“Bakılı oğlanlar”ın növbəti məzmunsuz filmi – Sevda Sultanova yazır...

“Bakılı oğlanlar”ın növbəti məzmunsuz filmi – <span style="color:red;">Sevda Sultanova yazır...
19 mart 2019
# 11:27

Kulis.az Sevda Sultanovanın “Yeni filmlərimiz” layihəsində rejissor Cabir İmanovun 2017-ci ildə çəkdiyi “Ağanatiq” komediyasını təqdim edirik.

Süjeti: Baş qəhrəman Ağanatiq (Cabir İmanov) taksi sürücüsüdür. Altı qızı olan Ağanatiq oğlan övladı arzusundadır. Adi günlərin birində iş başında olanda zəngin iş adamı Əvəzlə (Azər Məmmədzadə) tanış olur. O, Ağanatiqə təklif edir ki, onun ərköyün qızı Aylinin (Ziba Şücai) sürücüsü olsun. Bu arada başqa bir imkanlı adam Nəriman (Elçin İmanov) Əvəzdən, ona məxsus olan ərazini yüksək məbləğə almaq istəyir. Ki, daha baha qiymətə ərəb şeyxlərinə satsın. Amma Əvəz razılaşmır. Onu razılığa gətirmək üçün qızını oğurlayırlar. Və Ağanatiq vaxtilə Əfqanıstandan vuruşduğu dostlarıyla birləşib qızı xilas edirlər.

…”Planet Parni iz Baku Film”in istehsalı olan “Ağanatiq” bitəndən sonra düşündüyüm ilk şey bu oldu: axı belə bir keyfiyyətsiz, yazıya yararsız olan məhsuldan nə yazmaq olar?! Amma hər halda natamam, əsaslandırılmamış süjet üzərində qurulan filmdən nəsə yazmağa cəhd eləmək istəyirəm.

Filmin əsas qüsurlarından biri odur ki, əhvalatın məqsədi, ötürmək istədiyi mesaj aydın deyil. Yəni müəlliflər bu əhvalatla azərbaycanlı tamaşaçıya nə demək istəyiblər? Bədii niyyətlərinin canı nəydi? Axı istənilən yaradıcı məhsul özlüyündə nəsə bir məna, informasiya daşımalıdır. Kommersiya filmi olsa belə.

Related image

Kommersiya kinosu ilə məşğul olanlarda formalaşan fikirlərdən biri də budur ki, geniş tamaşaçı kütləsinə ünvanlanan məhsul mütləq bəsit olmalıdır. Onların azərbaycanlı tamaşaçını “küt” hesab etməsinin səbəbi aydın deyil. İzlədiyim filmlərdən isə gəldiyim qənaət budur ki, əslində yaradıcı heyətin özünün yumor anlayışı səthidir, yaradıcı potensialı aşağıdır, mövzuya baxış bucaqları, onu görə bilmək imkanları məhduddur.

Maraqlısı odur ki, ssenarini beş müəllif işləyib (Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, Cabir İmanov), amma ortaya urvatlı nəticə çıxmayıb.

Filmin əvvəli seksist epziodla başlayır, altı qız atası Ağanatiq onları oğlan kimi tərbiyələndirir və arvadından (Tünzalə Ağayeva) oğlan doğmağı tələb edir. Qız uşaqlarına ayrı-seçkilik, selektiv abortlar cəmiyyətin ağrılı məsələlərindəndir. Düşünmək olardı ki, atanın ayrı-seçkiliyi süjetin əsas xətti olacaq və bu xətlə bir nəticəyə varılacaq. Hətta Ağanatiq, Əvəzin qızı Aylinə sürücü təyin olunanda, Ağanatiqin övladlarına münasibətinin dəyişməsində rol oynayacaq hansısa hadisələrin baş verməsini gözləmək olardı.

Image result for ağanatiq filmi

Finalda ata yeddinci qızının doğulmasına sevinir. Amma buna gətirən heç bir hadisə baş vermir. Yəni ərköyündən çox “debil” kimi təqdim olunan Aylin Ağanatiqi təhqir edir, onunla istədiyi kimi davranır, qızın baş qəhrəmanın mühafizəkar dünyagörüşünə fərqli zidd həyat tərzi onu qıcıqlandırır. Aylin qaçırılmasından narahatlığı isə onun daha çox Əvəz qarşısında məsuliyyət hissindən doğur.

Başqa bir məqam Aylinin internetdən, sosial şəbəkələrdən xəstəhal dərəcədə asılılığıdır. İnternetdən asılılıq çağdaş dünyanın yayğın problemlərindən biridir. Süjetə yerləşdirilmiş motiv yaxşıdır, aktualdır, amma o işlənmir, yalnız güldürmək xatirinə istifadə olunur. Əhvalatın finalında Aylinin internet asılılığı həllini tapmır, xəstəlik kimi qalır.

Atanın qızın tərbiyəsizliyinə şərik olması, onun pulla bağlı kaprizlərinə dözməsi, hər istəyini yerinə yetirməsi tənqid olunmur, əksinə, sanki “zənginlərə hər şey olar” kimi fikir təbliğ edilir.

Aylinin Ağanatiqlə qadın bezi zarafatı, bundan başqa, taksi yas çadırına girəndə, oradakı mollanın sərnişin kimi qəfildən Ağanatiqin yanında peyda olması və bu kimi başqa səhnələrin heç bir hadisəliyi yoxdur, onlar süjetin inkişafında rol oynamır.

Ağanatiq personaj kimi koloritli, maraqlı olsa da müəlliflər obrazdan material kimi istifadə edə bilmirlər. Belə təəssürat yaranır ki, onların özləri Ağanatıq obrazını tanımırlar. Yəni onun dramaturji təyinatı bəlli deyil, süjet onun kimliyini açmır. Seksist göstərilən, Aylinin həqarətinə dözən Ağanatiqi, müəlliflər niyəsə simpatik, vicdanlı göstərmək istəyirlər…

Filmdə eyni zamanda Bəhram Bağırzadə, Tahir İmanov, Ələkbər Əliyev, Emil Abbasov oynayıb. Amma ümumilikdə, aktyor ifası sönük olduğundan onun üzərində xüsusi dayanmağa dəymir.

# 6932 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #