Kulis.az Mətləb Muxtarovun "Səs-küy və əzab" adlı yazısını təqdim edir.
Eybəcər qarğa!
Amma o da gözəldi
Qış səhəri ilk qarda!
1940-cı ilin sentyabrı.
Fransa İspaniya sərhədi.
Gestaponun əlinə düşməmək üçün Amerikaya qaçmaq istəyən siyasi mühacirlərin sığındığı Portbou şəhərciyi.
Hamı əvvəl Portuqaliyaya, sonra isə ABŞ-a getmək üçün səbirsizlənir. Amma İspaniya höküməti vizasızları sərhəddən buraxmayacağını deməklə yanaşı, onları Gestapoya təslim edəcəyini bəyan edir. Vizası olmayanlar arasında yəhudi əsilli filosof Valter Benyamin də var.
1940-cı ilin 26 sentyabr gecəsi Valter Benyamin Portbounun “Hotel de Francia” hotelində intihar edir. Səhəri gün ispanlar filosofun intiharının təsiri ilə Portbouda gözləyən digər mühacirləri Portuqaliyaya buraxır. Benyamin intiharı ilə bir çox insanı ölümdən qurtarır.
Bu intiharın arxasında böyük bir ümidsizlik və qaçış vardı. Avropanın qürubundan və ya ümumiyyətlə dünyadan qaçış.
Bəs qaçmaq çıxış yoludurmu ?!
Walter Benjamin, Paris, 1938
***
Valter Benyamin “Tarix konsepsiyası haqqında” yazdığı essesində Pol Klinin (Paul Klee) “Angelus Novus” əsərindən bəhs edərkən, rəsimdəki mələyi “Tarixin Mələyi”nə bənzədir. Benyaminə görə “Tarixin Mələyi” də rəsimdəki mələk kimi üzünü keçmişə çevirir. Tarix mələyi bizim xronoloji hadisələr zənciri olaraq gördüyümüz keçmişi fəlakət kimi görür. Mələk parçalanmış, dağıdılmış keçmişi düzəltmək istəsə də, cənnətdən əsən fırtına ona qanadlarını aşağı salmağına imkan vermir. Cənnət fırtınası mələyi, arxasını çevirdiyi gələcəyə doğru qovub aparır. Keçmişin uçuq-sökük facilərini isə göyə sovurur. Sonda Benyamin qeyd edir ki, bizim inkşaf dediyimiz şey, məhz o fırtınadır.
Keçmişi süpürüb göyə sovuran “Tarixin Mələyi”ni gələcəyə uçuran fırtına, sanki Valter Benyamini də ölümə apardı. Böyük filosof ölümü tezləşdirmək üçün intihar etdi. Çünki 1940-cı ilin “fırtınalı inkşafı”, faşist, totalitar və şizofren iqtidarların əlində idi. Gələcək daha qaranlıq, keçmiş isə daha işıqlı görünürdü.
***
Çilili yazıçı Roberto Bolanyonun “Qatil fahişələr” adlı hekayələr kitabında çox da tanınmayan sürrealist şair Qay Rozidən (Guy Rosey) bəhs olunan “Dünyanın son qürubları” hekayəsi var.
Hekayənin qəhrəmanı B. fransız sürrealistlərinin antalogiyasında Qay Rozi adlı şairə rast gəlir. O qədər də istedadlı olmayan Qay Rozi, Valter Benyamin kimi Fransanın cənubuna sığınıb, ABŞ-a qaçmaq istəyən intelektualların sırasındadı. Və yenə də viza problemi. Viza gözləyənlərin arasında Andre Breton, Tristan Tzara, Benyamin Peret kimi dövrün məşhur şəxsləri də var.
Və bir gün Qay Rozi yoxa çıxır. Şair dostları onu nə qədər axtarsalar da, tapa bilmirlər. Bir müddət sonra vizalar gəlir, gedənlər gedir, qalanları isə Valter Benyaminin “Tarix Mələyi” ölümə aparır. Qay Rozi isə unudulur, sonrakı həyatı haqqında heç nə bilinmir. 1940-cı illərin qaranlığı daha bir şəxsi öz zülmətində itirir. Rozinin intihar edib-etmədiyini dəqiq bilməsək də, hər halda onun yoxa çıxması “Avopanın qürubu”nu görməmək üçün bir qaçış planı idi.
Bəs qaçmaq çıxış yoludurmu ?!
***
Valter Benyamin ümidsizlikdən intihar etmiş, Qay Rozi də ümidsiz olduğu üçün yoxluğa qarışmışdı. Tarixin həmin qaranlıq dövrlərində intihar edənlər və ya ümumiyyətlə yoxan çıxanlar az deyildi. Eyni hadisələr Avropanın digər ucunda da baş verirdi: Rusiyada !!! Repressiyaya məruz qalan, sürgün olunan, ailəsi ilə bərabər öldürülən rus intelektualları çox olsa da, sahib olduğu hər şeydən imtina edib sadəcə qaçmaq, yoxa çıxmaq istəyənlər də az deyildi.
Qaçmaq çıxış yoludurmu???
Aleksey Germanın “Xrustalyov, maşını!” filmi məhz bu suala cavab axtarır.
***
Bir neçə il öncə şair Nicat Məmmədovla Bakı küçələrini gəzərkən söhbət Aleksey Germanın “Xrustalyov, maşını!” filmindən düşmüşdü. Nicat filmdəki zorlanma səhnəsinin ağırlığından danışandan sonra baş qəhrəman haqqında “Sonda gedib xalqa, torpağa qarışır” demişdi. Filmin rejissoru Aleksey German da eyni şeyi təkrarlayırdı: “Hər şeydən imtina etmək, qaçıb gizlənmək və ya meşədə yaşamaq istəməyən rus intellektualı tanımıram.”
***
1998-ci ilin Kann film festivalında dahi Teo Angelopulosun “Sonsuzluq və Bir gün” filmi qalib oldu. Festivalın ən böyük məyusluğu isə Aleksey Germanın “Xrustalyov, maşını!” filmi idi. Film göstərilən zaman zalda fit səsləri eşidilirdi. Nümayişin sonuna doğru isə zal demək olar ki, boş idi. Tənqidçilər filmi yerdən-yerə vurdu. Aleksey German bunu gözləmirdi. Çəkilişi on ilə yaxın davam edən ekran əsərinə belə münasibət dözülməz idi. Hətta sonralar Kann jüri sədri Martin Skorseze: “Mən başa düşmədiyim filmə necə mükafat verə bilərdim?!” deyə etiraf etmişdi. Düzdür, Germanın filmi qəliz olsa da, tamaşaçıların və kino tənqidçilərin haqsız tənqidi də ağır idi. Amma “Xrustalyov, maşını!” zamanla kino tarixində öz yerini tutdu. Bir neçə il sonra film bir çox tənqidçilər və rejissorlar tərəfindən yüksək sənət nümunəsi kimi qəbul olundu.
Martin Skorsezenin başa düşmədiyi bu film nədən bəhs edirdi?
***
1948-1953-cü illərdə SSRİ-də yüksək rütbəli dövlət adamlarına qarşı hazırlanan sui-qəsdlər planı “Həkimlər işi” adlandırılmışdı. Stalinin paranoya səviyyəsində olan şübhələri yəhudi əsilli həkimlərin bir-bir həbs olunması ilə başa çatdı. Onlar Stalinə və digər sovet məmurlarına qarşı sui-qəsddə ittiham olunurdular.
“Xalqlar atası”nın ölümündən sonra həbs olunan həkimlər bəraət aldılar. “Xurstalyov, maşını!” filminin baş qəhrəmanı olan tibbi-xidmət generalı Klenski də məhz bu ittihamın qurbanlarındandır.
Film isə qarlı fevral axşamı sobaçı Fedya Aramışevin həbsi ilə başlayır. Bu başlanğıc Çexovun “divardan asılan tüfəng” ideyasının qəribə interpretasiyasıdır, çünki sobaçı filmin sonunda azadlığa çıxır. Filmin əvvəlində onu döyüb həbs etdikləri kimi filmin sonunda da onu döyürlər, amma bu dəfə o azadlıqdadır və döyülən Fedya Aramışevin məşhur sitatı qulağımızda cingildəyir: “Yenə döyürlər? Nə üçün döyürlər? Heç nədən döyürlər”
Daha sonra film general Klenskinin evindəki səhnə ilə davam edir. Karnavalvari və eyni zamanda da kədərli ab-havalı, qəribə personajlarla dolu mənzil. Generalın evi sanki kiçik Rusiyadır, burada öz atasını KQB-yə satmaq istəyən oğul (Edip kompleksi), valideynləri sürgündə olan yəhudi bacılar, oğurluq edən qulluqçu (Dostoyevskinin qəhrəmanları kimi), öz fantaziyasını kolbasa ilə tətmin edən qoca və təbii ki, ümumi amal naminə şübhəli hadisələri bəlli yerlərə xəbər edənlər var. Generalın evindəki səhnədə kamera bəzən aktyorların arxasınca düşüb hadisələri, bəzən də hadisələr özü gəlib kameranı tapır və hadisələr düz kameranın “gözü önündə” baş verir. Evdə olan personajların qısa cümlələri, dəxli olmayan ifadələri, səhnə arxasından replikaları onları istər-istəməz hadisələrin içində saxlayır.
“Xrustalyov, maşını!” filminin bir çox səhnəsində səs görüntüyə qalib gəlir. Səs-küy danışıqları üstələyir. Folknerin məşhur romanı “Səs-küy və qəzəb”dəki qəzəb qəhrəmanın və onun ətrafında olanların karnavalvari ab-havasında itsə də, küy qalır. Eşitdiyimiz səs-küy bəzən obrazlaşıb gözümüzün önündə canlanır. Dialoqlar qarşılıqlı əlaqə qurmaq üçün istifadə olunmur. Hamı danışır, bəzən danışıqları başa düşmək olmur. Səs o qədər çoxdur ki, kimin nə dediyini ayırd etmək olmur və bu anda dövriyyəyə küy girir. Artıq hər söz qışqırıq kimi qulağımızda cingildəyir, hər ifadə, hər mimika filmlə tamaşaçı arasında komunikasiya qurmaqdan çox qarşılıqlı əlaqələri pozur, amma German bilir nə edir. O bilir ki, bu qarşılıqlı əlaqəsiz situasiya məhz o dövrləri, həmin o repressiv vaxtları, insanlar arasındakı əlaqəsizliyin olduğu illəri xatırladır. Heç kəs, heç kəsi dinləməsin. Hamı qışqırsın.
***
“Xrustalyov, maşını!” filmindəki qrotesk ab-hava ata Peter Breygelin rəsmlərini xatırladır. Amma bu dəfə oxşarlıq tək görüntüdə yox, həm də səsdədir. Çünki səs görüntünün qroteksliyini daha da artırır. Breygelin kütləvi film səhnələrini xatırladan rəsmlərindəki bütün insanlar iş başında, komik vəziyyətdə olur və rəssam bu hadisələrə adətən yuxarıdan aşağı baxır. Germanın filmində də eyni ilə belədir. Lakin bu dəfə German obrazlarına yuxarıdan aşağı baxmır, rejissor kamera ilə bərabər tamaşaçını obrazların arasına aparır. Onların yaxın plandakı üz ifadələri, hərəkətləri, danışıqları, hətta xırıltıları belə tamaşaçının yanında, bəzən də daxilində baş verir.
***
Evindən qurtulub iş yerinə, xəstəxanaya gedən general koridorlarda var-gəl edir, əmrlər verir, kimləsə danışır və beləcə ətrafındakı insan və məkan labirintindən qurtulmaq istəyir. Labirintin ən pis tərəfi odur ki, insana hər addımda seçim imkanı verir. Labirintdə çaşdırıcı olan çıxışın olmaması deyil, əksinə “çıxış”ın bolluğudur. General “çıxış yolu” üçün seçim etməlidir, onun isə düşüncəsində bir şey var: Xilas olmaq! Hər şeyi geridə buraxıb qaçmaq, yoxluğa qarışmaq. Palataların birində əkizi ilə qarşılaşarkən və ya Finlandiyadan gələn və onunla qohum olduğunu iddia edən jurnalisti evindən qovarkən də eyni şeyi düşünür: Həbs olunacağını. O, elə yəqin edir ki, gələn jurnalist yox, pravokatordu və onun həbsinə zəmin yaradırlar. Qaçmaq lazımdır. Yalnız qaçmaq. Amma faydasızdır. Stalinin yaratdığı sovet insanı, qorxudan və ya məsumca inanaraq “xalq düşməni”ni satır.
Xəstəxanada generalın ardınca düşüb şüursuz şəkildə koridorları gəzən kütlə, Stalin hakimiyyəti dövründəki formalaşmış sovet insanı idi. Şüursuz şəkildə atanın arxasınca qaçan və ya onu təqlid edən övlad prototipi. Ata (Stalin) qəddarlığının aynası. Ataya (Stalinə və ya Klenskiyə) daxildə nifrət edən, amma o ölsə, muncuq kimi göz yaşı tökəcək kütlə. Bu kütlənin bir fərqi var: Stalin rejimində heç kəsin danışmaq hüququ yox idi, amma general Klenskinin ətrafında hamı danışır. Hamı müdaxilə edir. Səs fikri məhv edir. Küy görüntünü bulanıqlaşdırır. Kamera da kütlə kimi bəzən şüursuz şəkildə hərəkət edir, onun gözü bizim (rus və ya sovet xalqının) yuxularımız, genetik yaddaşımızdır.
General isə gəzir. Çıxış yolu axtarır. Xəstəxanada əkizini görərkən ölümün və ya tələnin daha da yaxında olduğunu hiss edir. Hətta köhnə tanışı olan qadını əlləri arasına alıb qışqırır: “Sən rus nağılını xatırlayırsan? İnsanın kölgəsinə can verirlər… Bilmirsən bu nə deməkdir?”.
Bəli, 1953-cü ilin soyuq qışında hamının kölgəsi bir anda canlanıb, onun yerini tuta bilərdi, hamı hər an qara kölgə və ya kölgəsi ilə qarşılaşa bilərdi. Bu insanlar repressiya dövrünü xatırlayır və instinktiv olaraq sağ qalmaq istəyirdilər.
Filmin ortalarına doğru qaçmaq istəyən generalı tuturlar. Həbsindən öncə isə onu avara küçə uşaqları (aralarında bir kişi də var) döyür. Həbs məqamında isə hamı var, fotoqrafa qədər. Yaşlı fotoqraf filmin ən yazıq personajıdır, danışarkən sanki ağlayacaq qədər yazıq. O, insan faciəsi önündə də öz işini düşünür: “Mən bu fonda çəkə bilmərəm!”. General isə fit çala-çala həbsə (ölümə) hazırlaşır. Üstündəki əşyaları təhvil verib gedərkən bir anda ayaq saxlayır, geriyə dönür. Bir neçə dəqiqə öncə onu döyən uşaqların içində olan həmin o yaşlı kişiyə tərəf gedir. O anda general dəyişir, hamı kimi olur, donos yazanlar kimi, suda batarkən arxasınca kimisə dartıb aparanlar kimi… Yaxınlaşır və onu döyən kişiyə “Bizimkilərə xəbər edərsən ki, məni tutdular” deyir. Bu artıq tələdir.
Filmin ən ağır səhnəsi isə Klenskinin “Sovet şampanı” yazılı maşında zeklər tərəfindən zorlanmasıdır. “Sovet şampanı” partlayır, içindəki çirkab isə üzə çıxır. Ən yüksəkdə duran ən dibə yıxılır. Yıxılanı baltalamaqdan əlavə, onu zorlayırlar da. Generalı zorlayan zeklərin üz ifadələri, iyrənclikləri məhz o dövrün insanının, əslində daxilən zeklər kimi olduğunu göstərir. Nə qədər ümumi amal, fikir naminə çalışsa da, dostunu, qardaşını hətta atasını satan Stalinin yaratdığı sovet insanı daxilən məhz o zeklər kimidir: İyrənc! Zorlanandan sonra generalın təşviş içində ağrıyan arxasını soyuq qarda sərinlətməsi, təbiətdən mədət umması, gələcəyinin necə olması haqqında tamaşaçıda müəyyən fikir yaradır: O təbiətə qarışmalıdır!
Klenskinin Sibirə “səyahəti” yarımçıq qalır, onu zeklərlə əhatəli “Sovet şampanı” yazılı köhnə yük maşınından düşürüb, bivec məmurlarla bərabər təzə volqaya mindirirlər. Ən dibdə çabalayarkən, yenidən ən yüksəyə qalxır.
İsti vanna qəbul edib təmizlənən (günahlardan arınan) generalı ölüm ayağında olan Stalinin bağ evinə aparırlar, amma o hara və kimin yanına getdiyinin fərqində deyil. Aparıldığı yerdə onu Beriya və sadəcə nəfəs alan “xalqlar atası” gözləyir.
Stalinin bağ evində isə sakitlikdir. Nə səs var, nə küy. Sükut səsə qalib gəlib, sükut özü ilə əzab və ölüm gətirib. Generalın evi səs-küylü, Stalinin evi isə sükut doludur. O isə hara və niyə gəldiyinin fərqində deyil. Dünyaya hökm edən, tarixin gedişinə təsir edən adamı, xalqlar atasını tanımayan general Beriyaya “Atanızdır?” deyə sual verir. Beriyanın cavabı isə ironikdir: “ Bunu yaxşı dedin: Ata”. Ölən adamın Stalin olduğunu bilən general isə yenidən adiləşir, sovet insanı olur və Stalinin əlini öpür. Pəncərədən çölə baxan kamera ağacın üzərində “ölüm mələyi”ni görür: Qarğanı.
Bəlkə də, tarix, bizim hələ mövcud olmadığımız zamana deyilir. Tarix baş verən, amma bizim orada olmadığımız hadisələr zənciridir. Bəzən tarixi hadisələr elə baş verir ki, biz bunun fərqində olmuruq. Həmin anda, həmin otaqda, sükut içində ölən bığlı qoca, öz ölümü ilə yeni bir dövrün başlanğıcına start verir. Bu ölüm tarix üçün həm apokalipsis, həm də reinkarnasiyadır. Tarix təkrarlanır, İskəndərə qalmayan dünya heç kəsə qalmır. “Xalqlar atası” isə son nəfəsində İsa kimi “Məni xilas elə” deyir. İsa peyğəmbərdən fərqli olaraq o, xilası tanrıdan yox, bir az əvvəl yaratdığı sistem tərəfindən zorlanan generaldan istəyir.
Sonra isə həmin o məşhur ifadəni eşidirik, Stalin öləndən sonrakı dövrün ilk əmrini və ya filmin adını: “Xrustalyov, maşını!”. Biz filmdə Xrustalyovu heç vaxt görmürük. Tarixi, ruhu, zamanı görə bilmədiyimiz kimi… ətrafımızda elə şeylər baş verir ki, biz onları heç vaxt görmürük…
***
Evinə qayıdan generalı görən oğlu İuda kimi cibindəki qəpikləri yerə atıb divar dibində tanrıdan ona yol göstərməsi üçün yalvarır, sonra əlini telefona atıb atasını satmaq istəyəndə general ona mane olur. Bu andan sonra filmin əvvəlindən ata ilə oğul arasında olan qopuqluq, konflikt həll olunur, xoşbəxt sonluq gözlədiyimiz anda general yoxa çıxır. Atasının yoxa çıxdığını görən oğul isə onu çağırarkən “ata” deyə müraciət etmək əvəzinə, şüuraltı edpi kompleksi ilə “ey…ey…” qışqırır. Atası isə cavab vermir, çünki artıq o yoxdur, o başqa adamdır.
***
Özünə yeni adlar seçməkdə usta olan Fernando Pessoa “Bədənimizi təmizlədiyimiz kimi, taleyimizi də təmizləməli, paltar dəyişdirirmiş kimi həyatımızı da dəyişdirməliyik” demişdi. Aleksey Germanın qəhrəmanı da Pessoanın dediyi kimi etmək istəyirdi. Mövcud mövqeyimizdən, həyatımızdan, ailədən, dostdan, hətta taleyimizdən belə imtina etmək. Bəlkə də, Fransanın cənubundan yoxa çıxan və bir daha haqqında heç bir xəbər alınmayan Qay Rozi də eynisini istəmişdi? Və ya ümidsizliyə qapılan Valter Benyamin gələcəyin gətirdiyi ağır yükü öz çiyinlərində daşımaqdan imtina etdiyi üçün intihar etmişdi?
Bəlkə də, imtina etmək hər şeydən uzaqlaşmağın, qaçmağın bir növüdür.
***
“Xrustalyov, maşını!” filminin qəhrəmanı, general Klenski təbiətə, xalqa, Sibirin tayqalarına, rus qışına qarışmaq istəyirdi. Sonda biz onu Rusiya çöllərində qeyri-müəyyən istiqamətdə hərəkət edən qatarın son vaqonunda görürük: Başında konyak dolu stəkan, ağzında siqaretlə…Səmada isə qarğalar uçur, Stalinin ölüm səhnəsində pəncərədən görünən ağacda gördüyümüz qarğa artıq qorxulu deyil. Qədim yapon hokkusu məhz bu anda öz sehrli ab-havası ilə gözümüzdə canlanır:
Eybəcər qarğa!
Amma o da gözəldi
Qış səhəri ilk qarda!