Yusif Vəzir vəzirdir, Yusif Vəzir rəzildir

Yusif Vəzir vəzirdir, Yusif Vəzir rəzildir
7 fevral 2013
# 11:15

Layihə-37

Kulis.az “Kommunist” qəzetinin 6 may 1937-ci il tarixli sayında imzasız dərc edilmiş “İkiüzlü tənqidçi haqqında” yazısını təqdim edir

İkiüzlü adam ən qəddar düşmən qədər qorxuludur.

Məhz buna görə partiyamız ikiüzlülərə qarşı həmişə amansız olmuş və revolyusion sayıqlığı artıraraq ikiüzlüləri geniş ifşa etməyi və işimizin bütün uçastoklarından rədd etməyi dəfələrlə tapşırmışdır.

Lakin çoxdan bəri özünü hər yerdə tənqidçi kimi qələmə verən Hidayət Əfəndiyev bundan hələ heç bir nəticə çıxarmamışdır. H. Əfəndiyev hazırda Yazıçılar İttifaqı və “Ədəbiyyat qəzeti”nin tənqid seksiyasının rəhbəridir. H. Əfəndiyevin son 5-6 ay müddətində verdiyi 3-4 məhsulun dolaşıq olduğunu İttifaq hələ bu vaxtadək aydınlaşdırmamış, aydınlaşdırmışsa da, ört-basdır etmişdir.

Lakin bu, üstü örtüləsi məsələ deyildir. H. Əfəndiyevin xüsusən son iki tənqidi haqqında oxucuların həm Əfəndiyevdən, həm Yazıçılar İttifaqından, həm də “Kommunist” və “Ədəbiyyat qəzeti”ndən haqq-hesab tələb etməyə ixtiyarı vardır.

H. Əfəndiyev son iki yazısında oxucuları çaş salmışdır. O yazılardan biri Çəmənzəminlinin “Studentlər”i haqqında olan ikiüzlü tənqiddir. Yazıçı Çəmənzəminli 3-4 ay əvvəl tamamilə ifşa edilməmişdi. Onun səhvləri bütünlüklə aşkara çıxarılmamışdı. Tənqidçi Hidayət o vaxt Çəmənzəminlini məşhurlaşdırmaq fikrinə düşür. O, 1936-cı il noyabrın 7-də “Ədəbiyyat qəzeti”ndə “Nəsrimiz yüksək keyfiyyət yollarında” başlığı ilə “Studentlər” haqqında bir yazı buraxır. Bu yazıda deyilir: “Çəmənzəminlinin “Qızlar bulağı” və “Studentlər” əsərinin bu son ildə çapdan çıxmış ikinci hissəsi də tarixi janr yolunda atılmış müvəffəqiyyətlərdən biridir. Bu əsərin canlı tarixi materialı üzərində oxucu keçmişi dərk edir. Hal-hazırın və gələcəyin mahiyyətini düşünməyə başlayır. Çəmənzəminli yeni sovet temasında hələ böyük əsərlər verməmişdirsə də, onun son dövr yaradıcılığında bu yola doğru müəyyən bir hərəkət hiss olunur”.

Bir az sonra məsələ ciddiləşir, oxucular “Studentlər” haqqında müəyyən rəylər deyirlər.

Azərbaycan Yazıçılar İttifaqının mart plenumunda məsələ daha kəskin qoyulur. Bu plenumda “Studentlər” əsərinin kontrrevolyusion mahiyyəti tamamilə aydınlaşır. “Tənqidçi” H. Əfəndiyev təşvişə düşür, məsələnin üstünün açılmasını görüncə, “Kommunist”in 1937-ci il 10 aprel tarixli nömrəsində “Ədəbiyyatda kontrrevolyusion sarsaqlama” adlı bir məqalə dərc etdirir. H. Əfəndiyev gözdən pərdə asaraq özünü “tam sayıq”, “prinsipial” və “gözü açıq” göstərmək istəmişdir.

H. Əfəndiyev bu dəfə haman məqalədə yazır:

“Studentlər” əsəri hər cəhətdən müəllifin kontrrevolyusion cəfəngiyatına müvafiq qurulmuşdur. Bu əsər Azərbaycan əməkçilərinə yabançı, çürük, osmanlı və ərəb-fars sözləri, ifadə və tərkibləri ilə doludur. Demək lazımdır ki, “Studentlər” əsərində bu zərərli təsir çox qorxulu və təhlükəli bir haldır. Yusif Vəzirin bu əsəri özünün çıplaq şəhvət oyadan erotik təsvirləri ilə oxucuların zövqünü və əxlaqını pozmağa doğru çevrilmişdir. Paxabşina bu əsərdə özünə geniş bir sahə tapmışdır. Bu əsər Yusif Vəzirin öz yaradıcılığında hələ bu günə qədər kontrrevolyusion müsavat ideyalarına nə dərəcədə sadiq qaldığını aydın göstərir”.

Yuxarıdakı təriflə bu tənqidi müqayisə edən hər kəs Hidayətin ikiüzlü olduğunu çox asanlıqla görər.

H. Əfəndiyev bu peşəyə alışdığı üçün vaxtilə Qantəmirin “Kolxozstan” adlı antisovet, çirkin əsərinin meydana gəlməsinə mane olmaq üçün tam imkanı olduğu halda bunu etməmiş və yalnız əsər meydana çıxdıqdan sonra onu “tənqid” etmişdir.

Bu tənqidçi “Kommunist”in 10 aprel tarixli nömrəsində belə yazır:

“Biz uzun zaman bəzi ədəbiyyat “rəhbərlərinin” “avtoritet” sözü ilə istər bu kitabı və istərsə bir sıra belə əsərləri oxumadan gözüyumulu olaraq tərifləmişik. Belə kitabların siyasi mahiyyətinin geniş oxucu kütləsi qarşısında açılmasına yardım etməmişik. Bu sətirləri yazan da vaxtilə bir məqaləsində “Studentlər” əsərini qətiyyən oxumadan, yanlış olaraq müvəffəqiyyətli əsər kibi qiymətləndirmişdir”.

Xeyir, məsələ belə deyil. Əsl məsələ Hidayətin ikiüzlülüyü özünə peşə etməsindədir. Məsələ Hidayətin bu yazısını verərkən “Kommunist” qəzetinin siyasi sayıqlıq göstərib, haman yazının altında onun iç üzünü açmamasındadır. “Kommunist” qəzeti buna göz yumaraq onun hərəkətlərinə vaxtında qiymət verə bilməmişdir.

Sovet ədəbiyyatı tənqidçiləri büllur kibi saf və parlaq olmalıdırlar. Onlar öz sağlam iş nümunələri ilə sovet yazıçılarına yardım etməli və oxuculara hər əsər haqqında doğru nəticə ilə tam aydın təsəvvürlər verməlidirlər.

H. Əfəndiyevdə isə bu xüsusiyyətlərin heç biri yoxdur. Bu cəhət ASYİ-nı ciddi düşündürməli və İttifaq rəhbərləri tənqid kibi mühüm sahənin namuslu işçilərə tapşırılmasını tezliklə təmin etməlidirlər.

“Kommunist” qəzeti

6 may 1937-ci il

Qeyd: Yaxın günlərdə Hidayət Əfəndiyevin bu məqalədə adı keçən həmin iki məqaləsini də dərc edəcəyik.

# 4286 dəfə oxunub

Müəllifin son yazıları

# # #