Kann mükafatını qazanmış ilk azərbaycanlı rejissor

Kann mükafatını qazanmış ilk azərbaycanlı rejissor
11 sentyabr 2023
# 21:00

Bu gün məşhur azərbaycanlı rejissor Muxtar Dadaşovun doğum günüdür.
Kulis.az bu münasibətlə kinoşünas Aydın Dadaşovun onun haqqında yazdığı “Ədalətin daimiliyi” məqaləsini təqdim edir.

Yaradıcılığa Cəfər Cabbarlının «Sevil» pyesinin ilk tamaşalarında (1928) pioner Gündüzü oynamaqla başlayan, təşviqat kinojurnallarında çalışmış, 1933-cü ildə vaxtilə Bakı fəhlə gənclər teatrına rəhbərlik etmiş İ.A.Savçenkonun «Qarmon», «May ayı» filmlərində ixtisasını artırmış, 1935-ci ildə «Tacikfilm» kinostudiyasında M.E.Vernerlə, D.İ.Vasilyevin ismayiliyyə təriqətini ifşa edən «Canlı allah» filmində komsomolçu Əbdürrəhman rolunu ifa edən, «Arşın mal alan» filminin quruluşçu operatorlarından biri, «Sovet Azərbaycanı» sənədli filminə görə (rej. F.Kiselyovla birgə.1950) IV Beynəlxalq Kann kinofestivalında elmi-kütləvi və pedaqoji filmlər üzrə münsiflər heyətinin xüsusi mükafatını qazanmış (1951) kinorejissor Muxtar Dadaşovun (1913-1998) Süleyman Rəhimovun «Mehman» povestinin motivləri əsasında quruluş verdiyi eyniadlı film (ssenari müəllifləri Maro Yerzini Muxtar Dadaşov. (1968) ekranlaşdırılmanın uğurlu nümunəsi sayıla bilər.

Otuzuncu illərdə ucqar kəndə prokuror göndərilən gənc Mehmanın (Beybulat Batayev) otağının divarına vurmaq istədiyi mıxın bağlamaların, boxçaların arasında «gizlənqaç» oynayan xanımı Züleyxanın (Flora Kərimova) oynayan əllərində görünməsi qədim folklor nümunəsi «Maral oyunu» elementlərini ekrana gətirir.

Muxtar Dadaşov — Vikipediya

Onların öpüşmə məqamında pəncərəyə çırpılan, üzərindəki kağızda: “Rədd ol buradan!» yazılan daş gərginlik yaradır. Təlaşa düşən Züleyxanın: «Sən nəyə arxayınsan?» sualına cavab olaraq Mehmanın yeni iş otağının divarına çaldığı mıxa Leninin portretini asması cavabı vizuallaşdırır. Qaloşlu adamın (Rza Təhmasib) prokurorluğun həyətini süpürməsi, rayon İcraiyyə Komitəsinin sədri Kamilovun (Adil İsgəndərov) kabinetinin pəncərəsindən uşaq bağçasının müdiri Zərintacı (Nəcibə Məlikova) seyr etməsi, dəri papaqlı, enli kəmərli müstəntiq Murtuzovun ( Mustafa Mərdanov ) şeypurlu, təbilli pionerlərin arasından keçməsi otuzuncu illər Azərbaycan kəndinin mənzərəsini yaradır.

Gözləri qorxudulmuş insanların şikayətə gəlməyə cürət etmədiyi prokurorluğun həyətindəki mənzilin eyvanına çıxan Züleyxanın darıxdığının bəlli olması, hasarın o üzündəkilərin nəzərləri altında turnikdə fırlanan Mehmanın cinayət işlərinə yenidən baxılacağını Murtuzova bildirilməsi və nəhayət, baltanı qaldırıb kötüyü ikiyə bölməklə Qaloşlu adamı heyrətləndirməsi audiovizuallığı obrazlılığa yönəldir. Əkin–biçindəki kəm–kəsirin üstünü örtmək üçün hansısa günahsıza cinayət işi açmaqla məşğul olan prokurorluğa yeni abı-hava gətirən Mehmanın Kamilovun göstərişilə briqadir Salamatovu (N. Məmmədov) həbs etmiş Murtuzova qarşı çıxması göz önü ziddiyyəti yaratsa da, Züleyxanın söylədiyi Füzulinin: «Ya rəb, bəlayi–eşq ilə qıl aşina məni» qəzəli hələ ki, personajın mənəvi dünyasını açmaqla sadəcə süjet kontekstində mövcudluğu ilə yadda qalır.

Rayon partiya komitəsinin katibi Vahidovun (Rza Əfqanlı) qarşısında günahsız Salamatovun həbsinə sərəncamının əsassız olduğunun üzünə çırpılması təkrarçılıq yaratsa da, dövrün kommunist irearxiyasının hər hansı bir tənqiddən kənar qalıb mütləq söz sahibi olduğunu təsdiqləyir. Murtuzovla anbardar Məmmədxanın (Əliağa Ağayev) şübhəli əlaqəsinin Vahidovun dilindən səslənməsi cinayət məcəlləsinin yenə də kənarda qaldığını sezdirir. Uşaqlara ayrılan pulun mənimsənilməsi barədə şikayət məktubunun prokurora camışın buynuzunda göndərilməsin­dən sonra bağçanın yoxlanılmasına qərar verilməsinin əhalinin ürəyindən olması haqq tərəfdarlarının sırasını genişləndirsə də, cinayət məkanının xırdalığı nəzərdən qaçmır.

Arvadı Balışın (Y.Smalyanskaya) klub səhnəsində aktyorluq etməsinə dözə bilməyən anbardar Məmmədxanın müstəntiq Murtuzova şikayətlənməsi fonunda Füzuli qəzəlinin yenidən səslənməsi poeziyanı dramaturji struktura oturda bilir. Bıçaq gücünə Mehmana hədə-qorxu gəlmək istəyən Kamilovun sürücüsü Arifin (Hacıbaba Bağırov) sambo təlimi hesabına yerinə oturdulması, günahkarın milisə işə düzəldilməsi prokurorun humanizmini təsdiqləyir. Küləkli havada qaranlıq otağa çıraq gətirən Qaloşlu adamın yaratdığı vahimədən sonra Mehmanın əllərinin hərəkəti ilə divarda müxtəlif heyvan fiqurları göstərməsi vizual təsviri zənginləşdirir.

Kamilovun Zərintacın evində «dincəldiyi» məqamda gələn Arifin geriyə qaytardığı pulların havaya sovrulması, Mehmanın iş otağının Qaloşlu adamın əhənglədiyi divarında həbsdəki günahkarların portretlərinin canlanması vizuallığı artırır. Keçmişdə muzdur saxlayan birinin briqadaya soxularaq taxılı seyrək səpməklə buğdanı evində gizlətməsi səbəbindən günahsız həbs edilən Salamatova Kamilovun iradəsinə əks olaraq bəraət verən Mehmanın anası Xatın nənənin (S.Mustafayeva) şəhərə qayıtmaq istəyən Züleyxanı dilə tutmasını eşidən Qaloşlu adamın fitnələr düşünməsi peşəkar aktyor oyunu hesabına canlı həllini tapır.

Kəndarası torpaq yolda avtomaşında gedərkən Kamilovla münasibəti pozulan sürücü Arifin küsüb getməsi, peyda olan Mehmanın sükan arxasına keçməsi, rastlaşdıqları toy karvanındakı portretlər çeşidi və «Heyvagülü» rəqsi plastikanı zənginləşdirir.

Səhnədə Füzulinin: «Ya rəb, bəlayi– eşq ilə qıl aşina məni» qəzəli üstə «Orta Segah» oxuyan Balışın ifasına əri anbardar Məmmədxanın müdaxiləsinin salonda əyləşmiş Mehman tərəfindən durdurulması, klub müdirinin Züleyxanı da aktrisalığa cəlb etmək istəməsi, Qaloşlu adamın fitnəsilə prokurorun evində məclis quran Murtuzov, Zərintac və əlaltılarının qaynar qazanlarının əllərinə verilərək əhalinin gülüşləri altında qovulması hadisəliliyi artırır. Bu münaqişədən sonra anasının evdən getməsindən sarsılan Mehmanın Vahidovla katibin kabinetindəki söhbətində «Çapayev» filminin arxa divarda görünməsi məkan məntiqinə cavab vermədiyindən çaşqınlıq yaradır. Şəhərdəki toxuculuq fabrikindəki işinə bərpa olunduğunu yazan ananın məktubundan sonra Qaloşlu adamın bu dərdi təzələməklə yaratdığı psixoloji qarşıdurma problemi gündəmdə saxlayır.

Muxtar Dadaşov

At belində yola çıxan Mehmanın səfərinin istiqamətini öyrənə bilməyən Qaloşlu adamın namazı uzadaraq artıq milisdə çalışan Arifi yubatması təsvirin səcdəyə gedən kəsin gözündən baş-ayaq verilməsi ekranı dolğunlaşdırır. Daş–qaşlarla bəzənmiş Zərintacla hamamdakı söhbətdə maddiyyata bağlılığı üzə çıxan Züleyxa ilə paralel montajda dağ yolunda at səyridən Mehmanın dilindən Səməd Vurğunun «Azərbaycan» şeirindən bir parçanın səslənməsi var-dövlət hərisliyi ilə ən ülvi duyğu sayılan vətənpərvərliyi qarşılaşdırır. Prokuroru kənddə görüb su güyümünü atıb qaçan oğlan, qanun keşikçisinin ayaqlarına düşüb yalvaran Salamatovun əliuşaqlı arvadı ədalətsiz hakimiyyətə inamsızlığın təzahürünə, yığıncaqdakı körpələrin belə günahsız həbs edilən Salamatovun təmiz adam olduğuna səs vermələri həqiqətin təntənəsinə çevrilir.

Kənddən qayıdarkən qaçaqlarla atışmada yaralanan Ariflə Mehmanın sağ qalan atın belində «Dağların başın qışda qar alar» nəğməsini oxumağa davam etmələri qələbə əzmini təsdiqləyir.

Qaloşlu adamın tökdüyü tədbir əsasında Mehmana ləkə yaxmağı anbardar Məmmədxanovun boynuna götürməsini Balışın pərdə arxasından eşitməsi xeyir-ziddiyyətinin qarşılaşdırılmasının təməlini qoyur. Mehmanla söhbətində Züleyxanın daş–qaşa marağının üzə çıxması və Qaloşlu adamın onları damdakı bacadan pusması gərginliyi artırır. Anbardar Məmmədxanın Balış üçün aldığı zəncirli qızıl saatın Qaloşlu adamın ovcunda, Mehmanın asılıb çabaladığı dar ağacına çevrilməsi mənfur niyyətin obrazlı həllini verir. Mehman boyunbağının haradan alındığı ilə maraqlandıqda şəhərdən qızına qonaq gəlmiş Qayınananın (Nəsibə Zeynalova): «Mən gətirmişəm!» deyərək faktı ört–basdır etməsi ailəni zərbə altına qoyan xəyanətə çevrilir. Züleyxa ilə anasının Zərintacın daş–qaşlarının nümayişinə dözməyib salonu tərk etmələri, klubdakı tamaşaya gecikən Balışın ardınca oynadığı Məşədi İbadın qiyafəsində qaçan Abusalamın (C.Mirzəyev) səhnəyə daxil olub başından düşən papağını qaldırması, saqqalını çıxararaq göz yaşlarına qərq olmasının gülüşlə qarşılanması məqamında açılan qapıdan qadının özünü asması xəbərinin çatdırılması faciəni karnaval estetikasında təqdim edir.

Cinayətkarlar tərəfindən ələ alınmış Həkimə (T.Rəhmanov ) Mehmanın etirazı, pəncərə önünə yığışanların ah–naləsi fonunda kəndirdən asılmış Balışın kölgəsinin divarda görünməsi və Qaloşlu adamın verdiyi rüşvəti xatırlatmaqla yardım istəyərək sarsıtdığı Züleyxanın mövzu–fantaziyasında zəncirli qızıl saatın əqrəbləri arasında qaçması attraksionların montajını yaradır. Artıq Kamilovun arvadı olan Zərintacı cinayət məsuliyyətinə cəlb etmək istəyən Mehmanın qara qüvvələrə qarşı qətiyyətlə çıxması qarşıdurmanı artırır. Vəzifəsi ilə qürrələnən Kamilovun orden medallarını, fəxri fərmanlarını, başının üstündə şəklini asdığı Budyonnıdan qılıncı xatırlayıb sadalaması personajı gülüş hədəfinə çevirir. Salondakıların qarşısında Mehmanın Balışın ölümünə bais olanların cəzalandırılacağına söz verdiyi məqamda pəncərəyə çırpılan daşın sındırdığı şüşənin arxasındakı Qaloşlu adamın fitnəkar nəzərləri, küçədə prokurordan qardaşı oğlu Məmmədxana kömək tələbi və zəncirli qızıl saat məsələsini açması bu əşyanı ziddiyyətin mərkəzində saxlayır. Çaxan ildırımın, yağan yağışın altında səndələyərək özünü güc­lə evə çatdıran Mehmanın zəncirli qızıl saatın haradan alın­dığının cavabını Züleyxadan tələb etdiyi məqamda qaynanasının əlindəki uşaq paltarlarını göstərərək qızının hamilə olduğuna işarə vurması audiovizuallığı qeyri– səlis çalarlarla artırır. Mövzu-xatirədə gəncliyin sevgi epizodunun xatırlandığı məqamda «Sən ləyaqətsiz adamsan! Səninlə bir yastığa baş qoymaq ...» ittihamında qulaqlarını tutan Züleyxanın qulaqlarında «Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni» qəzəlinin səslənməsi epizodun arxitektonikasını dolğunlaşdırır.

Vahidovun kabinetində Kamilovun ittihamlarını qəbul edən Mehmanın mənəvi iflası uzun çəkmir. Mərkəzdən gələn məktub əsasında Kamilovun işdən azad olunmasının bildirilməsi vəziyyəti bərqərar edir. Qaloşlu adamın üzünə duracaq Anbardar Məm­məd­xanı müstəntiq Murtuzovun gözü qarşısında bıçaqlayıb öldürdükdən sonra atlanıb əhalinin təqibi altında aradan çıxmağa cəhd göstərməsi, Mehmanın qoşa at qoşulmuş furqonla təqibinin təkərlərin sınması səbəbindən yarımçıq qalması caninin yaralanması şərin maneələri dəf etməklə cəzalandırılmasına şərait yaradır. Ayağındakı qaloşun tayı tapılan yaralının son patronu ilə Mehmanın qarşısına keçən Kamilovu vurması, ustalıqla bıçaq atması düşmənin gücünü göstərməklə qarşıdurmanı balanslaşdırır. Özünü dərəyə atan Qaloşlu adamın pencəyinin qolu cırılıb Mehmanın əlində qalaraq uçuruma yuvarlansa da, sağ qalması düşmənin ölməzliyini göstərsə də, onu daş–qalaq etmək istəyənlərin məhz prokuror tərəfindən durdurulması haqq-ədalətin hüquqi bərpasını önə çəkir. Silahı alınaraq həbs edilən Murtuzovun: «Tələsmə oğlan, heç bilirsən məhkəmədə mənim yanımda kim oturacaq?» sualı vəziyyətin çıxılmazlığını göstərir. İlkin ədəbi mənbədən fərqli olaraq meşədə uşaq səsi ilə köməyə çağırılıb Qaloşlu adamın azadlığını tələb edən qaçaqların amansızcasına qətlə yetirdiyi Mehmanın ölümü onun günahsızlığının sübutuna çevrilir. Mehmanın vaxtilə iş ota­ğının divarından asdığı Leninin portretinin yerində qalmasını istə­yən yeni, gənc prokurorun sələfinin yolunu tutaraq qanun na­minə çalışacağını bəyan etməsi ictimai quruluş fərqinə bax­ma­ya­raq haqq-ədalətin həmişəya­şar­lığını bəyan edir.

7 may 1969-cu ildə çıxan «Kommunist» qəzetindəki «Ol­ma­sın gərək» məqaləsində: «Qırx il ərzində sevilə-sevilə oxu­nan, tək­rar-təkrar nəşr olunan, əldən-ələ gəzən, oxuculara həyat dərsi ilə bəra­bər, bədii zövq və estetik həzz verən «Mehman» povesti» əsa­sında çəkilən filmdə əsas hadisələrin azsaylı personajlar üzərin­də qurulmasını, təfsilatların ixtisarını, bəzi epizodların janrın tə­lə­b­inə uyğun olaraq yenidən işlənməsini bəyənən, Rza Təhmasibin Qaloşlu adamını nadir yaradıcılıq qələbəsi sayan, Adil İs­gən­də­ro­vun ağalıq iddiasında olan, mənəmlik xəyalı ilə yaşayan, haqq-əda­ləti xudbin niyyətlərinə qurban edən Kamilovu satirik, Mustafa Mər­danovun kiçilə-kiçilə böyüməyə çalışan, yaltaq, mənsəbpərəst Mur­tu­zovu təbii boyalarla yaratmasını təqdir edən, Züleyxa ilə Ba­lı­şın əsərdə olduğu kimi aşkarlanmadığını göstərən, baş rolun ifaçısı B.Va­tayevin Mehmanının ekranda əvvəldən axıra dəyişməz qal­dı­ğın­dan narazı qalan Mehdi Məmmədovun: «Povestdə Mehman öz düş­mən­lərini qansız-qurbansız ifşa edir, Qaloşlu Adamı dərhal həb­sə alır. Filmin müəllifləri isə özgə final axtarmış, daha dinamik, da­ha dramatik hadisələrə bir epizodla yekun vurmuşlar. Rejissor və operator tərəfindən öz-özlüyündə gözəl işlənən bu epizod heyf ki, dramaturji inkişaf mənasında hazırlanmamışdır. Son kadrlarda (ye­ni cavan prokurorun gəlişi səhnəsində) filmin ruhuna uymayan pla­kat tərzi bu təsiri bir qədər zəiflətm­işdir» fikirləri peşəkarın təh­lili olsa da sosrealizm plakatçılığını əks etdirən sonluq barədəki son cümlə ilə razılaşmamaq da olar.

# 5689 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

15:00 19 aprel 2024
"Cırtdan"  Şuşa Teatrının səhnəsində

"Cırtdan" Şuşa Teatrının səhnəsində

14:30 19 aprel 2024
“Sərhədsiz Puşkin”  adlı konsert keçiriləcək

“Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

13:30 19 aprel 2024
#
#
# # #