"Ondan böyük aktyor tanımıram" - Qocaldıqca obrazına çevrilən adam

"Ondan böyük aktyor tanımıram" - Qocaldıqca obrazına çevrilən adam
26 avqust 2024
# 12:00

Bu gün Həsən Məmmədovun anım günüdür.
Kulis.az bu münasibətlə Şərif Ağayarın “Kinomuzun kişi üzü” yazısını təqdim edir.

Həyatda çox qəribə dostlarım olub. Məndən yaşca çox böyük... Çox məşhur... İlk baxışdan deyərdin, sən hara, onlar hara? Doğrudan da, belədir. Görünür, mədəniyyət sahəsi üzrə jurnalist işləməyimlə bağlı idi bu.

Təsəvvür edin, Lütfiyar İmanovla likör içirəm, Mirzə Babayevlə fransız konyakı... Məmməd Araza özünün unutduğu şeirlərindən deyirəm, Habil Əliyevlə “Çanaqqala” restoranında üzbəüz oturub antrikot yeyirəm. Əlibaba Məmmədov bir ara elə bilir ki, deputatam, Sabir Mirzəyev mənə biədəb kənd xatirələri danışır, əlim üzümdə qalır.

Çox saya bilərəm...

Bu dostların içində dəhşətli dərəcədə çox sevdiyim bir nəfər də vardı: Həsən Məmmədov. Onu “Yeddi oğul istərəm” filmindəki Bəxtiyar roluna görə uşaqlıqdan elə sevmişdim ki, nə vaxtsa görəcəyimə, əlini sıxacağıma inanmazdım. O da ki, dostluq eləmək ola. Amma oldu. Biz tanışlıqdan az sonra dostlaşdıq.

90-ların axırı, 2000-lərin əvvəlinin sıxıcı həyatı idi. Film yox, teatrlar zəif... Həsən müəllim teatrda çox sıxılırdı. Deyirdi, elə bil balığı qumluğa atmısan. Mənim dənizim də, okeanım da kinodur. Demək olar, günaşırı evinə zəng vururdum. Həlim səsi ruhuma su çiləyirdi. Hər zəngimə uşaq kimi sevinirdi. Bir zamanlar idealım olan insanın bunca sadəliyinə hələ də inanmağım gəlmir.

Bir də, ona inanmağım gəlmir ki, əsəb gərginliyindən yüksək qan təzyiqi olurdu. Halbuki, elə sakit, elə müdrik görünürdü, deyirdin, Buddanın yanından indicə gəlir. Onun “Dədə Qorqud” filmindəki rolunu sevməmişəm heç vaxt. Özünə də demişdim. Hardasa, razılaşmışdı mənimlə. Amma qocaldıqca həyat onu Dədə Qorquda çevirirdi. İnanmazdım ki, kiminsə qəlbinə dəyə, səsini üstünə qaldıra.

Çox vaxt Cavid bağında görüşüb çay içirdik. Saçlarının ağlığına heyrət edirdim: ömrümdə o qədər ağlığı olan saç görməmişdim. Üstəlik, ağ da köynək geyinir, baxanda bir topa işığa oxşayırdı.

Mən Azərbaycan kinosunda ondan böyük aktyor tanımıram. Oynadıqları bir yana, oynamadıqları da şedevrdir xəyalımda. Həsən Məmmədov Azərbaycan kinosunun kişi üzü idi. Abasqulu bəyi siz də unutmazsınız: “Evin kişisini soruşarlar!”

Bu gün anım günüdür. Madam ki, yazıram, qoy bir etiraf da edim: bu cür dostlarımın yasına gedə bilmirəm heç vaxt. Səbəbini hələ tam dəqiq tapmamışam. Söz verirəm, tapanda, mütləq yazacam.

Bir dəfə mənə maraqlı bir əhvalat da danışmışdı. Dedi, Lənkəran tərəfdən çəkilişdən gəlirdik. Gecə yarı... O vaxt da yolqırağı kafe-çayxana çox az idi. Vurmaq istədik. Maşında hər şey var, çörəkdən başqa. Rəhmətlik Tofiq Tağızadə işıq gələn yerlərin birində düşdü ki, bu dəqiqə çörək alacam. Əliboş qayıtdı amma. Mən gedəsi oldum. İçəridən adamlar gözləri böyümüş bayıra çıxdılar ki, Bəxtiyar gəlib... Tofiq Tağızadəyə qapı açmayanlar boynuma sarılıb üz-gözümdən öpməyə başladılar. Özümü güclə əllərindən alıb, dedim, qardaşlar, məni Bəxtiyar eləyən bu kişiyə də salam verin. Dedilər, o kimdir elə? Dedim, bayaq qapıdan qovduğunuz kişi...

Belə...

Həsən Məmmədovla bir də hardasa rastlaşacağammı? Bilmirəm. Rastlaşsaq, məni xatırlayacaqmı? Bunu da bilmirəm. Amma mən onu heç vaxt unutmadım və unutmayacam. Bütün sevənləri kimi...

Ruhu şad olsun!

# 2613 dəfə oxunub

Oxşar xəbərlər

Rejissor Elxan Cəfərov:   "Mənim üçün yarım milyon kino pulu deyil" - Müsahibə

Rejissor Elxan Cəfərov: "Mənim üçün yarım milyon kino pulu deyil" - Müsahibə

14:00 18 aprel 2025
Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

12:00 18 aprel 2025
Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi

Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi

15:00 17 aprel 2025
Seksizm, gənclik, trend olmaq ehtirası - Maşınların doğduğu insanlar

Seksizm, gənclik, trend olmaq ehtirası - Maşınların doğduğu insanlar

12:15 17 aprel 2025
"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

09:45 17 aprel 2025
""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

16:08 16 aprel 2025
# # #