti böyük ekranlara daşınacaq bir meyar deyil. Amma abzasın əvvəlində də qeyd elədiyim kimi film “Youtube serialı”ndan qaynaq götürdüyü üçün bu lüğət və onun istifadəsini Yüzbəyova bağışlamaq olar.

Eyni zamanda, filmin gedişində Taleh göstərir ki, istəsə, həmin lüğəti saxlaya-saxlaya onu böyük filmdə işlədiləcək səviyyəyə də gətirə bilər. Məsələn, Leyla obrazı ilə Adilin qarşılaşdırılması səhnəsində Leylanın “Qaçdığıma görə məni öldürəcəklər” deməsinə Adilin “Onda qaçma!” cavabı eyni soyuqqanlılıq və “zəhərliliyi” saxlamaqla “Youtube”dən böyük filmə daşınmış lüğətə ən yaxşı nümunədir.

Film başdan sona keçidlərin fonunda davam edir. Bu keçidlər Adilin keçmişi və indiki halı ilə səsləşir. Və mənim filmdə ən çox bəyəndiyim məqamlardan biri də məhz bu oldu ki, bu keçidlərin dialoq və hadisələrlə səsləşməsi yaxşı işlənmişdi. Məsələn, Adilin keçmişində qızı ilə piknik səhnəsindəki qayğıkeş ata obrazı ilə ardıcıl olaraq nümayiş olunan və Adilin indiki “zəhərli” halını bıçaqlayan şəxslə dialoqundakı soyuqqanlılığın vəhdəti kifayət qədər uğurlu alınmışdır. Hansı ki bu uğurluluq özünü sona qədər göstərə bilir.

Dediyimiz keçidlər, əslində, Adilin normal həyat şəraiti sürən orta məktəb müəllimindən “zəhər tuluğu”na dönməsini göstərmək üçün hesablansa da, müəyyən mənada yenə də bəzi suallara cavab tapılmadı. Film boyu ən çox diqqətimi çəkənlərdən biri də o idi ki, Adilin keçmiş (müəllim) halı indiki (“zəhər tuluğu”) halından daha yaşlı görünürdü.

Yaradıcı heyət film boyu sosial mesajları sözün yaxşı mənasında sağa-sola xərcləyərək bütün bunların hamısını süjetə dolğun şəkildə otuzdurmağı bacarıb. İstər təhsil sistemindəki çürük və rəzil situasiya olsun, istər xəstəxana sistemi, istər polis – hamısı yetərincə uğurlu hədəfə alınmışdı. Və bütün bunların hamısı mövcud Azərbaycan reallığını ekrana daşımaq deməkdir.
Filmi izləyərkən üzərində daha çox durduğum situasiyalardan biri də o oldu ki, Adillə tamamilə başqa bir həyat tərzi olan hamilə qadının qarşılaşdırılması və bundan sonrakı hadisələrin finalı nə dərəcədə uğurlu alınacaq? Yəni burada təsadüfi tanışlıq, yaxud qarşılaşmadan daha çox önə çıxan nəsnə cəmiyyətdəki xərçəng səviyyəsində olan bəladır – cinsiyyət ayrıseçkiliyi. Və ssenaristlər həmin soyuqqanlı Adili məhz bu “sınaq”dan fərd kimi yox, artıq bir şəxsiyyət kimi çıxarmağı bacarıblar. Və Leylanın xəstəxana səhnəsində Adilə “Yaxşı ki qarşıma çıxdın” deməsi, əslində, Adilin daxilindəki insan obrazını bütünlüklə göstərməyə hesablanmışdır.

Maraqlı məqamlardan biri isə Adilin “zəhər”lənməmişdən qabaq və sonra bəzi xarakterik keyfiyyətlərini qoruyub saxlaması idi. Məsələn, həm müəllim işlədiyi dönəmdə, həm də tipik Adilliyi dövründə rüşvətlə mübarizə aparma cəhdləri. Lakin burada ən həssas məqam obrazın müəyyən çətin sınaq vəziyyətində rüşvətə yenilib-yenilməməsi məsələsi idi ki, bu da filmdə uğurlu işlənmişdir. Adil körpə qızını xilas eləməsi üçün “bıçaq sümüyə dirənən” məqamda rüşvəti qəbul elədiyi halda (Ki burada tamaşaçı Adilə haqq verib-verməməkdə qərarsızdır), bıçaqlandığı şəxsdən onu satmadığı üçün pul “mükafatı”nı götürmür. Nədəni isə ikinci vəziyyətdə başqa çıxış yollarının da tapıla biləcəyi halıdır.

Filmin aktyor heyəti zəngin və tanınmış simalarla bol idi, amma mən burada vurğunu birmənalı olaraq Ləman Mərrihin üzərində saxlamaq istəyirəm. Belə ki Ləmanın Leyla obrazı və ümumilikdə aktyor keyfiyyəti lazım gələrsə, filmin yükünü təkbaşına çəkəcək qədər dolğun və təbii idi. Ləman oynamaqdan daha çox, ssenarini yaşayırdı. Məncə, sözügedən aktrisanın irəliləyən karyerasında bu film əsaslı dərəcədə rol oynayacaq və oynamalıdır.
Balaca Şəms obrazı dialoqlarda az-maz sünilik sezdirsə də, mimika və jest baxımından ustalıqla işinin öhdəsindən gəlirdi. Ən adicə xəstəxana səhnəsində halsız şəkildə yataqda canı ilə əlləşən bir məqamda öskürməsi zamanı əlini ağzına aparması və bunu davamlı şəkildə qoruması o yaşdakı, xüsusən, qız uşaqlarının “tərbiyəvi uşaq kimi görünmək” vərdişini özündə ehtiva edirdi.

Filmdə həssas məqamlarla yanaşı, balansı qorumaq naminə gülüş doğuran səhnələr də var idi. Bu səhnələr ümumilikdə filmin mahiyyətinə zərər gətirmirdi deyə, çox da gözə batmırdı.

Əlixanı yeni obrazda görmək olduqca sevindirici oldu. Ssenaristlərdən birinin Cəlil Cavanşir olduğunu görüncə Əlixanın “Cəmo” obrazının Cəlil Cavanşirin “Azğın” romanından filmə gətirildiyini yəqin etmək olar. Amma Əlixan ordakı Cəmonu yox, tamamilə öz beynindəki Cəmonu oynayırdı deyə, bu hissədə romandan danışmağa dəymir. Və burada ən önəmli məqam odur ki, filmdə bir Cəmo obrazının varlığı (Söhbət Əlixanın “Cəmo”sundan gedir) lazımlılıq səviyyəsində hiss olunurdu, sadəcə Cəmo Adilin təzədən rayona qayıtması halında daha çox Cəmo idi, nəinki keçmişdə.
Filmdə bir neçə çiy qalmış hissə var idi ki, bunlar axıcılıq və ssenariyə çox da təsir eləməsə də, düşünürəm ki, qeyd eləməkdə, fayda var. Məsələn, gecə saat ikidə doğuş üçün gətirilən xəstəni xəstəxanın baş həkimin qarşılaması o qədər də məntiqli görünmürdü. Ola bilsin ki, bu, keçmişdəki özbaşınalıqla indiki düzənin qarşılaşdırılması kimi düşünülüb, amma bunu daha yaxşı və daha real təqdim etmək olardı.
Yaxud Leylanın əri ilə Adilin xəstəxanada qarşılaşması və təxminən dörd-beş dəqiqə ərzində əlbəyaxa olması, səs-küy və bir-birinə silah çəkilməsi fonunda həmin səhnəyə başqa heç kəsin müdaxilə etməməsi, mühafizə sisteminin yox olması və ən nəhayət, həkimin Adilə silah çəkilməsi halına “Siz nə edirsiz, polis çağıracam” kimi süni reaksiyası da yaxşı işlənməmişdi.

Filmin bəstəkar işi qüsursuz dərəcədə yaxşı idi. Amma operator işində axsama olduğu dərhal hiss olunurdu. Bəzən rakurslar çaşdırıcı təəssürat yaradırdı. Məsələn, qəbiristanlıqda Adilin həyat yoldaşının məzarını ziyarət səhnəsində operatorun kadrı dəyişməsi zamanı seçdiyi rakurs sanki Adili kimsə izləyir təəssüratı yaradırdı, amma belə bir şey yox idi, əslində.

Bütövlükdə götürəndə Yüzbəyov və komandası çox ciddi əmək sərf edərək (Pandemik şəraiti nəzərə alsaq, fədakarcasına da deyə bilərik) ciddi bir iş ortaya çıxarmağı bacarıblar. Ən əsası isə Taleh Yüzbəyov bu filmdə həm aktyor, həm ssenarist və həm də rejissor kimi önəmli imza olduğuna dair mesaj vermiş oldu. Odur ki filmin yaradıcı heyətinin əməyinə qarşılıq olaraq kinoteatrlara getməyə dəyər.


# 5187 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
#
#
# # #