LAYİHƏ - Ədəbiyyatın kulisi
Yeni nəsil arasında Kərim Naləni çox az adam xatırlayar... Onun qorxunc, vahiməli görkəmi vardı. Qoltuğunda həmişə saralıb çirklənmiş kağızlarla dolu üzülmüş bir qovluq gəzdirirdi. Pırtlaşıq saçları, üzünün qırışlarını bir az da dərinləşdirən saqqalı, tökülmüş əyin-başıyla ətrafdakıların diqqətini cəlb edən bu şair çox vaxt şəhərin küçələrini özüylə danışa-danışa dolaşırdı.
Kərim Nalənin ədəbi jurnallarda xeyli şeirləri çap olunub. İndi bu yazını yazmağa başlayanda onun heç bir şeirini xatırlaya bilmədim və təbii ki, həmin jurnallardan o şeirləri tapmaq imkanımız da sıfıra bərabərdir. Onun hansı səbəblərdən o vəziyyətə düşdüyü haqqında da heç bir bilgim yoxdu.
İlk dəfə onu şəhərdə görəndə də heç bilmirdim ki, şeir yazır, düşünmüşdüm ki, bu, nə qəribə adamdır... Bir dəfə Bədii Tərcümə Mərkəzi tərəfdə Vaqif Bayatlı ilə gəzişirdik, həmin adam qəfildən qarşımıza çıxdı və Vaqif müəllim nəzərlərini ondan çəkmədən “qəribə şeirlər yazır...” dedi. Onda bildim ki, görkəmiylə hamıdan seçilən bu adam Kərim Nalədir. Görəsən niyə özünə Nalə təxəllüsünü seçmişdi?
90-cı illərin ortalarında “İki sahil” qəzetində çalışırdım və hələ o vaxt Kərim Nalə haqqında yazmaq istəyirdim. Bir dəfə “28 may” metrosu yaxınlığında onu gördüm və yaxınlaşıb salam verdim. Məqsədim onu danışdırmaq idi. Hürkmüş adamlar kimi kənara çəkildi və məni başdan-ayağa süzüb dedi:
- Tutalım ki, salaməleyküm! Məni hara aparacaqsan?
- Niyə aparmalıyam? Sizi tanıyıram, istəyirdim sizinlə qəzet üçün bir az söhbət edək.
Qəşş edərək gülməyə başladı. Handan-hana özünə gəlib öskürəyini güclə boğdu və dedi:
- Ay cavan oğlan, ünvanı səhv salmısan sən... Mən səninlə söhbət edə bilmərəm, dediklərimi gedib qəzetə yazsan, ölkə dağılar. Bəxtiyar Vahabzadə bütün şeirlərini məndən oğurlayıb! Bunu yaza bilərsən? Yaza bilməzsən.
Susurdum, o isə təxminən bu qəbil sözlər deyirdi. İndi dediklərinin hamısını xatırlamıram, amma onun hədəqəsindən çıxmış gözlərini heç unuda bilmirəm. Artıq ağlını itirmiş bu adamın vaxtilə normal şeirlər yazdığını, qəzet və jurnallarda dərc olunduğunu bilirdim, bəs görəsən niyə bu kökə düşmüşdü?! Çox cəhd etdim ki, danışsın, amma anlaşılmaz sözlərdən başqa heç nə deyə bilmədi. Yadımdadır, bu söhbətdən (əgər buna söhbət demək olardısa – K.H) sonra onun şeirlərini axtardım və səhv etmirəmsə, “Azərbaycan” jurnalının 80-ci illər saylarında bir neçə şeirinə rast gəldim. O şeirləri oxuyandan sonra bu qənaətə gəldim ki, Kərim Nalə çox maraqlı şair ola bilərdi. Xatırladığım qədərilə modern şeirlər idi, bu səpkili şeirləri biz hələ çox sonralar oxuyacaqdıq. Poeziyamız ənənəvi şeirdən hələ tam qurtulmamışdı. Kərim Nalə o zaman eksperimental xarakterli şeirlər yazırdı.
Həyatın amansızlığı Kərim Nalənin timsalında zühur edirdi. Bəziləri ona ikrahla, bəziləri ironiya ilə, bəziləri isə rəhmlə baxıb keçirdi. Kərim Nalə bütün insanlara bir gözlə baxırdı; heyrət və təəccüblə, bir az da yuxarıdan aşağı.
Kərim Nalə sanki şeirin azdırılmış ritmiydi. 90-cı illər poeziyasının qırılmış simiydi o.
Aradan uzun müddət keçdi. Kərim Nalə daha şəhərin küçələrində görünmürdü. Deyəsən canını kənardan ona gülüb keçən insanlara bağışlamışdı...
Arxivimdə xeyli köhnə jurnallar var. Kərim Nalənin şeirləri çap olunmuş o itkin şeirləri yenidən oxumaq istərdim.
Unudulur Kərim Nalə... Unudulur...