Mübariz Cəfərli ədəbiyyata səksəninci illərin sonunda gəlib. “Dünyanın ikinci üzü”, “Olanlar və olmayanlar”, “Trio, kvartet və s”, “Cangüdən”, “Əkslər labirinti”, “Fəlsəfi oyunlar”, “Uydurma” kitablarının müəllifidir. Son iki ildə “Azərbaycan” jurnalında onun “Bərpaçı”, “Bənna” və “Bağban” romanları dərc olunub. Kulis.az yazıçı ilə müsahibəni təqdim edir.
- Mübariz müəllim, sualım bir az şablon səslənsə də hər bir yazıçıya bu sual verilir. Nə vaxt hiss etdiniz ki, yazmaq sizin üçün qaçılmaz bir ehtiyaca çevrilib?
- Bu, çox masştablı bir sual oldu. Mən ixtisasca riyaziyyatçıyam, İnşaat Universitetini bitirmişəm. Ancaq ədəbiyyat məni hələ orta məktəb illərindən öz sehrinə saldı. Hələ universitet tələbəsi olanda “Ulduz” jurnalında hekayələrim dərc olundu. 1986-cı il idi. Ondan sonra həyatım dəyişdi və mən universitetdə demək olar ki, formal oxudum. Müəllimlər də sağ olsunlar, kömək edirdilər. Amma görürdüm ki, yazdıqlarım yazmaq istədiklərim deyil. Çox da məni tərifləyirdilər, sağıma-soluma keçirdilər. Hiss edirdim ki, nəsə çatmır. 1991-ci ildə “Ulduz” jurnalında bir povestim də çap olundu. Pafoslu adı vardı, “Yaşasın azadlıq!” Sonra həmin povesti “Olanlar və olmayanlar” kitabıma da daxil etmişdim. Ondan sonra mən dərk etdim ki, yazıçılıq nə deməkdir.
- Xatırlayıram, sizin 1992-ci ildə çıxan “Dünyanın ikinci üzü” kitabınıza Cəmil Əlibəyov ön söz yazmışdı.
- Hə, elədir. Cəmil müəllim o dövrdə mənə çox köməklik edib. Universiteti bitirdikdən sonra məni “Yazıçı” nəşriyyatına işə düzəltmişdi. Mənim xeyirxahlarım çox olub. Rəhmətlik Yusif Səmədoğlu mənə çox köməklik edib. Bir dəfə səhər “Yazıçı” nəşriyyatındakı işimə gələndə gördüm ki, divarda böyük bir siyahı var, bu siyahıda işdən çıxarılanların adları yazılıb. Zəlimxan Yaqub da orda redaktor işləyirdi. Məni də, onu da işdən çıxarmışdılar. Zəlimxan Yaqub siyahını oxudu və əlini yelləyib “ay-hay” elədi. Mən isə sözün əsl mənasında pərt olmuşdum. Cavan oğlan idim, kitablarım çıxırdı, az-çox tanınırdım. Birdən-birə səbəbsiz yerə işdən çıxarılmağım mənə pis təsir eləmişdi. Baxmayaraq ki, məndən başqa da xeyli adamı işdən çıxarmışdılar. Zəlimxan müəllim çevrilib xeyli üzümə baxdı və dedi: “Mübariz, sən neyləcəksən?” Yazı-pozularımı qovluğa yığıb işdən çıxdım. Xaqani küçəsiylə pay-piyada evə getməyə başladım. Özüm də çox fikirliydim, Zəlimxan müəllimin o sözü də beynimdə fırlanırdı. Düşünürdüm ki, doğrudan da mən bundan sonra neyləyəcəyəm? Evə çatmağıma təxminən yüz metr qalmışdı. Yazıçıların Hüsü Hacıyev küçəsindəki binasına yaxınlaşanda Yusif Səmədoğlu ilə rastlaşdım. O, həmişə mənim yazılarımı jurnalda çap edirdi, mənə qayğı göstərirdi. Üzümə baxıb nəsə hiss elədi. Dedi ki, Mübariz, sən işləyirsən də. Bunu sualedici tonda dedi. Dedim, Yusif müəllim, bu gün məni işdən çıxartdılar. (Gülür) Yusif müəllim də dedi ki, sabah gəl Yazıçılar Birliyinə. O vaxtdan mən “Azərbaycan” jurnalında çalışmağa başladım.
- Neçənci il idi?
-1992-ci ilin sonları.
- Mübariz müəllim, yazıçı kimi formalaşmağınızda hansı yazıçıların rolu olub?
- Bu suala cavab vermək üçün lap əvvələ qayıtmağım lazımdır. 1988-ci ildən sonra bütün qapılar açıldı və yadımdadır, “İnostrannaya literatura” jurnalı o vaxta qədər qadağan olunmuş yazıçıları çap etməyə başladı. Kafkanın “Qəsr”, Kobo Abenin “Qumsallıqda qadın” romanları çap olundu, Ceyms Coysun “Uliss” romanı bu jurnalın 12 sayında şərhlərlə nəşr olundu. Biz o əsərləri çox böyük ləzzətlə oxuyurduq. Bu dövrdə mən Remarkın əsərlərini oxumağa başladım. Remark mənə pafosdan uzaq olmağı, yazıçı soyuqqanlığını öyrətdi. Mən bir çox yazıçıların adlarını çəkə bilərəm ki, çox gözəl yazıçılardır, məsələn, Folkner, Heminquey. Onların hər ikisi Nobel mükafatı alıb, amma onlar mənim yazıçım deyillər. Bu, bir az sevgiyə bənzəyir. Məsələn, sən fəhmən hiss edirsən ki, sənin sevdiyin qadından da gözəl, yaraşıqlı qadınlar var, amma onlar sənin həyatının qadını deyil. Sən məhz həyatındakı qadının yanına qaçırsan. (Gülüşürük)
- Remarkı sizin yazıçınız saymaq olar?
- Yox, Remark ilkin mərhələdə oxunmaq üçündü. Mən indi istəsəm də Remarkı oxuya bilmərəm. Remark təzə yazmağa başlayan yazıçıya çox şey öyrədir. Amma mənim həmişə oxuduğum yazıçılar var, Borxes, Tolstoy, Dostoyevski. Qonçarovun “Oblamov”unu, Markesin “Yüz ilin tənhalığı”nı, “Patriarxın payızı”nı çox böyük ləzzətlə oxumuşam. Dəhşətə gəlirdim ki, bu Oblamov necə adamdır, İlahi?! Bütün dünyanı uzandığı divandan seyr edir. Bu divanda nə qədər yatmaq olar? Sonra Xuan Rulfonun “Pedro Paramo” romanını oxudum və gördüm ki, Markesdən yuxarı mərhələ də varmış. Bu mərhələlərin sonu yoxdur. Bunların hamısının bir atası var, o da Borxesdir. Yəni söhbət Latın Amerikasından gedir.
- Sizcə, ədəbiyyatın hansısa bir funksiyası varmı?
- Bayaq dediyim həmin o ədəbi aclıq dövründə “Komsomolskaya pravda” qəzetində mənim sevdiyim yazıçılardan olan Kobo Abenin bir səhifəlik müsahibəsi getmişdi. Yaşlı vaxtlarıydı, həmin müsahibədən 3-4 ay sonra rəhmətə getdi. Jurnalist təsvir edirdi ki, yazıçı çox ağır eşitdiyindən qulaqcıq taxmışdı. Ona sual veriləndə ki, hal-hazırda sizin üçün ən gözəl yazıçı kimdir, o belə cavab verir: “Bir rus yazıçısı var, adını təəssüf ki, unutmuşam”. Jurnalist tez şəkkə düşüb soruşur: “Kimi deyirsiz?” Abe deyir ki, zarafat edirəm. Daha sonra ona bir növ sentimental sual verir ki, sizin üçün həyatın mənası nədir? O isə deyir həyatın heç bir mənası yoxdur. Siz bu sualı verəndə Abenin həmin müsahibəsini xatırladım. Hər halda, bu suala araşdırmaçılar cavab verməlidirlər. Biz sadəcə, yazmaqla məşğuluq.
- Ədəbiyyatdan gələn və həyatdan gələn yazıçı. Siz bu bölgüylə razılaşırsınız?
- Qətiyyən. Bu, düzgün yanaşma deyil. Yaza bilən və yaza bilməyən yazarlar var. “Azərbaycan” jurnalının 5-ci sayında mənim “Bağban” adlı romanım dərc olunub. Orda bir epizod var, yazmağı atmış bir adama deyirlər ki, “yazsaydın, sən də hürə-hürə it olacaqdın”. Mən it olmaq istəmədim.
- Bəs yaxşı əsər yazmağın ən əlverişli düsturu hansıdır?
- Heç bir düsturu yoxdur. Yazmaq üçün sadəcə, istedad və zəhmət tələb olunur. Həmişə yaradıcı əhvalda olmalısan, çoxlu mütaliə etməlisən. Bir də təcrübə olmalıdır. Hərdən deyirəm ki, kaş 20 yaşım olaydı və indiki ağlım olaydı. (Gülür) Mən əsərlərimin çoxunu birnəfəsə yazmışam. İndi “Məkkə” adlı yeni bir roman üzərində işləyirəm, evdə qulluqçu var, o bilir ki, mən işləyəndə evdə sakitlik olmalıdır. Bəzən olur ki, yazı otağına girib kompüteri açıram və iki dəqiqədən sonra çıxıb gedirəm. O, soruşur ki, Mübariz müəllim, elə bu? Deyirəm, hə. Mən işimi bitirdim, gedirəm. O görüb ki, mən saatlarla iş otağından çıxmıram. Belə olanda ona təəccüblü gəlir, anlaya bilmir ki, bunu birnəfəsə yazmaq olmaz. Elə məqamlar var ki, onu gərək aldada-aldada yazasan, əks halda o səni aldadacaq. Yazı prosesi çox çətin prosesdir. Mən müəyyən istisnalarla gecələr yazıram.
- İndi çox vaxt gəncləri qınayırlar ki, yazı təcrübəsi olmadan birbaşa roman yazırsınız. Bu fikrə münasibətiniz necədir?
- Bilirsiniz, o vaxtkı nəsillə indiki nəsli qətiyyən müqayisə eləmək olmaz. Biz arzusunda olduğumuz əsərləri tapıb oxuya bilmirdik. Amma indiki ədəbi gənclik çox çevikdir, onların sonsuz imkanları var, istədikləri əsəri tapıb oxuya və təhlil süzgəcindən keçirə bilirlər. Bu mənada onlar çox şanslıdırlar. Onlar ədəbiyyata da dəstəylə gəlirlər. Bir dəfə Diogen yol kənarında oturub gitara çalan bir oğlanı dinləyirmiş, oğlan da gitarada heç bir mahnı ifa edə bilmirmiş, eləcə simləri dınqıldadırmış. Diogenə deyirlər, axı bu, gitaranı dilləndirə bilmir, onun nəyini dinləyirsiniz? Diogen isə deyir ki, çox yaraşıqlı oğlandır, ucaboy, əzələli, sağlam gəncdir, gedib adam öldürmür ki. Bunun kimə nə ziyanı var? İndiki gənclər də Diogenin sözü olmasın, pis əməllərlə məşğul olmurlar, yazırlar da. İndi bu dəstədən neçəsi ədəbiyyatda qalacaq, neçəsi qalmayacaq, bu, zamanın işidir. 3-4 nəfərin adı ədəbiyyatda qalsa, bunun özü də bir uğurdur. Bəzən qəfil uğurdan başgicəllənmə yaranır, neçəsi bu başgicəllənmədən özünü qoruya biləcək? Bunu da zaman göstərəcək.
- Gənc yazarlardan diqqətinizi çəkən imzalar varmı?
- Məncə, hələ tezdir. Onlar yetişməlidirlər. Mənim indi elə vaxtımdır ki, gənclik dövründə yazdığım əsərləri oxuya bilmirəm, oxuyanda min dənə qəmbərqulu çıxır. Onlar haqqında söz demək məncə, hələ çox tezdir.
- Hal-hazırda nə oxuyursunuz?
- Son vaxtlar çox sentimental olmuşam. Hind filmlərinə baxıram. Ruminin “Məsnəvi”sini oxuyub bitirmişəm. İndi sufizm nəzəriyyəçisi Fəridəddin Əttarın “Təzkirətül-övliya” əsərini oxuyuram. Orda bir məqam var. Ustad və şagird səhrada gəzirlər, qarşılarına bir kaha çıxır, sevinirlər ki, günün istisindən qorunmaq üçün bir az bu kahada daldalana bilərik. Kahaya girəndə görürlər ki, kimsə çörək və su qoyub. Üstündə də yazıb ki, mən yedim, doydum, Allah acları doyursun! Çörəyin bir qismini yeyib sudan içirlər. Yola çıxanda ustad görür ki, şagird yerdə qalan çörəyi və suyu götürür. Ondan soruşur ki, neyləyirsən? Şagird deyir bunu da yol üçün azuqə götürdüm, ac qalsaq, bununla keçinərik. Ustad deyir ki, onları qoy yerinə, sən hələ yetişməmisən. Anlamırsan ki, bu gün bunu sənə yetirən sabah yetirməyəcək? Bu kriteriyalarla yanaşsaq, dünyada acların sayı azalar. Biz oxuduqlarımızdan heç vaxt nəticə çıxara bilmirik. Burdan oxuyub ordan unuduruq. Kitabı oxuyub mənəvi cəhətdən təmizlənmirsənsə, içində işıq yaranmırsa, oxuduğunun heç bir anlamı olmur.
- Ədəbiyyat insanı xilas edə bilərmi?
- Mən dünya ədəbiyyatını da izləyirəm, Azərbaycanda yaranan ədəbiyyatı da oxuyuram və görürəm ki, hər şey tənəzzülə doğru gedir. Məsələn, ötən əsrdə Nobel mükafatı alan yazıçılara baxın, indi bu mükafatı alan yazıçılara baxın. O dövrdə nəhəng, masştablı yazıçılar Nobel mükafatını alırdı. Amma indi tənəzzül gedir. Ədəbiyyat çox gücsüzdür. İnsanlığı xilas etmək mümkün olsaydı, məhşər gününə ehtiyac olmazdı. İnsan əgər yuxarı qalxıb şeytana qalib gələ biləcəksə, onda məhşər gününün əhəmiyyəti qalmır. Tənəzzül labüddür, çünki məhşər də qaçılmazdır. Sizin sualınıza dolayısıyla dəxli olan bir şeyi də deyim. Səmavi kitabların, onlara yazılan şərhlərin, mükəmməl ədəbi əsərlərin mayasında bir sual dayanır: O dünya var, ya yox? İnsanlıq həmişə bu suala cavab axtarıb. Ədəbiyyat da bu sualın cavabında acizdir...