Saatın əqrəbləri sənsizliyə şütüyür

Saatın əqrəbləri sənsizliyə şütüyür
16 noyabr 2012
# 22:33

***

Yazılanı pozur payız,
təzə hava yazır payız...
boş qalan qədəhimə
hey yağış süzür payız,
vaxta da soyuq çöküb,
vaxt adamı üşüdür,
saatın əqrəbləri sənsizliyə şütüyür.
Sol cinahım boş qalıb,
hücuma keçir kədər,
bir yandan da sən hədələ -
o, bilsə, səni güllələyər...
sənin qoyduğun qadağalar
çarəsizliyimin çəmbəridi,
qorxma, ölürəm asta-asta,
sevginin üzü bəridi...

***

Darıxmaqla aran necədi?... Gəl birlikdə darıxaq,
mən nəsə bir söz deyim, ikimiz də karıxaq...
yandır yenə şamları,
oxuyum ürəyini.
yaxşı oxunur ürək
o şamın işığında...
şam şöləsi titrəyir,
ürəyin əsir nədi...
"sən bir şam yandır bu gün,
mən də bir şam yandırım,
olmayacaq şeylərə
könlümü inandırım"
gözlərimdəki günah
ərisin şamla birgə,
dilləndir gitaranı,
ovudaq bu şamları
qərib axşamla birgə...
qucaqla gitaranı,
mənsə çiyinlərimi...
saçın dağılsın üzünə,
gəl bir az yaxın otur
və oxu:
"özlədiyim şimdi çok uzaklarda......."


15 noyabr 2012

# 2569 dəfə oxunub

Müəllifin son yazıları

# # #