Yeni filmlər haradadır? - PROBLEM

Yeni filmlər haradadır? - PROBLEM
12 may 2011
# 14:48
Azərbaycan filmləri deyəndə dərhal adamın xəyalına “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Bir cənub şəhərində” , “Arşın mal alan” kimi Sovet dönəmində çəkilmiş filmlər gəlir. Bəs sonra ?- sualı verilsə yaddaşımızı zorlayıb rejissor Rasim Ocaqovun ömrünün sonlarında çəkdiyi “Otel otağı”, “Ölsəm, bağışla” filmlərini xatırlayacağıq. “Güllələnmə təxirə salınır”, “Küçələrə su səpmişəm” adlı filmlərimiz də yuxu kimi xəyalımıza gələcək.

Yuxu dedim, “Yuxu” filmini də xatırladım. Ya da ki, “Arxada qalmış gələcək”, “Yalan”, “Ağ atlı oğlan”, “Fəryad” , “Biz qayıdacağıq” kimi özündən öncəki Azərbaycan filmlərini də öz oduna yandıran “filmciyəzlər” yada düşəcək. Niyəsi bəllidir, çünki işğal, matəm günlərində telekanallar bu qəbilli filmləri göstərməkdə elə bil yarışa girirlər. Həmin günlər onları, bir də “Babək”lə “Dədə Qorqud”u göstərirlər. Matəm, işğal günlərimiz də ki, gözə gəlsin, nə çox, o qədər eyni filmləri məlum günlərdə nümayiş etdirirlər ki, daha millət həmin günlər televiziyanı açmamağa qərar verib.

O günlərdən də, üstəlik həmin filmlərdən də bezib. Bu sırada muğamımızı da deyərdim, amma mövzudan yayınmış olaram. Yoxsa deyərdim ki, ay, plansız, proqramsız, məqsədsiz, telekanallarımız, bəsdir bu milləti öz milli musiqisi olan muğamdan çiysitdiniz. Muğam matəm musiqisi deyil, o bir zövqi-səfadır ki, anlamayan duymaz.

Əlqərəz, qayıdaq mətləbə. Nəzər-diqqətinizə çatdırım ki, ildə “Azərbaycanfilm”də heç olmasa bir dörd-beş film çəkilir. Tamaşaçı kütləsi bundan bixəbər olsa da mətbuat nümayəndələri az-çox xəbərdardırlar ki, məsələn, Gəncə xanı Cavad xan haqda elə “Cavad xan” adlı film çəkilib. Eldar Quliyev “Girov”, Vasif Məmmədzadə “Lal çinar”, Ramiz Əzizbəyli “Yalan”, Mehriban Ələkbərzadə “Məhkumlar”, Oleq Səfərəliyev “Əlvida, cənub şəhəri”, Ramiz Həsənoğlu “Cavid ömrü”, Şamil Nəcəfzadə “Qala”, Oqtay Mirqasımov “Günaydın, mələyim”, Ramiz Fətəliyev “Hökmdarın taleyi”, Elçin Musaoğlu “Qırxıncı qapı” kimi filmlər çəkiblər.

Hələ onlardan öncə Ramiz Həsənoğlu Rüstəm İbrahimbəyovun ssenarisi ilə “Ailə” filmini çəkib ki, Sovetlər birliyinin süqutundan danışır. “Aktrisa”, “Buta” adlı filmlər Azərbaycan kinosunun lap son məhsullarıdır. Dövlət bunların hərəsinə filan qədər vəsait ayırıb. Ümumiyyətlə, dövlət büdcəsindən məxsusi kino çəkilişi üçün ən azı 700 min manat ayrılır, əgər həmin filmdə mürəkkəb səhnələr də varsa, məsələn, döyüş səhnələri, ona 1 milyon manat hökmən verilir. Bu gedişlə son illər iki tarixi film çəkilib ki, onlarda döyüş səhnələri də var. Vəsait ayrılıb, film çəkilib. Ortada isə heç nə yoxdur. Əcaba, bu filmlər kino arxiv üçün çəkilirmi? Bunları geniş tamaşaçı kütləsi görməyəcəksə, hələ beynəlxalq festivalları demirəm, bəs, bunlar nə üçün çəkilib?

Mədəniyyət və Turizm nazirliyinin çoxdandır ki, bir cavabı var. Nazir özü də dəfələrlə açıqlamalarında bu cavabı verib ki, “Nizami” kinoteatrı istifadəyə verilən kimi orda dövlət sifarişi ilə çəkilən yeni filmlərin nümayişləri təşkil olunacaq: “Hələlik bizim balansımızda normal kinoteatr yoxdur ki, orda filmlərin nümayişini təşkil edə bilək.”

Xub, nə yazıq ki, “Nizami” kinoteatrının istifadəyə verilməsi də acı bağırsağa dönüb. Onun üstündə yaponlar Türkiyədə iki körpü istifadəyə verdilər. Söylü demiş, “spora” düşən olsa iki kinoteatr da tikib istifadəyə vermək olardı, amma “Nizami” kinoteatrının bərpasının başa çatması tarixi lap adaşının taleyi kimi qaranlıqdır.
Yaxşı bəs, telekanallarda niyə bu filmlərin nümayişi təşkil olunmur?
Müstəqil Kinorejissorlar Gildiyasının rəhbəri, kinorejissor Hüseyn Mehdiyev filmlərin telekanallarda nümayiş olunmaması səbəbini telekanalların rəhbərlərində görür: “Onlar üçün hansısa plagiat filmi nümayiş etmək daha ucuz başa gəlir, öz filmlərimizi nümayiş etdirmək üçün cüzi məbləği ödəmək istəmirlər.” Rejissor deyir ki, ödəniləcək məbləğ filmin müəlliflərinə qonorar vermək üçündür.

Əslində burda da dərinə getdikcə kələfin dolaşmasının şahidi olursan. Dövlət filmi üçün dövlət kanalı (özəli qoyaq bir kənara) müstəqil bir birliyə niyə pul ödəməlidir? Kələfin ucu dolaşır və bunu dolaşıq salan əslində mövcud qanunlara riayət etməyənlərdir. Yaxud mədəniyyət, kino sahəsində hökmən zamana uyğun qanununu yaradılmasına ehtiyac duyulur. Köhnələrlə işləmək istəmirlər, təzəsini də quran yoxdur. Yıxıb dağıtmaq daha rahatdır, nəinki qurmaq. Odur ki, cavabdehlərin hərəsinin öz arqumenti var, əsassız olsa belə. Nəticədə, özümüz öz filmlərimizə həsrət qalmışıq. Camaatın filmləri “Nika”ya, “Oskar”a təqdim olunur. “Biz hələ avtomobil minməyiriz”


Ramilə QURBANLI
# 1871 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #