[b]Teatrın baş rejissoru: “Bir Allah bilir, nə işlə məşğuluq” - MÜSAHİBƏ[/b]

[b]Teatrın baş rejissoru: “Bir Allah bilir, nə işlə məşğuluq” - <span style="color:red;">MÜSAHİBƏ [/b]
3 iyul 2017
# 16:03

Moskvada may ayının 24-dən start götürən A.P.Çexov adına Beynəlxalq Teatr Festivalı davam edir. Dünyəvi, Moskva, regional və festivalın 25 illiyinə həsr olunmuş xüsusi proqramdan ibarət festivalda dünya və Rusiya teatrları, ayrı-ayrı sənət adamları, gənc tənqidçi və rejissorlar iştirak edir. Xatırladaq ki, “Çexov festivalı” nümayiş xarakterlidir, müsabiqə nəzərdə tutulmur, festival çərçivəsində müxtəlif layihələr, master-klasslar, müzakirələr keçirilir.

Kulis.az sözügedən teatr festivalında iştirak edən həmyerlimiz, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev (Vaqifoğlu) ilə müsahibəni təqdim edir.

- Tural, festivala səfərin hansı çərçivədə baş tutdu? İlk növbədə bu haqda danışmağını istəyirəm.

- Mən öz hesabıma qatılmışdım festivala - orada dostlarım var. Sağ olsunlar mənə kömək etdilər. Amma bizdən iki gənc gedib festivala. Rusiyada yerləşən Teatr İttifaqların Beynəlxalq Konfederasiyası bizim İttifaqa belə dəvət - sorğu göndərib, onlar da gənc teatr rejissorları Əlif Cahangirli və Anar Babalını göndərib.

Həmin festivalın nəzdində rejissor laboratoriyası keçirilir. Ora qatıldım. Üç rejissor - Adolf Şapira, Viktor Lijakov və Vladimir Pankovla dialoq şəklində 6 gün müzakirələr keçirildi. Müzakirələr Çexova həsr olunmuşdu...

- Festivalın tamaşalarını izlədiniz yəqin ki...

- Koreyadan olan bir teatr qrupunun tamaşasına baxdım. “Darkness Pumba” adlanan bu tamaşada xoreoqrafiya ilə başladılar, modern balet, sonra bunu qəfil qırıb roka keçdilər, janrları qarışdırdılar. Elə fərqli idi ki, tamaşaya konkret bir janr təyin etmək mümkün deyildi. Amma xəttə, sistemi hiss edirdin. Daha sonra Moskva proqramından Yaroslav teatrının baş rejissorunun Evqeniy Marcellinin Natssiya teatrında Ostrovskinin “Qroza” əsərinin tamaşasında baxdım. Piter Brukun tamaşasına. Mahabharatanın bir hissəsini tamaşaya qoymuşdu. Tamaşanın adı “Döyüş meydanı” idi. Minimal vasitələr, minimal dekorla enerji ötürə bilmişdi. Bizim düşüncəmizdə olduğu kimi süjet önəmli deyil. Süjeti sıradan bir əhvalat kimi danışılıb çıxıb gedir. Aktyorlarsa mediatordur. Tamaşasa ritualdır.

Deyim ki, o tamaşalar yeni dünyaduyumu, teatr duyumu olaraq çox fərqli idilər. Məsələn, Komedi Fransezin tamaşasına baxdıq. Üslub olaraq bizim Akademik Milli Dram teatrının mükəmməl bir forması. Bunu muzey formatında qəbul eləmək lazımdır. Elə bir kontekst qoyulur ki o tamaşaya köhnə sənət ölçüləri kimi baxırsan. Vizual tərəfdən çox gözəl idi.

- Tural tamaşalara bilet alıb baxdın, yoxsa, dəvət idi?

- Çox sağ olsun dostlar, dəvət etdilər. Yoxsa mənim imkanım çatmazdı bilet alım o tamaşalara.

- Yəni bilmək istəyirəm ki, qiymətlər necə idi?

- Ucuz deyil. 50 manatdan başlayan qiymətlərdir. Piter Brukun tamaşasına bilet 90 manatdan başlayır, 300, daha düzü ... 270 manata qədər idi. Və zal dolu idi - iynə atsan yerə düşməz.

- Neçə tamaşaya baxdınız?

- Yeddi.

- O yeddi tamaşa teatr sənətində üslub, mövzu, tamaşaçılarla münasibət, və ya fəlsəfə olaraq hansısa cizgiləri görməyə imkan verdimi?

- Ümumiyyətlə, bu festivalın formatında dünyadakı bütün teatr janrları və stilistikaları təqdim etməyə çalışırlar. Mənə ən çox təsir edən Ceyms Tierrenin tamaşası idi. Tamaşanın adı belə idi: “Qurbağa haqlı idi”. Ceyms Çarli Çaplinin nəvəsidir. Tamaşa sirk janrına yaxındır. Yəni tryuklarla doludur. İlk növbədə tryuklara heyran olursan. Elə bir hal yaradır tamaşa ki, vizual olaraq heyran olursan, baxırsan... Yəni...

- Bayram kimi?

- Kədərli bayram. Müəlliflər insanın şüuraltında uşaqlıqdan yığılanları göstərir. Bunlar elə bir xətt tapır ki, müəllifin rəssam ortaya çıxır və yaradıcılığa meydan açılır. Həm da tamaşa müəllifləri bilir ki, bu tamaşa satılmaq üçündür. Bir tərəfdən sirk tryukları insanları heyran edir, bir tərəfdən teatrda olan dərinlik. Yəqin ki genetikanın da gücü var. Çaplinin ruhu var. Üstəlik, bu canlı sənətdir, Çaplindən fərqli olaraq...

Bax indi belə tamaşalar dövrüdür. Yəni teatr menecment kimi...

Ötən əsrin 20-ci illərində sənət adamları var idi - bəziləri anlayırdı, bəziləri anlamırdı, amma düşünürdü ki, mən anlamıram, amma bunlar deyəsən nəsə edirlər. Yəni bu yaradıcı insanlarla cəmiyyət arasında disbalans var idi: bir var sənət etalonu, bir də onu anlamayan, onunla maraqlanmayan kütlə. Onlar arasında kontakt yox idi. Cəmiyyətin çox az bir hissəsi onu anlayıb qəbul edirdi. İndisə bir balans, kontakt yaranıb.

- Bəs necə düşünürsən, bu iki tərəf bu balansdan, tarazlıqdan nəsə itirirmi?

- Düzdür, mənim baxdığım tamaşalar ən yaxşı nümunələr idi. Amma yenə də bu cəmiyyət - teatr münasibətləridir – təbii ki normal cəmiyyətdə. Xəstə cəmiyyətdə bu mümkün deyil, olanda da bu balans, bu tarazlıq da ziyan verir.

Bizdə belə bir şey var, tamaşaya gələn mütləq nəyisə anlamaq istəyir. Bir şey görən kimi düşünür ki, bunlar bununla görəsən nə demək istəyirlər. Sanki hissiyyat tərəfi yoxdur. Amma məsələn, məhz Tierrenin tamaşası sırf şüuraltına təsir edir.

- Bu ilki festivalın bir özəlliyi də 25 yaşını qeyd etməsidir. Hətta deyəsən Festivalın 25 illiyinə aid ayrıca bir proqram da var idi. Çexov yaradıclığına hansısa fərqli fikir eşitdinizmi?

- Şapiranın bir sözü var idi, deyirdi, Çexov istedadsız dramaturqdur, amma onun haqqında yüz ildir ki, danışırlar. Çünki o klassik dramaturgiya qəlibini sındırıb. Onun pyesləri klassik dramaturgiya strukturuna sığmır. Pyesi ənənəvi şəkildə tamaşaya qoyanda yarıtmaz bir şey çıxır ortaya. Çünki üzdə deyil heç nə, alt qatı var. Çexov elə bir mövzulara toxunub ki, o mövzular həmişə aktual olacaq. Dünyada heç nə dəyişmir axı. Yəni dünya da dəyişir. İnsanlar da dəyişir, amma onun yazdığı məsələlər dəyişmir. Bizdə necə ki, Mirzə Cəlildə belədir. Neyləsək onun içindəyik.

...Çexov haqda danışılanlara qayıdaq. Onların danışdıqları bəzən Vaqif müəllimin (Vaqif İbrahimoğlu - Yuğ teatrının yaradıcısı - red) vaxtilə dedikləri ilə üst-üstə düşürdü.

Bir də qəribə bir məqam var - mən müzakirədə Çexov haqda danışılacağını bilmirdim. Həm də çoxdan Çexovu qurmaq istəyirdim. Hətta bir kitab axtarırdım Çexovun dramaturgiyası ilə bağlı - tam təsadüfən mağazada o kitab qabağıma çıxdı, halbuki o kitabı tapacağımdan əlimi üzmüşdüm. Elə bil hər şey üst-üstə düşdü. Sanki nəsə məni Çexova tərəf aparır...

- Amma ruhlanmaqdansa, daha çox məyussan...

- Bilirsiniz, hər şey bir yana - orada burada olmayan bir şeyi görürsən.

- Nəyi yəni?

- Teatra ciddi münasibəti. Burada ümumiyyətlə heç nə baş vermir. Heç kimə də maraqlı deyil. Maraqlı olsa, bizdə də bir teatr festivalı keçirilər. Nə işlə məşğuluq bir allah bilir. Rusiyanın 450 dən çox teatrı var, amma onlar yenə də teatrın inkişafı üçün nə qədər iş görürlər. Bizdə 27 teatr var, amma bir iş görmürük. O boyda Rusiyanın Teatr Xadimləri İttifaqının bir illik fəaliyyət proqramına baxdım - özümə gəlmədim. Onlar bu layihələri bu böhranda edirlər. Amma Bizim Teatr Xadimləri İttifaqının nə bir proqramı var, nə gənclərə, nə yaşlılara heç nə təklif edə bilmirlər. Halbuki teatr adamlarını – bizi müdafiə etməlidir, gələcəyi, gəncləri nəzərə almalıdır. Tək yer verməli deyil, həm də mühit yaratmalıdır. Bizim teatr məkanımızda heç bir proses baş vermir. Çünki əsas iki qurumdan biri olan ittifaq real olaraq fəaliyyətsiz, ölü bir qurumdur.

Bura gələn kimi hiss edirsən ki, ab-hava elədir ki, teatrlıq deyil, teatr heç kimə maraqlı deyil. Baxın, bizə həmişə elə gəlir ki, Rusiyada sənət Moskvada, bir də Sankt-Peterburqda toplanıb. Elə deyil. Hər bölgədə bir ocaq var. İndi Rusiyada böhrandır. Həm də Rusiya böyük ölkədir, orada daha böyük böhrandır. Bunlar qısaldılmış büdcə ilə bu festivalı keçiriblər. Bəzi xərcləri ixtisar edə bilərlərmiş, amma etməyiblər. Deyiblər, bizim meyarlarımız var, onu tapdaya bilmərik. Bəs bunlar niyə bunu edirlər? Bax niyə?

Məsələn, biz niyəsə rejissoru ilahiləşdirmişik, guya bir möcüzə edib əla tamaşa qoyacaq. Amma rejissor işin bir hissəsidir. Texniki məsələləri qurub yetirən şəxsiyyətlər olmalıdır, hansı ki onlar yoxdur, prodüserlər olmalıdır. Mən məsələn deyirəm:

“Mənə məhz bax belə dekor lazımdır”

Deyirlər, yoxdur.

“Yaxşı onda heç olmasa, belə bir şey...”

Deyirlər, olmur.

“Onda buna oxşayan nə etmək olar?”

“İki taxta alıb, belə vurarıq onun kimi bir şey olar”. – cavabını verirlər.

Sən deyirsən cəhənnəmə ki, eybi yox. Amma sonra yenə də bir başqa məsələ... Beləcə keyfiyyət pillə-pillə düşür. Uzun sözün qısası, bizdə teatra ciddi münasibət yoxdur, vəssalam. Biz teatra olan münasibətimizi dəyişməsək, teatrı itirəcəyik. Elə itirəcəyik ki, daha qaytarmaq mümkün olmayacaq. İndi necəsə olub, axır necəsə bir nəsil yetişib ki, teatra can atır, duyur və onlar pis-yaxşı təhsil alırlar. Universiteti bitirib gələcəklər teatra, başlayacaqlar “mümkün deyil”, “olmaz”larla rastlaşmağa və biz o nəsli də itirəcəyik. Bu faicədir...

# 2131 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #