Ən çox xaricilərin çəkildiyi Azərbaycan filmi

Ən çox xaricilərin çəkildiyi Azərbaycan filmi
9 may 2019
# 09:00

“Yeni filmlərimiz” layihəsində Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmini təqdim edirik.

Süjet: Filmin qəhrəmanlarından biri alman Rixard (Ulrix Rexenbax) zəngin ailənin qızına nişanlıdır. Amma evlənmədən öncə o, bəzi maliyyə məsələlərini həll etməlidir. Babası Günter (Diter Hallervorden) nəvəsi Rixardın adına yanacaqdolurma məntəqəsini keçirdiyi halda problemləri həll olunacaq. Amma baba mirası nəvəsinin adına keçirmək üçün şərt kəsir. Rixard Azərbaycana getməli, onun uşaqlıq dostu Salmanı (Ramiz Əzizbəyli) ziyarət etməlidir.

Günter XIX əsrin əvvəllərindən Azərbaycana köçmüş almanlardan olub. İkinci Dünya Müharibəsi başlayanda almanlar Sibirə və Qazaxıstana sürgün edilib. Ağır sürgün həyatı sürən Günter sonradan Almaniyaya köçüb.

O, Rixarda tapşırıq verir ki, vaxtilə onun Helenendorf ərazisində (indiki Göygöl) yaşayan ailəsinin evinin zirzəmisində basdırdığı şərab çəlləyini tapıb ona gətirsin. Və almanların köçürülməsində bolşeviklərə yardım göstərmiş Markusu taparaq üzünə tüpürsün.

Beləliklə, Rixard babasının tapşırığını yerinə yetirmək üçün Azərbaycana gəlir. Burda onun bələdçisi Mədinə (Ayan Mirqasım) adlı gənc qadın olur. Öncə onlar Göygölə gələrək Salmana baş çəkirlər. Ordan isə Markusu tapmaq üçün Gürcüstanın ucqar bir kəndinə uzun bir yolçuluğa çıxırlar...

2014-cü ildə çəkilən film “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin istehsal prosesində Rusiyanın, Almaniyanın, İsrailin, Gürcüstanın, Belarusiyanın kinostudiyaları da iştirak edib.

“Qisas almadan ölmə. Keçmişdən məktublar” peşəkarcasına çəkilmiş yol filmidir. Çox həssaslıqla lentə alınmış bu ekran əsəri müxtəlif mədəniyyətlərin toqquşması və dialoqu fonunda insan amilini önə çəkir. Müxtəlif dillərdə danışsaq da, fərqli coğrafiyalarda yaşasaq da, inanclarımız ayrı olsa da insan ağrısı, duyğuları, hissləri, onun emosional dünyasında baş verənlər eynidir. Biz məhz bu nöqtədə birləşirik, anlaşırıq. Alman dilini yaxşı bilməyən, fərqli mədəniyyətlərdə formalaşmış Mədinəni, Salmanı Rixardla doğmalaşdıran da məhz insani hissləridir.

Film “Didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur” titrlərilə başlasa da, əslində bu fikir əhvalat boyu arxa plana keçir. İlk epizodlarda Günterin dilindən səslənən - çağdaş insanın soyuqluğu, maddiyyatçılığı ilə bağlı narahatlığı və ekstremal situasiyada insanın yaşamaq iqtidarının sonsuzluğu, son nöqtənin mövcud olmaması fikri əsərin əsas mesajlarıdır.

Əsas qəhrəmanlardan biri Rixard əvvəldə haqq hesabla ailə qurmağı planlayan praqmatik, soyuq, tipik qərb adamı kimi təsvir olunur. O, babasının təkidi ilə eynilə miflərdəki personajlar kimi uzun bir yolçuluğa çıxır, getdiyi yolda qazandığı təcrübə, yeni ölkələrlə, mədəniyyətlərlə, ağır insan taleləri ilə tanışlıq onun həyata baxışını dəyişdirir, dəyərlərinin yenidən dəyərləndirilməsində səbəb olur. O, babasının da kim olduğunu səfərdə bilir, onu anlamağa başlayır, ağrısını hiss edir. Rixard tədricən katarsis prosesi keçirir. Katarsisin son nöqtəsi Gürcüstanın ucqar bir kəndində həmvətənlərinin yaddaşında xain kimi qalan Markusla görüş anıdır. Qoca Markusu bir komada tək-tənha, köməksiz, zavallı vəziyyətdə tapan Rixard ona acıyır, bağışlayır və hətta sarılır.

Əhvalat iki fərqli zamanda baş verir: İkinci Dünya Müharibəsinə qədərki tarix və müasir dövrümüzdə. Hər iki dövr təhkiyənin strukturunda bütövləşir. Primitivizm estetikasında çəkilən sadə, amma dolğun təbiət mənzərələri – əhvalatdakı insanların səmimi, dərin duyğularıyla harmoniya təşkil edir. Hətta qış mənzərələri, qarlı dağlar (operator Nikolay İvasiv) belə tamaşaçıya istilik aşılamağı bacarır. Başqa cür desək, dünyanın uzaq nöqtələrində yaşayan insanlar arasında yaranan mənəvi bağlantı həm də vizual həllini tapır.

Dram janrında çəkilən filmin süjet xəttinə, rejissor spontan yumor xəttini də keçirir. Cəmiyyətdəki bürokratik əngəllər, müsahibinə danışmağa imkan verməməsilə alman qonağı çaşdıran jurnalist, Rixardla niyəsə şərab biznesi haqda anlaşmağa gələn iş adamları yumşaq komik situasiyalarla təsvir olunur.

Sadəcə bəzi epizodlarda lazımsız sentimentallıq və duyğusallıq onun emosional gücünü artırmaq əvəzinə azaldır. Misalçün, Markusla görüş səhnəsində kamera ehtiyac olmadan Mədinənin göz yaşlarına fokuslanır. Halbuki, mahiyyətcə epizodun özü o qədər dramatikdir ki, əlavə göz yaşları və emosiyalar onu bayağılaşdırır.

Ümumən isə Oqtay Mirqasımov aktyorlardan keyfiyyətli nəticə alıb.

Bu, müasir dövrdə çəkilmiş az filmlərimizdəndir ki, musiqi (bəstəkar Elmar Fel) təsvirdən qopmur, əksinə, əhvalatda oturuşur.

Dinindən, milliyyətindən asılı olmayaraq insana sevgini ifadə edən film 2015-ci ildə Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalında və Beynəlxalq Kazan Kinofestivalının baş mükafatlarına layiq görülüb.

# 2621 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #