Kulis.az filologiya elmləri doktoru, professor Şamil Cəmşidovun “Elm və həyat” jurnalının 1987-ci il 10-cu sayında dərc edilmiş “Sədi Şirazinin Azərbaycan dilində bir qəzəli” yazısını və həmin qəzəli təqdim edir
XIII əsr fars poeziyasının böyük klassiki Müsləhəddin Şeyx Sədi Şirazinin əsərlərini Azərbaycan oxucuları həmişə böyük maraqla oxuyurlar. Hətta bir zamanlar şairin məşhur “Gülüstan” kitabı məktəb və mədrəsələrimizdə dərslik kimi tədris olunmuşdur. Hazırda Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda Sədi divan və külliyyatının nəfis əlyazmaları və nadir çap nüsxələri saxlanılır. Bu yaxınlarda əlyazmalar xəzinəsindəki qədim cünglər və toplular üzərində araşdırmalar apararkən şairin XVIII əsrdə yazılmış nadir bir qəzəli diqqətimizi cəlb etdi. Başlıqda “Kəlami Şeyx Sədi Şirazi” yazılmış, son beyti “Sədi” təxəllüsü ilə qurtaran bu qəzəl Azərbaycan dilində yazılmışdır. Əsərin tərcümə və yaxud orijinal olmasını göstərən heç bir qeyd və əlamət yoxdur.
Məlum olduğu kimi, Sədinin əsərləri Azərbaycan dilinə XX əsrin əvvəllərindən tərcümə olunmağa başlanmışdır. Onun “Gülüstan” əsəri Mirzə Sadıq Rahil tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq 1911-ci ildə Bakıda “Bəhrul-həqayiq”, “Bustan” əsəri isə Seyid Zərgər təxəllüslü Mirzə Əbdül Vahab Badkubəyinin çevirməsi ilə “Mizanül-ədalət” adıyla 1912-ci ildə nəşr olunmuşdur. Sonralar isə hər iki əsər M. Sultanov, İsmayıl Şəms və M. Seyidzadənin yeni tərcüməsi ilə çap edilmişdir. Şairin qəzəllərinin də müəyyən hissəsi Azərbaycan dilinə tərcümə olunmuşdur.
Sədi divanlarını diqqətlə nəzərdən keçirdikdə, şairin bu şeirinin farsca orijinalına rast gəlmədik. Xeyli axtarışdan sonra məlum oldu ki, “Gülüstan” əsərinin “Dibaçə”sində şairin ərəbcə dediyi bir beytin ayrı-ayrı ifadələri həmin qəzəlin qafiyələrinə uyğun gəlir. Bütövlükdə isə o, Azərbaycan dilində Sədi təxəllüsü ilə yazılmış orijinal bir əsər kimi diqqəti cəlb edir.
Şeir o qədər orijinal səslənir ki, azərbaycanca bilməsinə şübhə etmirsən. Məlumdur ki, şair Azərbaycanı gəzmiş, xalq arasında tanınmış, məlumatlı adamlarla görüşüb söhbət etmişdir. O, gənclik yaşlarında ikən böyük və abad şəhərlərimizdən sayılan Beyləqanda olduğunu, müdrik bir qocadan nəsihət aldığını “Gülüstan” əsərində qeyd edir. Bəlkə Sədi azərbaycanca bilirmiş, elə həmin qəzəli də o, özü yazıb! Buna hökm vermək çətindir. Onu demək kifayətdir ki, həmin qəzəl bədii tərcümə tariximizdə kiçik bir yarpaq olsa belə, yenə də qiymətlidir.
Əsərin Sədi yaradıcılığı fonunda millətlərarası ədəbi əlaqələrin inkişafı və klassik bədii tərcümə tariximiz üçün əhəmiyyətini nəzərə alaraq onu oxuculara təqdim edirik.
Kəlami- Şeyx Sədi Şirazı
Sənəma! Sənin cəmalin kəşəf-əd düca degilmi?
Həbiba! Sənin kəmalın bələq-əl üla degilmi?
İki qaşların qərası təbi-qədrü qabi-qövseyi,
Biri qafi-qolfivallah, biri “qül-kəfa” degilmi?
İki ləblərin dəmindən axır abi-hövzi-kövsər,
Birisi nəbati-şəkkər, birisi səfa degilmi?
İki zülflərin həqiqət oxuyur bərati-sani,
Birisi düxani-yasin, biri “həl-əta” degilmi?
İki bərgüzidə adın sənin ey həbibi-rəhman,
Biri Əhmədü Məhəmməd, biri Müstəfa degilmi?
Gəl onun yolunda Sədi, sərü canü dil fəda qıl,
Nə əcəb səfası vardır, nə əcəb şəfa degilmi?