Bu bizim serial deyil - ARAŞDIRMA

Bu bizim serial deyil - ARAŞDIRMA
12 may 2011
# 09:56
Sevda Sultanova

Serial kütləvi mədəniyyətdir. Və eyni zamanda ciddi sənətdir.

Onun arxasında böyük zəhmət, ictimai-siyasi, sosial mesajlar dayanır. Sanballı teatr tamaşalarında oynayan, nüfuzlu universitetlərdə təhsil almış serial aktyorları həm peşəkardılar, həm də ciddi və savadlı insanlar.

Məsələn, hələ sovet dönəmində nümayiş olunan “Kölə qız İzaura” Braziliya serialında baş rolun ifaçısı Luseliya Santos Çindən, Timordan bəhs edən ictimai-siyasi yönlü sənədli filmlərin müəllifidir.

Latın Amerika, türk, rus seriallarında sevgi münasibətlərinin fonunda həmin cəmiyyətlər üçün aktual olan problemlər yer alır.

Türk rejissoru Kudret Sabançının bütün seriallarında qadın haqlarının pozulması əsas yer tutur.

Latın Amerika seriallarında sinfi bərabərsizlik, hətta hakimiyyətin yeritdiyi siyasət belə tənqidə tuş gəlir.

Tamaşaçı serialda gündəlik həyatını, problemlərini, özünə doğma olanları görür.

Bizim teleməkanda digər yerli seriallara nisbətən populyar olan “Aramızda qalsın” komediya serialındakı mühit isə sıravı azərbaycanlıya doğma deyil.

Mətbuatda yazıldığı kimi “Aramızda qalsın” Türkiyənin “Cocuklar duymasın” serialının oxşarıdır. Hərçənd, mənə məsələnin hüquqi yox, yaradıcı tərəfi daha maraqlıdır. Hansısa layihənin formasını təkrarlamaq olar, amma obrazlar, şərait yerli mühitə uyğunlaşdırılmayanda demək ki, hədəfdən yan keçilib.

“Aramızda qalsın” serialında tamaşaçıya heç bir ciddi mesaj ötürülmür. Burda Azərbaycana, yaşadığımız cəmiyyətin problemlərinə aid nəsə tapmaq çətindir.

Nə olsun ki, serial komediya janrındadır. Ən ciddi fikirlər elə yumorun vasitəsi ilə deyilmirmi? Üstəlik problemlərin çox olduğu cəmiyyətdə yaşadığımızı nəzərə alsaq.

Hadisələr ər-arvadın küsüb-barışması üzərində qurulur. Konfliktlərin əsasında boş, anlamsız nəsnələr dayanır. Yumor çox hallarda bayağılığın sərhədini aşır. Daha çox bir təbəqənin nümayəndələrindən - şirkətlərdə çalışanlardan bəhs olunur.

Serialda təsvir olunan azərbaycanlı ailə, davranış, xarakter daha çox avropalını imitasiya edən ailəyə, xarakterə bənzəyir. Burdakı ailələrdə dominant daha çox qadındır. Amma ailələrimizin əksəriyyətində vəziyyət əksinədir.

Və azərbaycanlılar avropalılar kimi evdə ayaqqabı ilə gəzmirlər.

Nəinki bizdə, dünyanın heç bir normal, səmimi ailəsində dəyərlər, ehtiyacı olanlara yardim etmək barədə saxta, rəsmi intonasiyada danışmırlar. Serial bu halda cəmiyyətə özünün mərhəmətli olduğunu sırımaq istəyən adamların təşkil etdiyi xeyriyyə aksiyalarına bənzəyir.

Əsas qəhrəmanlar Yeganə və Mehmanin uşaqlarının müəllimi vaxtaşırı onlara baş çəkib şagirdlərinin problemləri ilə maraqlanır. Bu nəinki real deyil, həm də gülməli və saxtadır.

Çünki bizim məktəblərə belə hal xarakterik deyil. Müəllim-şagird-valideyn-məktəb münasibətlərindəki problemli vəziyyət hamiya aydındır. Mövcud vəziyyətin ən maraqlı, uğurlu təsviri “Bu şəhərdə”nin səhnəciklərindən birində yer almışdı.

Mən başa düşürəm ki, layihənin rəhbərliyi mənəvi, ailə dəyərlərini təbliğ etmək istəyir. Amma alınmır. Hansısa dəyərləri həqiqətdən qaçmaqla, reallığı təhrif edib pafosa bürüməklə təbliğ etmək effekt vermir. Əksinə, tamaşaçı ekranda gerçəkliyi görməyəndə inamı sarsılır.

Şou-biznes adamlarının ara-sıra serialda görünməsi, tamaşaçını seriala həm də bu vasitə ilə cəlb etmək istəyi bir daha ssenaristlərin hadisə yarada bilməməyindən xəbər verir.

Hər bir aktyorun ən ümdə vəzifəsi öz ifasına tamaşaçını inandırmaqdır.

Dünya praktikasında aparıcılar, müğənnilər seriala çəkilməzdən əvvəl aktyorluq dərsləri alırlar.

Qeyri-peşəkar ifa sərgiləyən Kamilə Babayeva, Ramal Hüseynov hazırlıqsız-filansız kamera qarşısında rol oynayırlar.

Və bu həm də rejissorun aktyorla işləməməsinin göstəricisidir. Düzü, mənə elə gəlir ki, serialda ümumiyyətlə rejissor yoxdur. Çünki ortada rejissura, rejissor əməyi görünmür.

Yeri gəlmişkən, Latın Amerikasının ən populyar aktrisalarından biri Qabi Espino deyir ki, növbəti seriala çəkilmək təklifi gələndə o daha yaxşı oynamaq üçün yenidən aktyor dərsləri almağa qərar vermışdi.

Azər Axşamın ampluası ATV-in “Söz oyunu” verilişindəki aparıcı-obrazından fərqlənmir.

İstedadına rəğmən A.Axşam televiziya ilə sənət arasında sərhədi sanki itirib.

Teleproqramda da, serialda da oxşar səpkili rol oynayan aktyor qəlibdən çixa bimir: eyni mimika, eyni hərəkətlər, eyni jestlər.

Pantomimçi Qurban Məsimov və aktrisa Səidə Quliyeva isə illərlə yığdıqları aktyorluq təcrübəsini xərcləyirlər.

S.Quliyevanın kulis.az-a verdiyi müsahibəsindən bir məqamı şərhsiz təqdim edirəm: “Təəssüflər olsun ki, “Bala başa bəla” tamaşasındakı İzzət Nəfisli obrazından sonra rejissorlar başladılar mənə elə rollar verməyə. Mən bunu “rejissor tənbəlliyi” adlandırıram. Aktyorla işləməyə, onun daxili potensialını tapmağa tənbəllik edirlər”.

Komplekslərimizi aşıb öz gerçəkliyimizi, azərbaycanlı xarakterini ekrana gətirməsək, çəkilən seriallarımız da beləcə dişsiz olacaq.
# 1566 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #