Xilaskar kitablar
6 sentyabr 2011
10:45
Dənizin qolları üstündə bir ada yırğalanır, bu nənni adada yaşıl-yaşıl otların, buğum-buğum ləçəklərin, təsbeh dənələri kimi balaca cığırların ovcuna dağılmış qarışqaların dərdini-sərini bilən bir qarı yaşayır – Mora nənə. Bu xeyirxah qarı kimsəsiz ada ilə böyük şəhərləri birləşdirən canlı bir körpü kimi əbədi olaraq uşaq yaddaşıma hopub. Lovğa və dikbaş Barmaleyi udan timsah da yadımdadır, Barmaleyi büsbütün udmuşdu, təkcə ayaqları çöldə qalmışdı. Amma mənim o anda Barmaleyə yazığım gəlirdi.
A.Pervikin “Mora nənə”si və K. Çukovskinin “Doktor Aybolit”i mənim balaca dünyamın ilk qonaqları oldu. Ardınca F. Rablenin “Qarqantua və Pantaqruel”i və A. Lindqrenin “Balaca və damda yaşayan Karlson”u gəldi. Sonra “Balaca şahzadə”nin planetlərinin sehrinə düşdüm. Biləndə ki, dünyanın bütün adamlarını Sakit okeanın ən balaca adasında bir yerə yığmaq olar, əməlli-başlı heyrətlənmişdim - dünya bu qədər balacaymış yəni?! “Bütün yollar adamlara doğru aparırmış”...
Ədəbiyyatın ətrafımda toxuduğu nəhəng torun ilk nişanələriydi bunlar. Anam rəhmətlik ədəbiyyat müəlliməsiydi və gözümü açandan evimizdə çoxlu kitab görmüşdüm. Hələ orta məktəb illərində mütaliə vərdişinə yiyələndim və müəllimlərimin də təəccübünə səbəb olacaq qədər xeyli sayda kitab oxudum.
M.F. Axundovun komediyalarını dönə-dönə oxumaqdan yorulmurdum. İ. Krılovun təmsillərinin, Füzulinin, Seyid Əzimin qəzəllərinin xeyli hissəsini əzbər bilirdim. Firdovsinin “Şahnamə”sini atam rəhmətlik 10 rubla kimdənsə alıb mənə hədiyyə eləmişdi. O kitabı və C. Ruminin “Məsnəvi”sini eyni vaxtda oxumuşdum. Cəmi 17 yaşım vardı...
N. Krupskayanın Lenin haqqında “Xatirələr”ini, Çili şairi Pablo Nerudanın “Mən də yaşamışam” adlı memuar-kitabını, Jül Renarın “Gündəliklər”ini çox böyük ləzzətlə oxuduğum yadımdadır. Memuar ədəbiyyatına maraq məndə elə o vaxtdan yarandı. H. Sarabskinin “Köhnə Bakı” və Abdulla Şaiqin “Xatirələrim” kitablarını oxuyurdum və keçmişdə qalan Bakının hər cizgisini, hər görünüşünü yaddaşımda saxlamağa çalışırdım.
Orta məktəbin son sinfində ikən “Səfillər”i oxudum və bu möhtəşəm əsər mənim həyata baxışlarımı xeyli dərəcədə dəyişdirdi, daha sonra Voyniçin “Ovod”u, Ostrovskinin “Polad necə bərkidi”, Çernışevskinin “Nə etməli”, S. Dərvişin “Fosforlu Cevriyyə”si, Remarkın “Zəfər tağı”, Heminqueyin “Qoca və dəniz”i, Hessenin “Yalquzaq”ı, Kafkanın “Qəsr”i mənə bu dünyadan daha maraqlı, daha vəfalı, daha məhrəm və doğma bir dünyanın yollarını nişan verdi və mən indiyəcən Kafkanın qəhrəmanı kimi bu nəhəng Qəsrin içində vurnuxmaqdayam və bu əbədi narahatlıqdan da dəhşətli dərəcədə həzz almaqdayam.
Soljenitsının “Matryonanın ocağı” və Oljas Süleymenovun “Az i Ya” əsərlərinin dilimizə tərcümə olunması bizim üçün hadisə idi. Sevinirdik ki, adı ətrafında əfsanəvi mif yaranmış Soljenitsından nəsə oxuya biləcəyik.
Yaşar Kamalın “İncə Məmməd”i, bir də Ç. Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş”ı məni ağlatmışdı. Gecənin bir aləmi yuxudan oyanıb qayığı boş görən Kiriskin vahiməli dənizlə tək-tənha qalması hələ də məni üşürgələndirir...
Hanı Mılğun? Hanı Əmrayın? Hanı Orqan? Kiriskin harayı dənizin müdhiş sükutunu parçalasa da? onun dilini aça bilmirdi... Haçansa o qədər ağladığım yadıma gəlmir... Bir də anam dünyasını dəyişəndə o cür ağlamışdım.
“Əli və Nino” mənə ən çox təsir göstərən əsərlərdəndir.
Mopassanın “Həyat”ını, Çexovun “Qara rahib”ini, Turgenevin “Rudin”, “Atalar və oğullar”ını (atalar və oğullar arasındakı uçurum o vaxt məni dəhşətə gətirmişdi, çox sonralar “Karamazov qardaşları”nda da həmin uçurum bütün dərinliyi ilə qarşımda açıldı), Dostoyevskinin “Cinayət və cəza”sını, C. Sviftin “Qulliverin səyahətnaməsi”ni, F. Kuperin “Ləpirçi”sini də bu tam olmayan siyahıya əlavə etsək, az kitab oxumamışam.
Əlbəttə, məqsəd nə qədər çox kitab oxuduğumu nümayiş etdirmək deyil, bizi bura qədər gətirən mənəvi-psixoloji yolların, dolanbacların hansı “iqlim qovşaqlarından” keçdiyini özüm üçün müəyyənləşdirməkdir. Hər dəfə kəndimizdəki balaca kitabxananı axtardığını tapan adamın sevinci içində tərk etməyimi xatırlayıram, isterika içində olan divanə adamın sevincinə bənzəyirdi o cür sevinmək...
Mən o kitablardakı sözləri sanki ovuclayıb qarışdırır və ləzzətlə ağzıma atıb marçıldada-marçıldada təpişdirirdim.
O kitablar bizi tərk etmədi ki... Onlar bizə sözləri qoyub getdilər. Biz indi o sözlərlə işləyirik, qələmin qabar etdiyi barmaqlarımızı bilgisayarın yumşaq klavişlərinə döyəclədikcə həmin o külçəni xırdalayırıq - sözlər mirvari kimi barmaqlarımızdan süzülüb monitorda yan-yana düzülür.
Buna görə məhz o kitablara borcluyuq. İndi hardasa lazımsız bir şey kimi küncə atılmış, toz içində qalan, tumsatan qadınların vərəqlərini rəhmsizcəsinə cırıb tükətdiyi kitablara...
Biz o kitabları xilas edə bilmədik...

2238 dəfə oxunub