Sevgilisinin dostu ilə qaçan qadının faciəvi sonu

Sevgilisinin dostu ilə qaçan qadının faciəvi sonu
7 avqust 2021
# 09:00

Kulis.az Sevda Sultanovanın Fyodor Dostoyevskinin "İdiot" əsəri əsasında çəkilmiş üç film haqqında yazını təqdim edir.

Süjet: İyirmi altı yaşlı knyaz Mışkin nüfuzlu zadəgan nəslindəndir. O, İsveçrədən Peterburqa dönür. Erkən yaşda valideynlərini itirən knyaz əsəb xəstəliyindən İsveçrədəki sanatoriyada müalicə olunub.

O, qatarda zəngin tacir Roqojinlə tanış olur və ondan ilk dəfə Nastasya Filippovnanın adını eşidir. Roqojin aristokrat Totskinin məşuqəsi olan Nastasyaya vurğundur.

Mışkin şəhərə çatandan sonra, arvadı ilə uzaq qohumluğu çatan general Yepançinin yanına gedir. Burada o, general, arvadı və onların üç qızıyla tanış olur. Mışkinin səmimiyyəti, təmizliyi və dərinliyi onlarda rəğbət oyadır. Generalın evində Nastasyanın portretini görəndə, qadının gözəlliyi, özəlliklə gözlərindəki iztirab knyazı sarsıdır. Knyaz öyrənir ki, Totski generalın qızlarından biri ilə evlənməyi planlaşdırır. Ona görə Nastasyadan can qurtarmaq üçün generalın yardımçısı Qavrilaya qadınla böyük cehiz müqabilində evlənməyi təklif edir.

Mışkinə Qavrilanın evində kirayədə qalmaq təklif olunur. O, burada Nastasya ilə tanış olur və qadın onu evindəki ziyafətə dəvət edir. Bu zaman Roqojin gəlir, Nastasyaya onunla yaşamaq üçün xeyli pul təklif edir. Burada qalmaqal yaşanır və knyazın Nastasyaya dediyi "Məgər siz indi özünüzü göstərdiyiniz kimisiz?" cümləsindən qadın mütəəssir olur.

Axşam hamı Nastasyanın evinə yığışır. Qadın knyaza Qavrilaya ərə gedib getməməsi barədə sual verir. Əgər knyaz "yox" desə, o, bu nikaha razılıq verməyəcək. Mışkinin "yox" cavabından sonra Totskinin planları alt-üst olur. Roqojin yenə gələrək Nastasyaya pul təklif edir və onunla bərabər olmasını arzulayır. Knyaz Mışkin də Nastasyaya evlənməyi təklif edir. Nastasya isə ona layiq olmadığını deyərək Roqojinlə gedir.

Bu arada böyük mirasa sahib olan Mışkinin generalın qızlarından biri Aqlayayla münasibətləri yaranır. Nastasya Aqlayaya knyaza ərə getməsini xahiş edən məktub yazır.

Aqlaya knyazın iştirakı ilə Nastasya ilə görüşərək, ona hansı haqla məktub yazmasını, özəl həyatlarına müdaxilə etməsini soruşur. Qızın təhqiramiz tonundan qeyzlənən Nastasya knyazdan onunla qalmasını istəyir və Roqojini qovur. Knyaz Nastasyanı seçir. Onlar toya hazırlaşır. Amma qadın sonucda Roqojinlə qaçır. Ertəsi gün knyaz Roqojinin yanına gəlir və onun Nastasyanı öldürdüyünü görür.

Hər iki kişi qadının meyiti başında yuxusuz gecə keçirir. Ertəsi gün polis gəlir və Mışkinin sayıqlayan Roqojini sakitləşdirdiyini görür. Baş vermiş hadisədən knyazın psixikası tamam pozulur və o, daha kimsəni tanımır...

"İdiot" romanı 1868-ci ildə yayımlanıb. Dostoyevskinin sözlərinə görə, Raskolnikovdan sonra o, tamamilə ideal bir obraz yaratmaq istəyirdi. Müəllif Mışkinin simasında dərin, mərhəmətli, həssas, anlayışlı, bağışlaya bilən, iztirab çəkən müqəddəsi yaradır. Mışkinin aliliyi insan təbiətinin qüsurlarına - tamahkarlığa, paxıllığa, sinizmə qarşı qoyulur. Bütün paralel, yan xətlər onun ətrafında cərəyan edir. Knyazın "idiot" adlandırılması əsəb xəstəliyinə görə yox, səmimiyyətinə, saflığına görədir. Yazıçı "İdiot"u öz sevimli əsərlərindən biri adlandırıb.

Mütəxəssislərin fikrincə, yazıçı, əslində, knyaz Mışkinin simasında İsa Məsihin obrazını təcəssüm edib. Romanın bir yerində Mışkin Roqojinin evində alman rəssamı Hans Holbeynin "Ölü İsa Məsih" (1521-22) tablosunu görür. Əsərdə İsanın meyiti son dərəcə realist boyalarla təsvir edilib. Bir qayda olaraq adıçəkilən tabloya kimi, ölmüş İsa sakit və əzəmətli, vücudu təmiz, pak təsvir olunurdu. Holbeyn isə ölmüş İsanı ilahiləşdirməyib, adi meyit kimi çəkib: bədənində qançırları, yaraları, döyülmə izlərini, çürümə əlamətlərini nəzərə çarpdırır, gözləri isə yarıaçıq və ölgündür.

1867-ci ildə yazçının Bazeldə gördüyü bu əsər onu sarsıdır. Romanın bir yerində Roqojinlə Mışkinin arasında tablo ilə bağlı dialoq keçir. Roqojin əsərə baxmağı sevdiyini deyir. Bundan dəhşətə gələn Mışkin rəsmin bir adamın inamını öldürə biləcəyini deyir. Dostoyevski belə bir antiteza ilə Mışkini - İsanı - Roqojinlə - Dəccalla qarşı-qarşıya qoyur...

Romanın 20-yə yaxın ekran versiyası var. İlk dəfə əsəri 1910-cu ildə rus rejissoru Pyotr Çardınin adaptasiya edib. Səssiz qısa film on səhnədən ibarətdir.

Əsər müxtəlif illərdə, italyan, rus, fransız, alman, ingilis rejissorları tərəfindən ekranlaşdırılıb.

Layihəmizdə üç filmi təqdim edəcəyik. Öncə qeyd edim ki, izlədiyim filmlər arasında "İdiot" romanının layiqli ekran versiyası ilə rastlaşmadım. Elə romanlar var ki, kompozisiya mürəkkəbliyinə, spesifik bədii məziyyətlərinə, psixoloji-emosional, fəlsəfi-sosial dərinliyinə, ən əsası energetik gücünə görə, onların süjetini kinoya köçürmək effektli nəticə vermir. Ortaya sadəcə ədəbi mətnin sxematik kalkası çıxır. Bu halda, ən optimalı, əsərin motivindən yararlanaraq, rejissorun həmin əsərə orijinal baxış sərgiləməsi, yeni kontekst təklif etməsidir. Və əlbəttə ki, film müəllifin ədəbi əsərə heyranlığından yox, onun haqda yeni söz demək ehtiyacından yaranmalıdır. Necə ki, Alberto Moravianın "Nifrət"ini Qodar, Ryunosuke Akutaqavanın "Sıx meşə"sini Kurosava özününküləşdirə bildi.

Kurosavadan söz düşmüşkən, dünya kinosunun belə bir əhəmiyyətli ismi "İdiot"a özünəməxsus baxış nöqtəsi tapa bilməyib.

Rejissor əsəri 1951-ci ildə lentə alıb. O, hadisələri XIX əsrdəki Rusiyadan müharibədən sonrakı Yaponiyaya gətirib. Onun qəhrəmanı Kindzi (Masayuki Mori) əsir düşərgəsindən Hokkaydoya qayıdır. Düşərgədə edama məhkum olunsa da, son anda qərar ləğv olunub və o, bundan dərin psixi sarsıntı keçirib. Rejissor qəhrəmanının bioqrafiyasındakı bu detalla Dostoyevskinin həyatından sitat gətirir. Yazıçı dövlət əleyhinə göstərdiyi fəaliyyət ittihamı ilə 1849-cu ildə həbs edilir, ona güllələnmə hökmü oxunur. Son anda əfv xəbəri gəldiyi üçün o, ölüm cəzasından xilas olur. Və edam cəzası həbslə əvəzlənir.

Kurosavanın qəhrəmanı Kindzi qatarda Denkiti (Tosiro Mifune) ilə tanış olur və onun Taeko (Setsuko Hara) adlı qadına mübtəlalığını öyrənir.

Kindzinin qohumları onu mehmanxanaya yerləşdirir. Ona çatacaq mirası isə əsir düşməsi xəbərini alandan sonra satdıqları məlum olur. Kindzi Taekoyla tanış olanda ona evlənmək təklif edir. Qadın isə buna layiq olmadığını deyərək Denkiti ilə qalır. Romanda olduğu kimi, sonda qadın öldürülür.

Kurosava əsəri yaponlaşdırsa da, müəyyən mənada rus koloritini qış təsvirləri, musiqi ilə yaratmağa çalışıb. Aktyor seçimi isə uğursuzdur. Kindzi obrazı Mışkin kimi təsirli deyil, özünəməxsusluğu ilə seçilmir. O, mərhəmətli, həssas, anlayışlı yox, tamamən zavallı, miskin görünür. Onun insanları bağışlaya bilməsi, üzüyolalığı, sanki gözüqıpıqlığından, qorxaqlığından, əsirlikdə aldığı travmalardan doğur. Taekonun portretini ilk dəfə görəndə Kindzinin ağlamasının emosional bəraəti verilmir. Həmin epizodda heç bir təsirli, ifadəli üzə malik olmayan Taekonu görəndə, Kindzinin ağlaması mübaliğəli verilir, göz yaşları mərhəmətin, şəfqətin yox, bayağı melodram motivi kimi ortaya çıxır. Onun başqalarından fərqləndirən mənəvi böyüklüyü təsvir olunmur.


Ümumiyyətlə, rejissorun nəqlinin intonasiyası sentimentallığa, duyğu sümürücülüyünə hesablanıb. Rejissor üslubuna xas cəhətlər - kadrlarda çox personajın yerləşdirilməsi, çoxmənalı mizanlar, perspektivli planlar, xüsusən final səhnəsində işıq və kölgə ilə nəsə qeyri-real bir dünya yaratmaq bacarığı da əhvalatı uğursuzluqdan xilas etmir.

Uzun-uzadı, tutarsız dialoqlar, monoloqlar isə filmi yorucu edib. Filmin ilk versiyası 4 saat 26 dəqiqə olsa da, studiyanın təkidi ilə ixtisar olunub. Ekranlara çıxandan sonra film yapon tənqidçiləri tərəfindən tənqidlərə məruz qalıb. 1951-ci ildə, Yaponiyada milli kinomükafatı verən "Kinema dzyumpo" jurnalının reytinqində film 18-ci yerdə qərarlaşıb. Bu, Kurosavanın yeganə filmidir ki, onun fəaliyyəti dövründə, jurnalın hər il tərtib etdiyi "on ən yaxşı film" siyahısına daxil olunmayıb. Hətta bəzilərinin fikrincə, ekran işini iflasdan baş rolun ifaçısı Setsuko Haranın populyarlığı qurtarıb.

Rejissor özü filmi haqda deyir: "Mən "İdiot"u "Rasyömon"a qədər çəkmək istəyirdim. Erkən yaşlarından rus ədəbiyyatını sevmişəm. Anladım ki, Dostoyevski ən yaxşı müəllifdir və bu əsərdən əla film çəkmək olar. Dostoyevski hələ də sevdiyim yazıçıdır və mənə görə, o, yeganə yazıçıdır ki, insanın mahiyyəti haqda həqiqəti yazıb".

1958-ci ildə rus-sovet rejissoru İvan Pıryevin çəkdiyi "İdiot" ekrana çıxır. Rejissor əsərin yalnız ilk hissəsini çəkə bilir. Çünki baş rolun ifaçısı Yuri Yakovlev ağır ruhi vəziyyətindən dolayı ikinci seriyada çəkilməkdən imtina edir. Müəllif isə başqa aktyorla işləmək istəmədiyindən ikinci seriyanı çəkmir.

Rejissor ədəbi mətni demək olar ki, dəyişməyib, onun əsəbi ritmini, gərginliyini verməyə çalışıb. Knyaz Mışkinin ifadəli, dərin baxışlarını, kübar, ehtiyatlı maneralarını aktyor Y.Yakovlev dolğun ifa edib. Nastasyanın (Yuliya Borisova) da gözəlliyində, Kurosavanın Taekosundan fərqli olaraq, iztirab duyulur.

Bununla belə, film daha çox əsərin üzdən köçürmək cəhdidir. Hadisələrin baş verdiyi məkanda teatral atmosfer hakimdir, əhvalat qeyri-real, qurama təəssürat yaradır, personajlar arasındakı münasibətlərdə pafos qatı güclüdür.

Çex rejissoru Saşa Gedeon əsəri 1999-cu ildə ekranlaşdırıb. "İdiotun qayıdışı" adlanan filmdə Gedeon romanı fəlsəfi-dini qatlardan arındıraraq məişətləşdirib, ideyasını kiçildərək xeyli lokallaşdırıb. Hadisələr müasir dövrdə baş verir. Psixi xəstəxanada müalicə almış gənc Frantişek (Pavel Lişka) qohumlarının yaşadığı kiçik şəhərə qayıdır. Mağmın, atipik davranışına görə, maymaq kimi qəbul olunur. Onu kimsə ciddi qəbul eləmir. Klubda gənc qızlar onu ələ salır, şər ataraq oradan qovdururlar. Mışkin kimi həssas olan qəhrəman digər personajları düşdükləri pis vəziyyətlərdən xilas edir, bir kişini sevən iki bacının konfliktinin ortasına düşür. Ümumilikdə isə, filmdə böyük mənada konflikt yoxdur.

Yuxuda daim qarabasmaların izlədiyi qəhrəman, sanki kadrın mərkəzində yox, periferiyasındadır. Bu isə onunla ətraf arasındakı uçurumu göstərir...

"İdiotun qayıdışı" filmi Çexiyada mükafatlara layiq görülüb.

# 4032 dəfə oxunub

Oxşar xəbərlər

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
# # #