Vağzalda üç kişi ilə bir qadın Toyğun Orbayın pyesi

Vağzalda üç kişi ilə bir qadın <span style="color:red;">Toyğun Orbayın pyesi
20 noyabr 2014
# 15:03

Toyğun Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tanınmış beyin cərrahı olan Orbay dramaturq və rəssam kimi də tanınır. Bu günə qədər onun “Mat”, “21:15 qatarı” və “Şərəfinə insan oğlu” pyesləri səhnələşdirilib.

Kulis.Az Toyğun Orbayın “21.15 qatarı” pyesini təqdim edir.

İştirak edənlər:

Q a d ı n - orta yaşlarında, üzü qocalığa doğru da ola bilər, geyimi nə elə kasıb, nə elə zəngindir, yəni, hansı əlamətinə görəsə tamaşaçıda xüsusi təəssürat yaratmır.

K i ş i - yaşı və geyim tərzi Q a d ı n ı n yaşı və geyim tərzi ilə eynidir.

İ k i n c i K i ş i - yaşı və geyim tərzi K i ş i n i n və Q a d ı n ı n yaşı və geyim tərzi ilə eynidir.

V a ğ z a l M ə m u r u - kişidir, pensiyaya çıxmağa yaxın yaşdadır, əynindəki dəmiryolçu qiyafəsi nə qədər təmiz və səliqəli görsənsə də, nimdaş olduğu dərhal bilinir.

Bir platformalı kiçik dəmiryol vağzalı.

Sağ tərəfdə qapısı platformaya və tamaşaçılara baxan, kiçik pəncərəsi səhnəyə açılan bir otaq vardır. Pəncərənin üstündə “Kassa və məlumat bürosu” sözləri yazılıb. Tamaşaçılarla üzbəüzdə üç skamya, skamyaların arxasında isə lampaları solğun, sarımtıl işıq saçan elektrik dirəkləri düzülüb.

Sağda – otağa yaxın yerdə dirəkdən asılmış vağzal saatı 21.15-i göstərir. Səhnə elə işıqlandırılıb ki, gecə olduğu bilinir.

Pərdə açılır. K i ş i soldakı skamyada əyləşib, qəzet oxuyur, eyni zamanda, qulaqlıq taxıb, musiqi dinləyir. V a ğ z a l M ə m u r u uzun saplı süpürgə ilə yeri süpürür, topladığı çör-çöpü kisəyə yığır, sonra süpürgəni divara söykəyib, qapını açır və otağa girir. Səhnənin sol tərəfindən çamadanını çəkə-çəkə gələn Q a d ı n iti addımlarla kassaya yaxınlaşır və şüşəni döyür. V a ğ z a l M ə m u r u pəncərəni açır.

V a ğ z a l M ə m u r u. Buyurun...

Q a d ı n (həyəcanlı halda). 21.15 qatarı gəlib?

V a ğ z a l M ə m u r u. Yox.

Q a d ı n. Bəs, nə zaman gələcək?

V a ğ z a l M ə m u r u. Bilmirəm.

Q a d ı n. Yəqin gecikir, eləmi?

V a ğ z a l M ə m u r u. Yox.

Q a d ı n. Necə yəni yox? (Dirəkdən asılmış vağzal saatını göstərir.) Saat 21.15 olub ki...

V a ğ z a l M ə m u r u pəncərəni örtür, sonra qapını açıb, eşiyə çıxır, süpürgəni götürüb, təzədən yeri süpürməyə başlayır. Q a d ı n çaşqınlıq içində onu seyr edir.

V a ğ z a l M ə m u r u (bezmiş halda). Xanım, o saat həmişə 21.15-i göstərir.

Q a d ı n (əsəbiləşmiş halda). Yaxşı, onda, Allah xətrinə, deyin: bu mirət qatar, adətən, saat necədə gəlir?

V a ğ z a l M ə m u r u. Heç neçədə...

Q a d ı n. Necə yəni heç neçədə?

V a ğ z a l M ə m u r u. İndiyə qədər heç gəldi ki, biləm, neçədə gəlir?

V a ğ z a l M ə m u r u süpürgəni yenə divara söykəyib, otağa girir. Q a d ı n çaşmış halda bir müddət yerində donub qalır. Sonra çamadanını çəkə-çəkə K i ş i n i n əyləşdiyi skamyaya yaxınlaşır və bir qıraqda əyləşir. Hərdənbir çönüb nəzərlərini K i ş i n i n üzünə zilləyir. Amma K i ş i qəzet oxumağa, musiqi dinləməyə elə aludə olub ki, Q a d ı n ı n bu baxışlarını hiss eləmir.

Q a d ı n. Bağışlayın...

K i ş i yenə heç nə hiss eləmir.

Q a d ı n (yüksək səslə). Bağışlayın!..

K i ş i diksinir və qulağından qulaqlığı çıxarıb, nəzakətlə gülümsəyir.

Q a d ı n. Üzr istəyirəm, narahat etdim. Siz hansı qatarı gözləyirsiniz?

K i ş i. 21.15 qatarını.

Q a d ı n. Bilmirsiniz ki, nə vaxt gələcək?.. Bir az əvvəl Vağzal Məmurundan da soruşdum, amma elə cəfəng söz dedi ki...

K i ş i. Məsələn?

Q a d ı n. Gəlməyəcək dedi.

K i ş i (gülür). Həqiqətən də, cəfəng söz deyib... Necə yəni gəlməyəcək? Gələcək... Mütləq gələcək...

Q a d ı n (rahat olmuş halda). Görəsən, həmişəmi belə gəlir?

K i ş i. Nə deyim?.. İndiyə qədər heç gəlibdi ki?..

Q a d ı n (çaşqınlıq içində). Yaxşı, gəlməyibsə, bəs, onda, siz burada nəyi gözləyirsiniz?

K i ş i. Bir az əvvəl dedim axı: 21.15 qatarını.

Q a d ı n. Vallah, dəli olmasam yaxşıdı... Həm gəlməyəcək deyirsiniz...

K i ş i. Gəlməyəcək demədim... Əksinə, mütləq gələcək dedim... Sadəcə, indiyə kimi heç gəlməyib...

Q a d ı n (bezmiş halda). Yaxşı... Yaxşı... Lütfən, deyə bilərsinizmi: mən buradan, fərqi yoxdu, hara olur-olsun, nə ilə gedə bilərəm? Avtobus... taksi...

K i ş i. Yalnız 21.15 qatarı ilə...

Q a d ı n (ümidsiz halda). Yəni buradan 21.15 qatarından başqa heç nə keçmir?

K i ş i. Yox...

Q a d ı n. Yəni, çarəsiz qalıb, gözləməliyəm, eləmi?

K i ş i. Bəli... Xoşunuza gəlmədi?..

Q a d ı n. Xoşuma gəlmədi də sözdü?! Yoxsa, sizin xoşunuza gəlir bu cür gözləmək? Nə vaxtdan buradasınız?..

K i ş i. Mən həmişə burada olmuşam... gözləmişəm... Əslində, hiss eləmirsiniz, amma (gülümsəyir) siz də həmişə burada olmusunuz... gözləmisiniz... Bir də ki, niyə heyfsilənirsiniz? Gözləmək elə də pis şey deyil...

Q a d ı n. Heç yaxşı şey də deyil...

K i ş i. Yox, canım, elə deməyin... Gözləyirsinizsə, deməli, nəsə, bir məqsədiniz var. Ona nail olmaq üçün...

Q a d ı n. Ona nail olmaq üçün, nə?.. Hökmən gözləməliyəm?..

K i ş i (qəhqəhə ilə gülür). Gördünüz, zehniniz açıldı! Gözləməyin bir faydası bu...

Q a d ı n. Allah xatirinə, susun! Zarafat etməli halım yoxdu...

K i ş i. Zarafat nədi, canım, ciddi sözümdü... Bir də, başa düşmürəm, axı, niyə belə narahatsınız?.. Qaçahaqaçla ömrün sonuna yetişməkdə bir məna görmürəm.

Q a d ı n. Niyə?

K i ş i. Çünki varam – qəzet oxuyuram, musiqiyə qulaq asıram, düşünürəm... - ona görə!

Q a d ı n. Belə çıxır ki, mən yoxam, hə?

K i ş i. İndiki halda yoxsunuz. (Vağzal Məmurunu göstərir.) Heç o da yoxdur... Bəlkə, heç əvvəllər də olmayıb...

Bir müddət araya səssizlik çökür.

Q a d ı n. Sizi qəzet oxumaqdan, musiqi dinləməkdən ayırdım...

K i ş i. Eybi yoxdu, hələ ki, qəzet oxumağa, musiqi dinləməyə vaxtımız var.

Yenə bir müddət araya səssizlik çökür. Sanki Q a d ı n K i ş i n i n, K i ş i də

Q a d ı n ı n bir söz deməsini gözləyir.

K i ş i. Əgər könlünüzə dəydimsə, bağışlayın...

Q a d ı n. Yox, canım, könlümə dəymək nədi? İndicə dedikləriniz barədə düşünürəm...

K i ş i. Doğrudan?

Q a d ı n. Doğrudan. Amma, düzünü deyim ki, bir şey anlamadım...

K i ş i. Hə, deməli, mən anlada bilməmişəm. Yəni bu iş, necə deyim, xörək yemək kimi...

Q a d ı n (gülür). Xörək yemək kimi...

K i ş i. Bəli, xörək yemək kimi! Deyin, biz nə üçün xörək yeyirik?

Q a d ı n. Ac qalmamaq üçün.

K i ş i. Doğrudur!.. Və yeyiriksə, deməli, əvvəl-axır, doyacağıq, eləmi?

Q a d ı n. Təbii ki!

K i ş i. O zaman tələsə-tələsə yeməyin mənası varmı? Bir düşünün, hansı daha ləzzətlidir: doymuş olmaqmı, yoxsa gözəl bir süfrənin qırağında əyləşib, yeməyə təzə başlamaqmı? Amandı, doymuş olmaq deməyin...

Q a d ı n. Qorxmayın, demərəm... Yəni, «inqə» deyə-deyə həyata başlamaq həyatı başa vurmaqdan yaxşıdı...

K i ş i. Afərin!.. Amma görəcəyiniz işlərin baş tutması – bəhrə verməsi üçün öhdənizə düşənləri doğru-dürüst müəyyənləşdirməlisiniz, yoxsa nə ideyalarınızı həyata keçirə, nə də özünüzü təsdiqləyə bilərsiniz...

Q a d ı n. Gör hardan hara gəldik... xörək yemək... öhdəlikləri müəyyənləşdirmək... ideyaları həyata keçirmək... özünü təsdiqləmək... Çox dolaşıq oldu. Lap fəlsəfə kimi... Amma yox, deyəsən, başa düşdüm. Yəni, demək istəyirsiniz ki, bu mirət qatar, necə olsa, mütləq gələcək, mən də bu cəhənnəmin dibində gözləməyə məhkumam, barı kefimi sürüm, eləmi?..

K i ş i (gülür). Yox, tam elə də yox. Düz deyirsiniz: bu qatar, necə olsa, mütləq gələcək, amma bizim də vəzifəmiz şey-şüyümüzü tez-tələsik vaqona atmaq yox, doğru-dürüst, necə lazımdırsa, o cür gözləməkdir.

Q a d ı n. Siz, necə lazımdırsa, o cür gözləyirsiniz?

K i ş i. Təbii ki. Baxın, kitab oxuyuram, musiqiyə qulaq asıram, ən ümdəsi isə, düşünürəm və bu işdən də böyük zövq alıram.

Q a d ı n (qəhqəhə ilə gülür). Bütün bunlara görə mövcudsunuz, hə?

K i ş i. Yox, təkcə bunlara görə yox... Bu iş dediyiniz qədər də bəsit deyil. Ən başlıcası budur ki, öz fikirlərimi bir başqası ilə bölüşürəm.

Q a d ı n. Kiminlə?

K i ş i. Təbii ki, sizinlə.

Q a d ı n. Bu vaxta qədər hansı fikrinizi bölüşdük ki?

K i ş i. İndi-indi başlayırıq...

Araya səssizlik çökür. K i ş i qəzeti skamyanın üstünə qoyur, ayaqlarını

irəli uzadıb, başını göyə qaldırır.

K i ş i. Bir oraya baxın!

Q a d ı n. Haraya?

K i ş i. Göyüzünə - işıl-işıl yanan ulduzlara!

Q a d ı n. Ulduzlardan elə də xoşum gəlmir.

K i ş i. Niyə?

Q a d ı n. Nə bilim... Qəlbimdə yalnızlıq duyğusu oyadırlar, daha doğrusu, şey...

K i ş i. Nə? Zavallılıq?

Q a d ı n. Hə, hə, zavallılıq... Onda özümü çarəsiz hiss edirəm...

K i ş i. Baxın, bu işığı az olan ulduzlar var ha, ən uzaqdakılar...

Q a d ı n. Hə, nə olsun?

K i ş i. Onların birində olsaydınız, nə dəyişərdi?.. Zavalılığınız keçib gedərdi?.. Xoşbəxt olardınız?.. Qoy kainat istədiyi qədər cilvələnsin, gözəlliyini təntənə ilə nümayiş etdirsin... Siz hələ dörd bir yanımızı sarmış bu gözəlliyə baxın... İşıq-işıq, böcək-böcək, sevinc-sevinc qaynayan bir aləm... Baxırsınızmı?..

Q a d ı n. Bəli... Doğrudan da, çox cazibədardır... Elə bil, gecə də o biri gecələrə bənzəmir... Hər şey daha parlaq, daha gözəldir...

K i ş i. Çünki siz indi ona başqa gözlə baxırsınız...

Q a d ı n. Bəlkə də...

Araya səssizlik çökür. Bu vaxt otağın qapısı açılır, V a ğ z a l M ə m u r u

eşiyə çıxır, ağır addımlarla onlara tərəf gəlir.

V a ğ z a l M ə m u r u. Çay dəmləmişəm. İstəyirsinizmi? Qatar gözləyən adam üçün bundan yaxşı məşğuliyyət ola bilməz.

Q a d ı n. Vallah, bir dənəsiniz!..

V a ğ z a l M ə m u r u çay gətirmək üçün gedir.

Q a d ı n. Yaxşı adamdı, eləmi?

K i ş i (könülsüz). Hə, hə...

Q a d ı n. Niyə elə dediniz?

K i ş i. Necə dedim?

Q a d ı n. Nə bilim... Sanki elə-belə, könülsüz, xala-xətrin qalmasın... Yoxsa, mənə elə gəldi?

K i ş i. Yox, doğrudan da, yaxşı adamdı... Əslində, ibtidai icma quruluşunun bütün insanları kimi saf və təmizdi, - həm də o məsələ - təhlükəlidir...

Q a d ı n. Ondan bir pislikmi görmüsünüz?

K i ş i. Yox... Yox...

Q a d ı n. Bəs niyə elə deyirsiniz?...

K i ş i. Nə bilim... Bir də, vacib deyil ki, pislik görüm... Ümumiyyətlə, mən ibtidai şüura malik olan bütün insanlardan ürkürəm...

V a ğ z a l M ə m u r u əlində iki stəkan çay gəlir.

V a ğ z a l M ə m u r u. Bəli! Xoruz pipiyi kimi pürrəngi çay gəldi!

K i ş i. Ay çox sağ ol! Bax, bu bəyənilsin!

Q a d ı n. Əllərin var olsun!

V a ğ z a l M ə m u r u. Bir şey deyil, canım. İçin, istəsəniz, yenə gətirərəm.

K i ş i. Yaşa!

V a ğ z a l M ə m u r u otağa sarı gedir, bu vaxt cibindən çıxardığı fiti

bir neçə dəfə kəsik-kəsik çalır.

Q a d ı n. O niyə fit çalır?

K i ş i (gülərək). Özünü hisetdirmə duyğusu... Güc... Nüfuz... Necə adlandırırsınızsa, adlandırın, bu, hakimi-mütləq olmanın elanıdır! O, ulduzlara baxanda qəlbində yalnızlıq duyğusu hiss etmir. Çünki onun kainatında o ulduzlar yoxdur. Onun kainatı bu kiçicik vağzaldan, özündən və özündən başqa iki nəfərdən – sizdən və məndən ibarətdir. Və bu kainatın sahibi olmaq ona artıqlaması ilə bəs edir. O buranın hər şeyi – şefi, süpürgəçisi, biletsatanı və məmurudur. Əynindəki uniforma, ağzındakı fit ona kef verən çox mühüm rəmzlərdir. Əslində, hamımız belə deyilikmi? Hər birimizin hökmən bir vağzalı vardır: bir az bundan böyük, ya da bir az bundan kiçik. Gördüyümüz iş də, aşağı-yuxarı, eynidir. Nimdaş uniformamızı geyinib, göstərişlər veririk, fasiləsiz fit çalırıq, tək hakimi olduğumuz vağzala bir qatar gəlməsə belə...

Q a d ı n. Elədir... Amma, baxın görün, necə xoşbəxtdi!

K i ş i. Təbii... Çox xoşbəxtdi... Çünki heç nəyə görə dərd çəkmir, narahat olmur... Öz-özünü, bir dəfə də olsa, mühakimə etmir...

Q a d ı n. Pisdi ki?

K i ş i. Yox... Bu da bir seçimdir... Amma, xanım, insanın özü olması, ola bilməsi də çətin işdir, bədəli var. Bu bədəl – üzüntüdür, narahatlıqdır. Ən böyük labirint – düyün də, bax, budur! Bəzən düşünürəm ki, ibtidailiyin özündə müdhiş bir düyün - biganəlik var...

Q a d ı n. Məgər, bu biganəlik əlinizi işdən soyudur?

K i ş i. Yox... dedim axı, məsələ seçim məsələsidir...

Araya səssizlik çökür.

Q a d ı n. Görəsən, saat neçə olar?

K i ş i. 21.15.

Q a d ı n. Hələ də?

K i ş i. Bəli. Burada saat həmişə 21.15 olur.

Araya yenə səssizlik çökür. Elə bil, Q a d ı n da, K i ş i də yenə söz

tapmaqda çətinlik çəkirlər.


K i ş i. Qəzetə baxmaq istəyirsinizmi?

Q a d ı n. Siz oxuyub qurtarın, sonra...

K i ş i. Yox, yox, buyurun, məndə kitab da var.

K i ş i qəzeti Q a d ı n a verir, sonra cibindən bir kitab çıxarır, oxumağa başlamamışdan əvvəl qulaqlığı taxır. Bir müddət ikisi də oxuyurmuş kimi görünürlər. Sonra K i ş i başını kitabdan qaldırıb, Q a d ı n ı süzməyə başlayır. Q a d ı n da K i ş i n i n ona baxdığını hiss edib, başını qəzetdən ayırır. K i ş i sanki pis bir şey üstə qəfil yaxalanmış adamlar kimi, utanır, pərt halda gülümsəyir. Q a d ı n da onun bu hərəkətini cavabsız qoymur, gülümsəyir, sonra qəzeti yenidən oxumağa başlayır.

Qısa bir müddət yenə sakitlik olur. Sonra Q a d ı n, səsi eşidilsin deyə, var gücü ilə qışqırır.

Q a d ı n. Nəyə qulaq asırsınız elə?

K i ş i. «Rusalka»ya.

Q a d ı n. Nəyə?

K i ş i. «Rusalka»ya... Dvorjakın operasına...

Q a d ı n. Gözəl şeydi...

K i ş i qulaqlığı çıxarır.

K i ş i. Hardan bilirsiniz?

Q a d ı n. Bir az əvvəl gözucu sizə baxırdım. Musiqiyə elə aludə olmuşdunuz ki, dünya dağılsa da, xəbəriniz olmazdı – özünüzü tamam unutmuşdunuz...

K i ş i. Ola bilər... Bu bir möcüzədir... Bayaq Vağzal Məmurunu təhqir etmək kimi bir niyyətim yox idi. Amma düşünün... Bu möcüzəni hiss etmədən necə yaşamaq olar? Axı, sənət – mənəvi qida olmasa, insan quru daş parçasına çevrilər. Baxın, bu adam nə bir kitab oxuyur, nə bir musiqiyə qulaq asır. Bütün günü fit çalır, beləcə yaşayır, yəni, sadəcə, nəfəsi gedib-gəlir, yeyir, içir, yatır və şükr edir. Soruşsanız, nəyə şükr etdiyini də heç bilməz!

Q a d ı n. Çox qəddarsınız!

K i ş i. Haqlısınız... Sizdən əvvəl bir başqası da Vağzal Məmuruna nifrət etdiyimi demişdi... Nə edim, bəzən insanlara qarşı olan hislərimi cilovlamağı bacarmıram. Düzü, anlaya da bilmirəm: necə olur ki, dəlicəsinə sevdiyim bəşər övladına qarşı bu cür amansız oluram. Bayaq dediyim üzüntü, narahatlıq vardı ha, yəni, bədəl kimi ödədiyimiz, bax, elə bu da, deyəsən, o bədəlin bir parçasıdı...

Q a d ı n (utancaq halda). Amma mən də utandığımdan yerə girdim...

K i ş i. Niyə?

Q a d ı n. Şey... Operanın adı nə idi?

K i ş i. «Rusalka».

Q a d ı n. Hə, Rusalkanın kişi olduğunu zənn etmişdim... Sizin sənətdən başı çıxmayan ibtidai insanlar haqqında dedikləriniz yerinə düşdü...

K i ş i. Ah! Siz Allah, məni bağışlayın! Amma bu çox da məşhur bir əsər deyil. Düzdü, Rusalka operadakı qızın adıdı. Amma vacib deyil ki, bunu mütləq biləsiniz. Həm də, günah məndədir, görünür, ibtidai insanlar haqqında fikirlərimi yalnış izah etmişəm...

Q a d ı n, K i ş i n i n sözünü kəsir.

Q a d ı n. Yox, canım, yalnış-filan izah etməmisiniz. Mən, sadəcə, elə-belə, zarafat edirəm.

Araya səssizlik çökür.

K i ş i. «Rusalka»nı dinləmək istəyirsinizmi?

Q a d ı n. Çox istəyirəm. Amma qorxuram ki, anlamayım.

K i ş i. Musiqini, bəlkə də, anlamaqdan daha çox duymaq lazımdır! İçinizdə bir duyğu qımıldanırsa və bu duyğu sizi bambaşqa bir aləmə aparırsa, deməli, anlayırsınız...

Q a d ı n əlini uzadıb, walkmanı götürür, qulaqlığı taxır.

Q a d ı n. İndi bu məni bambaşqa bir aləmə aparacaq?

K i ş i. Baxaq də...

K i ş i Q a d ı n ı n yanına gəlir, walkmanın üstündəki düyməyə toxunur. Fonda Rusalkanın

soprano ariyası duyulur və səhnədə işıq get-gedə zəifləyir, lampa, sadəcə, Q a d ı n ı işıqlandırır.

Q a d ı n. Çox gözəl!

Q a d ı n başını arxaya verib, gözlərini yumur.

Q a d ı n. Bu hansı dildədir?

K i ş i. Çex...

Q a d ı n. Nə deyir?

K i ş i musiqinin ritminə uyğun olaraq yavaş addımlarla gəzə-gəzə izah edir.

K i ş i. Bu, bir eşq nəğməsidir. Rusalka yaz gecəsində parlayan Aya yalvarır ki, nə olar, orada qal, getmə, sevgilimi aydınlığa çıxart, onun harada olduğunu söylə...

Q a d ı n. Hm... Qəribədir, mən yaz gecəsi-filan hiss eləmirəm.

K i ş i. Bəs nə hiss eləyirsiniz?

Q a d ı n. Sanki bəmbəyaz bir qış gecəsidir... Dənə-dənə qar yağır...

K i ş i. Dedimmi, bu musiqi sizi bambaşqa bir aləmə aparacaq? Deməli, qarlar ölkəsinə getmisiniz.... Qoy ürəyinizcə qar yağsın...

Yuxarıdan Q a d ı n ı n üstünə qar dənəcikləri yağır. K i ş i, Q a d ı n ı n yanına gəlir,

yavaşca əlindən tutur, skamyadan qaldırır. Walkmanı cibinə qoyur, bir-birlərinə sarılırlar

və musiqiyə uyğun şəkildə rəqs edirlər.

K i ş i. Budur, qarlar ölkəsindəyik. Gözlədiyimiz bir qatar da yoxdu. Olsa belə, nə olar, deyin, gözəl deyilmi gözləmək?

Q a d ı n. Gözəldi, çox gözəldi!

K i ş i. Onda gözləyək!

Q a d ı n. Və bu gözləyiş bitməsin!

K i ş i. Sssss.... Susun... Sadəcə dinləyin... Sonu nə olacaq ariyanın, düşünməyin, düşünsəniz, dadı qaçacaq yoxsa... Bir də... (təəssüflə) bitməsə bu qədər gözəl olmaz ki...

Ariyanın finalı yaxınlaşır.

K i ş i. İndi bu finalı dinləyin!

Musiqi bitən kimi skamyaya sarı gedirlər, işıq tədricən əvvəlki halına düşür.

K i ş i. Necədir?

Q a d ı n. İnanılmaz dərəcədə gözəldir!

K i ş i. Həyatdır! Var olmaqdır! Mövcudluğumuzu hiss etməkdir! Bəs o sonluq? O gözəl sonluq olmasa, bu ariya nəyə yarayar?

Araya səssizlik çökür.

Q a d ı n (utana-utana). Mən də...

K i ş i. Sən də, nə?

Q a d ı n. Nə bilim, utandım...

K i ş i. Niyə?

Q a d ı n. Heç beş dəqiqə deyil tanış olduğumuz, bir-birimizin qoynuna atıldıq... İndiyə qədər heç belə iş tutmamışdım...

K i ş i. Tutanda nə olar? Biri ilə bir gözəlliyi bölüşməkdə utanılası nə var ki? Ətrafımızda həmişə bu cür – bir yığın əli fitli adamlar oldu. Bizi sıraya düzüb, ayıbları və qadağaları öyrətdilər. Onlara görə hamı elə onlar kimi idi... Özlərini özləri kimilərdən qorumaq üçün qayda-qanunlar kəşf etdilər və bu qayda-qanunları ən sərt şəkildə tətbiq etməyə başladılar. (Səsini qaldırır). Qollar irəli, düdüt. Çiyinlər geri, düdüt! Gözlər önə baxır, düdüt! Sol ayaq bir addım irəli, düdüt! Tanrının belə unutduğu bir dəmiryol vağzalında iki məsum insan bir-birinə sarılırsa, fit sahibləri dərhal peyda olurlar, sanki yolunu azmışlara rast gəliblər -düdüt!..

Q a d ı n (qəhqəhə ilə gülür). Yaxşı, yaxşı, üzr istəyirəm.

K i ş i. Bizim hərəkətimiz bir-birimizdən üzr istəməyə yox, bir-birimizə təşəkkür etməyə layiqdir, odur ki, mən üzr istəmirəm, təşəkkür edirəm...

Q a d ı n (utana-utana). Mən də...

Araya səssizlik çökür. Bu vaxt V a ğ z a l M ə m u r u otağından çıxıb,

K i ş i ilə Q a d ı n a yaxınlaşır.

V a ğ z a l M ə m u r u. Çaylarınızı təzələyimmi? (Birdən gözü yerə sataşır.) Ohoooooo! Buraları qar eləmisiniz ki!

K i ş i. Narahat olmayın. İndi təmizləyərik...

Q a d ı n. Vallah, o qədər gözəl idi ki... amma qarsız heç cür alınmazdı...

V a ğ z a l M ə m u r u. Nə imiş o qarsız alınmayan?

Q a d ı n. «Rusalka». Yəni musiqi. Dinləmək istəyirsinizmi?

V a ğ z a l M ə m u r u. Mənim elə şeylərdən başım çıxmaz.

Q a d ı n. Mənim də... Amma xoşuma gəldi... Bəlkə sizin də...

V a ğ z a l M ə m u r u. Yox, yox, mənim xoşuma gəlməz.

Q a d ı n. Hardan bilirsiniz? Axı, heç dinləməmisiniz...

V a ğ z a l M ə m u r u (boş stəkanları götürərkən öz-özünə deyinir.). Bayaqdan gurultudan baş-beynim gedib, hələ istəyirlər ki, bir də dinləyib...

V a ğ z a l M ə m u r u K i ş i və Q a d ı n d a n uzaqlaşır.

Q a d ı n. Özünü saxlaya bilmədi, hikkəlidi!

K i ş i. Hə, hirsləndi bir az.

Q a d ı n. Əslində, haqlıdır. Gör bura nə kökə düşüb!

K i ş i. Nə isə... Könlünü alaraq...

V a ğ z a l M ə m u r u əlində süpürgə geri qayıdır.

V a ğ z a l M ə m u r u. Ayaqlarınızı bir az yana çəkin görüm!

K i ş i. Sən dayan... Süpürgəni ver... Mən süpürərəm...

V a ğ z a l M ə m u r u. Lazım deyil... Ayaqlarınızıca çəkin, vəssalam...

K i ş i. Elə şey olar? Həm çayını içək, həm də əziyyət...

V a ğ z a l M ə m u r u (yumşalır). Yox, canım, nə əziyyət... Əslində, iki dəqiqəlik işdi, amma hamı diqqət yetirsə...

K i ş i. Haqlısan...

V a ğ z a l M ə m u r u yeri süpürməyə başlayır. K i ş i n i n utandığı hiss olunur.

O, V a ğ z a l M ə m u r u n u n könlünü almağa çalışır.

K i ş i. Sizin işiniz çətindi.

V a ğ z a l M ə m u r u. Çətindi də sözdü! Bütün vağzalı süpür, skamyaların tozunu al, bilet sat, canım sizə desin, mühasibat işləri, qayda-qanuna nəzarət...

K i ş i. Çoxmu bilet satırsınız?

V a ğ z a l M ə m u r u. İndiyə qədər heç satdım ki...

Q a d ı n. Ah, necə də yadımdan çıxıb, hələ bilet almamışam... Qatar gələndə tələsik olmasın deyə, işinizi qurtaran kimi biletimi verin...

V a ğ z a l M ə m u r u. 21.15 qatarına bilet lazım olmur.

Q a d ı n. Necə yəni?

V a ğ z a l M ə m u r u. Çox sadə, lazım olmur.

Q a d ı n (çaşmış halda). Bəs, onda, başqa hansı qatara bilet satırsınız ki?

V a ğ z a l M ə m u r u. Bayaq dedim axı, bura başqa qatar gəlmir.

Q a d ı n. O kassada nə satılır?

V a ğ z a l M ə m u r u. Bilet.

Q a d ı n. Yaxşı, deyirsiniz ki, 21.15 qatarına bilet lazım olmur. Başqa qatar da ki, gəlmir...

V a ğ z a l M ə m u r u. Əgər, birdən gəlsə, onda, bilet satarıq... Əslində, 21.15 qatarı da gəlmir.

K i ş i. Gələr, mütləq gələr.

V a ğ z a l M ə m u r u. Gəlsə, mənim də işim olar.

Q a d ı n. Məsələn, nə iş?

V a ğ z a l M ə m u r u. Nə iş? Mənsiz buradan bir qatar da keçə bilməz!.. Amma gərək əvvəlcə o biri stansiyadan zəng ola, xəbər gələ, mən də dərhal hazırlıq görəm, yəni, şapkamı geyinəm...

Q a d ı n. Elə niyə?

V a ğ z a l M ə m u r u. Xanım, siz bu işin, görünür, nə qədər ciddi olduğunu bilmirsiniz. Ucu-bucağı görünməyən nəhəng bir qatar dayanmaq və yaxud hərəkət etmək üçün uniformasız, şapkasız adamdan izn alarmı?

Q a d ı n. İzni sizmi verirsiniz?

V a ğ z a l M ə m u r u. Əlbəttə! Yəqin görmüsünüz: dəmiryolçuların əllərində qatarların hərəkətini nizamlayan bir ucu yaşıl, bir ucu qırmızı çubuq olur. Mən platformada - relsin kənarında dayanıb gözləyirəm. Əgər, çubuğun qırmızı ucunu yuxarı qaldırsam, qatar hökmən dayanar, getməz...

Q a d ı n. Qırmızı, ya da yaşıl – yəni buna siz qərar verirsiniz, eləmi?

V a ğ z a l M ə m u r u. Əlbəttə! Amma, bayaq dediyim kimi, gərək əvvəlcədən zəng gələ, təlimat ola...

Q a d ı n. Bu günə qədər çubuğun qırmızı ucunu heç yuxarı qaldırdınızmı?

V a ğ z a l M ə m u r u. Yox... Heç yaşıl ucunu da qaldırmadım...

Q a d ı n. Başa düşdüm...

V a ğ z a l M ə m u r u. Amma bu iş o qədər də bəsit deyil.

K i ş i. Hətta son dərəcə məsuliyyətlidir...

V a ğ z a l M ə m u r u (bu sözdən qürurlanır, otağına gedə-gedə öz-özünə deyir). Nə edim, bu işi bir adam görməlidir, ya yox?

V a ğ z a l M ə m u r u otağına girir.

K i ş i (istehza ilə). Bəh! Bəh!.. Siz Allah, bu məsul şəxsə bir baxın! Bilmirsən güləsən, ya ağlayasan, sevəsən, ya nifrət edəsən – ziddiyyətli duyğular...

Q a d ı n. Qatarı gəlməyən vağzal... Biletləri satılmayan kassa... Nə yaşıl, nə qırmızı ucu yuxarı qalxmayan çubuq... Üstəlik, ağır mühasibat işləri... Vallah, bu adam yazıqdı...

K i ş i. Düzdü, yazıq olmağına, yazıqdı, amma həm də çox xoşbəxtdi!

Q a d ı n. Sizcə, bu necə olur?

K i ş i. Bayaq dedim axı: mövcud olmamaq... duyğusuz yaşamaq - quru daş parçası kimi...

Araya səssizlik çökür. V a ğ z a l M ə m u r u əlində iki stəkan çay gəlir.

V a ğ z a l M ə m u r u. Çaylarınızı təzələdim... Vallah, çox gözəl alınıb... Buyurun...

K i ş i. Yaşa!

V a ğ z a l M ə m u r u (geri dönərkən). Dəyməz... Nuş olsun...

K i ş i pencəyinin iç cibindən bir şüşə çıxarır.

K i ş i. Görün nə var burda?

Q a d ı n (maraqla). O nədi elə?

K i ş i. Konyak. Heç çaya qarışdırıb yoxlamısınızmı?

Q a d ı n. Rəhmətlik atam içərdi konyaklı çayı.

K i ş i. Atanız zövq sahibi imiş. Stəkanınızı verin. Amma əvvəlcə üstündən bir-iki qurtum için ki, azca boşalsın, konyak süzə bilim.

Q a d ı n stəkandakı çaydan bir-iki qurtum içir. K i ş i əvvəlcə Q a d ı n ı n, sonra da

özünün stəkanına konyak əlavə edir, hərəyə bir qurtum içirlər.

K i ş i. Necədi?

Q a d ı n. Əladı! Sinəmi bir az yandırdı! Amma, həqiqətən də, gözəldi!

Araya səssizlik çökür. Q a d ı n xəyala dalır.

K i ş i. Konyak, elə bil, nəfəsinizi kəsdi. Birdən susdunuz...

Q a d ı n (kəsik-kəsik). Nəsə, xəyal məni keçmişə apardı... Evimizi, ata-anamın korun-korun yanan ocağın alovunda işıqlanan solğun sifətlərini xatırladım. Ayın sonu - maaş vaxtı idi. Nədən bilirdim bunu? Gördüyüm mənzərə yalnız maaşdan-maaşa təkrarlanırdı... Atam pul kisəsini üçayaqlı kiçicik masamızın üstünə qoyub, işlənməkdən yeyilib bir damcı qalmış karandaşla kağıza nəsə yazırdı. Anam, yazıq anam onunla üzbəüz dayanıb, soyuq suda qab-qacaq yumaqdan qıpqırmızı olmuş əllərini əski ilə qurulayırdı. Atam gözünü kağızdan çəkmədən – sanki bir şey duyacağımızdan ehtiyat edərək, yavaşdan, lap yavaşdan nəsə deyirdi. Balacaların, yəni bizim bu cür işlərə qarışmağa ixtiyarımız yox idi. Hər şeyi uzaqdan seyr edirdik. Amma, buna baxmayaraq, biz bu «mərasimin» necə qaytaracağını çox yaxşı bilirdik. Atamın da, anamın da üzü sevincə bürünürdü. Bu, «bir ayı yola verərik» demək idi. Bundan sonra biz də «mərasimə» qatılırdıq, ata-anamızın qucağına sığınırdıq. Atamın iri, qabaqlı əlləri saçlarımı oxşayırdı və mən elə bilirdim ki, dağlarla əhatələnmişəm - köməksiz deyiləm... Qardaşımı bağrına basmış anamın çuxura düşmüş yorğun gözləri şəfqətlə parlayırdı. Eh, sonra atamın fincanından qalxan konyak qoxusu gənziyimi acışdırırdı...

K i ş i. Nə gözəldi!

Q a d ı n. Yoxluqmu?

K i ş i. Xanım, var olanı bölüşmək asandı, gözəl olan, yoxluğu bölüşməkdi...

Q a d ı n. Elədir. Amma niyə o insancıqların bölüşdükləri elə yoxluqlar oldu? Sizcə, bu idimi haqları?

K i ş i. Yox, hər halda, yaxşı şeylərə layiq idilər, amma mənim demək istədiyim başqa şeydi... O insanlar müharibələr gördülər, zülm çəkdilər, bu gün bizim üçün adi görünən şeylər – ac qalmamaq və isti yuva qurmaq uğrunda mübarizə apardılar. Və çalışdılar ki, uşaqlarına, yəni, bizə dürüstlük, şərəf, ləyaqət, sevgi, xeyirxaqlıq kimi keyfiyyətlərin müqəddəs olduğunu aşılasınlar. Elə biz də uşaqlarımıza eyni ilə bu şeyləri öyrətməyə çalışdıq, amma bir fərqlə. Onlar yoxluğu bölüşməyi bacardıqlarına görə öyrətdiklərinə inanırdılar.

Q a d ı n. Bəs, biz öyrətdiklərimizə inanmırıq?

K i ş i. O qədər də yox! Buna görə də biz var olanı - mövcud olanı bölüşməyi öyrədirik.

Q a d ı n. Aman, nə yaxşı! Qorxurdum ki, yoxluğun fəzilətindən dəm vuracaqsınız. Niyə qəbul etmək istəmirsiniz ki, o insanların həyatları sıxıntılar içində keçdi... Anam öz köhnə paltarlarından bizə təzə paltarlar tikərdi – özü də, bayram gününə çatdırsın deyə, gecə səhərə qədər yatmadan... Sizcə, o öz həyatından çoxmu razı idi? Gecə hərdən yuxudan ayılanda tikiş maşınının səsini eşidirdim və solğun lampa işığında anamın belinin necə ikiqat olduğunu - büküldüyünü görürdüm. O vaxt atam çoxdan yatmış olurdu. Ona görə yox ki, tezdən işə getməli idi, yox, uşaqlarına paltar pulu qazana bilmədiyindən, utanıb erkəndən yorğan-döşəyə girirdi. O insanlar o cür mövcud idilər? O insanların həyatı həyat idi? Yox! Ömürləri sona yetəndə çoxlu alacaqları vardı bu dünyadan! Amma təəssüf ki, bu barədə bir kimsədən haqq-hesab sorulmadı...

K i ş i. Yəni, demək istəyirsiniz ki, həyatları boş yerə xərcləndi, hə?

Q a d ı n. Hə...

K i ş i. Amma mən elə düşünmürəm. (Qadını göstərir). Çünki onların həyatlarının mənası – yəni siz mənimlə üz-üzə dayanmısınız...

Q a d ı n. Bəlkə də haqlısınız... Amma bu dedikləriniz parçalanmış qəlbimin yaralarına məlhəm ola bilməz. Çünki o insanları sevirəm...

K i ş i. Başa düşürəm...

Q a d ı n (azca hirslə). Şükür, axır ki...

Araya səssizlik çökür.

Q a d ı n (bir az əvvəl dediyi sərt sözlərdən narahat olmuş kimidir. Odur ki, yumşaq bir səslə). Əlbəttə, bunun bir başqa yozumu da var.

K i ş i. O nədi elə?

Q a d ı n (qəhqəhə ilə). Yaşlanırıq! Bir dönüb geriyə baxın! Tarix boyu cavanlar həmişə yaxşıdan daha yaxşıya doğru can atmışlar. Yaşlılar isə elə hey vıdı-vıdı etmiş, zamanın gedişindən gileylənmişlər. Bir yadınıza salın... Sizin ailənizdə səhər-axşam, fasiləsiz, «Allah axırımızı xeyir etsin» deyən biri yox idimi? Əcaba, indi bu vəzifəni bizmi boynumuza götürürük?

K i ş i (gülümsəyir). Haqlısınız... Cavanların yaxşıdan daha yaxşıya can atması da, bizim yaşlanmaqda olmağımız da hətta artıq bu dünya üçün yavaş-yavaş yad şeyə çevrilməyimiz də həqiqətdir. Amma, buna baxmayaraq, mən gələcəyə ümidlə baxıram! İnanıram ki, insanlar gün keçdikcə öz səhvlərini düzəldəcəklər – uşaqlarına insanpərvər və cəsur olmanın əhəmiyyətini başa salacaqlar.

Q a d ı n. Çox gözəl! Amma biz o insanların arasında olmayacağıq! Nə qorxunc həqiqətdir!

K i ş i. Başa düşmədim, bunun nəyi qorxuncdur?

Q a d ı n. Nəyi qorxunc deyil ki?! Bizə bir həyat verilib, başlanğıcda xərclədikcə bitib-tükənməz kimi görünən bir həyat. Yadıma gəlir ki, uşaq vaxtı mənə elə gəlirdi ki, qocalıq heç zaman yetişə bilməyəcəyim bir yerdə - sonsuzluqdadı. Nə vaxtsa yaşımın anamın yaşına çatacağına da heç cür inana bilmirdim. Bundan ötrü o qədər uzun bir zaman lazım idi ki... Bax, o zaman mənim təsəvvürümə heç cür sığmırdı... Və yaxud haqqında «Hələ gəncdi» deyilən insanların yaşlarını düşünəndə heyrətimdən donub qalırdım. Qırx yaşında bir adam necə gənc ola bilər? Düşünmək belə mümkün deyil... Öz-özümə fikirləşirəm: atamla anam – o zamanların unları ələnmiş, ələkləri divardan asılmış yaşlı insanları, görəsən, nə qədər gənc idilər?.. Və bizlər... Gənc belə olmadan, sizin dediniz kimi, artıq xörəyimizi yemişik... Üstündən, olsa-olsa, bir fincan qəhvə içəcəyik, sonra da gözləyəcəyik ki, hesabı gətirsinlər.

K i ş i. Bəs, siz nə istəyirdiniz? Çatlayana qədər yeməkmi? Ən ləziz xörəklərlə süslənmiş bir süfrə gətirin gözlərinizin önünə və təssəvvür edin ki, əbədiyyətə qədər bu süfrənin qırağında əyləşməyə məhkum edilmisiniz. Bunun qədər dözülməz və qorxunc nə ola bilər? Xanım, mühüm olan süfrədən vaxtında qalxmaqdı. Bəli, vaxtında, nə tez, nə də gec... Axırda - qəhvəmizi udum-udum içəndən sonra «doydum» deyə bilirsinizsə, nə gözəl!

Q a d ı n. Siz heç doydunuzmu?

K i ş i. Doydum, həm də çox... Yalnış başa düşməyin, süfrədən vaxtından əvvəl qalxmaq üçün tələsik heç bir işim yoxdu... Mühüm olan həyatdan nə istədiyimizi dəqiq bilməkdi. Məsələn, mənə bir baxın... Hər keçən gün get-gedə içi boşalan çuvala bənzəyən bu bədənə daha nə qədər vaxt istəməliyəm həyatdan? On il? İyirmi il? Bəlkə əlli il? Yox, lazım deyil, təşəkkürlər... İndi özünüz üçün deyin... Haraya qədər, hə?.. Acgözlüyün sərhəddi harada qurtarır?.. Budur, həyat hələ mənə gözəlliklər bəxş edir... Məsələn, bu gecəki kimi... Və nə qədər ki, həyat mənə gözəlliklər bəxş edir, istər-istəməz, acgöz olacağam. Görürsünüzmü, doyandan sonra böyük bir ləzzətlə qəhvə hortladıram. Və inanın ki, aldığım bu ləzzət zərrə qədər də azalmadan davam edəcək... Hesaba etiraz etməyi isə heç düşünmürəm də...

Q a d ı n. Düşünsəniz nə olacaq? Məgər bir şey dəyişəcək?.. Çarəsiz qalıb, o hesabı qəbul edəcəksiniz... Nə deyirsinizsə-deyin, siz də yaşlanmaqdan qorxursunuz. Bu əcaib vağzalda otuz beş il əvvəl qarşılaşsaydıq, heç bu söhbətləri edərdikmi?

K i ş i (gülərək). Sözsüz ki, yox... Başqa şeylər haqqında danışardıq, bu dəqiqdi... Heç də pis olmazdı yəni!..

Q a d ı n. Yaxşı ki, yaşlanırıq...

K i ş i. Yaşlana bilirik, hə! Bu da bir xoşbəxtlikdi, deyilmi? İnsana daha nə lazımdır?!

Q a d ı n (əsəbi halda). Nə edim?!. Mən sizin kimi düşünə bilmirəm. (Səsini yüksəldir.) Doymadım, acgözəm, qocalığa nifrət edirəm! Sonra?

Araya səssizlik çökür. K i ş i kitaba göz gəzdirir. Q a d ı n əlindəki qəzetin səhifələrini əsəbi

halda çevirir, sonra onu skamyanın üstünə qoyur. Amma dərhal hiss olunur ki, əsəbi hərəkətlər

etdiyinə görə peşmandır.

Q a d ı n (yumşaq səslə, yavaşdan). Bilirsinizmi?..

K i ş i (başını kitabdan qaldırmadan). Nəyi?

Q a d ı n. Bur az bundan əvvəlki hirsimin səbəbini.

K i ş i (başını kitabdan qaldıraraq). Yəqin özümü ağıllı hesab etdiyimə görə qeyzləndiniz, hə?

Q a d ı n. Eşq olsun!

K i ş i (qəhqəhə ilə gülür). Burada nəyisə bölüşə biliriksə, bir-birimizə xoş üz göstərməyimiz də təbiidir, hirslənməyimiz də...

Q a d ı n. Yəni, sizi incitmədim?

K i ş i. Yox, canım, nə danışırsınız? Bir düşünün: gecənin bu vaxtında, bu səssiz-səmirsiz vağzalda sizə rast gəlmək nə qədər böyük bir xoşbəxtlikdir!..

Q a d ı n. Sağ olun.

Araya səssizlik çökür.

K i ş i. Bir şey soruşum: bu dövrün adamı dedikdə nə gəlir ağlınıza?

Q a d ı n. Yalnızlıqmı?

K i ş i. Afərin, düz hədəfi vurdunuz! Biz özü özünə tor hörən və bu torun içində yalnızlıqdan yanıb-yaxılan ipəkqurdu kimiyik! Baxın, qatara bilet alarkən belə təkadamlıq kupe istəyirik. Aman, qorxuruq ki, birdən yanımıza bizim kimi nəfəs alıb-verən, ürəyi döyünən, sevilən, sevən, üzülən, nifrət edən, hirslənən, gülən, fikirlərimizi oxuya bilən, bizimlə nəyisə bölüşmək istəyən bir adam düşər. Düşsə də, qarşımızda əyləşən kim olur-olsun, üzünə belə baxmarıq - baxışlarımız toqquşar deyə!.. Gözlərimizlə pəncərədən çölə qaçarıq. Qarşımızdakı da gözlərilə pəncərədən çölə qaçar, eynən bizim kimi! Amma, içəridə olduğu kimi, çöldə də bir-birimizdən qaçarıq!..

Q a d ı n. Doğrudan da belədir.

K i ş i. Halbuki siz, Vağzal Məmuru burada olmasanız, mən nəyə yarayaram? Kim bəyənər məni saçlarına qar yağdırdığıma görə? Ya da, kim qızar mənə yeri qar etdiyim üçün?

Araya səssizlik çökür. K i ş i təzədən kitabı açıb oxuyur. Q a d ı n qəzetə göz gəzdirir.

Bir müddətdən sonra şimşək çaxır, göy gurultusu eşidilir.

Q a d ı n. Deyəsən, yağış yağacaq.

K i ş i. Hə, üstümə bir-iki damcı düşdü.

Yenə araya sakitlik çökür.

K i ş i. İmkan verməyəcək bir şey oxuyaq.

Q a d ı n. Yaxşı olar ki, daldalanmağa yer tapaq.

Kitabı, qəzeti və walkmanı götürüb, kassanın önündəki sığınacağa tərəf qaçırlar.

V a ğ z a l M ə m u r u otaqdan çıxır.

Q a d ı n. Birdən necə yağdı!

V a ğ z a l M ə m u r u. Narahat olmayın, uzun sürməz. Bu mövsümdə buralarda yağışın özünü göstərməsi ilə keçib getməsi bir olur.

K i ş i. Buralısınız?

V a ğ z a l M ə m u r u. Bəli. Burada doğuldum, burada böyüdüm. Atam da buralı idi. O da dəmiryolçu idi...

K i ş i. Yəni, bu, ata sənətinizdi?..

V a ğ z a l M ə m u r u. Bəli. Gərçi, o mənim mühəndis olmağımı istəyirdi. Kasıbçılığın üzü qara olsun... Oxuya bilmədim...

K i ş i. Məktəbə göndərmədilər?

V a ğ z a l M ə m u r u. Yox... Amma atam oxumağım üçün canını da verərdi... Anam isə, on altı yaşında, özü hələ uşaq ikən uşaq əmizdirməyə başlamışdı... Bir gözlü otaq... Dörd qardaş... Bir yataq... Vəziyyət belə idi... Nə bilim, bəlkə bizdə də bir təqsir var idi?.. O zaman bu günü heç düşünmədik...

K i ş i. Atanız sağdımı?

V a ğ z a l M ə m u r u. Yox... Vəfat edib...

K i ş i. Nə vaxt?..

V a ğ z a l M ə m u r u. Mən on yeddi yaşımda olanda...

K i ş i. Sağ olsaydı, yəqin ki, qürur duyardı oğlu vağzal müdiri olduğuna görə.

V a ğ z a l M ə m u r u (lağla). Heç demə!.. Qatarı gəlməyən vağzalın müdiri!..

Araya səssizlik çökür.

V a ğ z a l M ə m u r u. Amma oğlum mühəndis olacaq, inşallah.

K i ş i. Barı, yaxşı oxuyurmu?

V a ğ z a l M ə m u r u. Böyük yox... Kiçik çox ağıllıdı... Hələ məktəb yaşı çatmayıb, amma bəllidi ki, adam olacaq... Oxuyacaq... Mühəndis olacaq... Yeni lokomotivlər kəşf edəcək, makinaların dilini biləcək, daha üzlərinə maddım-maddım baxmayacaq... Sizin dinlədiyiniz musiqidən də başı çıxacaq. Siz, «Dinləmək istəyirsinizmi?» dedikdə, «Hə, bu, şey deyilmi?..» deyəcək... Nə idi adı?

K i ş i. «Rusalka».

V a ğ z a l M ə m u r u. Hə, hə... «Bu, «Rusalka» deyilmi?» deyəcək, deyəcək ki, məndə bunun lap əlası var... Qatarı gözləyərkən, bax, burada, bu skamyada əyləşib, kitabını açacaq... Sonra, bəlkə də, vağzal məmuru ilə tanış olub, söhbət edərkən, “mənim atam da dəmiryolçu idi” deyəcək... Çox istəyirdi ki, mühəndis olum... Deyəcək ki, yaxşı oxumağım üçün canını verirdi.

K i ş i. Və səninlə qürur duyacaq...

V a ğ z a l M ə m u r u. Önəmli deyil. Əsas məsələ odur ki, mən onunla qürur duyacağam!.

Araya səssizlik çökür.

V a ğ z a l M ə m u r u. Gördünüz? Yağış kəsdi. Bir az burada gözləyin, skamyaları qurulayım.

V a ğ z a l M ə m u r u otağına gedir, əlində əski qayıdır, skamyaları

qurulamağa başlayır.

Q a d ı n (Kişiyə sarı dönür). Nə düşünürsünüz?

K i ş i. Bilmirəm... Düzü, utandım... Və bu adamı çox sevdim... Ürəyim qızdı...

Q a d ı n. Mənim də...

V a ğ z a l M ə m u r u skamyaların suyunu silib qurtarır.

V a ğ z a l M ə m u r u. Hə, artıq əyləşə bilərsiniz.

K i ş i. Ay yaşa!

V a ğ z a l M ə m u r u öz otağına gedir. K i ş i ilə Q a d ı n skamyada əyləşirlər.

Bir müddət heç biri danışmır.

K i ş i. Bəli, bu adamcığaza qarşı haqsızlıq etmişəm. O, heç olmasa, həyatını mənalı etmək üçün bir cəhd göstərir. Daha doğrusu, başqa birinin – oğlunun həyatını mənalandırmaqla öz həyatını mənalandırmağa çalışır. (Gülür.) Heç yoxdansa, yenə bu yaxşıdır. Elə deyilmi?

Q a d ı n. Elədir.

K i ş i. Bir də mənim narazılığım insanlara qarşı deyil...

Q a d ı n. Bəs, onda, nəyə qarşıdı?

K i ş i. Onların rəmzlərə çevirdiyi anlayışlara, hökmlərə, qərəzlərə, bizi məhkum edən, sıxıb suyumuzu çıxaran dəyərlərə. Bax, bu adamın – Vağzal Məmurunun tipindən dünyanın hər yerində var: ağ, ya da qara, kişi, ya da qadın, o, ya da bu məzhəbdə, hamısı da ağlasığmaz dərəcədə bir-birlərinə bənzəyirlər. İşin ən qorxulu tərəfi isə budur: ÇOXDULAR... Çox... Yəni... Yəni hakimdirlər... Onlar öz hökm və qadağaları ilə ictimai qınaqları, əxlaqi dəyərləri, hətta sənəti belə formalaşdırırlar. Əqidələrini mütəmadi olaraq beynimizə yeridirlər və düşüncələrimizi nəzarətə götürürlər. Hər şey onların maraqlarına xidmət edir. Hünəriniz var, bir az fərqli düşünün, sizi bağışlamazlar – məhv edərlər. Onların bir düşüncə üsulu vardır – sorğu-sualsız mühakimə etmək! Çünki fərqli düşünsəniz, fərqli görüşlərə, fərqli dəyərlərə sahib ola bilərsiniz... Onlar hər şeydə mütləq şəkildə haqlıdırlar – bu, müzakirə belə oluna bilməz! (Səsini yüksəldir.) O zavallı deyə acıdığınız insancığaz sizin ağanızdır. Həm də, son dərəcə zalım və qəddar ağanız... Minlərcəsi, milyonlarçası bir araya gəldikdə, sizi boğarlar. Zatən, bir araya gəlmələrinə heç ehtiyac da yoxdur, onlar həmişə bir yerdədirlər. Üstəlik, özlərini aciz, gücsüz və zavallı göstərməklə əsil xislətlərini gizlədirlər, amma məqam düşən kimi milyonlarla dişlərini bir anda qırtlağınıza keçirirlər... Xanım, zavallılıq bu dünyanın ağası olduğunu yaxşı bilir. Kölə olduğunu fərq etməyən isə sizsiniz...

Q a d ı n. İndi nə deyirsiniz, dünya ancaq sizin kimi seçilmişlərin olmalıdır? Bəs, kiçik insanlar? Onların boş ümidləri, abdalca vurğunluqları, sevgiləri, alışqanlıqları necə olsun?

K i ş i. Görürsünüzmü, bəşər övladının adi bir məməli olması məsələləsində eyni fikirdəyik. Mənim qəbul etmədiyim şey bu məməlilərin – adamcıqların özlərinə vurulmasıdır!..

Q a d ı n. Axı, niyə də vurulmasınlar? Məgər yer üzündə onlardan daha ağıllı, onlardan daha çox inkişaf etmiş ikinci bir məxluq varmı?

K i ş i. Hə, problem də, bax, budur! O, sadəcə, əldə olanların ən yaxşısıdır, yəni böcəklərlə, qurbağalarla müqayisədə bir dahidir!

Q a d ı n. Bağışlayın, siz bu əldə olanlarla kifayətlənməli olacaqsınız...

K i ş i. Təəssüf ki, elədir. Ən azı, indilikdə... Amma dünyadan elə qüdrətli adamlar gəlib keçib ki, onların xələfləri olmağımıza inanmaq çox çətindir... Deməli, məsələ, insan təfəkkürünün sərhədlərində deyil, bayaq dediyim kimi, zavallılığın hökmüranlığındadır.

Q a d ı n. Amma bu nə hökmüranlıqdır?! (Kassanı göstərir.) Bu kiçik insan nümunəsi tarix boyu sürünmüşdür! Elə indi də sürünür!

K i ş i. Var olmağı – özünü təsdiq etməyi bacarsaydı, sürünməzdi...

Q a d ı n (bezmiş hala). Yox, bu məsələdə sizinlə razılaşmayacağam...

K i ş i. Bu heç vacib də deyil... Bayaq dedim axı: önəmli olan fikri bölüşməkdi...

Bir müddət səssizlik olur.

K i ş i. Amma bir məsələdə haqlısınız. Bu adamcığaza qarşı qəddar olmağım bir həqiqətdir...

Araya səssizlik çökür. K i ş i kitabı götürüb oxumaq istəyir. Q a d ı n başını

yuxarı qaldırıb göy üzünü seyr edir.

Q a d ı n. Yuxu kimidi...

K i ş i. Nədi o yuxu kimi olan?

Q a d ı n. Hər şey... Bu vağzal, 21.15 qatarı, dirəkdəki saat, Vağzal Məmuru, hətta siz... Sanki heç nə gerçək deyil...

K i ş i. Xanım, gerçəkliyin özü də, görürsən ki, çox vaxt bir yuxu imiş, həyat kimi...

Q a d ı n. Həyat kimi? Necə yəni, sizcə, gerçək olan heç nə yoxdu?

K i ş i. Hər şey dərk etdiyiniz və ya dərk edə biləcəyiniz dərəcədə gerçəkdir. Mənim üçün gerçək olan sizin üçün gerçək olmaya bilər. (Səhnənin qaranlıq, arxa tərəfini göstərir.) O adamı görürsünüzmü?

Q a d ı n. Hansı adamı?

K i ş i. Oradakı, ayaq üstə duran adamı... baxın...

Q a d ı n. Orada adam-filan yoxdu!

K i ş i. Adam yoxdu deyirsiniz, çünki görmürsünüz. Halbuki mən görürəm. Gerçəkdən başqa bir gerçək olmadığı və orada adam-filan görmədiyiniz üçün sizə görə mən yalançı vəziyyətinə düşürəm...

Q a d ı n. Hər halda, elədir...

K i ş i. Mənim, həqiqətən də, orada adam gördüyümü təsdiq edə bilməzsiniz?

Q a d ı n. Necə? Olmayan adamı...

K i ş i. Olmayan adamı nədi? Sadəcə, siz görmədiyiniz üçün belə hökm verdiniz, özü də dərhal – bir anın içində!

Q a d ı n. Canım, bəsdirin! Həm deyirsiniz ki, bura... (Birdən sözü ağzında qalır, gözü səhnənin arxa tərəfinə dikilir. İşıq İkinci kişinin üstünə düşür) Bəli... Oradadır...

K i ş i. Kim?

Q a d ı n. Adam...

K i ş i. Hanı? Mən görmürəm...

Q a d ı n. Necə görmürsünüz? Orada, ayaq üstə dayanıb... Sanki, bizim kimi, qatar gözləyir...

Bu zaman İ k i n c i K i ş i n i n üstünə düşən işıq sönür. İ k i n c i K i ş i qeyb olur.

K i ş i. Hanı?

Q a d ı n (duruxur). Orada idi...

K i ş i. Eeeee?

Q a d ı n. Amma yox oldu...

K i ş i. Rollarımızı dəyişdik – indi siz gördünüz, mən yox... Lütfən deyin, hansımız doğru, hansımız yalan danışırıq?

Q a d ı n. Bilmirəm... (Bir müddət susur.) Sizcə, əsil gerçəyi necə üzə çıxarmaq olar?

K i ş i. Güvənə biləcəyimiz bircə yol var - elm... Düzdü, elmdə də mütləq gerçəklik anlayışı yoxdur. Bu günlük gerçəklik vardır. Elm hər şeyə - tarix boyu istinad edilən «mütləq gercəklik»lərə, ehkamlara, zorla qəbul etməniz istənilən bütün inam sistemlərinə şübhə ilə yanaşır.

Q a d ı n. Çox yaxşı, bəs, onda, elm özü nəyə istinad edir? Yenə də insanın duyğularına, müşahidələrinə, tədqiqatlarına?..

K i ş i. Elədir. Amma elm deterministdir.

Q a d ı n. Bu nə deməkdir?

K i ş i. Yəni, elm daha çox dönə-dönə aparılan təcrübələrə, araşdırmalar zamanı əldə edilən nəticələrə söykənir. Məsələn, siz orada bir adamın olduğuna, mən də olmadığına and-aman etsək də, xeyri yoxdu, elm hanzımızın haqlı, hansımızın haqsız olduğunu müəyyən etmək üçün hər ikimizin iddiasının təkrarlanmasını və izlənilməsini tələb edəcək və bundan sonra bir fikrə - qənaətə gələcək.

Q a d ı n. Siz elm adamısınız?

K i ş i (bir qədər duruxur). Yox... Daha doğrusu... Baxın, nə mən sizin adınızı bilirəm, nə də siz mənim... Bir qadın və bir kişi olaraq fikirlərimizi bölüşürük... Qeydsiz-şərtsiz bir dostluq, elə deyilmi?.. Bir düşünün və hesab edin ki, mən bir vəkiləm, ya da bir meyvə satan, bir elm adamı, bir məmur, bir elektrik, ya da qadın ticarəti ilə məşğul olan bir adam. Onda mən eyni «mən» olaraq görünəcəyəmmi gözünüzdə? Yox! (Gülür.) Odur ki, indiki halımdan çox razıyam... Yəqin ki, elə siz də...

Q a d ı n. Haqlısınız ... Qadın ticarəti ilə məşğul olan adamla...

K i ş i onun sözünü kəsir.

K i ş i. Ya da qısa adı ilə...

Q a d ı n. Yox, elə bütöv – qadın ticarəti ilə məşğul olan adam deyək... Nə isə... Mən elm adamı olmanızı istərdim...

K i ş i. Elə mən də...

Bir müddət araya səssizlik çökür.

Q a d ı n. Bu adama nə oldu?

K i ş i. Hansına – sizinkinə, yoxsa mənimkinə?

Q a d ı n. Canım, eyni adamdılar...

K i ş i. Hardan bilirsiniz? Bəlkə heç elə adamlar yoxdu?

Q a d ı n. Bəlkə də...

Yenə bir müddət araya səssizlik çökür.

Q a d ı n. Biz az əvvəl elə özündən razı, hər şeydən xəbərdar və zəhmli görkəminiz vardı ki, nə işin sahibi olduğunuzu soruşmağa ürək eləmirdim.

K i ş i. Bunu bir iltifat kimi qəbul etməməliyəm, eləmi? Yəni, elə yaşlılar var ki, günlərini nəsihət verməklə keçirirlər: «Övladım, yolu kəsirsən», ya da «Siz o qapını bir də elə bərk örtsəniz, xarab olar, başqaları istifadə edə bilməzlər».

Q a d ı n. Nə olar, inciməyin... Sizi sancmaq fikrim yox idi... Sadəcə, duyğularımı yalnış ifadə etdim... Yəni, nə bilim, demək istəyirdim ki, çox görmüş-götürmüş, bilikli adama oxşayırsınız...

K i ş i. Yox... Rica edirəm... əslində, danışmalı elə bir qeyri-adi həyatım olmayıb. Hamı kimi yaşamışam, sevmişəm, sevilmişəm, aldanmışam, aldatmışam, qısacası, uğurlar, uğursuzluqlar, böyük sevinclər, böyük üzüntülər, çox uzaqlarda – keçmişdə qalmış xoşbəxtliklər, acgözlüklər, fədakarlıqlar, ən ümdəsi də, öz-özümə söylədiyim yalanlar, yaxşılıqlar, pisliklər, gözəlliklər və qısqanclıqlarla dolu bir həyat... Eynən sizinki kimi... Amma mən tutduğun hər işdə haqlı olduğumu düşünürdüm...

Q a d ı n. Bir dəqiqə, yəni, kim oluruqsa-olaq, həyat tərzini özümüz seçmirikmi?

K i ş i. Baxın, indi dediklərim nədir? Sadəcə, standart bir həyat çərçivəsi! İnsanı var edən isə yalnız öz seçimidir. Bəşər övladına, fərqində olmasa da, sonsuz bir azadlıq bəxş edilmişdir...

Q a d ı n (istehzalı tərzdə). Bu sonsuz azadlığımızla nə zaman gəlib çıxacağı bəlli olmayan bir qatarı gözləmək məcburiyyətindəyik...

K i ş i. Xeyir, azadlığımız bizə rol bəxş edir. Və bu rolu yaxşı oynamaq üçün sonsuz imkanlar mövcuddur. Biz azadlığımızdan istifadə etməklə, görəcəyimiz işləri müəyyənləşdiririk və bu işlər vasitəsilə özümüzü var edirik.

Q a d ı n. Ya da etmirik!

K i ş i. Bəli, azadlığınızdan doğru-dürüst, həm də vaxtında istifadə etməsəniz, var ola bilməzsiniz. Azadlıq bu gündən sabaha saxlanılmır. Olsa-olsa xərclənir... Və bu var olmaq savaşında peşmançılığa yer yoxdur. Yaşamaq böyük məsuliyyət daşımaq deməkdir. Gördüyünüz işin, atdığınız addımın hesabını öz-özünüzə verməlisiniz.

Q a d ı n. Sizə qalsa, biz bu anda da azadıq, eləmi?

K i ş i. Heç şübhəsiz!

Q a d ı n. Bu necə azadlıqdır ki, kiçicik bir vağzalda ilişib qalmışıq. Bu, qəlbinizdə bir məhkumluq duyğusu oyatmırmı?

K i ş i. Baxın, bu vağzalın sərhədlərini çəksək, dünya iki hissəyə bölünər. Bu hissələrdən biri bizimkidir.

Q a d ı n (istehza ilə). Amma nə ədalətli bölgüdür!..

K i ş i. Niyə də ədalətli olmasın?

Q a d ı n. Bu hesabla dünyanın necədə neçəsi bizimdi?

K i ş i. Əla! Deməli, əsas məsələ az şeyə yox, çox şeyə sahib olmaqdadır, hə?.. Gözümüz kiçik yox, böyük olandadı?.. Sizcə, bu acgözlük deyilmi?

Q a d ı n. Ola bilər... Amma insan təbiətən belə yaradılıb... O, daha çox şey əldə etmək üçün cəhd göstərməsə, irəli getməz - yerində sayar.

K i ş i. Məncə, insan əldə etdiyi yüksək dəyərlərə görə acgözlüyə borclu deyil. Sizdən adi bir şey soruşum: tutaq ki, mən nağıldakı cinəm və sehrli çıraqdan çıxıb qarşınızda dayanmışam. Məndən ağlabatan bir şey – yəni, cavanlıq, xoşbəxtlik, çoxlu pul yox – yenə deyirəm, məhz ağlabatan bir şey – nə istəyərdiniz?

Q a d ı n Nə bilim... Elə qəfildən soruşdunuz ki...

K i ş i (gülür). Xanım, cin bir həftə qabaqcadan vədələşib gəlmir insanın yanına...

Q a d ı n (o da gülür). Yaxşı, bir gözəl ev istəyərdim, geniş baxçalı.

K i ş i. Gördünümzü, həyatda, bəlkə də heç vaxt qarşınıza çıxmayacaq bu fürsəti son dərəcə lüzumsuz şəkildə xərclədiniz... Ev nədir, bir düşünsənizə?!

Q a d ı n. Sizcə nədir?

K i ş i. Bir böyüdücü şüşə götürün və bu nəhəng kainatın kiçik bir hissəsi olan qalaktikaya baxın. O milyonlarla işıqlı nöqtələrin arasında Günəşimizi tapın. Yer kürəmiz onun ətrafında fırlanan xırda planetlərin arasındadır. Əgər, daha böyük böyüdücü şüşə ilə baxsanız, Yer kürəsindəki qitələri, ölkələri, hətta şəhərləri də görə bilərsiniz.

Q a d ı n. Deyək ki, gördüm... Nə olsun?

K i ş i. Bax, orda, o şəhərlərdə saysız-hesabsız beton qutular var. Bəşər övladı bunlara ev deyir. Hər səhər milyonlarla insancıq bu beton qutulardan çıxıb, metal qutucuqlara minir. Bu metal qutucuqlar hərəkətlidir... maşın, avtobus, tramvay, troleybus, qatar, hər nəsə... Bu metal qutucuqlar onları başqa beton qutulara aparırlar. Buralar iş yerləri, məktəblər, dükanlar, xəstəxanalar, daha nə bilim, nələrdir. Sonra axşam düşəndə bu insancıqlar yenə metal qutulara minib beton qutulara qayıdırlar və bu ritual onlar daha kiçik bir qutu içində torpağa gömülənə qədər davam edir. Sizcə, hal bu ikən, dünyadan gözəl bir ev istəməyin mənası...

Q a d ı n. Başa düşdüm... Yaxşı, bəs, siz cindən nə istəyərdiniz?

K i ş i. Çırağa – yerinə qayıtmasını...

Q a d ı n. Bəşər övladının mənasız hərisliyi məsələsində haqlısınız. Amma yenə də mənim əsas sualıma cavab vermədiniz.

K i ş i. Nə barədə?

Q a d ı n. Azadlığımız barədə!

K i ş i. Azadlığımız ətrafımızdakı şəraitlə bağlı deyil.

Q a d ı n. Bəs nə ilə bağlıdır?

K i ş i (başını göstərir). Bununla, daha doğrusu, bunun içindəki ilə... Ən qiymətli bədən üzvümüzlə... Ən qiymətli olduğuna görə də ən az işlətdiyimiz şeylə... Ruhən və cismən var olmaq üçün göstərdiyimiz cəhdin səbəbi və mexanizmi ilə...

Q a d ı n Çox xoşuma gəldi! Yəni, həyatın mənası... Yəni var olmaq cəhdi...

K i ş i. Burada qınanan tamamilə başqa şeydir...

Q a d ı n. Başqa şey - yəni nə?

K i ş i. Əbədiyyətə cəhd... Sonsuza qədər var olmaq həsrəti... yəni ölümsüzlük... Unutmayın ki, kainatın belə sonu vardır.

Q a d ı n. Bu sizi qorxutmur?

K i ş i. Var olduğum müddətcə yox...

Q a d ı n. Bəs, yox olduğunuz vaxt?

K i ş i. O zaman bu problemlə maraqlanan bir «mən» olmayacaq…

Araya səssizlik çökür.

Q a d ı n (Kişiyə baxıb, gülür). Heç inanmağım gəlmir.

K i ş i. Niyə?

Q a d ı n. Yox, deyəsən, anladım... Anladım və inandım...

K i ş i də gülümsəyir. Sonra kitab oxumağa başlayır. Beləcə bir müddət araya səssizlik çökür. V a ğ z a l M ə m u r u otağından çıxıb, ağır addımlarla onlara yaxınlaşır. Sonra cibindən bir siqaret çıxarıb yandırır.

V a ğ z a l M ə m u r u. Yağışdan sonra yaxşı sərinlədi.

Q a d ı n. Kaş, şaxta düşməyə...

V a ğ z a l M ə m u r u. Yox, elə soyuq olmur buralarda.

K i ş i. Bizimlə otursana... Siqaretini rahat çək...

V a ğ z a l M ə m u r u. Telefon zəng çalsa, gərək dərhal gedəm. Odur ki, ayaq üstə olsam yaxşıdır. Bizim bu sənət belədir ki, həmişə gözdə-qulaqda olmalısan. Telefonun zəngini eşitməsən, qrafik pozular – bütün səfərlər alt-üst olar.

Q a d ı n. Hansı səfərlər?

V a ğ z a l M ə m u r u. Onu mən bilə bilmərəm. Hansı səfərlər uyğun götürülərsə, onlar... Amma mən həmişə hazırlıqlı olmalıyam – 21.15 qatarı hər an gələcəkmiş kimi... İşim budu... əslində, vağzalın girəcəyində bir də makas olsaydı... Düzdü, mənim üçün çətin olardı, amma nə bilim, bəlkə də, çətin olmazdı...

K i ş i. O makas nədən ötrüdü?

V a ğ z a l M ə m u r u. Necə yəni nədən ötrüdü? Makas olsa, bir də bura iki lövhə asardıq: Birinci perron, İkinci perron.

K i ş i. Amma vağzal eyni vağzal, qatar da eyni qatardı...

V a ğ z a l M ə m u r u. Nə olsun ki! İki perronlu bir vağzalın şefi olmaq elə-belə şeydi?! Alaram əlimə makası, (göstərir) beeeelə deyərəm, 21.15 qatarı ikinci perrona doooooğru! Ya da fikrimdən vaz keçə bilərəm, heç toxunmaram makasa, deyərəm, 21.15 qatarı haydı birinci perona dooooğru!.. Bir düşünün, mən hara istəsəm, o boyda qatar da ora gedər!.. Amma bəzən də öz-özümə deyirəm: sənin işin yoxdumu, Allah xatirinə? Bir də gəl makasla əlləş, sonra bunun hələ bir anons vermək məsələsi də var, insanlar bilməlidirlər ki, qatar hansı perrona gələcək ki, orada gözləsinlər. Bu qədər işin içində bir də al mikrafonu əlinə, de ki, «Hörmətli sərnişinlər, 21.15 qatarı» ikinci perrona daxil olur... Birdən perronları dəyişik salsam?... Qərəz, dərdsiz başıma dərd...

K i ş i. Amma yenə də mənə elə gəlir ki, istəyirsən...

V a ğ z a l M ə m u r u. Nəyi?

K i ş i. Beeeeelə iki perronlu bir vağzalı... əlinin altında bir də makas...

V a ğ z a l M ə m u r u. Əslində, mən işləməkdən qorxmuram... Burada on dörd perron da olsa, öhdəsindən gələrəm. Amma baxaq də, qismətdirsə, olacaq.

K i ş i. Nə qismət olacaq? İki perronmu, on dörd perronmu?

V a ğ z a l M ə m u r u. Onu mən bilə bilmərəm. Qismətdirsə, yüz on dörd də ola bilər...

K i ş i. Nə asandı!

V a ğ z a l M ə m u r u. Anlamadım.

K i ş i mənalı-mənalı V a ğ z a l M ə m u r u n u n üzünə baxır. Birdən otaqdan

telefon zəngi eşidilir.

V a ğ z a l M ə m u r u. Telefon zəng çaldı!

K i ş i. Mən də eşitdim!

Telefon bir də zəng çalır. V a ğ z a l M ə m u r u qaça-qaça otağa gedir.

Qadın həyəcanlanır.

Q a d ı n. Telefon bir də zəng çaldı, deyəsən, qatar gəlir...

K i ş i. Xanım, həyəcanlanmayın, necə olsa, gələcək. Bu telefon zəngindən sonra olmasa da, o birisində...

V a ğ z a l M ə m u r u otağından çölə çıxır, həyəcanla kaskasını geyinməyə başlayır, əlində dəmiryol

çubuğu, səhnənin arxasına, platformanın kənarına yüyürərkən qatarın fiti eşidilir.

Q a d ı n (həyəcanla qışqırır). Gəlir! Budur, gəlir! Tərpənsənizə! Şey-şüyünüzü hazırlayın!

K i ş i. Hazırlamalı bir şeyim yoxdu. Həm də, o çamadanı əziyyət çəkib sürütləməyin, 21.15 qatarına yük götürmürlər!..

Q a d ı n (Kişinin nə dediyini sanki eşitmir. Həyəcanlı halda, camadanını sürütləyə-sürütləyə, platformanın arxa tərəfinə keçərkən). Gəlsənizə!

K i ş i yerindən qımıldanmır. Birdən işıqlar sönür. Sürətlə gəlib keçən bir qatarın fit səsini xatırladan bir səs vağzala yaxınlaşdıqca güclənir, vağzaldan uzaqlaşdıqca zəifləyir. Səhnənin arxasındakı divara sanki sürətlə keçib gedən qatarın açıq pəncərələrindən işıqlar düşür. Tamaşaçıların qulağına relslərə dəyən təkərlərin səsi gəlir. Birdən işıqlar itir, relslərə dəyən təkərlərin səsi get-gedə uzaqlaşır və nəhayət, gecənin qaranlığında əriyib yox olur. Səhnə təkrar işıqlananda, Q a d ı n çaşqın halda görünür. O heyrət içində V a ğ z a l M ə m u r u n a baxır. K i ş i artıq yoxdur. Kitabı və walkmanı bir az əvvəl əyləşdiyi skamyanın üstündədir.

Q a d ı n. Dayanmadı!

V a ğ z a l M ə m u r u (bezmiş halda, geriyə - otağına gedərkən). Zatən heç dayanmır...

Q a d ı n hələ də çaşqınlıq içindədir. O, geriyə dönüb, K i ş i n i n yerində olmadığını görür.

Q a d ı n. Yaxşı, bu bəy hara getdi?

V a ğ z a l M ə m u r u. Hansı bəy?

Q a d ı n. Necə yəni hansı bəy? Burada əyləşən, birlikdə söhbət etdiyimiz...

V a ğ z a l M ə m u r u (çiyinlərini çəkir) Xanım, nə bəy? Burada bəy-filan olmayıb...

V a ğ z a l M ə m u r u otağına gedir. Q a d ı n ağır addımlarla K i ş i n i n bir az əvvəl əyləşdiyi skamyaya tərəf gedir və kitabı əlinə alıb, səhifələri yavaş-yavaş çevirir. Bu vaxt İ k i n c i K i ş i səhnənin sol tərəfindən ağır bir camadanı sürüyə-sürüyə gəlir.

İ k i n c i K i ş i (tələsə-tələsə). Bağışlayın, 21.15 qatarı keçdi?

Q a d ı n başını qaldırır, gülümsəyir.

Q a d ı n. Hələ yox.

İ k i n c i K i ş i. Gecikir?

Q a d ı n. Yox... Gecikmir...

İ k i n c i K i ş i. Necə gecikmir? (Saatı göstərir). Saat 21.15-dir.

Q a d ı n. O həmişə 21.15-i göstərir.

İ k i n c i K i ş i. Necə yəni? Bu qatar həmişəmi gecikir?

Q a d ı n. Bilmirəm... Heç kəs də bilmir... İndiyə qədər heç gəlmədi ki, bilək...

İ k i n c i K i ş i çaşqın halda çamadanını çəkə-çəkə Q a d ı n ı n əyləşdiyi skamyaya yaxınlaşır. Q a d ı n əlindəki kitabı bir kənara qoyub, walkmanı işə salır və qulaqlığı taxır.

Sonra başını arxaya verib, gözlərini yumur, işıqlar sönür və bir azdan onun üstünə sarı işıq düşür. Rusalkanın ariyası eşidilir. Q a d ı n ı n üstünə qar dənəcikləri yağmağa başlayır.

P ə r d ə

Tərcümə edən: Dilsuz

# 2567 dəfə oxunub

Oxşar xəbərlər

Ailə, din riyakarlığın mənbəyidir... - Səsvermə hüququndan məhrum olunmuş rejissor

Ailə, din riyakarlığın mənbəyidir... - Səsvermə hüququndan məhrum olunmuş rejissor

21:00 26 noyabr 2024
857 saatlıq film nədən bəhs edir?

857 saatlıq film nədən bəhs edir?

18:45 26 noyabr 2024
“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

09:39 25 noyabr 2024
Aktrisa yeni serialda - "Kral kaybederse"

Aktrisa yeni serialda - "Kral kaybederse"

09:37 25 noyabr 2024
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
# # #