Keçmiş arvadının başqa kişiylə görüşməsinə əsəbləşdi... – Əsl Kino

Keçmiş arvadının başqa kişiylə görüşməsinə əsəbləşdi... – <span style="color:red;">Əsl Kino
20 aprel 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Ksavye Cannolinin “Marqarita” və Hirokadzu Koreedanın “Fırtınadan sonra” filmlərini təqdim edir.

Ksavye Canollinin 72-ci Venesiya fetsivalında “Qızıl Şir” mükafatına nominant olan “Marqarita” filmi Fransa, Çexiya və Belçikanın birgə istehsalıdır və 2015-ci ildə ekranlara çıxıb.

Süjet: Hadisələr Birinci Dünya Müharibəsindən sonra 1920-ci illərdə Fransada baş verir. Orta yaşlı aristokrat qadın Marqarita (Katrin Fro) klassik musiqi həvəskarıdır, o oxumağı sevir. İmarətində müxtəlif tədbirlər keçirən qadın burada yüksək təbəqənin nümayəndələri üçün ariyalar ifa edir. Marqaritanın səsi olmasa da, ona elə gəlir ki, yaxşı oxuyur. Onu dinləyən qonaqlar isə qadına bu haqda nəsə demirlər, əksinə təmkinlə onu dinləyib alqışlayırlar. Əri Jorj (Andre Markon) onu dəstəkləsə də, arvadının istedadsızlığından utanır. Bu səbəbdən də o, oxuyan tədbirlərə getməməyə çalışır. Günlərin birində Marqarita böyük zalda konsert verməyi qərara alır. Ona hazırlaşmaq üçün peşəkar müğənni Atosu (Mişel Fo) məsləhət görürlər. Atos qadını dinləyəndə dəhşətə gəlir. Amma ona verilən tapşırığa görə qadına həqiqəti deyə bilmir. Nəhayət, Marqarita böyük səhnəyə çıxır. Və oxuyanda səsi batır, boğazından isə qan gəlir. Qadın xəstəxanaya yerləşdirilir. Həkimi təklif edir ki, Marqaritanı xilas etmək üçün, onun özünə səs yazısını dinlətdirmək lazımdır ki, istedadsız olduğunu anlasın...

İlk epizodlarda film snobizmə satira kimi başlayır. Yüksək təbəqədən olan qadının var-dövləti, nüfuzu hesabına özünü opera müğənnisi kimi sırımaq cəhdi gülüş doğurur. Sonra əhvalat asta templə, xarakterləri nizamlı dramaturji açılmasıyla Marqaritanın faciəsinə çevrilir. Janr dəyişikliyi ilə Marqaritanın davranışı gülüş yox, mərhəmət, sevgi yaradır. Çünki o, səmimi şəkildə istedadına inanır. İstedadı olmasa da Marqarita səmimi, səxavətli və mərhəmətlidir. Musiqiyə sevgisi isə onun üçün özünü realizədir. O, həm də bununla ərinin diqqətini, sevgisini qazanmaq istəyir.

Filmin maraqlı epizodlarından biri avantürist jurnalistlərin Marqaritanın səxavətindən və sadəlövhlüyündən istifadə edərək, onu Paris klublarından birində anarxistlərin təşkil etdiyi tədbirdə oxutmasıdır. Bundan sonra qadının təmsil olunduğu yüksək təbəqə onu öz dərnəyindən qovur.

Rejissorun yozumunda əhvalat hər şeydən əvvəl gerçəkliklə illüziyanın toqquşması haqdadır. Yəni insanı gülüş obyektinə çevirən illüziyadansa, onun xəyal qırıqlığına uğradan amansız həqiqət üstündür.

“Marqarita” real hadisələr əsasında çəkilib. Personajın prototipi amerikalı Florens Foster Cenkinsdir (1868-1944). Musiqi duyumu, səsi olmasa da, o, özünü misilsiz vokalist sayırdı. Varlı sahibkar ailəsində doğulan Cenkins öz vəsaiti hesabına solo konsertlər verirdi. Cenkins publikanın, tənqidçilərin onun bəyənməməsini paxıllıq kimi qəbul edirdi. Deyilənə, görə onun ölümünə səbəb sonuncu konsertindən sonra tənqidçilərin istehzalı rəyləri olub.

***

Yapon rejissoru Hirokadzu Koreedanın “Fırtınadan sonra” dramı 2016-cı ildə Kann kinofestivalında “Xüsusi baxış” proqramında göstərilib.

Süjet: Əhvalatın qəhrəmanı keçmiş yazıçı Ryötadır (Hirosi Abe). Onun həyatında bir müddətdir ki, uğursuzluq zolağı başlayıb. Yazıçı kimi böyük ümidlər verən Ryöta yazmağın daşını çoxdan atıb. Üstəlik o, ailəsindən ayrılıb. Oğluna aliment ödəməyə pulu çatmır. Bacısı ilə anlaşa bilmir. Anası ilə ünsiyyəti elə də hamar deyil. Oğlu ilə sıx ünsiyyəti olmadığından əziyyət çəkir. Keçmiş arvadını hələ də sevdiyindən, onun başqa kişi ilə görüşməsini ağrılı qəbul edir. O, pul qazanmaq üçün detektiv işləməyə məcburdur. Bir gün şəhərdə fırtına qopanda keçmiş ailəsi Ryötanın anasının mənzilində gecələməli olur...

Rejissor əhvalatda demək olar ki, müəyyən dramaturji qaydalardan, konfliktdən, kulminasiyadan imtina edir. Əhvalatı ilk baxışda əhəmiyyətsiz görünən məişət xırdalıqları, dialoqları üzərində qurur. Keçmiş ər və arvad məcburən bir evdə qalanda nəyinsə baş verəcəyini gözləmək olardı. Amma Ryötanın həyatında, ailəsi ilə münasbətlərində yeniləşmə baş vermir. Çünki əslində konflikt də, kulminasiya da, yeniləşmə də məhz Ryötanın iç dünyasında baş verir. Aktyor personajın mənəvi dəyişikliyini melanxolik, həssas oyunu ilə göstərir. Rejissorun nəqli soyuq olsa da, əslində emosional gərginliyi, yumşaq əsəbiliyi əhvalatın alt qatlarına daşıyır.

Əhvalatda tufan təbii hadisədən çox məcazdır. Tufan qəhrəmanın içindəki tənzimləməni ifadə edir. Və fırtınadan sonra, Ryöta həyatını dəyişməyi, ətalətdən çıxmağı qərara alır.

Bu film yalnız fərdin böhranı yox, həm də soyuqlaşan, yadlaşan ailə münasibətləri haqdadır. Ana obrazı (Kirin Kiki) dağılmış ailə münasibətlərinin bərpasına cəhdlər göstərsə də, nəticə alınmır.

# 3142 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #