Qarabağ haqda zəif filmə baxmaq ikiqat ağırdır

Qarabağ haqda zəif filmə baxmaq ikiqat ağırdır
5 dekabr 2019
# 09:01

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Son nəfəsədək” bədii filmini təqdim edir.

Süjet: Hadisələr 1989-1992-ci illəri əhatə edir. Qəhrəmanlardan biri Yavər (İlqar Cahangir) 1980-lərin əvvəlində - tələbəlik illərində bir erməni tərəfindən təhqirə məruz qalır. İş elə gətirir ki, mübahisə zamanı bilmədən onu bıçaqlayır. O, cəzasını Sovet İttifaqının ucqar həbsxanalarından birində çəkir. Cəza müddətini başa vuran Yavər doğulduğu kəndə Füzulidə yerləşən Yuxarı Veysəlliyə qayıdır. O, qayıdanda hər şeyin dəyişdiyini görür. Artıq Qarabağ konflikti başlamış, erməni silahlıları dinc azərbaycanlılara qarşı təxribatlar törədir, qətlə yetirirdilər. Konfliktin qarşısını almaq üçün isə sovet ordusunun “sülhməramlı” qüvvələri bölgəyə yerləşdirilir.

Yavərin sevdiyi və evlənməyə hazırlaşdığı Qaratel (Ülviyyə Rza) bir erməni sürücüsünün hücumu zamanı şok keçirdərək ağır xəstəliyə tutulur. Vəziyyəti ağır olduğundan Qaratel Bakıya aparılır.

Ölkə rəhbərliyi konkret tədbir görmədiyindən Yavər dostları ilə birgə Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini öz üzərinə götürür. O, sovet “sülhməramlılarına” rəhbərlik edən Aleksandr Roxlinlə (Eldar Bağırbəyov) görüşür. Qarşılaşanda bəlli olur ki, Roxlinlə o vaxtilə bir həbsxanada cəza çəkiblər. Və Yavər onu həbsdə ölümdən qurtarıb. Görüşdə Yavər ondan ermənilərə kömək göstərməməsini tələb edir. O, söz versə də sonucda buna əməl eləmir və öz mənafeyini güdür. Erməni tərəfinin davranışı sayəsində münaqişə getdikcə gərginləşir. Və kənd camaatını xilas edərkən Yavər döyüşçü dostları ilə bərabər həlak olur...

Gallery

Rejissor Elnur Əliyevin 2008-ci ildə ekranlara çıxan “Son nəfəsədək” filmi real hadisələr əsasında çəkilib. Filmdə təsvir olunan hadisələr Qarabağ müharibəsinin ilkin mərhələsindən başlamış Xocalı faciəsinə qədər olan dövrü əhatə edir.

Təəssüf ki, mərkəzi personajlardan biri Yavər İsgəndərov haqda internetdə ətraflı məlumat tapa bilmədim. Öyrəndiyim təkcə o oldu ki, Yavər İsgəndərov 1956-cı ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində doğulub. Onun təşəbbüsü ilə 1991-ci ildə kənd cavanlarından ibarət könüllü müdafiə dəstəsi yaradılır. Həmin dövrdə Milli Ordumuz hələ yaranmamışdı. Kəndləri könüllülər və xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları qoruyurdu.

1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində ağır döyüşlər olur. Qaradağlı kəndinə köməyə gedən Yavər və dəstəsi burada düşmən mühasirəsinə düşərək həlak olublar. Daha sonra Yuxarı Veysəlli kəndi işğal olunur. Filmin titrlərində də yazıldığı kimi bu işğal Xocalı faciəsinə yol açır.

“Son nəfəsədək” filminə gəlincə... Qarabağ müharibəsi ilə bağlı real hadisələrin təsvirini ekranda izləmək istər-istəməz adama ağır gəlir. Şəxsən mənim üçün məğlubiyyəti, fədakar, mübariz insanların ölümünü, bir də ekranda göstərilənlərdə yaşamaq çox çətindir. Üstəlik, film zəif, qeyri-peşəkar çəkiləndə o acını ikiqat yaşayırsan. Bütün hallarda bu hadisələrin şahidi olmuş, filmin ssenarisini yazmış, ona prodüserlik etmiş, onu unudulmağa qoymayan Nurəddin Aslanova xüsusi təşəkkür düşür.

Gallery

“Son nəfəsədək” filminin ən böyük qüsuru bu hadisəyə rejissorun baxışının olmamasıdır. Rejissor Nurəddin Aslanovun şəxsi təcrübəsi olan ssenarini sadəcə canlandırmaqla kifayətlənib. Yəni ssenari materialını bədii filmin təbiətinə uyğun formaya salmayıb.

Misalçün, süjeti əsas qəhrəmanların hər birinin özəl hekayəti əsasında qurmaq və o hekayətləri kəndin müdafiəsi prosesi xəttində birləşdirmək mümkün idi. Yaxud əhvalatın mərkəzi xəttini Yavərlə Qaratelin sevgisi üzərində də qurmaq olardı. Əslində, rejissor buna cəhd etmiş kimi görünür. Ancaq nə baş verir? Qaratelin Yavərlə sevgi motivi unudulur, sonra sanki rejissorun yadına hansısa məqamlarda qəfildən düşür.

Dramaturji qüsur, üstəlik uğursuz təsvir həlləri - misalçün, fleşbəklərdə Qaratellə Yavərin münasibətinin bəsit klip üslubunda və romantikasında təqdimatı nəticəsində sevgi xətti ümumi materialda təsirsiz qalır. Ümumiyyətlə isə belə bir vacib tarixi əhvalat mexaniki ifadə olunub. Niyəsə bizə elə gəlir ki, əgər qəhrəmanların qəzəbi, pafoslu duruş və davranşları xüsusi vurğulanırsa, bu, tamaşaçıya ekrandan görünən reallığı yaşamağa əsas verir, onun emosiyalarına təsir edir.

Bu, ona görə səhv yanaşmadır ki, söhbət kinodan gedirsə, əhvalatın kinematoqrafik konteksti olmalıdır. Yəni “Son nəfəsədək” kinohekayəsinin ritmini, atmosferini müəyyənləşdirən önəmli amillər yoxuydu: vizual təhkiyə, uyğun ifadə vasitələri. Həmçinin, planlar, kadrlar, epizodlar arası keçidlərdəki nizamsızlıq, sxematiklik, ümumən kompozisiya axsaqlığı da öz yerində...

Döyüş səhnələri peşəkar işlənməyib, ən azı gerçəklik hissini vermir, döyüş anının həyəcanını yaşamırsan. Müəllif plakatçı yanaşmadan qaça bilməyib. Unuduruq ki, plakatçılıq doğru yanaşma deyil və saxta təsir bağışlayan vətənpərvərlik səbəbindən tamaşaçıyla kinohekayə arasında ünsiyyət qurulmur.

Yavər rolunun ifaçısı İlqar Cahangir obrazının qəzəbini, nifrətini lüzumsuzca mübaliğəli ifadə edir və bu, onun obrazının səmimiyyətinə, doğmalaşmasına kölgə salır. Onun ölərkən dediyi “Mən hamını xoşbəxt görmək istəyirəm” fikri artıq, banal səslənir.

Aktyor ansamblında ən çox yadda qalan Rus Dram Teatrının aktyoru Eldar Bağırbəyovun ifasıydı. E.Bağırbəyov obrazının riyakarlığını, ziddiyyətini çatdırmaq üçün uyğun bədən dilindən, emosional vəziyyətdən yararlanmışdı.

Nəhayət, musiqi barədə (bəstəkar Yaşar Baxış). Musiqi milli kinonun ən zəif yerlərindən biridir. Əlbəttə, rejissorlarımızdan filmlərində musiqinin vizual üslub səviyyəsində təzahürünü tələb eləmirik. Fəqət, heç olmasa, hər kadrda, özü də vəziyyətə adekvat olmayan musiqi salınmasına ehtiyac yoxdur. Yaxşı olardı ki, Mədəniyyət Nazirliyi rejissorlarımız üçün musiqi ilə işləməyin yollarını öyrədən xarici mütəxəssislərin ustad dərslərini təşkil etsin.

Gallery

“Son nəfəsədək” “Frame” Production tərəfindən istehsal olunub.

Filmin prodüseri Nurəddin Aslanov müsahibələrindən birində deyir:

“Mən bu filmin ssenarisini real hadisələr əsasında qələmə almışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini öz gözlərimlə görmüşəm... Əslində, bu film mənim ilk işimdir. Çox ağır, əziyyətli yollar keçdik. Bildiyiniz kimi, əksəriyyət bu janrda film çəkməyə risk etmir. Çünki həmin filmin nə qədər uğur qazanacağını əvvəldən bilmək olmur. Bu tip filmlər gəlir gətirən filmlər deyil. Lakin buna baxmayaraq bunun kommersiya tərəfini düşünmürəm. İstəyirəm ki, bu film gənc nəslin yaddaşlarında silinməkdə olan tariximizi canlandıraq, həmin ağrılı-acılı günlərimizi heç vaxt unutmayaq.”

Qarabağ müharibəsi ilə bağlı filmlər dövlət siyasətinin tərkib hissəsi olmalıdır. Mədəniyyət Nazirliyi “Üçüncü günün adamı” kimi uydurma, anlaşılmaz hekayələrdənsə, bu cür real hadisələrin bədii həllinin peşəkar, keyfiyyətli alınmasına şərait və imkanlar yaratmalıdır.

# 9879 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #