Bu film niyə qadağan olundu?

"Tənəkə təbili" filmi

"Tənəkə təbili" filmi

8 yanvar 2022
# 09:00

Kulis.az Sevda Sultanovanın "Tənəkə təbili" adlı yazısını təqdim edir.

Süjet: Hadisələr XX əsrdə Dançiqdə (indiki Qdansk) baş verir. Əhvalat ruhi dispanserdə yatan Oskarın dilindən danışılır. Onun anası kaşub (Polşanın şimalında yaşayan qərbi slavyan əsilli xalq), atası almandır. Hadisələr birinci şəxsin dilindən nəql olunsa da, bəzən Oskar özü haqda üçüncü şəxsin dilində danışır.

Əhvalat ana nənəsi Annanın hekayətindən başlayır. 1899-cu ildə, nənəsi Anna əkin sahəsində qaladığı ocağın qırağında oturub külləmə kartof yeyir. Bu zaman jandarmdan qaçan Yozefi özünün çoxqatlı, enli ətəyinin altında gizləyir. Həmin vaxt kişi qadınla intim əlaqədə olur. Onlar evlənir və babası uzun müddət hakimiyyətdən gizlənir. Tezliklə polis onun izinə düşür. Polisdən qaçan Yozef xilas olmaq üçün dənizə atılır, amma onun meyiti tapılmır.

Bu nikahdan Aqnes doğulur. Aqneslə Dançiqdə poçtda işləyən qohumu Yanla bir-birinə rəğbət bəsləyirlər. Amma Aqnes tibb bacısı işlədiyi xəstəxanada aşpaz Alfredə ərə gedir. Yanla isə münasibətini kəsmir. Oskar qeyd edir ki, o, Yanı atası saymağa üstünlük verərdi, nəinki Alfredi.

Oskar anadan olanda artıq hər şeyi dərk edir. Onun üçün bu dünyada yaşamağın heç bir mənası yoxdur. Aqnesin oğluna tənəkə təbil hədiyyə edəcəyini deməsi onda həyata qarşı istək oyadır. Üç yaşı olanda Aqnes oğluna söz verdiyi hədiyyəni alır. Bundan sonra Oskar heç zaman təbildən ayırılmır.

Oskar üç yaşı münasibətilə qurulan məclis zamanı masanın altına girəndə Yanın ayağının anasının ətəyinə doğru apardığını görür. Oskar masanın altından çıxır və qərara gəlir ki, əgər insanlar bu qədər mənasızdırsa, böyümək nəyə lazım? Buna görə də özünü zirzəminin pillələrindən aşağı atır. Həmin hadisədən sonra o, heç vaxt böyümür, həmişə 3 yaşında qalır. Oskar yıxılandan sonra nadir bir qabiliyyətə sahiblənir. O bağıranda səsindən şüşələr çiliklənir. Ona görə xoşuna gəlməyən nəsə olanda o bağırır.

Oskar məktəbdə müəllimi ilə dil tapa bilmədiyindən məktəbə getmir. Ona anasının rəfiqəsi dərs verir. O, nə böyüklərlə, nə uşaqlarla ünsiyyət qura bilir.

Atası Alfredin dəfnində ögey qardaşı Kurtun Oskara atdığı daş onun başına dəyir, o qəbrin içinə yıxılır. Bununla da Oskar böyüməyə başlayır...

1999-cu ildə Nobel mükafatına layiq görülmüş Qrass (1927-2015) ilk alman yazıçılarından biridir ki, nasizm haqda, alman xalqının bunda günahından və məsuliyyətindən danışıb.

"Tənəkə təbili"in (1959) ideyası Qrassın Fransaya səyahəti zamanı, 1952-ci ildə yaranıb. O bu barədə deyir: "Adi günlərdən birində nahardan sonra, kafedə qəhvə içən böyüklərin arasında öz təbilinə sarılan və boyüklərin dünyasına etinasız yanaşan üç yaşlı oğlanı baxışım aldı".

Bu təəssürat altında Qrass şeir yazır və Oskar obrazını ilk dəfə poetik mətnə gətirir. O, xatirələrini yeniləmək üçün Qdanska gedir. Yazıçı 1939-cu ilin sentyabrında Polşa poçtunun almanlardan qorunması hadisəsinin şahidləri ilə görüşür. Roman 7 ilə yazılır və Qrassa dünya şöhrəti gətirir. "Tənəkə təbili" onun "Dançiq" trilogiyasına daxildir. Trilogiyaya daxil olan digər iki əsər "Siçan-pişik" və "İt illəri"dir.

Roman müəyyən mənada avtobioqrafik xarakter daşıyır. Qrassın uşaqlığı nasizim Almaniyasında keçib, özü SS sıralarında olub. O, meşşan ailəsindən qurtulmaq üçün nasistlərə qoşulduğunu deyib.

1899-cu ildən 1953-cü ilə qədər böyük bir dövrü əhatə edən romanda yazıçı bu zaman kəsiyində baş vermiş tarixi hadisələrdən yan keçir. O, daha çox tarixi hadisələr fonunda sadə insanların həyatına, yaşantısına diqqət kəsilir. Dünyaya, insanlara Oskarın gözündən baxır, müşahidə və analiz edir. Çünki müharibəyə, amansızlığa gedən yol bu insanların özündən keçir. Misalçün, qonşu uşaqlar qaynar şorbanın içinə qurbağa atır, içinə tüpürür, ona işəyir və onu məcburən Oskara içirirlər. Qrass uşaq zorakılığını sonradan yaranmış nasizmə zəmin kimi göstərir. Ümumiyyətlə, yazıçının romanlarında əsas mövzu nasizm və onun Almaniya üçün törətdiyi fəsadlarıdır.

Sürreal və qrotesk bir dildə yazılmış "Tənəkə təbili" pikaresk janrında yazılmış roman sayılır. İspaniyada XVII əsrdə yaranmış bu janrın əsas personajı avantüristlər, fırıldaqçılardır. Bir qayda olaraq, əhvalat onların dilindən nəql olunur. Və öz davranışlarına haqq qazandırmaları oxucuda onlara rəğbət oyadır. Klassik formasında bu janr cəngavərlik romanlarına qarşı yaranmışdı. Yəni pikaro mənəvi dəyərlərə söykənməyən, prinsipsiz çəngavərdir.

Henrix Böll və Günter Qrassın çox əsərlərini ekranlaşdıran Folker Şlöndorf 1979-cu ildə bu əsər əsasında eyniadlı "Tənəkə təbili" filmini lentə aldı. Şlöndorf Lui Mal, Jan Pyer Melvill, Alen Rene kimi nüfuzlu rejissorların assistenti olub.

1965-ci ildə Avstriya yazıcısı Robert Muzilin "Tələbə Törlesin çaşqınlığı" romanı əsasında çəkdiyi "Gənc Törles" filmi Kannda FİPRESSİ-in mükafatını alıb. Yeni alman kinosunun (1960-70-ci illərdə Qərbi Almaniyada 26 rejissor manifest imzalayaraq, milli kinonun dirçəlişinin zəruriliyini, dövlətin subsidiyaları hesabına filmlərin çəkilməsini və eyni zamanda onların kommersiya uğurunun vacib olmadığını qeyd edirdilər) manifestlərindən birinə çevrilən, başqa beynəlxalq festivallarda da mükafatlara layiq görülən film müharibəyə qədərki Avstriyada internat məktəbində bir neçə tələbənin həmyaşıdlarına sadist münasibəti haqdadır. Rejissor filmlərində alman gəncliyinin böhranını göstərir, siyasi məsələləri dokumental publisist formada ifadə edir.

Bu romanı adaptasiya etmək üçün isə Şlöndorfa 20 il lazım olub. Rejissor romanın atmosferini, ruhunu, əsas xəttlərini saxlayıb və xüsusi əlavələr etməyib. Filmdə iki aspekt diqqəti çəkir: siyasi-tarixi plan və adi insanların məişəti, münasibəti, siyasi hadisələrə reaksiyaları. Bədii mətndə olduğu kimi, hadisələr Oskarın (David Bennent) gözündən göstərilir. Bununla belə, tarixi-siyasi olaylar personajların məişətində əridilir. Misalçün, Aqnes Hitlerə rəğbət bəsləyən əri ilə mübahisə edir ki, o, Hitleri ondan çox dinləyir, ona az diqqət ayırır. Yaxud Alfred evdə Bethovenin portretini Hitlerlə əvəzləyir. Nasistlərin tədbirində Oskar öz təbili ilə orkestrə qoşulur və fasiləsiz təbil çalmaqla tədbiri pozur. Dokumental tərzdə çəkilən epizodun tünd-qəhvəyi rənglərlə həlli nasizm ideologiyasının qorxuncluğunu ifadə edir.

Başqa bir epizodda rejissor nasizmin basqısını məişət situasiyasında maraqlı mizanlarla göstərir. Dəniz kənarında Oskar, Aqnes, Yan və Alfred gəzişir. Balıqçı at başı ilə ilan balığı tutur. At başı və ondan çıxan ilanbalıqlarının təsviri horror estetikasında həll edilərək müharibənin metaforu kimi verilir. Nasist Alfred isə balıqdan çox, nəsə iyrənc, murdar bir şey kimi göstərilən balıqları həvəslə alır. Mənzərədən ögüyən Aqnesi, onun yanlarını oxşayaraq guya təsəlli edən Yanın arasında dayanan Oskar təbilini çalır. Bu mizan Oskarın böyüklərin çirkin dünyasına etirazı kimi vizuallaşır.

Sonrakı epizodda Alfred ilanbalıqlarından hazırladığı yeməyi arvadına güclə yedirtmək istəyir. Aqnes yataq otağna qaçaraq hönkürür. Yan yenə də onun bədənini seksual mənayla oxşayır və bu zaman yataq otağının güzgüsündə dilxor halda içki içən Alfred görünür. Rejissor bir növ kadr içində kadr qurmaqla səhnənin məna və təsvir miqyasını genişləndirir.

Romanda olduğu kimi, filmdə absurd vəziyyətlər yer alır. Poçtun qorunması səhnəsində Oskar və Yan ölməkdə olan polyakı kart oynamağa məcbur edirlər. Bu səhnə müharibənin dəhşətləri qarşısında aciz qalan fərdin psixoz durumu kimi ortaya çıxır.

Şlöndorf romandakı küfr motivindən qaçmağa çalışıb. Örnəyi, romanda kilsədə Oskar Məryəm ana və İsa Məsihin heykəlindən İsanı qoparır. Onun yerinə Məryəmin qucağında özü oturur. Filmdə isə Oskar təbilini körpə İsanın boynuna asır və kilsədən qovulur.

Qrass Oskarın Mariya ilə seksini oyun kimi verir: Mariyanın meyvə şirəsi tozunu əlinə tökməsi, Oskarın tozun üzərinə tüpürməsi, qızın onu yalaması cinsi aktın ekvivalentidir. Rejissor da seks səhnələrini oyun modeli kimi qurur.

Filmin əsas uğuru Oskar rolunun ifaçısıdır. Bu rolu 12 yaşlı David Bennent oynayıb. Onun kədərli və ağıllı gözləri obrazı simpatik edib və əhvalatı kinematoqrafik cazibə ilə yükləyib.

Maraqlıdır ki, isveçrəli aktyor David Bennentin həyatı Oskarla müəyyən mənada oxşardır. Uşaqlıqdan onun boyu həmyaşıdlarından geri qalıb, buna görə məktəbə getməyib və təhsilini evdə alıb. Hazırda boyu 155 sm olan aktyor Oskar rolunu 12 yaşında ifa edib.

Kannda "Qızıl palma budağı" və "ən yaxşı xarici film" nominasiyasında Oskar alan film yeni alman dalğasının əhəmiyyətli əsərlərindən sayılır.

Ekranlara çıxandan sonra film Kanadada qadağan edilib. Əsas səbəb on iki yaşlı oğlanın yeniyetməlik yaşına çatmayan qızla yataq səhnəsi olub.

Amerikanın fundamental dini təşkilatları isə filmi uşaq pornoqrafiyası hesab edərək qadağan olunmasını tələb edib.

# 4667 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #