““Şərikli çörək” indi çəkilsəydi, dünyaya çıxardı”

““Şərikli çörək” indi çəkilsəydi, dünyaya çıxardı”
11 sentyabr 2012
# 12:40
Müşfiq Hətəmov “Azərbaycanfilm” kinostudiyasına 2011-ci ilin dekabrından rəhbərlik edir. Direktorla bu müddət ərzində görülən və görülməyən işlərdən danışıq. Görək, Azərbaycan kinosu yaxın gələcəkdə böyük festivallarda uğur qazana biləcək, ya yox? Söhbət əsnasında nə bəlli olacaq, özünüz görəcəksiniz.


- İlk müsahibəmiz siz “Azərbaycanfilm” kinostudiyasına direktor təyin ediləndən sonra olmuşdu, üstündən aylar keçib, nə yeniliklər var, nələri edə bildiniz?

- Yarımçıq qalmış filmləri tamamlamışıq, “Dolu”, “Çölçü”, “Qisas almadan ölmə” filmləri tamaşaçıların ixtiyarına verilməsini gözləyir. Bu dəqiqə yeni qanun layihəsi üzərində işləyirik. Bu qanuna görə xarici şirkətlərin Azərbaycanda müştərək film çəkməsi asanlaşacaq. Kinostudiyanın özündə industriyanın qurulması əsas işlərimizdəndir. Bütün kadrların hazırlanması, bizdə olmayan mütəxəssislərin dəvət edilməsi həyata keçirilməlidir ki, çəkdiyimiz film dünyaya çıxa bilsin. Layihədən, ssenaridən tutmuş filmin ərsəyə gəlməsi, bütün komponentlərin düzgün, peşəkarcasına həyata keçirilməsi üçün industriya düzgün qurulmalıdır. Təəssüflər olsun ki, çox yaxşı ssenarimiz olur, güclü rejissor film çəkir, amma komponentlər düzgün seçilmədiyindən filmi dünya ekranlarına çıxara bilmirik.


- Bu industriya əslində çox böyük orqanizmdir ki, xırda-xırda detallardan formalaşır. Ona görə də çox zaman lazımdır ki, industriya deyilən orqanizm tam formalaşsın. Bəs, bunun üçün nədən başlamaq lazımdır?

- Yaxşı kadrlardan. O gəncləri seçirik ki, onlardan gələcəkdə yaxşı mütəxəssis yetişsin. Səs, qrafika, görünüş, montaj mütəxəssislərinə ehtiyacımız var. Gələn ssenarilərə də bu saat o baxımdan yanaşırıq ki, bu ssenari dünya tamaşaçısı üçün maraqlıdırmı? Ssenarilərimizdə lazımsız dialoqlar, mənasız, məntiqsiz yerlər çox olurdu. Bu gün dünya tamaşaçısının tələbi başqadır. Ssenarini onu düşünüb yazmalıyıq. Sabah bunu hansı bazara çıxara biləcəyik onu düşünüb, bəri başdan bazarını müəyyənləşdiririk. Bax, bu işləri görəcək kadrlara ehtiyacımız var. Müsabiqə elan edirik, müsabiqədən keçən gəncləri sınaq müddətinə işə götürəcəyik. İndiyə qədər elə bir şey olmayıb ki, hələ layihə ikən onun artıq reklamı getsin, yeri müəyyənləşsin. “Dolu” filmini çəkərkən Elxan Cəfərov çox təkliflər verdi, təkliflərlə bağlı mütəxəssislərlə məsləhətləşdim. Gördük ki, rejissor düzgün təkliflər verib, elədik onu. Özünü də doğrultdu. Rejissor, prodüsser, mütəxəssislər ümumi rəyə gəlməlidir.

- Filmin dünyada uğuru həm də güclü ssenaridən başlayır də?

- Əsas sinopsisdir, ssenari ondan sonra yazılır. İdeya bəyənilirsə o halda ssenari qələmə alınır. İdeya bəyəniləndən sonra müxtəlif şirkətlər dəstək verməyə başlayır. Hər şirkət bir məsələni öz boynuna götürür.

- İndi dünya kino bazarında belə bir tendensiya var ki, mənəvi prinsiplər kənarda qalır, daha çox pul gətirən filmlərə üstünlük verilir. Onlar da döyüş, dəhşət filmləridir.

- Hər janrın öz tamaşaçısı var.

- Doğrudur, amma dünya bazarına çıxmaq istəyən Azərbaycan kinosu özünün “Şərikli çörək ” filminə xas məktəbini, estetikasını itirməz ki?

- Hə, anladım, “kassıvı filmlər”i deyirsiniz. İnandırıram sizi “Şərikli çörək” bu günün texniki imkanları ilə çəkilsəydi, dünyaya çıxardı, uğur da qazanardı. Kinostudiyanın layihələşmə prosesi gedir, layihə başa çatan kimi təmirə başlanacaq. Kinostudiyanın təmirinə dünyanın hər yerində yaşayan azərbaycanlı mütəxəssislər cəlb olunacaq. Kinostudiya ən yaxşı avadanlıqlarla təmin ediləcək. Təmir başa çatanda artıq bizim orda çalışacaq mütəxəssislərimiz də hazır olacaq. Təmiri həyata keçirən şirkətlər isə üç il həmin işlərin həyata keçirilməsinə, mütəxəssislərin adaptasiyasına nəzarət edəcək.

- Animasiya ilə bağlı məsələ nə yerdədir, bu sahə çox geri qalır...

- Fariz Əhmədov adlı bir gənc rejissoru “Azanfilm”ə təyin etmişik.

- O, animasiya mütəxəssisi deyil axı...

- Amma Moskvada təhsil almış rejissordur. Elçin Hami Axundov artıq təqaüdə getdi. İki gənc animasiya mütəxəssisi var, Fariz Əhmədov hələlik işini onlarla qurub, yeni mütəxəssislər də cəlb edəcək. Bu yaxınlarda “Cırtdan və Təpəgöz”ü təhvil veriblər, təqdimatını edəcəyik, görəcəksiniz, məncə çox maraqlı alınıb.

Ramilə QURBANLI

# 2053 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #