Ayaz Salayev: “Sənət adamı dindar ola bilməz” - SÖHBƏT

Ayaz Salayev: “Sənət adamı dindar ola bilməz” - SÖHBƏT
1 avqust 2017
# 11:00

Bu gün tanınmış kinoşünas Ayaz Salayevin doğum günüdür. Bu münaisbətlə Ayaz müəllimi təbrik edir və vaxtıyla Kulis.az-da yayımlanan müsahibəsini oxucuların diqqətinə çatdırırıq.

KVN-çilər də bir dəfə onun danışığını parodiya etmişdilər. Bir zamanlar kinoşünas Ayaz Salayev “Retro” proqramında göstəriləcək filmdən əvvəl qəribə intonasiya ilə kinodan danışır, danışdıqca bəzən qayıdıb sözləri təkrarlayırdı. Bu nitqin qəribə stixiyası vardı- sanki sirli bir dünyadan xəbərlər verən kahin ayindən əvvəl dua oxuyurdu…

Əlbəttə, Ayaz müəllimlə söhbətdə o dua intonasiyasını axtarmaq yersizdir-axı bu, müsahibədir. “Konyuktura” sözünün hücumuna tez-tez məruz qalan bir müsahibə. Diqqət: kinoşünas, son filmini yenicə tamamlamış kinorejissor Ayaz Salayevlə bugünkü kinodan, bu günün reallıqlarından danışırıq…

Kann festivalı zirvə-zad deyil

- Kann festivalında qonaq oldunuz. Təəssüratlarınız necədir?

- Bu il mən iki “A” dərəcəli festivalda oldum- Kannda və Lokarno festivalında. Təəssüratlarım acınacaqlıdır. Sənət anlayışı son dərəcə aşınıb. Kann festivalı bizə həmişə çatmaq istədiyim zirvə kimi görünürdü. Amma dəhşətlidir ki, orada əsas müsabiqəyə buraxılan filmlər içində bir dənə də olsun, sənət əsərinə oxşayan film görmədim. Filmlərin kino sənətinə dəxli yox idi. Bu, Lokarno festivalına da aiddir. Tamaşaçılar cılızlaşıb, onların zövqü, səviyyəsi çox aşağıdır.

Məncə, hər bir sənətkar özlüyündə “həyat özü nədir?” sualını axtarır, bu həyata nə yollasa toxunmaq istəyir. Amma bu filmlərdə nəinki bu məsələlər, kino dili də yoxdur. İndi “minimalist kino” tendensiyası var- sadə adamlar, sadə əhvalatlar. Amma onları çəkən rejissorlar da sadə adamlar, sadə rejissorlardı. Sənət yükü kinonun üzərindən sanki hansısa qüvvələr tərəfindən götürülür.

- Bu kinoya münasibətdənmi irəli gəlir, və ya məqsədlidi?

- Yox. Bu nəticədir. Münasibətdən də çox, ümumi yaradıcılıq səviyyəsinin aşağı düşməsidir. İndi ortababların bayramıdır.

- Yəni, kino kütləyə xitab etmək istədiyi üçün belədir?

- Yox. Məsələ başqadır. Söhbət ondan gedir ki, təəssüf ki, dünyada, festivallarda konyuktura anlayışı var. Biz sovet zamanında yaşayanda elə bilirdik ki, konyuktura anlayışı təkcə Sovet İttifaqındadır, dünyada bundan söhbət gedə bilməz. “Dəmir pərdə”lər açılanda biz gördük ki, konyuktura hər yerdə var, sadəcə bir az başqa cür, başqa şərtlərlədi, amma, hər yerdədi. Yəni, ideologiya üzərində yox, başqa anlayışlar üzərində qurulan konyukturadır.

- Yəni nə kimi anlayışlar?

- Müxtəlif anlayışlardır.

- Abdellatv Keçişin iki qadının məhəbbətindən bəhs edən, Kannın baş mükafatını alan filmi götürək...

- Eyni cinslilərin məhəbbəti çoxdan dünyada lobbi mövzudur. Təbiidir ki, hər bir azlıq öz fikirlərini yaymağa cəhd edir. 1991-ci ildə, mənim filmim Berlin festivalına düşmüşdü. Bu da “A” dərəcəli festival idi. Orada gördüm ki, bu mövzu çox böyük rol oynayır. Məsələn, Debora Hofman adlı amerikalı qadın rejissor öz anası haqqında sənədli film çəkmişdi. Film də pis deyildi. Amma onun filmin operatoru olan qadınla sevgi münasibətləri vardı. O bunu yeri gəldi gəlmədi nümayiş etdirirdi-press-konfranslarda da. Mən başa düşdüm ki, o bunu elə-belə eləmir. Gözlədiyim kimi oldu-o, film baş mükafat aldı. Elə həmin günlərdə ilk dəfə Fransada iki kişinin nikahı qeydə alındı və bu nikah televiziyalarda birbaşa translyasiya olundu. Bu iki hadisə üst-üstə düşdü. Təxminən belə bir şey...

- Siz özünüz bu mövzu barədə nə düşünürsünüz?

- Bir tərəfdən konyuktura deyir ki, buna müsbət rəy verməliyəm. Amma bir tərəfdən mən dörd övlad atasıyam və heç bir övladıma bunu arzulamaram, belə bir şey başıma gələrsə, özümü çox bədbəxt hiss edərəm. Başqalarına da bunu arzulamıram. Hər halda buna faciə kimi yanaşıram. Təbii ki, belə insanlar hər cür hörmətə layiqdir, amma bu təbliğ olunmamalıdır.

Ən kino çəkməli ölkə-Azərbaycan

- Müasir kinematoqraflar arasında yaradıcılığını maraqla izlədiyiniz, heyrətləndiyiniz rejissor kimdir?

- Müasir kinoda belə biri yoxdur. Sonuncu şah əsərlər ötən əsrin axırlarında-90-cı illərdə çəkildi. Ondan bəri elə bir film yoxdur ki, mən ona kino təsəvvürlərimi genişləndirən, yenilik gətirən bir film kimi baxım. Sənətkarın ağıldan, beyindən başqa daxili məzmunu olmalıdır. Müasir rejissorlarda o daxili məzmun yoxdur. Soyuq beyinlə çəkilən filmdə ancaq müqəvvalar görə bilərik.

- Belə demək olarmı ki, böyük mənada kino sizin üçün nostaljiyə çevrilir?

- Nostalji və ümidlərə. Çünki ümidliyəm. Müxtəlif dövrlərdə incəsənətin hansısa bir növünün çox, başqa birinin az inkişaf etdiyini görəcəyik. Məsələn rəssamlıq inkişaf edir, ədəbiyyat, teatr inkişaf eləmir və s. Bir də baxırsan ki, bütöv bir dövrdür, amma o zamandan bir əhəmiyyətli rəssam çıxmayıb. Yəni bu, müvəqqətidir. Bir də, bu, çox mühüm bir mövzudur: indi kinonu hər adam çəkə bilər. Fotokameraya oxşayan bir kamera var: ekspozisiyanı özü qoyur, fokusu özü qoyur və s. Beləcə hər kəsi, hətta küçədən keçəni də filmə çəkmək olar. Şeiri hər kəs yazar və az qala hər kəs cavanlığında yazıb, amma şair bir neçə adam olur. İndi də hər kəs film çəkir, amma yəqin ki, bir müddət sonra yalnız rejissorlar qalacaq.

- Kinonun dövlət nəzarətindən çıxması guya kinonun xeyrinə olacaqdı. Olmadı amma. Ümumiyyətlə, çıxa bilmək üçün güc tapmadı...

- Bu gün bu baxımdan ən əlverişli vəziyyət Azərbaycandadır. Dünyadan fərqli olaraq, filmin istehsalına maliyyə ayrılır və o maliyyəni ayıranların mili kinematoqrafiyanın inkişafına istəkləri, həvəsləri var. Biz əvvəl elə bilirdik ki, harasa cənnətdir, orada hər şey yaxşıdır. Sonra gördüm ki, elə deyil. Sənət əsəri çəkmək üçün bu şərait heç yerdə yoxdur-kimsə tələb etmir ki, bu film niyə satılmır, festivallara getmir. Ən əlverişli yer buradır. Bu gün kinoya istedadlı gənclər gəlsə, Azərbaycan kinosu inkişaf edəcək.

- Amma dövlətin çəkdiyi filmlər həm də senzorlardan asılı olur...

- Bu il çox nüfuzlu bir festivalda adını çəkmək istəmədiyim Azərbaycan filmi göstərilmişdi. O filmdə nə dramaturgiya, nə sənət, nə texniki parametrlər düzgün deyildi. Sadəcə guya bu, sosial mövzudur. Sənət əsəri olan böyük kinoya belə filmlərin dəxli yoxdur, sadəcə olaraq bu da dünyada lobbi mövzudur. Bu da konyukturadır-yoxsulluğu göstərən filmi üstün hesab etmək. Əgər o film konyuktura üçün yox, festival üçün yox, sadəcə olaraq o yoxsula yazığı gəldiyi üçün, acıdığı üçün çəkilsə, inanın ki, heç bir senzuradan söhbət gedə bilməz. Sadəcə olaraq, dünyada da kinoya çox cılız yanaşırlar. Sosial problemləri göstərmək üçün film çəkmək. Bu gülməlidir. Bunu hər adam çəkə bilər. Mənbə də tapmaq, müstəqil şəkildə sosial problemləri göstərmək üçün film də çəkmək olar. Festivallara da gedə bilər, amma bu, sənət əsəri deyil. Məsələn, İran kinosunu götürək. 30 ildir ki, festivallarda mükafatlar alırlar, İrana şöhrət gətirirlər. Amma bu eyforiya bitəcək-gec-tez bitəcək və yüz, iki yüz ildən sonra bugünkü İranı bu filmlər vasitəsilə öyrənmək istəsələr, onlar ziyalı, mütəfəkkir görməyəcəklər. Deyəcəklər ki, İran cəmiyyətində yazıq, dilənən, özünü öldürmək istəyən, yoxsul adamlar var idi. Amma məsələn, Tarkovskinin “Stalker”inə baxanda deyirlər ki, görün Sovet zamanında Rusiyada necə dərin düşünə bilən, hansı dərin hisslər keçirə bilən ziyalılar var idi. Amma İran filmləri sosial problemlər, yoxsuluq üzərində şöhrət tapır. Halbuki, bu mövzular üçün publisistika kimi fəaliyyət sahəsi var. Kino daha yüksək bir anlayışdır.

- Sizcə, kinonun təbliğatı cəhətinin olması ona xeyir gətirir, yoxsa ziyanınadır?

- Mənim aləmimdə kino sənət əsəridir və sənət əsərinin nəyisə təbliğ etmək borcu yoxdur. Sənət əsəri heç bir suala cavab vermir. O, yalnız həyatın dərinliyinə, mürəkkəbliyinə toxunur.

- Məsələn?

- Mənim aləmimdə sonuncu belə film Stenli Kubrikin “Geniş qapalı gözlərlə” filmidir. Ondan sonra yaxşı əsər görməmişəm. Amma bir neçə film var ki, onlara yenidən baxmaq istəyərdim. Məsələn, Niri Bilgə Ceylanın, Hanekenin filmlərinə. Bəlkə onları da bu siyahıya daxil edə bildim.

Özümə bədbəxtlik arzulamıram

- Heç içinə girib yaşamaq istədiyiniz film varmı?

- Yox. Hər hansı yaxşı film insanların, bədbəxtliyindən, faciəsindən qaynaqlanır. Özümə bədbəxtlik arzulamıram. Bu, bir növ qladiatorların döyüşündən bəhs edən filmlər kimidir. Baxırsan və o anda qalib qladiatorun yerinə olmaq istəyirsən, amma qladiator olmaq hər adamın işi deyil.

- Son vaxtlar oxuduğunuz yazıçılar kimdir?

- Əfqan yazıçısı var- Xalid Hüseyni. Onun iki romanını oxumuşam. Müasir ədəbiyyatla çox maraqlanmağa başlamışam, bu suala 3-4 ay sonra daha ətraflı cavab verə bilərəm. Məncə indi ən maraqlı proseslər məhz ədəbiyyatda gedir, nəinki kinoda.

- “Baxılası 50 film” rubrikası ilə hər həftə sonu oxucularımıza bir film təqdim edirik. Sizin təqdim edəcəyiniz film hansı olardı?

- Bu yaxınlarda hamıya yaxşı tanış olan bir filmə tamamilə yeni gözlə baxdım. Bu yaxınlaradək triler hesab etdiyim film sən demə fəlsəfi əsər imiş. Bu, Alfred Hiçkokun “Psixo” filmidir.

- Son yüz ilin beyinlərdə böyük dəyişikliklər, inqilablar yaratmış yeniliyi internet şəbəkəsi, kommunikasiyadır. Bu mövzunu kino hansısa filmdə işləyə bilibmi?

- Kinoda yox, ədəbiyyatda bu mövzu işlənib. Bu mövzuda 1980-ci illərin sonlarında Umberto Eko “Qızılgülün adı” romanını yazıb. Orada bu mövzu var məncə. Mədəniyyətin daşıyıcısı anlayışı kinoda müxtəlif filmlərdə olub. Amma belə konkret şəkildə bir film deyə bilməyəcəyəm. Hələ ki, kinoda mən bunu görməmişəm.

- Sizin çəkdiyiniz son film bundan bəhs etmirdimi? Hər kəsi izləyən üçüncü göz indiki internet deyil?

- Orada internet yox, televiziyadan danışılır. Amma bir az dəxli var, haqlısınız.

- Mövzu nədir?

- Fantastika, məhəbbət üçbucağı və s. Qarışıq bir mövzudur.

- Filmdən razısınızmı?

- Çətindir bu sual. Film artıq tamamlanıb, premyerada bilinəcək.

- Film harada çəkilib?

- Bakıda. Baş rollarda Solmaz Süleymanova, Fəxrəddin Manafovdur.

Biz pasifist ola bilmərik

- Ayaz müəllim, indiki şəraitdə Qarabağ, müharibə haqqında dünyaya çıxa biləcək film çəkmək olarmı?

- Son dərəcə çətindir. Biz həm də informasiya müharibəsi aparırıq Həm də ona görə ki, dünyadakı festivallara, mədəni hadisələrə müəyyən bir qüvvələr lobbiçilik edirlər. Bu lobbiçilər tələb edir ki, biz pasifist mövqedən yanaşaq. Pasifist necədir? O, dəyişikliklərin olmamağı ilə razılaşır. Amma bizə bu dəyişikliklər lazımdır. Biz pasifist ola bilmərik. Mən bu mövzuda bir adamın pasifizminə asanlıqla inana bilmərəm. Gərək bu film məni inandırsın, yoxsa elə biləcəm ki, konyukturadır. Valideyn öləndə övladları - qardaşlar və bacılar torpaq üstündə, ev, bağ üstündə necə dalaşırlar, bu isə Qarabağdı, torpaqdı. Bir düşünün, son yüzillikdə insanın bəşəriyyət haqqında, kosmos haqqında təsəvvürləri dəyişdi, mən bir dəfə 1969-cu ildə Amerikada sərgidə oldum. Aydan götürülmüş torpaq parçası var idi. Təsəvvür etməzsiniz, o daş nə qədər cansız idi. Bu qədər cansız bir kainatda Yerdəki torpaq nə qədər qiymətlidir....

- Ayaz müəllim, çox maraqlıdır, siz materialist adamsınız, yoxsa o biri dünyaya, ölümdən sonrakı həyata inanırsınız?

-Məncə, sənət adamı əsl dindar ola bilməz. Çünki din konkret anlayışlar üzərində qurulub, sənət isə daha mürəkkəbdir.

Mən o biri dünyaya inanmaq istəyirəm. Əgər siz məndən soruşsaydınız ki, ən çox nədən qorxursan? Deyərəm ki, ölümdən sonra dünyanın olmamağından. İnsanın yalnız bu qılafdan ibarət olmasından. Mən bu qorxu ilə yaşayıram. Ən çox ona ümid edirəm ki, yalnız bədəndən, qılafdan ibarət deyilik - əbədi bir həyat var və insan heç ola bilməz...

Kulis.az. 2013

# 7175 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #