Layihə - 37
Kulis.az Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri olmuş, 1938-ci ildə güllələnmiş Məmməd Kazım Ələkbərlinin “Kommunist” qəzetinin 17 aprel 1937-ci il tarixli sayında dərc edilmiş “İlk yekunlar” adlı yazısını dilini olduğu kimi saxlayaraq təqdim edir
“Tereze Raken” əsərində mən temperamentləri (xarakterləri, mənəvi aləmi deyil, fizioloji quruluşu) öyrənmək istədim; mən əsəb və qandan son dərəcə asılı və sərbəst iradədən məhrum olan, həyatda hər bir hərəkəti bədən və şəhvət tələbləri edən adamları seçdim. Tereze və Leron iki heyvani orqanizmdən başqa bir şey deyildir”.
“Tereze Raken” əsərinin ilk sözündə pozitivizm fəlsəfi sisteminə arxalanan ədəbiyyatda və sənətdə naturalizm stilinin ilk teoretiki və praktiki Emil Zolya belə deyir:
“Naturalistlər üçün əşya və insanlar eyni şeylərdir. Hər ikisi təbiətin və mədəniyyətin proqressiv və evolyusion inkişafında bir moment kibi iştirak edirlər. Ağac, insan, aslan, bir sözlə, təbiətdə mövcud olan hər şey və bunların hərəkət və əlaqələri təbii və ümumi qanunlara tabedir. Yazıçı bunların təsəvvüründə bitərəf tədqiqatçı rolunu oynamalı, tam həyatı verə bilmək üçün hər sahəsini, hər bir təfərrüatını olduğu kibi kopyalaşdırmalı, xarakteristiki xarakteristik olmayandan ayırmayaraq cəmləşdirməlidir. Müəllif fantaziyadan uzaqlaşmalı, temaya hakim olmamalı, adi seyrçi və qeydçi olmalıdır. İnsanı insan olaraq göstərmək üçün biologiya kifayətdir. Fizioloji stimullar insanların xüsusiyyətini təşkil edir və i. a”.
Teoritik və tarixi naturalizm stilinin iləri çəkdiyi prinsiplərin qaba sxeması bundan ibarətdir.
Xronoloji tərzdə bu stil burjuaziya ədəbiyyatında hakim stil olaraq özünü göstərən formalizm, imperializm epoxasında canlanan Kant subyektiv idealizminə “yeni kantçılıq” adı ilə cilvələnən fəlsəfəyə arxalanan burjuaziya ədəbi stilidir.
Qısa surətdə söz oyuncağı ilə məşğul olan formalistlər məsələnin məzmun cəhətini tamamilə unudurlar (Əski Azərbaycan ədəbiyyatından bunun üçün çoxlu misallar tapmaq mümkündür. Mənzum tarix yazmaq, nöqtəsiz şeir yazmaq, qəzəl misralarının başında duran ilk hərfləri toplamaqla ad və ya əvvəldən qəsd edilən bir söz çıxarmaq və sair).
Tam yeddi gün davam edən Azərbaycan Şura Yazıçıları İttifaqında çağırılmış münaqişə də bunlardan biri idi.
Münaqişənin ən müsbət, ən dəyərli və ən qiymətli cəhəti bu idi ki, bütün əsas çıxışlar özünütənqid şüarına əsaslanaraq ədəbiyyatımızın xəstə cəhətlərini meydana qoydu və zəif cəhətlərini aradan qaldırmaq yollarını göstərdi.
Söz yox ki, bu qiymət əsas etibarilədir. Yoxsa “mənim heç bir nöqsanım yoxdur” deyə özünü təmizə çıxarmaq istəyən, haqqında söylənilənlərlə qətiyyən razılaşmayan və heç kəsə haqq verməyən (məsələn, Sanılı) çıxışlar da oldu. Eyni zamanda əsərlər haqqında “colma-cocuqlar”ın yazdığı tənqidi oxumağa belə tənəzzül etmədiyini bildirən və belə tənqidlər ilə razılaşmayanlar da (məsələn, Yusif Vəzir) oldu. Hətta bu cür tənqidlərdən “inciyərək” əvvəldən-axıracan müşavirənin bir iclasında (məsələn, Qantəmir) iştirak etməyən də oldu. Lakin nə bu cür çıxışlar, nə də bu cür incimələr münaqişənin ümumi sağlam xətt hərəkətinə pozucu bir təsir etmədi.
Sanılının iləri çəkdiyi “sadəlik”, Yusif Vəzirin əsərlərində yürütdüyü “obyektivizm”, Qantəmirin, Sabit Rəhmanın əsərlərində yerləşən nalayiq və çirkin momentlər, H. Mehdinin “Daşqın” əsərindəki sxematizm, Süleyman Rüstəm və Rəsul Rzanın son əsərlərində görünən ruh düşkünlüyü və bədbinlik və i. a. ədəbiyyatımızda tənqid atəşinə tutulması lazım gələn cəhətlər həm yazıçıların özləri, həm də yoldaşları tərəfindən göstərildi.
Münaqişənin qiymətli cəhəti burasındadır ki, əvvəldən bütün danışıqlar yalnız yazıçıların əsərlərində formalizm və naturalizm elementləri araşdırmaq şəklində getmədi. Biləks ədəbiyyat cəbhəsinin bütün xəstə və zəif cəhətlərini meydana qoymaq uğrunda çalışılırdı. Bədii tərcümə məsələsi, türk ədəbiyyatı tarixi məsələləri, yeni kadro yetişdirmək, onları tərbiyələndirmək, ədəbi orqanlarımızın nöqsanlarını göstərmək, milli forma, ədəbi dil, orfoqrafiya və sair bu kibi məsələlər ətrafında müzakirələr aparıldı. Maraqlı da burasıdır ki, nöqsanları təkcə saymaq deyil, eyni zamanda onların aradan qaldırılması üçün yollar da göstərildi. Misal üçün bunu göstərmək lazımdır ki, ədəbiyyatda formalizm və naturalizm ilə mübarizə məsələsi eyni zamanda inqilabi romantizmi ayrılmaz bir hissəsi kibi öz içərisinə alan sosialist realizmi metodu ilə silahlanmaq yolları da göstərilir və qeyd edilirdi.
“Bizi əhatə edən və gözümüzün önündə yaranan həyatı haqqı ilə dərk etməmişik. Bu həyatı yaradan insanları tanıyaraq əsərlərimizin qəhrəmanı edə bilməmişik, çoxumuz marksizm dünyagörüşünü dərindən öyrənməyərək mənimsəmədiyimizdən yüksək ideyalı əsərlər verə bilməyirik. Məlumat mühitimizi genişləndirmək və mədəni səviyyəmizi yüksəltmək uğrunda çalışmayırıq...”
Bütün bu məsələlər çıxış edən natiqlər tərəfindən bütün kəskinliyi ilə qarşımıza qoyuldu.
Bədii tənqid cəbhəsi də münaqişələrdə yaxasını tənqiddən qurtara bilmədi. Çıxışda bulunan yoldaşların bir çoxu bədii tənqidimizdə əsərə və yazıçıya məsuliyyətsiz və formal yanaşmaq momentləri olduğunu göstərdilər. Bunun nəticəsində bir yazıçı və yaxud əsər göylərə qaldırılır, digəri isə heç bir şey yoxdur deyərək sadəlövhcəsinə inkar edilir. Bəzən də bir yazıçı və yaxud əsər haqqında söylənmiş fikir həmin tənqidçinin özü tərəfindən şəxsi əlaqələrə əsaslanaraq geri götürülür. Bu cür yanaşma söz yox ki, tənqidi və eyni zamanda tənqid edənin fəaliyyətini sual işarəsi altında buraxır və belə bir tənqid tənqiddə formalizm nümunəsi kibi mübarizə obyekti olmalıdır.
Yazıçının hər cəhətdən qayğısına qalan və onun yaradıcılıq inkişafı üçün hər bir şəraiti yaradan firqə və hökümətimiz bizdən bu direktivi tamamilə yerinə yetirməyi tələb edir. Biz bunu danışıqsız yerinə yetirməliyik. Yazıçılar isə öz növbəsində yeni həyat quruluşundan geridə qalan bədii ədəbiyyatı ön sıralara çəkmək, qəhrəmananə epoxamıza layiq əsərlər vermək uğrunda yorulmadan çalışmalıdırlar.
Ədəbiyyatda formalizm və naturalizm əleyhinə mübarizə başlanmış, lakin hələ qurtarmamışdır. Bu mübarizəni qurtaran sosialist realizmi metodu ilə dolğun, yüksək keyfiyyətli, dərin ideyalı və eyni zamanda sadəliyi ilə xalqa tez çatan və xalqımızın zövqünü oxşayan əsərlər olacaqdır.
“Kommunist” qəzeti 17 aprel 1937-ci il