Kukla Teatrında ilin ilk premyerası

Kukla Teatrında ilin ilk premyerası
13 yanvar 2020
# 17:05

Yeni ildə də yeni tamaşalarla teatrsevərləri sevindirməyə hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilin ilk premyerasını reallaşdırıb.

Yaradıcı heyətin aylardır üzərində çalışdığı “Yeddi nar çubuğu” teatrsevərlərin ixtiyarına verilib.

Azərbaycan Dövlət Kukla Teatrı, “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın premyerasında mədəniyyət və incəsənət xadimləri, teatrsevərlər və mətbuat nümayəndələri iştirak ediblər.

Kiçik həcmli ibrətamiz məişət nağıllarımızdan olan “Yeddi nar çubuğu”nun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.

Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi tamaşa klassik nağıl üslubuna tam fərqli baxış kimi də xarakterizə oluna bilər. Belə ki, rejissor ideyadan irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib.

Quruluşçu rəssamı Rəvanə Yaqubova olan bu tamaşada teatrsevərlər bütün zamanlarda öz füsunkarlığını qoruyan sehrli nağıl təsvir-təyinini hakim saxlamaqla çağdaş zamanın texnoloji vasitələrinin də fonunda tam klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə nail olub.

Mahnı və rəqslərlə zəngin tamaşanın bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə əsas etibarilə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazmaqla tamaşanın yüksək tempini və ümumi fabulasını qorumağa çalışıb. İstər hadisələrə, istərsə də mahnı mətnlərinə orqanik musiqilər yazan bəstəkar çoxçalarlı musiqi həlli yara bilmişdi.

Klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda əsasən kölgə teatrı elementlərindən də istifadə edən rejissor fərqli kukla texnikaları və oyun üslublarını bir araya gətirməklə rəngarəng bir səhnə həllinə nail olub.

Quruluşçu rəssamın çoxfunksiyalılıq verdiyi səhnə detalları, eləcə də işıq effektləri, əlavə konstruksiyaların tətbiqi ilə səhnə içində səhnə yaratması və məhdud məkanı məhz işıq effektləri ilə cilalaması baxımlı idi.

Hər biri bütünlükdə rəssam işi olan 3 səhnə geyimi, eləcə də istər canlı plan (Nağılçı), istərsə də 13-dən artıq kukla və köməkçi obrazlara verilmiş tərtibat rəssamın incə zövqünə və nağıl elementlərinə diqqətinin bariz nümunəsi idi.

Pyes müəllifinin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlaya bildi.

Tamaşaçıların maraqla izlədikləri tamaşada obrazları teatrın aparıcı aktyorları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırıb./azertag.az/

# 2447 dəfə oxunub

Oxşar xəbərlər

Qafqazın ilk süni intellekt əsaslı film festivalının qalibləri elan edilib

Qafqazın ilk süni intellekt əsaslı film festivalının qalibləri elan edilib

15:30 19 noyabr 2025
“Avatar 3”ün yayım tarixi açıqlandı

“Avatar 3”ün yayım tarixi açıqlandı

12:46 19 noyabr 2025
AKİ-dən yeni layihə: “Öz filmini yarat!”

AKİ-dən yeni layihə: “Öz filmini yarat!”

16:41 18 noyabr 2025
Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

18:48 17 noyabr 2025
Kino sənətini kim məhv etdi? – Martin Skorsezenin essesi

Kino sənətini kim məhv etdi? – Martin Skorsezenin essesi

16:04 17 noyabr 2025
Məşhur müğənni aktrisalığa başlayır

Məşhur müğənni aktrisalığa başlayır

10:12 14 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər