Kulis.az Orxan Həsəninin "Kiyarüstəminin evi haradadır?" adlı yazısını təqdim edir.
Türkiyədə baş verən zəlzələ məni yasa boğdu. Bir gecədə minlərlə insan beton blokların altında dünyadan köçdü, on üç milyon ləm-yesir qaldı. Məlum oldu ki, sakinlər dözümsüz binalarda illərlə kəfənini boğazına dolayıb yaşayırmışlar. Zəlzələ vurmuş şəhərlərin daşı-daş üstündə qalmamış mənzərələrini canlı yayımlarda anbaan seyr elədikcə həm qatı təəssüf duyur, insanın təbiət qarşısında acizliyinə şahid olub içəridən təklənir, həm də məşhur İran rejissoru Abbas Kiyarüstəminin “Kokər trilogiyasını” xatırlayırdım. Çox sevdiyim Kiyarüstəminin hər üç filmi Gilan vilayətinin Rüstəmabad şəhərinə bağlı olan, əsasən əkinçiliklə məşğul Kokər kəndində cərəyan edir.
Trilogiya adını bu kənddən götürür.
Əvvəla onu deməliyəm ki, Abbas Kiyarüstəmi inqilabdan sonraki Yeni İran filminin ən görkəmli nümayəndələrindən biridir. Özünəməxsus film dili olan Kiyarüstəmi həyat və ölüm, sənət və gerçəklik mövzularının arxasınca düşür, ağır çəkili mövzuların öhtəsindən layiqincə gəlir. Onun filmlərində nəzərə çarpacaq dərəcədə qeyri-müəyyənlik, sadəlik və mürəkkəbliyin qeyri-adi qarışığı hökm sürür. Və çox vaxt bədii və sənədli elementlərin ahəngini görürük. Əlindəki texniki imkanların məhdudluğuna baxmayaraq onlardan ustalıqla istifadə edir. Elə buna görə müəllifin diqqəti ilk cəlb eləyən əsas məziyyəti sadəliyində gizlənmişdir. Müəllif olduqca ağır mövzuları olduqca sadə situasiyaların tavasında bişirib hazır şəkildə tamaşaçıların boşqabına çəkir. Ol səbəbdən bu filmlər yarı sənədli, yarı fiksiya təsiri bağışlayır.
Sənət bütün insanlığı birləşdirir, məsafələri qısaldır, uçurumun bir ucundan o biri ucuna körpü çəkir, elə buna görə, məncə, Türkiyədə baş verən faciəvi təbiət hadisəsini Kiyarüstəminin film perspektivindən dəyərləndirə bilərik.
Trilogiyanın ilk filmi “Dostumun evi haradadır?” 1987-ci ildə nümayiş olunmuşdur. Kiyarüstəmi üçün film məkanı olduqca əhəmiyyətlidir. O, filmin çəkilişinə razılıq verdikdən sonra (ssenari müəllifi olsa da, əvvəl-əvvəl rejissorluq niyyəti yoxdu) gizlidən-gizliyə əyalətdə müxtəlif kəndləri göz altı eləməyə başlayır. Bir gün rejissor dostu onu Kokərlə tanış edir və burda sakinlərin danışığı rejissorun xoşuna gəlir. Beləliklə filmi Kokərdə çəkməkdə qərar qılır.
“Dostumun evi haradadır?” birinci sinif şagirdi Əhməd Əhmədpurun sinif yoldaşı Məhəmməd Rza Nemətzadənin dəftərini qaytarmaq üçün qonşu kəndə piyada yollanmasından və sinif yoldaşının evini axtarmasından bəhs edir. Səhnə məktəbdə başlayır. Onu da vurğulamaq lazımdır ki, müəllifin uşaqlar barəsində çəkdiyi bütün filmlərdə məktəb və ev əsas məkan arxetiplərindən biridir.
Müəllim Nemətzadəni ev tapşırığını yazmadığı üçün danlayır. Əgər Nemətzade ev tapşırığını sabah da yazmasa, məktəbdən qovulacaq. Dostunun dəftərini çantasında bilmədən evə gətirən Əhmədpurun vicdanı sarı sim təki titrəyir. Beləliklə birinci sinif şagirdi dostunun qonşu kənddəki evinin axtarışına çıxır. Lakin birdən-birə vicdanı sinəsinə sarı sim təki titrəyən Əhmədpurun axtarışı sufiyanə hekayəyə çevrilir.
Filmin adı məşhur İran şairi Söhrab Sepehrinin şeiri ilə eynilik təşkil edir. Kiyarüstəminin bədii aləmində poeziya xüsusi yer tuturdu. Həm çoxlu əzbər şeirlər bilir, həm də özü yazırdı. Hətta bir neçə filmi şeir adlarından götürülmüşdür.
Söhrab Sepehri “Dostun evi haradadır?” şeiri mistik şeirdir və onu əhatə edən mistisizm, oyatdığı orta əsr poeziyasına xas əhval filmin motivi ilə, doğrudan da, uzlaşır.
Əhmədpur dostunun dəftərini qaytarmaq üçün qoşu kənd Poştehə yollanarkən vizual olaraq ziqzaq cığırlı təpəylə qalxır. Təpənin üstündə tək ağac ucalmışdır. Bu mənzərə ilə filmin posterində də qarşılaşırıq. Təpə mistik Qaf dağını xatırladır. Yəni insanın ilahi olana gedən çətin, keşməkeşli yolu. Sufilər “Dost” sözündən Allahı ifadə etmək üçün istifadə edir, eyni zamanda bu termini pirə, ruhani ustad və ya bələdçiyə də şamil edirlər.
Əhmədpur “dostunu” tapa biləcəkmi? Bu sual film boyu tamaşaçını şəfqət və mərhəmət hissiylə müşayiət edir.
Əlbəttə, bu filmin mistik alleqoriya əsasında tərtib olunduğu mənasına gəlmir. Süjet alleqoriyalarsız da gözəl və təsirlidir. Lakin orta əsr İran mədəniyyətinə hali olan müəllifin bu işarələrdən istifadə eləməsi istisna edilmir.
“Dostumun evi haradadır?” filmi Əmir Naderinin “Qaçış” (1984) və Bəhram Beyzainin “Balaca qərib Başu” (1986) filmləri ilə birlikdə dövrünün üç məşhur şedevrindən biri kimi adını sənət tarixinə həkk etmişdir. Beləliklə, bu filmlərdən sonra dünyada İran filmlərinə diqqət artmağa başlamışdır.
1990-cı ilin iyununda Kiyarüstəminin əlli illik yubileyi ərəfəsində baş verən “Mənjil-Rudbar” adlı zəlzələ Kokerin ətrafını viran etdi, iyirmi mini uşaq da daxil olmaqla, əlli min insan həlak oldu.
Zəlzələdən sonra Abbas Kiyarüstəmi “Dostumun evi haradadır?” filmində rol alan kəndli uşaqların taleyini öyrənmək üçün on bir yaşlı oğlu Bəhmənlə birgə qəzalı bölgəyə səyahətə çıxdı. İndi qiyaməti görmüş yollar, kəndlər dağılıb yerlə bir olmuşdu. Daha sonra rejissor Almaniyadaykən tamaşaçılardan biriylə səfər barəsində söhbətləşir və kimsə ona bu səfərindən film çəkməyi təklif edir. Təklif müəllifin ağlına batır. Özünü və oğlunu canlandıran iki nəfər aktyorla birgə zəlzələ bölgəsinə yenidən yollanır.
“Və həyat davam edir” filmi beləcə doğulur.
“Dostumun evi haradadır?” filmində konkret süjet, obrazın aydın motivasiyası ilə qarşılaşdığımız halda bu filmdə əvvəl-əvvəl heç nə məlum olmur. Görünən maşında oğluyla səyahətə çıxan orta yaşlı kişidir. O, maşınını xarabalığın arasından sürdükcə kamera zəzlənənin necə faciəvi olduğunu göstərir. Məhv olan binalar, məhv olan talelər, uçulan, bağlanan yollar, təlaşlı hərbçilər, sonsuz tıxaclar sanki bizə faciənin miqyasını göstərir. İndi Türkiyədə baş verən zəlzələnin acı fəsadlarını canlı yayımlarda izlədikcə filmin sənədli səhnələrini xatırlayıram və anlayıram ki, dünyanın hansı ucunda olur olsun insanın təbiət qarşısında acizliyi oxşardır. Uçan binaların qalıqları altındakı canların mərhəmət uman nidaları eynidir, bu qədər ölümün və faciənin arasında birdən-birə ətə qana yığılıb yaşamaq üçün adama stimul verən ümid eynidir, insanların uzanan kömək əli, o əlin etibarı eynidir, acizlikdən qan çanağı olan ürəklər eynidir. Ancaq bunlara baxmayaraq həyat davam edir.
Zəlzələ bölgəsində 1990-cı ilin futbol üzrə dünya çempionatı ən aktual söhbətdir. Brazilya və Argentina arasında olan finala baxmaq üçün televizorun antenasını düzəldən adam belə deyir: “Mən bütün ailəmi zəlzələdə itirmişəm, amma nə edə bilərəm? Dünya Kuboku yalnız dörd ildən bir keçirilir... Həyat davam edir." Ölənlər öldü, heç olmasa qalanlar həyatı mükafat kimi görməli və məhəbbətlə yaşamlıdırlar.
Sonrakı hissələrdə məlum olur ki, orta yaşlı kişi “Dostumun evi haradadır?” filminin rejissorudur və o, filmin uşaq qəhrəmanlarının axtarışına çıxıb. Bütün yolların dağılıb kəndin uçqun altında qalması onun işini lapdan çətinləşdirir. Yolda müxtəlif adamlarla, müxtəlif talelərlə qarşılaşır və gəlib nəhayət Kokərlə qonşu olan kəndə çıxır. Filmin sonu əslində son təsiri bağışlamır. Kiyarüstəmi çox filmində finalı tamaşaçıların ixtiyarına buraxır. Lakin bu filmdə mənə görə filmin əvvəl və sonu o qədər də əhəmiyyətli deyil. Resjissorun yeganə niyyəti həyatın bütün böyük faciələrə rəğmən davam etməsini və insanın bir toxum kimi düşdüyü torpaqda yenidən cücərməsini göstərməkdir.
“Və həyat davam edir” başqa bir filmi yaratdı. Burdakı səhnələrin biri gənc ailədən bəhs edir. Onlar zəlzədən bir gün sonra ailə həyatı qurublar. Bütün qohumları dağıntılar altında qalıb vəfat edib deyə heç kimin qınağına tuş gəlməyiblər. Hüseyn adlı ər obrazının düşüncəsinə görə bu dini cəhətdən düzgün olmasa da, evlənmək, nəsil artırmaq faciəyə qarşı ən gözəl reaksiyadır. Onu da xatırlatmalıyam ki, Kiyarüstəmi demək olar əksər filmlərində anti-aktyorlara, əsasən çəkilişin getdiyi məkanın sakinlərinə müraciət edir. Müəllif dörd dəqiqəlik səhnəni çəkərkən qız və oğlan arasında soyuqluq hiss eləyir. Və məlum olur ki, gerçəkdən onlar arasında münasibət var. Münasibət dedikdə, oğlanın qızdan xoşu gəlir, qız isə oğlanı bəyənmir. Qız təhsil almaq, savadlı olmaq arzusundadır, oğlan isə ustadır, evlərin içini bəzəməklə məşğuldur. Oğlan qızı savadlı olmaq istədiyi üçün sevir və evlənmək istəyir, qız isə oğlan savadsız olduğu üçün ondan uzaq durur və soyuq davranır.
“Zeytun ağaclarının altında” filmi “Və həyat davam edir” filminin çəkiliş prosesindən bəhs edir. Filmin mərkəzində iki nəfər gəncin hekayəsi dayanır. Zəlzələnin vurub pərən saldığı insanların məhrumiyyətlərlə dolu həyatı bu filmdə də özünü açıq-aydın göstərir. Hüseynin Tahirəyə məhəbbəti qarşılıqsız olsa da, o Tahirənin zəlzələdə vəfat edən ailəsinin “qırx” gününü xatırlayır. Bu səhnədə müəllif ilk dəfə vizual fləş-bəkdən istifadə edir. Tahirə uzaqdan Hüseynə sadəcə bir dəfə baxıb və Hüseyn bunu böyük məhəbbətin ilk qığılcımı hesab eləyib. Hüseynə görə baxış təsadüfi ola bilməz. Elə buna görə bir baxışın ipindən tutub Tahirənin etinasızlığına məhəl qoymadan daim ona məhəbbətini ifadə edir.
“Kokər trilogiyası” bizə böyük faciələrin fonundakı kiçik insanların taleyini göstərir. İnsanlar böyük faciənin acısından xilas olmaq üçün bir-birinə sığınmaq istəyirlər. “Dostumun evi haradadır?”-da birinci sinif şagirdi dostunun evini axtarmaqla onu sanki gələcək bədbəxtlikdən (zəlzələ?) qorumaq üçün çırpınır. “Və həyat davam edir”-də rejissor köhnə, uşaq dostlarının axtarışına çıxıb, bəlkə, onlara kömək əlinin uzanacağını düşünür. Bu axtarış onu müxtəlif hadisələrlə qarşılaşdırıb qeyri-müəyyən əhvala salır. “Zeytun ağaclarının altında”-da Hüseynin Tahirəyə məhəbbəti baş vermiş faciənin fonunda həyata, yaşamağa, artıb-çoxalmağa olan ümidi ifadə edir. Bu olduqca çətindir. Çünki könülsüz Tahirənin ürəyinin boşluğu baş verən faciənin böyüklüyünə işarədir. Burda dialektik proses başlayır. Həyat qazanacaq, yoxsa ölüm?
Türkiyədəki zəlzələni düşünürəm. Böyük faciələr insanları beləcə birləşdirir. Əlbəttə, zəlzələnin qarşısını almaq mümkün olmasa da, binaları daha sağlam ucaltmaq mümkün idi və bu itkilərin sayını xeyli azaldardı. Türkiyə cəmiyyətinin bu böyük faciənin öhtəsindən gələcəyini düşünürəm və inanıram ki, günahı olanlar, əli minlərlə insanın qanına batanlar cavab verəcəklər.
İndi hamı bir faciənin ocağında qızınmağa, həyatın qiymətini bilməyə, qardaşlıqlarının fərqinə varmağa başlayır. Bu yalnız Türkiyəni və onun içindəki bir-birini durmadan yeyib bitirən siyasi davaların nisbətən səngiməsinə səbəb olmadı, həm də dünyanın diqqətini cəlb elədi. 30 ildir müharibə şəraitində olan Ermənistan və Azərbaycan xilasetmə işlərinə cəlb olundu. Bir-birini öldürənlər həyat xilas eləmək üçün zərbəni eyni yerə vurdular. Ağır savaşda olan Ukrayna və Rusiya bir məqsədin çətirinə qısıldılar. Müxtəlif millətlərin, müxtəlif dinlərin altında əzilən insanlar başqa həyatların xilası eşqiylə qardaşlaşdı, doğmalaşdı, dildən, dindən, millətdən keçib bunların fövqündə bir mərtəbəyə qalxdılar və bir-birini şəfqətlə qucaqladılar.
Dünyanın belə birliyə faciələr olmadan ehtiyacı var!