Bu gün gənc “Qız yükü” serialından tanıdığımız rejissor İntiqam Hacılının doğum günüdür. Kulis.az onunla eksklüziv söhbəti təqdim edir.
- Neçə yaşın oldu, İntiqam?
- 37 yaş. Düzü, az yaş deyil. Adam bundan sonra 37 il də yaşayacağına heç inana bilmir. Bir sözlə, sürgün-repressiya rəqəmi olsa da, 37 yaşım mübarək!
- Kino aləminə belə həvəslə, cəsarətlə gələn, canlanma yaradan uşaqlar nələr edə bilib, nələr edə bilmədilər?
- Hə, sayımız çox idi. Amma 2010-cu ildən sonra çoxları sakitləşib sifarişlə verilən ssenariləri çəkməyə başladı. Yerdə qalan az sayda o dediyin “uşaqlar”dan rejissorlar az-çox filmlərini çəkdilər, ssenaristlər ssenarilərini yazdılar, kinoşünaslar tənqidlərini…
- Bir vaxt ədəbiyyatdan gəldi səsin, kitabın da oldu, amma ardı gəlmədi. Daha yazmırsan?
- İndi ssenarilər yazıram, mənə daha yaxın olan sahədə davam etdirirəm yazmağı. O kitabda belə misralar da varidi: “Mən səni günahsız məhkumlar qədər sevirəm”. Əslində o kitabda pis mətnlər yox idi.
- Bir vaxtlar kinoda tənqid etdiyin məqamları təkrarlamamaq çətindir?
- Düzdü, indi onları ümumi bir məqalədə yazmasam da, sosial şəbəkədə, dəyirmi masalarda, müsahibələrdə təkrarlayıram. O mənim vətəndaş mövqeyimdi və qəbir evinə qədər onu heç kimə verəsi deyiləm.
- Yadındadı, kişilər var idi e, rejissorlarla bağlı, “o aktrisa üçün baş rol rejissorun yatağından keçir” – deyirdi. Bu klişe necə, düz çıxır, yoxsa, yox?
- Nə deyim vallah! Özüm məşğul olmadığım sahədən danışa bilmirəm. Çünki, bir aktrisa ola bilməz desin ki, Hacılı rola görə ondan nəsə istəyib!
- “Sizin nəsil niyə daha iri və ciddi bir iş görə bilmədi?” - deyə soruşurlar burda.
- Əslində görüb. Bizdən sonra gələn nəsil üçün yol açmışıq, daha onlar bizim kimi qarşılarında diktator kinomanlar, üzünə gülüb arxasınca danışan “kommunist” düşüncəli kinematoqrafçılar görməyəcəklər. O ki qaldı iri işlərə, əslində elə bu dırnağarası basabasda da onla məşğuluq. Bu dırnağın içində nələr desən var.
- Səncə rejissor Vaqif Mustafayev bu camaata nə demək istəyir?
- Filmləri ilə deyirdi ki, a bala, siz də bir millət olun da! Amma televiziyası ilə (Space) bu sözləri özünə dedizdirir.
- Nuri Bilge Ceylan necə adamdi?
- Sakit, gülərüz və sərbəst: hiss edirsən ki, bu sərbəstliyi sözünü demiş bir adam olduğunu nümayiş etdirir. Həm də utanan bir kəsdir. “Utananaın oğlu olmaz” boş şeydi, Ceylan tədbirə oğlu ilə gəlmişdi.
- Hazırda nə işlə məşğulsan?
- “Maneken” filminin hazırlıqları ilə məşğulam. Tam Azərbaycan insanından danışan bir film olmasını istəyirik. Özümü və ətrafımı o filmdə görmək istəyirəm. Bir də ssenari.az saytını daha da aktiv etmək fikrindəyəm.
- Sizcə necə olacaq?
- Nə?
- Ümumiyyətlə?
- Bir ildi ingilis dilini öyrənirəm. Kinoya da ki, lokal bir sənət sahəsi kimi baxanlardan deyiləm. Deməli çıxış yolu var.