Mədəniyyət Nazirliyindəki qalmaqallar və uğursuz siyasət

Mədəniyyət Nazirliyi

Mədəniyyət Nazirliyi

15 noyabr 2022
# 15:00

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Məntiqlə, təyinatına uyğun olaraq Mədəniyyət nazirliyi dəstəklədiyi, maliyyə ayırdığı keyfiyyətli bədii məhsulları, layihələri ilə gündəmə gəlməlidir. Amma nazirlik, xüsusən, son bir neçə ildə qalmaqal və uğursuzluqları ilə diqqəti özünə çəkir: bu ilin yayında keçirilən, neqativ rəylər alan Yaylaq festivalının aşağı səviyyədə təşkili (jurnalistlərin yeməklə, tualetlə, nəqliyyatla təmin olunmaması və s.), Mingəçevir teatrında “ölü canlar” faktı ("ölü canlar" dedikdə, adı ştatda olub, işə gəlməyən şəxslər nəzərdə tutulur), nazirliyin bir neçə əməkdaşının həbsi, həmçinin, sabiq birinci müavin Elnur Əliyevin külli miqdarda mənimsəmə faktı ilə istintaqa cəlbi…

E.Əliyevin işdən azad edilməsindən az öncə isə Hesablama Palatasının kino sahəsində baş verən maliyyə pozuntuları ilə bağlı araşdırması yayımlanmışdı.

Dəfələrlə Kulis-də və digər platformalarda kino sahəsində şəffaflığın, büdcənin necə xərclənməsi, hansı mexanizm əsasında verilməsiylə bağlı açıqlamaların vacibliyini qeyd eləmişəm. Mən də daxil olmaqla, digər media nümayəndələri mövzu üzrə nazirliyin kino şöbəsinə sorğu göndərsələr də, sözügedən sahəyə məsul məmurlar konkret cavablar verməkdən yayınıblar.

Bir daha xatırladım, Hesablama Palatasının araşdırmasının qısa xülasəsi bu idi ki, dövlət büdcəsindən kinoya ayrılan vəsait düzgün və ya təyinatı üzrə xərclənməyib, vəsaitin xərclənməsi bir sıra hallarda sənədlərlə əsaslandırılmayıb, studiya xərcləri artırılıb, filmlərin və tədbirlərin smeta dəyəri düzgün müəyyənləşdirilməyib.

Araşdırmada belə bir maraqlı fakt da diqqətimi çəkdi. Qeyd edilir ki, 2021-ci ildə dövlət büdcəsindən kinoya ayrılan 6 milyon manatdan çox vəsait hesabına 45 film çəkilib və 40 tədbir həyata keçirilib. Və filmlərlə müqayisədə tədbirlərə daha çox pul xərclənib. Maraqlıdır, nazirlik bir ildə hansı 40 kino tədbiri keçirilib? Bu tədbirlərin kinomuza nə kimi əhəmiyyətli təsiri olub? Ümumiyyətlə, sözügedən tədbirləri keçirmək hansı zərurətdən doğur? Niyə tammetrajlı bədii filmlər üçün nəzərdə tutulan 300 min manatlıq müsabiqənin qaliblərinə çatacaq pul ödənilmir, amma hansısa kino tədbirinə səxavətlə pul xərclənir?

Maraqlı bir məsələ də odur ki, bəzi filmlərin müştərək maliyyə ilə çəkilməsi nəzərdə tutulsa da, bu öhdəlik yerinə yetirilməyib. Yəni hesabatda deyilir ki, filmin müştərək maliyyələşmə əsasında çəkildiyi nəzərdə tutulsa da, həmin film faktiki olaraq tamamən dövlət büdcəsi vəsaiti hesabına maliyyələşib.
Mədəniyyət nazirliyinin rəhbərliyi, əslində, Hesablama Palatasının məlum araşdırmasından sonra mətbuat konfransı keçirib açıqlamalar verməliydi.

Amma bu baş vermədi.

Yazıda diqqət çəkmək istədiyim digər vacib məsələ isə budur: mediada ən çox tənqid olunan kinematoqrafiya və kinoya ayrılan büdcədir.
Mədəniyyətin digər sahələri isə tənqiddən kənarda qalıb. Belə təsəvvür yaranır ki, sanki maliyyə pozuntularının olduğu tək sahə kinematoqrafiyadır. Kinodakı problemlər kino yazarlarının, ayrı-ayrı kino adamlarının sayəsində aktuallaşır. Sual isə budur, təsviri sənətdə, musiqidə, teatrda büdcə necə xərclənir, mexanizm şəffafdırmı?

Misalçün, teatr sahəsini götürək. Ölkədə teatr tənqidçiləri kino tənqidçilərindən say etibarilə çoxdur. Amma faktiki olaraq bu sahənin problemlərindən ya az yazılır, ya ümumiyyətlə, yazılmır. Dövlət sifarişli tamaşalar hansı meyarlar əsasında verilir, əsərlər necə seçilir və onu kimlər seçir? Bu zaman prinsiplər, mexanizm nədən ibarət olur, büdcə açıqlanırmı və o büdcə necə xərclənir? Hansı prinsiplə dövlət sifarişli tamaşalar teatrlar arasında bölüşdürülür? Nazirliyin teatr şöbəsinin bu barədə hesabatı varmı? Nazirlikdə korrupsiya faktlarının olması, mədəniyyətin bütün sahələrinə ayrılan büdcənin necə xərclənməsi məsələsini aktual edir.

Yadıma düşmüşkən, sabiq birinci müavin Elnur Əliyevin vaxtında, lap təzəlikcə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı” (ingilis dilində) tamaşasının premyerası oldu. Milli identifikasiya kodlarının araşdırılması üzərində qurulan və universal olmayan bu hekayə bir alman, ingilis üçün nə qədər maraqlı, aktualdır? Bizim millət olaraq öz aramızda həll olunacaq bu milli məsələni bir əcnəbi niyə bilməlidir ki? Universal əsərlərimiz, hekayələrimiz olduğu halda niyə məhz “Anamın kitabı” seçilib?

# 2219 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #