Saxta film festivalları ilə bizi aldadanlar: onları necə tanımalı?

Saxta film festivalları ilə bizi aldadanlar: onları necə tanımalı?
4 iyun 2020
# 08:58

Kulis.az ssenarist-rejissor Amil Amalın “A” kateqoriyalı filmlər və saxta film festivalları” məqaləsini təqdim edir.

Müasir dünyamızda getdikcə film festivallarının sayı artmaqdadır. Demək olar, yüzlərlə, minlərlə film festivalları mövcuddur. Ancaq bunların hansı statusa malik olması, hansı ənənələrlə fəaliyyət göstərməsi festivaldan-festivala dəyişməkdədir.

Bundan əlavə, bəzi rejissorlar da tapılır ki, onların filmlərinin hansısa bir yaxud bir neçə film festivalındakı uğurunu mətbuatda, televiziyada görmüş oluruq. Özü də həmçinin rəsmi dövlət kanallarında və saytlarda. Açıb araşdırdıqdan sonra məlum olur ki, bu festival sadəcə olaraq onlayn keçirilən, onlayn sertifikat verən “fake film festival”-ından başqa bir şey deyil. Çünki, diqqətlə həmin xəbərlərə fikir versəniz görəcəksiniz ki, festivalla bağlı heç bir video görüntü yaxud rejissorun orda iştırakı və s. kimi inandırıcı faktorlar yoxdur. Təbii ki, olmayacaq da.

Hal-hazırda bir neçə tanınmış onlayn film platformaları vardır ki, (FilmFreeway, Withoutabox, Clickforfestivals, Festhome və s) filminizin layihəsini ora yerləşdirməklə, həmin platforma üzərindən bir kliklə filminizi dünyanın istənilən film festivalına göndərə bilərsiniz. Hətta yuxarıda adlarını çəkdiyim nüfuzlu film festivallarına belə.

Ancaq bu işdə əsas bir məsələ vardır ki, xüsusilə gənc rejissorların, prodüserlərin diqqətinə çatdırmaq istərdim. Həmin film platformalarda film yerləşdirmək və filmləri festivallara göndərməklə yanaşı, onlayn film festivalları yaratmaq imkanı da mövcuddur. Yəni, sizin real həyatda festivalınız olmasa belə, xüsusi bir festival adı, kiçik bir poster, hər hansı bir ünvan, film festivalı yaratmaq imkanınız olacaqdır.

Saxta film festivalları realda mövcud olmayan festivallardır. Giriş haqqını alırlar və filmləri ictimaiyyətə nümayiş etdirmirlər. Saxta film festivalları düzgün bir film festivalı üçün klassik konsepsiya ilə uyğun gəlmir. Yalançı, saxta festivallar bir neçə xüsusiyyətini qoruyur, lakin çox vaxt vacib və ciddi bir festival formasını alaraq gizlənməyi bacarırlar.

Deyəcəksiniz ki, yaxşı, axı bunların maraqları nədir?

Bəli, əsas sual budur!

Ümumiyyətlə, əvvəlcədən deyim ki, festivallara filmlərin göndərilməsi çox hallarda ödənişlidir. Bu 5-70 avro arasında dəyişir. Ödənişsiz olanlar da var. Məsələn, Kannın “short film corner” proqramına heç bir ödəniş lazım deyil. Ancaq bu “fake festivallar”ın məqsədi təqdimat haqqını almaq və daha sonra iştirakçılara və qaliblərə öz sertifikatlarını paylamaqdır.

Yalançı festivalların bir neçə vacib xüsusiyyətini nəzərinizə çatdırmaq istəyirəm.

  1. Təsdiqlənmiş qaliblərin siyahısı yoxdur.
  2. İctimai nümayişlər yoxdur.
  3. Giriş haqqı yüksəkdir.
  4. Bir “Facebook” səhifəsi, veb sayt, “IMDB”-də sadalanan kreditlər və ya ən azı “Youtube” və ya “Vimeo”da bir treyler yoxdur.
  5. Çap olunmuş festival proqram broşuru, kataloqu yoxdur.
  6. Əvvəlki illərdə mükafat qazanmış filmlərin siyahısı yoxdur.
  7. Film rejissorları öz səyahət xərclərini ödəməlidirlər deyə bildirilir. Hər festival rejissorların səyahət xərclərini ödəyə bilmir, lakin qanuni olanların əksəriyyəti heç olmasa bəzi yaşayış və ya digər səyahət xərcləri ilə kömək edir.
  8. Sponsor yoxdur. Hər film festivalı yüksək səviyyəli sponsorlara sahib olmaq üçün şanslı deyil, lakin əksəriyyətin tanıdığınız və ya tapa biləcəyiniz qanuni müəssisələr və film sənayesi təşkilatları ilə əlaqələri olmalıdır.
  9. Təqdimat haqqı ödəyən hər kəs avtomatik olaraq bir festivala qəbul edilir və sertifikatla “mükafatlandırılır”.

Gördünüz kimi, hər hansı təcrübəsiz bir rejissor bütün bu sadaladığım şübhəli variantları hiss etdikdə həmin festivala filmini göndərməkdən imtina etməlidir. Yaxud, belə motivli bir festivaldan sertifikat alıbsa, onu uğur kimi paylaşmağı özünə rəva bilməməlidir. Rejissorlar həmçinin onlara mükafat kimi verilən iştirak sertifikatlarıyla və festivalın adı olan “official selection” budağı ilə bəzənmiş yalançı qalibiyyətləri yaşamamaq üçün əsil həqiqi festivalın bir neçə xüsusiyyətini də bilməlidir.

Həqiqi film festivallarının vacib xüsusiyyətləri:

  1. Festivala qatılan rejissorların tövsiyələri və müsbət rəyləri
  2. Filmlərin festivalda nümayişi
  3. Veb-saytında təklif olunan geniş və ətraflı məlumat
  4. Pulsuz giriş (və ya minimal giriş haqqı)
  5. Oscar-qualifying (Oskar-seçmə)
  6. Yüksək profilli sponsorlar
  7. Yerli əsaslı ofis
  8. Çap olunmuş proqram broşur-kataloq
  9. Mütəmadi yenilənən veb-sayt və sosial media hesabları
  10. Ekran ödənişləri və ya pul mükafatı qazanma perspektivi təklifi
  11. Səyahət xərcləri təmini və ya qismən ödəniş.

Bütün bu hallara riayət olunsa, heç bir çətinlik olmadan filminizlə film festivallarında iştirak edə bilərsiniz. Təbii ki, bədii və texniki cəhətdən yaxşı bir film çəkdiyinizə əminsinizsə...

İndi isə keçək çoxlarının danışdığı, amma hamının ayırd edə bilmədiyi festival filmlərinə.

Ümumiyyətlə, film festivalı anlayışı başdan yanlışdır. Çünki, ya pis film var, ya da yaxşı. Festival sadəcə olaraq sizin bədii təsvirinizin daha ifadəli formalarının axtarışı ilə ortaya qoyduğunuz bəşəri, sosial və ictimai mövzularla hansı dərəcədə əlaqənin olub-olmamısını müəyyənləşdirən bir seçim qurğusudur. O qurğu ki, burada öz sözünü demiş münsiflər heyəti olur və filmləri seçir. Yaxşı və pis filmlər olduğu kimi, yaxşı və pis film festivalları da var. A-dan Z-yə nə qədər istəsəniz...

Başlayaq A-dan.

Dünyada A kateqoriyalı film festivalı anlayışı rəsmi olaraq tanınmasa da ən nüfuzlu və prestijli film festivalları Belçikada yerləşən Beynəlxalq Film İstehsalçıları Assosiasiyaları Federasiyası tərəfindən (FIAPF) akkreditasiya olunub.

“FIAPF” 1933-cü ildə yaranıb, hazırda 30 ölkədən 36 film assosiasiya və film gildiyalarını özündə birləşdirir. “FIAPF” kino sahəsindəki problemlər və imkanlar, qanunvericilik tələbləri və iş prosesləri: müəllif hüquqları qanunvericiliyinin modernləşdirilməsi, piratçılığa qarşı mübarizə, rəqəmsal texnologiyanın tətbiqi, standartlaşdırma, media ilə işləmə və s. kimi məsələlərdə və xüsusilə “A” kateqoriyalı film festivallarına akkreditasiya verilməsində əsas qurumdur. Ancaq bəzi müstəsna film festivalları vardır ki, onlar böyük nüfuza malik olsalar da akkreditasiyadan keçməmiş və tarixən FIAPF-ın siyasətini açıq şəkildə tənqid etmişdilər. Bunlardan, Amerikada keçirilən “Sandens Film Festivalı” , “Nyu-York Film Festivalı” və Hollandiyada keçirilən Beynəlxalq Rotterdam Film Festivalı və İranda keçirilən Beynəlxalq Fəcr Film Festivalıdır.

İndi isə keçək indiyə kimi bütün rejissorları, aktyor-aktrisaları və film istehsalçılarını maraqlandıran həmin nüfuzlu film festivallarının adlarına. Bu festivallar 4 qrupa ayrılır.

  1. Rəqabət statusu verilmiş film festivalları (A kateqoriya)
  2. İxtisaslaşmış rəqabətli film festivalları
  3. Qeyri-rəqabətli film festivalları
  4. Rəqabətli sənədli və qısametrajlı film festivalları

Rəqabət statusu verilmiş dünyanın ən nüfuzlu və prestijli A kateqoriyalı 15 film festivalı aşağıdakılardır.

  1. Berlin Beynəlxalq Film Festivalı (Almaniya)
  2. Qahirə Beynəlxalq Film Festivalı (Misir)
  3. Kann Film Festivalı (Fransa)
  4. Hindistan Beynəlxalq Film Festivalı (Hindistan)
  5. Karlovı Varı Beynəlxalq Film Festivalı (Çex Respublikası)
  6. Lokarno Beynəlxalq Film Festivalı (İsveçrə)
  7. Mar del Plata Film Festivalı (Argentina)
  8. Montreal Dünya Film Festivalı (Kanada)
  9. Moskva Beynəlxalq Film Festivalı (Rusiya)
  10. San Sebastian Beynəlxalq Film Festival (İspaniya)
  11. Şanxay Beynəlxalq Film Festivalı (Çin)
  12. Tallin Qara gecələr Film Festivalı (Estoniya)
  13. Tokio Beynəlxalq Film Festivalı (Yaponiya)
  14. Venesiya Film Festivalı (İtaliya)
  15. Varşava Beynəlxalq Film Festivalı (Polşa)

Yuxarıda adları çəkilən film festivallarının hərəsinin öz siyasəti, öz yarış proqramları və yarış proqramlarına düşmək üçün öz qəbul şərtləri vardır. Bu səbəblə filmlərinizi festivala göndərmək istəyərkən, həmin film festivalının səhifəsinə daxil olub filminizin şərtlərə uyğun gəlib-gəlmədiyini yoxlaya bilərsiniz.

Dünyada A kateqoriyalı film festivallarının əsas proqramlarına, baş konkursuna (Official selection) seçilmək çox böyük uğur sayılmaqdadır. Çünki dünyanın dörd bir yanından minlərlə film arasından seçilib ora düşmək hər bir rejissorun ən ali məqsədi, arzusudur.

Bundan əlavə, bu festivalların rəqabət xaricində qeyri proqramları da olur ki, burada az da olsa daha çox yerli film rejissorlarımızın çəkdikləri filmləri görmək mümkündür. Bu proqramlara seçilmək də asan deyildir.

Əgər filmin iştirak etdiyi proqram yarış proqramı deyilsə, filmin festivala seçildiyini bəyan etmək başdan yanlışdır.

Misal üçün, dünyanın ən qədim festivalı olan Venesiya Film Festivalının proqramına nəzər salaq.

Əsas rəqabət (konkurs)

Rəqabət təəssüratları xaricində (vnekonkurs)

Orizzonti

Venesiya klassikası

Film market

Festival 20 dəqiqədən 60 dəqiqəyə kimi filmləri qəbul etmir. Yəni, filminizin 20 dəqiqədən az olması lazımdır ki, Venesiya film festivalının əsas rəqabət proqramına qısametrajlı kimi qatılmaq haqqı qazansın. Təbii ki, bundan əlavə filmin bədii və texniki keyfiyyəti və s. kimi xüsusiyyətlər də öz yerində.

İndi çoxlarının daha yaxından bələd olduğu məşhur Kann Film Festivalının proqramı ilə tanış olaq.

Əsas müsabiqə proqramı

Cinefondation

Film Market (Marche du film)

Qısa film guşəsi (Short film corner)

Adından da göründüyü kimi “Əsas müsabiqə proqramına” düşmək böyük iş tələb edir.

Bundan əlavə, hər bir film istehsalçısı yaxud filmin əsas müəllifi olan rejissor, nəzərdə tutulmuş müəyyən pul qarşılığında iştirak haqqını ödəməklə nüfuzlu film festivallarının “Film market” bölməsində, film pavilyonlarında, habelə Kann film festivalının “Film market” (Marche du film) bölməsində iştirak edə bilər.

Gənclər üçün perspektiv vəd eləyən “Talant campus” proqramlarını da misal gətirmək olar. Bu proqrama düşmək üçün gənc rejissorun indiyə qədər gördüyü işlər, filmoqrafiyasının olması vacib şərtdir.

Kannın “Cinefondation” proqramı, əsasən film məktəblərində, universitetlərdə təhsil alan tələbələrin filmlərinin əsas yarış proqramıdır ki, bu da bu kino arenasına baş vurmaq istəyən gənc rejissorlar üçün həm böyük nüfuz, həm də yaxşı pul mükafatı deməkdir.

İndi isə keçək “İxtisaslaşmış rəqabətli film festivalları” bölməsinə.

Bu festivallar öz növbəsində heç də A kateqoriyalı festivallardan geri qalmır. Bunları A kateqoriyasına namizəd olan film festivalları da adlandırmaq olar. Bu festivallar isə aşağıdakılardır.

  1. Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı (Türkiyə)
  2. Avrasiya Beynəlxalq Film Festivalı (Qazaxıstan)
  3. Brüsel Beynəlxalq Fantastik Film Festivalı (Belçika)
  4. Busan Beynəlxalq Film Festivalı ( Cənubi Koreya)
  5. Cartagena Film Festivalı (Kolumbiya)
  6. Courmayeur Noir Film Festivalı (İtaliya, kriminal filmlər)
  7. Gijon Beynəlxalq Film Festivalı (İspaniya)
  8. İstanbul Beynəlxalq Film Festivalı (Türkiyə)
  9. Jeonju Beynəlxalq Film Festivalı (Cənubi Koreya)
  10. Kerela Beynəlxalq Film Festivalı (Hindistan)
  11. Kitzbühel Film Festivalı (Avstriya)
  12. Kolkata Beynəlxalq Film Festivalı (qadın rejissorlar festivalı, Hindistan)
  13. Molodist Kiyev Beynəlxalq Film Festival (debüt filmlər, Ukrayna)
  14. Minsk Beynəlxalq Film Festival (Belorus)
  15. Mumbai Film Festivalı (Hindistan)
  16. Namur Beynəlxalq Film Frankofonu (Belçika)
  17. Sarayevo Film Festivalı (Bosniya-Hersoqovina)
  18. Sitges Film Festivalı (Qorxu filmləri, İspaniya)
  19. Sofia Beynəlxalq Film Festivalı (Bolqarıstan)
  20. Stokholm Beynəlxalq Film Festivalı (İsveç)
  21. Sidney Film Festival (avandqard filmlər, Avstraliya)
  22. Torino Film FestivalI (İtaliya)
  23. Transilvania Beynəlxalq Film Festivalı (Ruminiya)
  24. Sine Jove Valensiya Beynəlxalq Film Festivalı (İspaniya)

Azərbaycanda bu festivallara düşən filmlər A kateqoriyaya baxanda bir az çoxdur. Hətta burada artıq nəinki iştirak, hətta qalibiyyətlər də görmək olar. Ancaq bir neçə Azərbaycan filmi də var ki, onlar yuxarıda adı çəkilən hər iki kateqoriyadakı film festivallarının əsas və digər proqramlarında deyil, sadəcə olaraq həmin festival çərçivəsində nümayişi baş tutub. Belə olan halda rejissorların öz filmlərinin həmin festivallara seçilməsindən və orda yarışmasından danışması yanlışdır.

Qeyri-rəqabətli film festivalları

  1. Toronto Beynəlxalq Film Festivalı
  2. Vienna Beynəlxalq Film Festivalı
  3. Roma Film Festivalı

Rəqabət sənədli və qısametrajlı film festivalları

  1. Bilbao Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalı
  2. Krakov Film Festivalı (Polşa)
  3. Oberhausen Beynəlxalq Qısa Film Festivalı (Almaniya)
  4. Man Beynəlxalq Film Festivalına mesaj (Sankt-Peterburq)
  5. Tampere Film festivalı (Finlandiya)
  6. IDFA (International Documentary Film festival (Hollandiya)

Bir neçə film festivalları da vardır ki, onlar əvvəllər “FIAPF”-a üzv olsalar da sonradan öz üzvlüklərini geri götürmüşdülər. Bunlardan Braziliyada keçirilən San Paulo Beynəlxalq Film Festivalı, Norveç Beynəlxalq Film Festivalı, Lukas Beynəlxalq Uşaqların Film Festivalı və s-dır.

Müstəqillik illərində Azərbaycan üzrə yalnız bir qısa film Kann film festivalının əsas proqramlarından olan “Short film corner” də iştirak edib. “Sonuncu” adlı qısametrajlı film 67-ci beynəlxalq Kann Kinofestivalının qısa film guşəsinə (Short film corner) seçilmiş 9 filmdən biri idi. Film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və “Buta films” şirkətinin birgə istehsalı olsa da, filmin quruluşçu rejissoru və ssenari müəllifi rus rejissor Sergey Pikalov idi.

A kateqoriya sayılan Karlovı Varı Beynəlxalq Film Festivalında ilk dəfə Çingiz Rəsulzadə “Kuklalar” fimi ilə iştirak edib.

Gənc rejissorlar, Elvin AdıgözəlRu Həsənov tərəfindən çəkilmiş "Buqələmun" filmi isə 66-cı Locarno Film Festivalında “müasir rejissorlar müsabiqəsi” yarış proqramına seçilmişdi. Qalib olmasalar belə, bu, Azərbaycan kinosu üçün həm bir ilk, həm də böyük uğur idi.

Milli Kino Günündə əlamətdar hadisə

2014-cü ildə Asif Rüstəmovun çəkdiyi “Axınla aşağı” filmi ilk dəfə 49-cu Karlovı Varı Beynəlxalq film festivalının “Şərq-Qərb” yarış proqramına seçilmişdi ki, bu da öz növbəsində Azərbaycan kinosu üçün ilk idi.

Daha sonrakı illərdə, 2017-ci ildə İlqar Nəcəfin “Nar bağı” filmi Karlovı Varı Beynəlxalq film festivalının “Şərq-Qərb” yarış proqramına seçilmişdir. Bundan başqa, film Estoniyada keçirilən 21-ci "Qaranlıq Gecələr" Film Festivalında ən yaxşı bədii film mükafatına və 39-cu Qahirə Beynəlxalq Film Festivalında “Young Cinema Award” mükafatın layiq görülmüşdür. Film bundan əlavə də bir neçə festivalda Azərbaycanı təmsil etmişdir.

Azərbaycandan Elçin Musaoğlunun quruluş verdiyi “Nabat” filmi Venesiya Film Festivalının əsas yarış proqramında olmasa da Horizontlar (Orizzonti) proqramında iştirak etmişdi.

Mirbala Səlimlinin “Qırmızı bağ” filmi festival olmasa da Rusiyanın nüfuzlu 30-cu “NİKA” Rusiya Milli Kinematoqrafiya mükafatı müsabiqəsində iştirak etmişdi.

Elmar İmanovun “End of season” filmi Rotterdam Film Festivalında əsas proqramdan əlavə olaraq FIPRESCI (Beynəlxalq Kino Mətbuatı Federasiyası) mükafatına layiq görülmüşdür.

İmam Həsənovun “Müqəddəs inək” adlı sənədli filmi isə IDFA (İnternational Documentary Filmfestival Amsterdam) festivalında iştirak etmişdi.

Bunda başqa, az sayda gənc rejissor da (özüm qarışıq) böyüklü-kiçikli xarici dövlətlərin keçirdiyi orta və böyük statuslu bir neçə festivallarda iştirak etmiş və hətta qalib gəlmişik.

Şamil Əliyevin “Çölçü” filmi 35-ci Qahirə Film Festivalında və XVI “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında iştirak etmişdi.

Bir neçə filmlər var ki, həmin filmlərin mütəmadi olaraq festivallarda qalib olması və ya iştirakı ilə bağlı xəbərlər eşidirik. Elə götürək “Çölçü” filmini. Filmin çəkilişindən səkkiz il keçməsinə baxmayaraq film festivallarında iştirakı ilə bağlı tez-tez saytlarda xəbərlər görürük. Hətta belə bir təəssürat var ki, “Çölçü” filmi, film festivallarda ən çox iştirak etmiş və ən çox mükafat almış filmdir. Bu yerdə kiçik bir haşiyəyə çıxıb bildirmək istəyirəm ki, bir filmin festival həyatı istehsal ilindən sonra maksimum bir-iki il arasında dəyişə bilər. Təbii ki, söhbət professional filmdən gedir. Düzdür, bu film də tam professional bir komanda ilə çəkilmiş və “Azərbaycanfilm”də istehsal olunmuş yaxşı filmdir. Ancaq bir məsələ var ki, prestijli, nüfuzlu film festivalları məhz ilk növbədə başqa bir yerdə göstərilməmiş filmlərin qəbulunu həyata keçirirlər. Bundan əlavə, filmlərin istehsal ili festivalın keçirildiyi ildən uzağı iki il fərqlənə bilər. Bütün bunlar olduğu halda professional bir filmi ucuz və mənşəyi bilinməyən “N” sayda bu cür festivallara göndərmək hansı məntiqə sığır?

Məsələn, kiçik bir araşdırma ilə sərt də olsa məsələnin nə yerdə olduğunu izah edim. Yaxın günlərdə, tanınmış saytların birində “Çölçü” filminin Yaponiyada “Twilight Film Festival 2020”-də İsraildə “Holy Grail International Film Festival”İtaliyada “Vesuvius İnternational Monthly Film Festival”da bir neçə nominasiyalarda qalib olduğu xəbərini gördüm.

Festivallar haqqında kiçik araşdırma elədim. Hər üçü onlayn keçirilən, heç bir ictimai nümayişi olmayan, elektron şəkildə (e-mail, g-mail) sertifikat göndərən, hətta heç bir ciddi veb-səhifəsi belə olmayan bir facebook layihəsidir. Hətta festivallardan biri bir ildir ki, yaranıb.

Bundan başqa festivalın birində “COVİD-19”-la əlaqədar festivalın təxirə salınmayacağı, göndərilən filmlərin münsiflər tərəfindən seçiləcəyi xəbəri var. Ancaq münsiflər heyətinin adından, soyadından bir iz, əlamət yoxdur. Belə olan təqdirdə, bunu “Azərbaycan filmi Yaponiyada, İtaliyada, İsraildə və ABŞ-da mükafat aldı – Foto” başlığı ilə manşetdə yayımlamaq nə dərəcədə düzgündür? Xəbər başlığında “Foto” yazılsa da yalnız filmlərdən fotolar, yuxarıda qeyd etdiyim sertifikat və festivalın qalibiyyət budağı görünür. Həmin budağı da həmin film platformasında düzəltmək iki vur ikidir. Necə ki, yuxarıda düzəldib paylaşmışam.

Bundan savayı, festivalların hər üçü haqqında məqalənin əvvəlində qeyd etdiyim film platformasında, festivallardan biri hətta 30 faiz endirim ödənişi tələb edir. Digərinin “deadline”nı, yəni filmlərin qəbul tarixi belə filmin qalib olduğu tarixlə uyğun gəlmir.

Həmin platformadakı festivalların şəkillərini yerləşdirirəm ki, özünüz məsələnin nə yerdə olduğunu anlayasınız.

Son olaraq, Azərbaycanda keçirilən film festivalları haqqında kiçik bir məlumat verim.

Yerli film festivallarının heç biri, təəssüf ki, yuxarıda adlarını sadaladığım kateqoriyalı film festivallarına daxil edilməmişdir, ancaq bu, heç də onların zəif və pis festival olması anlamına gəlmir. Pisi odur ki, Azərbaycanda tammetrajlı film festivalı keçirilmir. Ən azı qonşu ölkələrdəki beynəlxalq film festivallarına göz gəzdirmək olar ki, ölkəmizin bu baxımdan nə qədər geridə qaldığını ürək ağrısıyla görə biləsən.

İrandakı Tehran Film Festivalı, nüfuzlu Fəcr Beynəlxalq Film Festivalı, Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Film Festivalı, Batumi Beynəlxalq Art House Film Festivalı, Türkiyədə keçirilən onlarla böyük beynəlxalq festivalları hətta Ermənistandakı Qızıl ərik Beynəlxalq Film Festivalı və s. göstərmək olar.

Azərbaycandan qat-qat kasıb olan Qırğızıstan aqrar ölkə olmasına rəğmən Qırğızıstan Qısa Filmlər Ölkəsi adlı festivalı ilə (brendi ilə) artıq MDB və Şərqi Avropa ölkələrində sayılıb-seçilən qısa film festivalı kimi tanınmaqdadır. Azərbaycanda artıq uzun müddətdir ki, Mədəniyyət Nazirliyinin kino şöbəsi, iki kino ittifaqı, rejissorlar gildiyası, prodüserlər gildiyası olmasına baxmayaraq bir dənə də olsun tammetrajlı film festivalı keçirilmir.

Keçmiş festivallardan, 1996-cı ildə keçirilən “Şərq-Qərb” Beynəlxalq Bakı kinofestivalı, 2001-ci ildə keçirilən Audiovizual Festival və 2013-cü ildən keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalının adlarını çəkmək olar.

Qısametrajlı filmlər festivalı kimi isə 2004-cü ildən keçirilən və indiyədək Azərbaycanda ən uzun müddətli film festivalı olan “START” Gənclərin Beynəlxalq Film Festivalını xüsusi ilə qeyd etmək lazımdır. Festival 2019-cu ildən Bakı Beynəlxalq Qısa Film Festivalı adlanır və artıq 11-ci sayına hazırlaşır.

2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Azərbaycan ailəsi” adlı film festivalı həyata keçirilir. Ancaq festival beynəlxalq adlandırılsa da, bu, statusdan daha çox yerli filmlər festivalı və tələbə filmləri kimi tanınır.

2017-ci ildən keçirilən “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalını da ilk keçirilən sənədli film festivalı kimi qeyd etmək yerinə düşər.

2018-ci ildən ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı da keçirilir. Hətta növbəti sayının 14-18 oktyabr tarixində Bakıda və Şəkidə keçiriləcəyi gözlənilir.

Bundan başqa kiçik statusda bir neçə film festivalları da mövcud olub ki, onların ümumiyyətlə festival prinsipləri qeyri-professional və həvəskar xarakteri daşıyıb.

# 9316 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
#
#
# # #