Ərini terrorla sağaldan qadın

Ərini terrorla sağaldan qadın
19 oktyabr 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Paolo Cenovezenin ”Görüş yeri” və Coel Koenin “Farqo” filmərini təqdim edir.

İtalyan rejissoru Paolo Cenovezenin “Görüş yeri” filmi 2017-ci ildə Roma kinofestivalında nümayiş olunub.

Süjet: Xudmani kafedə işgüzar görkəmli yaraşıqlı kişi (Valerio Mastandrea) yanına gələn adamların problemlərini dinləyir, qeydlər edir və istəklərinin həyata keçməsinə kömək etmək üçün onlara müxtəlif, ağlasığmaz tapşırıqlar verir. Müştərilər tapşırıqları dəqiqliklə yerinə yetirəcəyi təqdirdə istəkləri həyata keçəcək.

Polis Ettore (Marko Callini) ondan oğurlanmış pulları tapmaq üçün günahsız bir adamı yarımcan olana qədər döyməlidir. Rahibə Kiara (Alba Rorvaxer) yenidən tanrının səsini eşitmək üçün hamilə qalmalıdır. Korluqdan əziyyət çəkən Fulvio (Alessandro Borgi) bir qadını zorlamalıdır.

Gənc qadın Azurra (Vittoriya Puççini) ərinin yenidən onu sevməsi üçün başqasının ailəsini dağıtmalıdır. Martsella (Culiya Latssarini) adlı yaşlı qadın ərinin sağalması naminə terror aktı törətməlidir. Cici (Viniçio Markioni) isə ağır xəstə olan oğlunu xilas etməkdən ötrü balaca bir qızcığazı öldürməlidir...

Əslində mahiyyətcə “Görüş yeri” Faust temasıdır. Formaca isə kamera filmidir və bir daha təsdiq edir ki, bəşəri ideyaları olan universal bir əhvalatı danışmaq üçün kinoda ifadə vasitələri, üslublar, yanaşmalar tükənməzdir. Bütün əhvalat bir məkanda cərəyan edir. Süjetin əsasını dialoqlar təşkil etsə də, personajların hər birinin fərqli əhvalatı, xarakteri, reaksiyası, emosiyası təsviri dinamikləşdirir və zənginləşdirir. Və dolğun təsvirlər daha çox aktyor oyununun hesabına yaranır.

Filmi insan təbiətini, onun mənəvi dəyərlərinin sınağa məruz qalması, yoxlanılması dəyərləndirmək olar. Yəni onlar mənəvi dəyərlərində nə qədər dayanqılıdırlar, arzularına çatmaq üçün prinsiplərini tapdalaya bilərmi, nəfslərinə hakim olmağa gücləri çatacaqmı? Kor Fulvio onun qadını zorlamaq təklifini verən kişiyə cavabında deyir ki, o, heç vaxt bu antiinsani hərəkəti etməyəcək. Amma o, eyni zamanda görmək də istəyir. Yaxud Martsella tərəddüd içində qalır ki, terror aktını törətsinmi, yoxsa taleyi ilə barışsın? Sonadək tapşırıq verən kişinin kimliyi naməlum qalır. Belə bir naməlumluq, müştərilərin tapşırığı yerinə yetirəndən sonra arzularının çin olması nəqlə mistik ab-hava qatır. Kişi kafedə təklikdə qalanda iri planlarda göstərilir, onun yorulduğu, insanların nəfsinə məğlub olmasından məyusluq keçirməsi duyulur. Onu işindən qoparan, duyğularına toxunan cazibədar ofisiant qadın Anjeladır (Sabrina Ferilli).

Yeri gəlmişkən, “Görüş yeri”nin süjeti “Küncdəki masa” Amerika serialının ideyasına əsaslanır.

Coel Koenin “Farqo” trilleri 1996-cı ildə ekrana çıxıb. Ən yaxşı rejissor işinə görə Kann Festivalında mükafata layiq görülüb.

Süjet: Avtomobil satışı üzrə menecer Cerri (Uilyam Meysi) barda iki nəfərlə görüşür. Onlardan biri dil boğaza qoymayan Karl (Stiv Buşemi), digəri isə nadir hallarda danışan Qeirdir (Peter Stormare). Cerri onlardan xahiş edir ki, aravdı Cini (Kristin Rudrud) oğurlasınlar və əvəzində varlı qaynatasından (Harv Presnell) böyük məblğdə pus tələb etsinlər, sonradan bir qismini ona versinlər. Çünki qaynatası onu ciddiyə almır və pul vermir. Tərəflər razılığa gəlir və tezliklə arvadı oğurlanır. Amma işlər Cerrinin düşündüyü kimi getmir. Bu oğurluq böyük itkilər hesabına başa gəlir. Əvvəlcə cinayətkarlar bir yol polisini, daha sonra onların cinayətini görən iki nəfəri öldürür. Və polis Marc (Frensis Makdormand) cinayətin izinə düşür...

Coel və qardaşı İtan Koen bir qayda olaraq dəhşətlərlə dolu əhvalatları soyuqqanlılıqla nəql edir və onların yaradıcılığının özəlliklərindən biri kriminal nəqli karikaturalaşdırma bacarığı və bununla yanaşı dramatizmi, saspens effektini zərrə qədər də itirməmələridir. Filmin maraqlı cəhətlərindən biri hamilə polislə insan həyatına son qoyan tükürpədici qətllər arasındakı kontrastdır. Hamilə polis obrazı sərt hadisəyə qəribə bir yumşaqlıq gətirir. Və sevgi ilə ölüm personajların simasında metaforalaşır.

Əhvalatın mahiyyəti Marcın həbs etdiyi Qeirə söylədiyi və didaktik səslənməyən fikrindədir: Nəyin naminə? Pula görəmi? Həyatda puldan daha vacib şeylər var. Sən məgər bunu bilirsən? Və budur sən burdasan. Belə bir gözəl gündə”.

Frensis Makdormand rolu haqda deyir: “Mənə Farqoda rol təklif olunanda, uzun müddət imtina elədim. Başa düşə bilmirdim ki, sən anasansa, ana rolunu onda necə oynamaq olar. Aktrisa rola hazırlaşmaq üçün polis qadınların davranışını öyrnməyib və öz duyğularına arxalanıb.

Qeyd edək ki, Marc rolu xüsusi olaraq Makdormand üçün yazılıb. Aktrisa rejissor Coel Koenin arvadıdır.

Başlanğıc titrlərdə filmin real hadisələrə əsaslandığı yazılsa da, finalda hadisələrin uydurma olduğu qeyd olunub. Böyük kommersiya uğuru qazanan “Farqo” 2006-ci ildə mədəni, tarixi və estetik əhəmiyyətinə görə Amerikanın Milli Filmlər Reyestrinə (Amerikada Filmlərin Mühafizə Heyətinin Konqres kitabxanasında qorunmaq seçdiyi filmlər) daxil olunub.

# 3450 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #