“İmtahan” serialının Fikrəti: “Nəcməddin Sadıqov mənə Xruşşov deyirdi” - MÜSAHİBƏ

<span style="color:red;">“İmtahan” serialının Fikrəti:  “Nəcməddin Sadıqov mənə Xruşşov deyirdi” - <span style="color:red;">MÜSAHİBƏ
18 aprel 2018
# 09:00

Kulis.az İrəvan Dövlət Dram Teatrının aktyoru, tamaşaçıların “İmtahan” serialından Fikrət kimi tanıdığı aktyor Vaqif Kərimovla müsahibəni təqdim edir.

- Vaqif müəllim, bu yaxınlarda mətbuata səhhətinizlə bağlı xəbər yayıldı. Necəsiniz? Müalicəniz necə keçdi?

- Bir balaca problem var idi, keçdi getdi. Müalicə aldım, yaxşıyam indi.

- Xeyli müddətdir İrəvan Teatrında işləyirsiniz, amma sizi geniş tamaşaçı kütləsi “İmtahan” serialdan tanıyır…

- Ekranın qaydası belədir, tez populyarlaşır insan.

- Haqqınızda yazılan şərhləri oxudum, tamaşaçılardan biri yazırdı ki, serialdakı tələbələr sizi xəstəxanaya salıb.

- Yox, nə danışırsınız? Mən obrazda onlara hirsliyəm. Yoxsa gənc, yaxşı kollektivimiz var. Zövq alıram işləməkdən. .

- İmtahan serialında tələbələrin hərəsinə bir ad deyirsiniz: “Apaçi”, “Kolxoz”, “Dəyirman xoruzu”, “Parabeyin”, “Şaman”… Bunlar məncə ssenaridən kənardır.

- Bunları özümdən deyirəm. Mətnə duz qatmaq üçün. Mənim özümün də ləqəbim olub. O vaxt hərbidə bizi böləndə, Nəcməddin Sadıqov mənə dedi ki, papağını çıxar. Papağımı çıxaranda dedi, aha, cənab Xruşşov… O vaxtdan “Xruşşov” dedilər mənə.

Ayama normaldır. Həm də axı Fikrət müəllim kimi müəllimlər var. Bundan əvvəl də “Bir ailəm var” serialında acıqlı müəllimi oynayırdım. “İmtahan”da isə Fikrət müəllim kimi bir maraqlı obraz alındı. Razılaşarsınız ki, Zakir müəllim kimi dekanlar da var, Fikrət müəllim kimi “zamdekan”lar da.

- Var. Amma sanki serialda universitet mühiti şəffaf göstərilir. Hansısa neqativ hallar azdır. Məsələn, realda rast gəlinən rüşvət halları kimi… Əsasən tələbələrin həyatına fokuslanıb.

- Niyə ki? O neqativ hallar da var. Yadınızdadırsa, bir seriyada belə bir nüans göstərilirdi. Yəni idilliya kimi göstərilmir. Serial sadəcə, dediyiniz kimi daha çox tələbələrin həyatına fokuslanıb.

- “İmtahan”dakı obrazınız Fikrət müəllim daim tələbələrə acıqlıdır. Hətta uşaqlar səs salmasa belə, “Sakit!” deməyə vərdiş edib. Siz bir aktyor kimi Fikrət müəllimin qəzəbinə nə səbəb görürsünüz?

- Ssenari yazarları yəqin ki, Fikrət müəllim üçün bir şey düşünüblər. Görürsünüz, onun ailəsi görünmür. Bəlkə ailəsi yoxdur, ya bəlkə müharibədə kontuziya alıb? Bunlar insanda aqressiya yaradan səbəblərdir. Serial yazıldıqca oynanılan ekran işidir. Mən hansısa bir səbəb deyə bilmərəm.

Tamaşa başqa məsələ. Mən Mingəçevir Teatrında “Solğun çiçəklər” tamaşasında Əbdülü oynayırdım. Çox bəyənildi. Çünki Əbdülün özünün faciəsini tapmışdım. Ya da “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasında Abdı Cabbar adlanan komik aktyoru oynayırdım. Şəkidə belə bir adam olub. Soraqlaşıb onu tanıyan adamları danışdırdım. Gördüm ki, faciəli həyat yaşayan aktyor olub. Bir impuls götürdüm. Yəni bu vacibdir.

- Vaqif müəllim, aktyorluq peşəsini seçməyiniz necə olub?

- (Gülür) Dörd dost idik. Matros olmaq istəyirdik. O birilərin səkkizillik təhsil haqda sənədi var idi, onları götürdülər, mənim yox idi, mən qaldım. Müəllimlərimin sözü yadıma düşdü, deyirdilər, səndən yaxşı aktyor çıxar. Mən də Mədəni Maarif Texnikumuna, aktyorluğa sənəd verdim. Bax belə.

- Bayaq dediniz ki, filmə çəkilmisiniz…

- Bu yaxınlarda prezentasiyası oldu. Qarabağ hadisələri haqda filmdir. “Son nəfəsədək” adlanan filmdə erməni obrazında oynamışam. Bütün konflikt bu erməninin törətdiyi cinayətdən başlayır. Hadisələr Füzulidə Qarabağ hadisələrinin başladığı zamanda yaşanır.

- Eşitdiyimə görə, siz özünüz də Qarabağ müharibəsi iştirakçısısınız...

- 92-nin axırından 96-dək Qarabağda olmuşam. Kəşfiyyat dəstəsinin komandiri idim. 94-cü ildən batalyon komandiri idim. 95-ci ilin axırında artıq tərxis olundum. Sənətdən ayrı qaldığım da elə bu 4-5 ildə oldu. Müharibədən qabaq Mingəçevir Teatrında işləmişəm. 1974-cü ildən. Tərxis olandan sonra da 2004-cü ilədək Mingəçevirdə işlədim.

- Müharibəyə könüllü getmişdiniz?

- Demək olar. Orduya mütəxəssislər yığırdılar. Mən sovet ordusunda kəşfiyyatçı olmuşam. Üç müharibə görmüşəm. 1968-ci ildə Çexoslovakiyada vətəndaş müharbəsində, 1978-ci ildən Əfqanıstanda, bir də Qarabağda. Qarabağ əlbəttə ki, başqa müharibə idi. Elə uşaqlar gördüm Qarabağda ki… Tutalım, deyirdimsə ki, axşam kəşfiyyata 10 nəfər lazımdır, filankəslər hazır olsun, axşama 60 nəfər hamısı gözləyirdi. Onların içində yanğı var idi. Vətən yanğısı...

- Qarabağ müharibəsi haqqında xeyli filmlər istehsal olunub.

- Bu filmlər bizə çox lazımdır. Qarabağ haqqında Cavid Təvəkkülün Milli qəhrəmanlara həsr olunmuş “Döngələr” filmində, Elxan Cəfərovun “Dolu” və “Yarımçıq xatirələr” filmlərində çəkilmişəm.

- Müharibədə yaşadıqlarınız işinizdə təcrübə kimi kömək olurmu sizə? Ümumiyyətlə, bu xatirələr sizə mane olurmu? Kömək edirmi? Bunları yenidən yaşamaq kimi olurmu, ya necə?

- Gözümüzün qabağında olan şeylərdi hamısı. İlk seriallarımızdan olan “Susmuş vicdan”da da erməni rolunu oynayırdım. Rusiyada mən bu filmlə tanındım. Hətta Xırdalanda bazarda 40-45 yaşlarında bir qadın rast gəldi, məni qucaqladı, öpdü. Məlum oldu ki, bu o serialda oynadığım erməni roluna görədir. Dedi, siz elə oynamısız ki, qəlbimizdə bir nifrət yarandı erməni obrazına qarşı.

- Bizim filmlərdə belə bir qayda var: erməni obrazını, daha zəif, gülünc, axmaq təqdim edirlər…

- Həmişə elə şeydən qaçmışam. Düşmən düşməndir. Televiziya verilişlərində də deyirlər, xain düşmən, filan… Bəyəm düşmənin sadiqi də olur? O, öz məqsədi üçün vuruşur, sən öz məqsədin üçün.

- Bizdə başqa bir yanaşma da var. Aktyoru obrazla eyniləşdirirlər. Məsələn, “Fəryad”da ermənini oynayan Məlik Dadaşovun özünə qəzəb var idi.

- Olub ki, məni məclisdə təhqir ediblər. Deyib, dur çıx, sən burada oturmamalısan. Rusiyada filmə baxmışam, sən ermənini oynamısan. Demişəm ki, Rusiyada erməni yoxdur? Bir dəfə orada hansısa ermənini hardansa qovmusan? Amma bir aktyora burada qəzəbini tökürsən.

Bilirsiz, o vaxt Zaqatalada internat məktəbində oxuyurdum, Orada erməni uşaqları da var idi. Dillərini anlayırdım.…

- Üzr istəyirəm, valideyn himayəsində böyüməmisiz?

- Yox, yanlış anlamayın. Mən özüm Qaxdanam. Atam da, anam da, bacım-qardaşım da var idi. 1957-58-ci illərdə internat məktəbləri təzə açılırdı. Boş yerlərə uşaqlar yerləşdirilirdi. İnternat məktəbləri ən yaxşı məktəblər sayılırdı. Məsələn, kolxoz sədrinin oğluyla bir sinifdə oxuyurdum. Orada ermənicə bir az öyrənmişdim. Kəşfiyyatçı olanda bu dili bilməyim köməyə gəldi. Bir dəfə 11 gün mühasirədə qaldıq. Ağdamda. Əvvəl öz dəstəmizi çıxardıq. İki nəfər qaldıq. Meşədə, dağın ətəyində, kəndin içində… Axırda çarəsiz qalıb açıq “svyaz”a çıxdıq. Çünki düşmən də atır, bizimkilər də. Açıq döyüşlə çıxdıq o mühasirədən.

- Unuda bilmədiyiniz müharibə xatirəni...

- Bəlkə də bu danışacağım bir komandir kimi mənim səhvimdir. Nə deyim… Xeyli vaxt idi səngərdə idik. Yeməyimiz də, yatmağımız da orada idi. Səngəri o başdan bu başa yoxlaya-yoxlaya gedirdim. Uşaqlar yatırdı. Oyadırdım hamısını. Arxamızda Azərbaycan kəndidir, təbii. Evlər də boş. Bir dəfə getdim gördüm ki, yaxın evlərdən birinin içində bizim 10-12 əsgərimiz var. Oyatdım hamısını ki, gəlin səngərdə yatın, mən sizi görüm. Onları evdən çıxardığım üçün mənə pis baxırdılar. Sonradan başa düşdülər ki, bu yaxşılığadır. Bir dəfə qəflətən hücum oldu, biz məcbur qalıb geri çəkildik. Əsgərlərdən 8-i yenidən evə qayıdıbmış. O səkkiz nəfər o evdə qaldı. Səngərdə mənim yanımda olsalar, qalmazdılar. Onları çox düşünürəm, özümü bağışlaya bilmirəm.

Bir də ki, Ağdərədə… İnanın, canavar kimi uşaqlar idi, ayaq üstə döyüşürdülər, gizlənmək filan yox idi. O uşaqları itirdim mən…

Bir də… Mingəçevirdə dislokasiya olunurduq. Bir cavan oğlan gəldi, qohum idi. Dedi, könüllü yazılmaq istəyirəm. Dedim, gələrsən. Amma başım arışıq idi. Ağdama gedirdim, nöqtələri öyrənirdim. Mən Ağdamda olanda bu adamın atası gələr, verər uşaqlara ki, bunu Vaqifə çatdırın. Elə oldu ki, kağızı mənə axşam verdilər, səhər biz birbaşa döyüşə girdik. Oğlan da elə ilk döyüşdə şəhid oldu. Qucağımda can verdi… (susur) Elə onda kağız yadıma düşdü. Açıb baxdım, gördüm atası karandaşla yazıb: “Vaqif, uşağı sənə tapşırıram, səni də allaha…” Mən o uşağa heç bir kömək edə bilmədim. Özü də mən onları ehtiyatda saxlamışdım. Biz mühasirəyə düşürdük, onlar da əmrsiz-filansız köməyə gəlmişdilər. 20 nəfər şəhid oldu o döyüşdə.

- Bədəninizdə qəlpə gəzdirirsiniz. Əziyyət verir sizə?

- Soyuqlar düşəndə incidir. Belə çox yox. Öyrəşmişəm. Bədənimin bir parçası kimidir. Bir də əziyyətimizə heyfim gəlir. Bir dəfə müharibə veteranlarının qurultayı keçirilirdi. Şəhidlər xiyabanında Heydər Əliyev məzarlara müraciətlə dedi ki, biz sağ qaldığımız üçün sizə borcluyuq. Bilirsiniz, ona görə də indi beş film istehsalata buraxılırsa, onun üçü Qarabağ haqqında olmalıdır.

- Müharibə görmüş adam kimi necə düşünürsüz, kino, bizim kino nə qədər əks etdirə bilir müharibəni?

- Bir az bizdə o reallığı əks etdirmək üçün texnika yoxdur. Yəni, o texnikadan istifadə edib o döyüş səhnələrini verə bilək. Məcburiyyət qarşısında qalıb qrafikadan istifadə edirlər. Kütləvi səhnələrə əsgərlər yığsan, texnika olsa, reallığı göstərmək olar.

- Bizim filmlərin hansında müharibə illərinin ruhunu görmüsüz?

- “Son nəfəsədək” filmində işləyəndə bizə o zaman döyüşlərdə iştirak edən müharibə veteranları kömək edirdi. Hardasa 15-20 nəfər filmin baş qəhrəmanı Yavərlə birlikdə vuruşan şəxslər idi. Bilirsiniz, film Yuxarı Veysəllidən olan döyüşçü Yavərdən bəhs edir.

- Həyatda Yavəri tanıyırdınız?

- Yox. Mən Füzulidən başqa bütün döyüş bölgələrində olmuşam. Yavər Füzulidə idi.

- Arzusunda olduğunuz rollar?

- Ezopu oynamaq istəyirəm nə vaxtsa. Bir də mən kriminal mövzuları çox sevmişəm. Mütaliə də edəndə Çingiz Abdullayevi oxuyuram.

- Vaqif müəllim, paralel çəkildiyiniz film varmı?

- Bundan əvvəl alman rejissor Feyt Helmerin filmində işləmişəm. “Şanxay” adlanan filmdə hadisələr Şanxay adlanan bölgəsində cərəyan edir. O rejissorun “Absurdistan” filmində də oynamışdım. Prezentasiyası olmalıdır. Bir də, bu yay Şəkidə bir filmə çəkiləcəyəm.

- İşlədiyiniz İrəvan Teatrının adı son vaxtlar qalmaqallarla mətbuata gəlir…

- Hər bir iş yerində olur. Sadəcə indi mətbuata tez yol tapır. Yəni bunun teatrdakı yaradıcı mühitə bir təsiri yoxdur. Öz işimizlə məşğuluq.

- Vaqif müəllim, bu arada mətbuatda qızınız teleleaparıcı Vüsalə Kərimovanın açıqlamaları yayıldı. Sizi onları qoyub başqa ailə qurmaqda ittiham etdi.

- Bilirsiniz, hər bir insanın həyatında bu baş verə bilər. İnsandı, münasibətlər alınmır, ikinci ailə qurur. Olan şeylərdir, intəhası, məsələ bundadır ki, o açıqlamalar Vüsalə tərəfindən gəlmirdi. Məni də teatrdakı qalmaqallara qatmaq istəyirdilər. Ümumiyyətlə, bunu araşdırmamışam da. Qızımla çox yaxşı münasibətim var. Xəstələnəndə yanıma həkim də gətirmişdi. Bilirsiniz, mən həmişə bir şeydən qaçmışam, TV-də, radioda, və yaxud da mətbuatda ailə mövzusunu ictimailəşdirməkdən qaçmışam.

# 2730 dəfə oxunub

Oxşar xəbərlər

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

09:39 25 noyabr 2024
Aktrisa yeni serialda - "Kral kaybederse"

Aktrisa yeni serialda - "Kral kaybederse"

09:37 25 noyabr 2024
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
# # #