Kulis.az xalq yazıçısı Mirzə İbrahimovun “Kommuist” qəzetinin 30 mart 1937-cil tarixli sayında dərc edilmiş “Ədəbiyyat tariximizdə vulqar- sosiologizm əleyhinə” məqaləsini üslubuna toxunmadan təqdim edir.
Ədəbiyyatımızın 8-9 əsrlik zəngin və dolğun tarixi vardır. Xalqımızın uzun əsrlər boyu ağır mübarizədə və şəraitdə yaratdığı bu mənəvi kultur, Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Haqverdiyev, Molla Nəsrəddin, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Cəfər Cabbarlı kimi böyük və ölməz nümayəndələri ilə ümumbəşər kulturu xəzinəsinin qiymətli incilərindəndir. Biz böyük Lenin-Stalin partiyasının rəhbərliyi ilə sosializmi qurub kommunizm cəmiyyətinə doğru iri addımlar atır, milli formal və sosialist mündəricəli kulturumuzu yaradırkən əsrlər boyunca yaranmış bu mürəkkəb, zəngin ədəbi irsimizə əsaslanmaya, ondan tənqidlə istifadə etməyə bilmərik. Bəşəriyyətin uzun əsrlər boyu yaratdığı kulturu düzgün anlaya bilən, onu doğrudan da saf-çürük etməyi bacaran, onun saf cəhətlərini hər hansı istismar və zülmə bəraət qazandırmağa çalışan çürük cəhətlərindən ayırmağa qabil yeganə bir metod varsa, o da ancaq və ancaq marksizm-leninizm metodudur. Buna görədir ki, Azərbaycan ədəbiyyatı tarixi məsələlərində də marksizm-leninizmdən hər hansı sapmalara, təhriflərə qızğın atəş açılmalıdır.
Azərbaycanda ideoloji cəbhənin ədəbiyyat və tarix sahəsi biabırcasına geridə qalmışdır. Azərbaycanın və Azərbaycan ədəbiyyatının ümumi tarixinin sxematik şəkildə olsa belə yazılmadığı bəs deyil, hətta bu tarixə aid olan materiallar bir sistemə salınmamış və çap edilməmişdir. Azərbaycan ədəbiyyatı tarixi sahəsində çalışanlar görünür ki, çox rahət “işləyirlər”.
Azərbaycan ədəbiyyatının həqiqi tarixini yazmaq üçün lazım olan real şərait ancaq Aprel revolyusiyasından sonra yaranmışdır. Xüsusilə son illər ərzində öz üzərlərində ciddi işləyən ümidverici gənc kadrolar yetişmiş və inkişaf etməkdədir. Ayrı-ayrı yazıçılar haqqında və ədəbiyyat tariximizin müxtəlif məsələlərinə dair müəyyən elmi-nəzəri xarakter daşıyan məqalələr də yazılmışdır. Gənc ədəbiyyatçı kadrolarımız istər ədəbiyyat tariximizin bütünlükdə və istərsə onun ayrı-ayrı problemlərinin əski pantürkist-nasionalist traktovkasına qarşı atəş açmışlar. Lakin hətta son zamanlaradək ədəbiyyat cəbhəsində Hənəfi Zeynallı və Əli Nazim kibi kontrrevolyusioner, müsavatçı, nacins, qəddar xalq düşmənlərinin daldalanıb qalması faktları göstərir ki, ideoloji və xüsusən ədəbiyyat cəbhəsində kontrrevolyusion millətçilərə qarşı mübarizəmiz zəif olmuşdur. Bununla bərabər, ədəbiyyat tarixi məsələlərində vulqar-sosiologizmə qarşı nəinki şiddətli atəş açılmamış, hətta vulqar-sosiologizm görüşləri geniş surətdə yayılmış, bütün dərsliklərimizi əhatə etmişdir.
Tənqidçilərimiz Zakir yaradıcılığındakı dərin ziddiyyətləri izah etmək və açmaq yerinə bu yaradıcılıqda xalqa, ümumi kəndli hərəkatına aid olan bütün cəhətləri nəzərdən qaçırır və Zakiri “mühafizəkar mülkədar yazıçısı” deyə meydana çıxarır. Belə isə, Zakirin Vaqifdən sonra ədəbiyyatımızı böyük bir təkanla ilərilətdiyini, ona kəskin ictimai satira gətirdiyini, onun sxolastik məhdudluğunu və doqmatik darlığını pozaraq, onu bilavasitə ən aktual ictimai və həyati temalarla doldurduğunu nə ilə izah etməli?..
Biz vulqar-sosiologizmin aydın ifadəsini Mirzə Fətəli Axundovun, sonra Nəcəf bəy Vəzirovun və Əbdürrəhim bəy Haqverdiyevin simasında yaranan ədəbiyyatın qiymətləndirilməsində görürük. Yenə də bir çox tənqidçilərimiz və bütün dərsliklərimiz, burada adları çəkilən hər iki yazıçını “liberal-mülkədar yazıçısı” adlandırır.
Məsələn, Feyzulla Qasımzadənin dediyinə görə, guya Nəcəf bəy “mülkədarlığın mənfiliklərini, əxlaq və məişət pozğunluğunu, tənqid və islah edə biləcək komediya və faciələr yazmaqla Azərbaycan liberal mülkədar ədəbiyyat” yaradırdı. Ümumiyyətlə, Qasımzadənin, Nəcəf bəy Vəzirovun əsərləri külliyyatına yazılmış, sitat gətirdiyimiz məqaləsində istənilən qədər yanlışlıq tapmaq mümkün olduğu kibi zərərli fikirlər də yox deyildir. Məsələn, Qasımzadəyə görə, füyuzatçı Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağayevlər, Həsən Səbri Eyvazovlar, Əhməd Kamallar öz siyasi məqalələrində, felyetonlarında bir tərəfdən “humanist” ideyaların təbliği ilə bütün siniflər arasında qardaşlıq məhəbbəti yaratmağa çalışırmışlar!!.. Bəs “Füyuzat” ətrafına toplaşmış bu ağaların kontrrevolyusion işləri harda qaldı? Qasımzadə bu cənabların özləri haqqında dedikləri sözləri, onların real təbiətləri kibi qəbul etməklə kimə xidmət etdiyini düşünürmü?..
Belə fikirləri biz Haqverdiyev və Vəzirov haqqında yazılmış bir çox məqalələrdə də görürük.
Əvvəla, hər bir yazıçının subyektiv görüşləri ilə onun əsərlərinin obyektiv bədii qiymətini və oynadığı rolu eyniləşdirməyin özünü marksizm tamamilə rədd edir. Bunu Engelsin Balzak haqqındakı fikirləri açıq göstərir. İkinci, bu yazıçılardan danışarkən Azərbaycanın o zamankı konkret tarixi şəraitini heç vaxt gözdən qaçırmaq olmaz və nəhayət bu yazıçıların əsərlərindəki bütün təzadlar da haman bu şəraitin məhsuludur. Onların əsərlərində aydın ifadə olunmuş müəyyən sinfi istinadgahın yoxluğuna da təəccüb etmək lazım deyildir. Çünki “prosvetitetlər öz xüsusi diqqətləri üçün predmet olaraq əhalinin heç bir sinfini ayırmayırdılar. Onlar nəinki ümumiyyətlə, xalq haqqında və hətta ümumiyyətlə, millət haqqında danışırdılar”. (Lenin).
Ədəbiyyat tariximizdə vulqar-sosiologizm və marksizm-leninizm metodologiyasından sapmalara qarşı şiddətli atəş açılmalıdır. Yalnız təşkilati və bütün qüvvələrin əlbir çalışması ilə işə başlayıb ədəbiyyatımızın düzgün marksist-leninçi elmi tarixini yarada bilərik.
Redaksiyadan: İ. Mirzə yoldaşın “Ədəbiyyat tariximizdə vulqar - sosiologizm əleyhinə” adlı məqaləsini müzakirə təriqi ilə çap edərək bütün yazıçı və ədəbiyyatşünaslarımızı bu məsələ ətrafında öz mülahizələrini yazmağa çağırırıq.
“Kommunist” qəzeti
30 mart 1937-ci il