Kulis.az Orxan Adıgözəlin “Sadist müdir – mazoxist katibə” adlı yazısını təqdim edir.
“Əsl mazoxist həmişə yanağını zərbə ala biləcəyi yerə qoyacaq”.
Ziqmund Froyd
Rejissor Stiven Şeynberq (Steven Shainberg) 2001-ci ildə çox maraqlı bir film çəkib. “Secretary” – yəni “Katibə” bədii filmi sado-mazo tərzli sevgi münasibətindən bəhs edir.
Bilməyənlər ola bilər. Ona görə vurğulamaqda fayda var.
Sadomazoxizm - cinsi sapmalardan biridir. Bu, bir insanın münasibət prosesində cinsi partnyoruna psixoloji və ya fiziki ağrı verməyə çalışması ilə xarakterizə olunur.
“Katibə” filmindəki sadomazoxist münasibət bir çox adamda “Bozun əlli çaları” kitabı, filmi ilə assosiasiya yarada bilər. Ancaq buradakı süjet başqadır. Əsas oxşarlıq hər iki əsərdəki kişi qəhrəmanın soyadının Qrey olmasıdır. Yeri gəlmişkən, filmin ssenarisi, Meri Qeytskillin yazdığı “Bad behavior”(“Pis davranış”) romanından adaptasiya edilərək, hazırlanıb. Burada Şeynberqlə bərabər, ssenairiyə öz töhfəsini verən dramaturq Erin Uilsonun da rolu var.
Beləliklə, ekzotik münasibətlərə həvəs göstərənlər üçün “Katibə” əsl tapıntı ola bilər.
Film belə başlayır ki, gənc qadın Li Hellovey müalicə aldığı psixoloji klinikadan çıxır. Li ora məhz özünə verdiyi fiziki xəsarətlərə görə düşübmüş. Sonradan izləyiciyə göstərilir ki, Linin özünə yetirdiyi xəsarətlər, gənc qadında uşaqlıqdan qalma vərdişdir. O, atası ilə anasının mübahisə və davalarını görən kimi gizli bir yerə çəkilib, sərt alətlə ayağının müəyyən nahiyələrin kəsir ya da yandırır.
Onun gərginliyi və narahatlığı ancaq belə səngiyir.
Hellovey işə düzəlmək üçün çap maşınında yazmaq kursunu bitirəndən sonra iş adamı, vəkil Edvard Qreyin katibəsi vəzifəsinə düzəlir. Bir dəfə cənab Qrey qadının özünə zərər verdiyini görür və ona tapşırır ki, daha bunu ümumiyyətlə etməsin. Li razılaşır və müdirinə söz verir ki, oxşar hal təkrarlanmayacaq. Daha sonra katibənin ard-arda çap maşınında yazdığı kağızlardakı qrammatik səhvlər müdiri o qədər təngə gətirir ki, Qrey işçisini “cəzalandırmağa” qərar verir. “Cəza” qadının yumşaq yerini şillələməklə başlanır və BDSM-in yüngül dərəcələrinə keçid edir. İlk təcrübədən bu Linin çox xoşuna gəlməyə başlayır. O, müdirə nəinki seksual mənada bağlanır, həmçinin Qreyə aşiq olur.
“Katibə” “dünyanın ən yaxşı 100 erotik filmi” siyahısına daxil olub. Kino bir çox adama diksindirici və qəbuledilməz gəlsə də orada pozğunsayağı, qeyri-estetik, idbar səhnələrə rast gəlinmir. Burada hətta ənənəvi erotik nümayişlərdən çox, psixoloji motivlər qabardılır.
Sadomazoxizm bir münasibət tərzidir və könüllü olduğu təqdirdə, onu kiminsə pozğunluq və əclaflıq əlaməti sayması da mübahisəli məsələdir. Ümumiyyətlə, sənə zərər gəlmədiyi təqdirdə, kiminsə intim məsələlərinə qarışmaq ədəbsizlikdir. Kim yataqda nə edir, sənə, mənə nə ondan?!
Əgər bizi kiminsə sadomazoxist, həmçinin homoseksual münasibətləri qıcıqlandırırsa, deməli, əslində o istək və hallardan bizdə də var. Başqalarında sizi qıcıqlandıran davranış və xüsusiyyətlər mütləq ki, içinizdə bir yerdə var ki, o, həmin hadisələr qarşısında elə reaksiya doğurur. Duyğular ya basdırılıb ya da davranışlarınızın fərqində deyilsiniz.
Elə həm də filmdə deyildiyi kimi: “kim deyir ki, sevgi yumşaq və zərif olmalıdır”?
Hər iki tərəf məmnundursa, sərt davranışlar onları məmnun edirsə, onda vəssalam da. Adamları rahat buraxın. Əxlaq dərslərinizi özünüzə saxlayın.
Bəlkə də, qıcıqlandığınız şeyləri özünüz də tətbiq etməyə başlasanız, necəsə rahatlanarsınız...
Bəli, kökünə ensək, heç şübhəsiz ki, sadomazoxist münasibət - fərdin uşaqlıqda yaşadıqları ilə əlaqəlidir. Zorakılıq görən, zorakılıq etməyə meyilli olur. Ümumiyyətlə həmin aqressiya başqalarını əzməyə, incitməyə, cinayət törətməyə rəvac verirsə, hə, bu xoşagəlməz əlamətlərdən sayılır. Ancaq həmin dağıdıcı enerji sənətə, işə, qismən də yatağa transformasiya edilirsə, onda proses və nəticələr olduqca yaradıcı məcra ala bilər.
Ambisiyalı iş, sənət adamlarının, siyasətçilərin uşaqlığından xəbərdar olsaq, məlum olar ki, onlar heç də hamar uşaqlıq yaşamayıblar. Eləcə də filmdəki münasibət də uşaqlıqda psixoloji zədənin yetkin şəxsdə hansı sapmalar yaratdığını göstərir. Yenə də orada qarşılıqlı məmnuniyyət halı yarandığı üçün buna dağıdıcı, toksik münasibət deyə bilmərik.
Filmin gedişi boyu biz dominant rolundakı vəkil Edvard Qreyin bu münasibətdən, sadistliyindən necə çəkindiyini görürük. O, özündə “kəşf etdiyi” xüsusiyyətini qəbul etmək istəmir. Hətta hər vəchlə Lini özündən uzaqlaşdırmağa da çalışır. Cəmiyyətin biçdiyi “normalar” və ya “ənənəvi münasibətin meyarları” – bunların ikisi də ola bilər. Edvard özündən, bu ekzotik əlaqədən qorxur. Li daha cəsarətlidir. Edvard ona deyəndə ki, “biz bunu hər zaman edə bilmərik”, qadının sualı çox düşündürücü səslənir: “niyə”?
Hər iki şəxs sevgidən, prosesdən həzz alırsa, niyə də yox?!
Bu gün özünü məhdudlaşdıran, istəklərini boğan, basdıran o qədər şəxs və cütlüklər var ki, heç də rahatlıqları, xoş güzəranları yox dərəcəsindədir.
Azad ola bilmədikləri üçün əlaqələri də korlanır...
Durub, burada kiməsə dərs keçəsi, tövsiyə verəsi deyiləm. Hərənin öz həyatı var. Mən filmdən bəhs edirəm, hansı ki, olduqca xoşuma gəlib. Aktyor oyunu isə lap fısqırıq idi. Meqqi Cillinxol və Ceyms Spayder o qədər təbii rolda idilər ki, sanki iki yaxın dostumun romantik münasibətlərinin təkamülünə şahid olurdum.
“Katibə” bədii filmi izləyiciyə duyğularımızdan qorxmamağa, özümüzü olduğumuz kimi qəbul edib, arzularımıza doğru addım atmağa səsləyir.
Əgər siz “ənənəvi mənəviyyat carçıları”ndan və “mentalitet keşikçisi”lərindənsinizsə, film sizə ədəbsiz və pozğun görünə bilər. İzləməmişdən öncə iki dəfə düşünün.