Şərqin Qərbdə döyünən ürəyi

Şərqin Qərbdə döyünən ürəyi
4 oktyabr 2017
# 16:38

Müasir türk romançılığında ən çox diqqətimi çəkən məqamlardan biri də türk insanının Qərb insanı ilə eyni məkanda üzləşdirilməsi və bu fonda Şərqlə Qərbin, iki fərqli mədəniyyətin birləşmə və toqquşma məqamlarını qabartmaq cəhdidir. Bu iki qütb arasında coğrafi sərhədlər qorunsa da, mənəvi, mədəni sərhədlər tədricən aradan qalxıb. Qlobal dünyanın sənət əsərləri də mədəniyyətlərin qovşağında yaranır. Şərq insanının problemləri ilə Qərb insanın problemləri obrazlar vasitəsilə bir müstəvidə çözülür və ortaq nəticə hasil olunur. Bu tendensiya mədəniyyətlərarası körpünün qurulmasına xidmət edir. Əsasən Orxan Pamukun romanlarından başlanan bu xətt sonralar yeni nəsil türk yazıçılarının əsərlərində də davam etdirildi. Xüsusən Elif Şəfəqin, Burhan Sönməzin, Hakan Gündayın və b.

Azərbaycan oxucusu Elif Şafakı ilk dəfə "Eşq" romanıyla tanıdı. Halbuki ona qədər yazıçı bir neçə roman yazmışdı və Türkiyədə də, dünyanın bir neçə ölkəsində də tanınırdı. Əsərin mövzusu haqda uzun-uzadı yazmağa ehtiyac da yoxdur. Bu yazıya dəxli olan bir məqamı qabartmaq istəyirəm. Amerikalı qadın Ella nəşriyyatlardan birində redaktor işləyir, bir gün Aziz Zahara adlı bir yazarın təsəvvüf fəlsəfəsiylə bağlı tarixi romanını oxuyur, əsərin müəllifi ilə email vasitəsilə məktublaşırlar. Ella, evli qadın olduğu halda Azizin üzünü görmədən ona aşiq olur. Azizin sağalmaz xəstəliyə düçar olduğunu bildiyi halda öz ərindən boşanıb onun yanına köçür. Bu hadisəni doğuran səbəb Azizin romanında baş verən hadisələrin fəlsəfi mahiyyətindən doğur. Şəms Təbrizi ilə Cəlaləddin Ruminin dostluğu Ellanın eşqə, insani münasibətlərə olan münasibətini kökündən dəyişir. Eşq Şərqin ruhudur, ayaqüstü, "fast food"sayağı keçəri "eşq"lərin köpüklü vannasını xatırladan Qərb romanlarına qarşı Elif Şafak İlahi eşqin heykəlini ucaldır. Qadın yazıçı heç də qərbə eşq dərsi keçmək iddiasında deyil, sadəcə, Şərqə Qərbi, Qərbə isə Şərqi göstərməklə balansı pozmadan süjet boyu öz məqsədinə doğru irəliləyir.

Bəs "İsgəndər" hansı mətləblərdən bəhs edir? Bu əsər sirr içində sirr olan mətləblərin üstünə işıq salır. "Zaman" əbədiyyətin təzahürü olduğu kimi, toplumda var olma da fərdi mövcudluğun təzahürüdür. İskəndər fərdi mövcudluğunu öz atasından fərqli olaraq əxlaqi prinsiplərdən çıxış edərək təsdiqləməyə çalışır və yanlışlığa yol verir,- həm cinayəti tərcih edərkən, həm də onu birbaşa icra edərkən,-anasının əvəzinə onun əkiz tayı olan xalası Cəmiləni qətlə yetirir.

Zatən, ailənin faciəsi bu qətldən çox-çox əvvələ gedib çıxır. Mühafizəkar zehniyyətin ilk qurbanı Berzonun ailəsindəki böyük qız Hədiyyə olur. O, valideynlərinin xeyir-duası olmadan birinə qoşulub qaçır. Bədbəxtlikdən yaşı keçmiş, artıq qarımaqda olan bu biçarə qoşulub qaçdığı şəxs tərəfindən atılır və məcburiyyət qarşısında qalıb ata evinə dönür.

Görün, atası ona nə deyir:

"Allah mənə oğul vermədi, səbəbini indi anladım. Oğlum olsaydı, ailəmizin adını təmizləyərdi indi."

Və Hədiyyə özünü onun üçün hazır qoyduqları iplə asır.

Yadıma "Dəli Kür" romanından Şahnigarın Cahandar ağanın sərt baxışları altında özünü sularda qərq etməsi səhnəsi düşdü. Motiv eynidir. Yazıçı həmin əsərdə Molla Sadığın simasında fırıldaqçı mollaları ifşa edir. Amma cəhalətin yırtıcı pəncəsi altında məhv olan Şərq qadınına bəraət yeri qoymur.

Öz halal zövcəsini bir fahişəyə dəyişən Adəm özü-özünü cəzalandırır, Pəmbəni isə hələ dəliqanlılıq mərhələsində vurnuxan, çılğın hisslərinə sahiblik etməkdə çətinlik çəkən, hadisələrin mahiyyətindən xəbərsiz İsgəndər bıçaqlayır.

Dini doqmalara əsaslanan situasiyalar Şərqdə qadın hüquqsuzluğunun qaçılmazlığını bir daha sərgiləyir. "İsgəndər" başdan-başa toplumun doğurduğu bədbəxtliklər üzərində qurulmuş, faciələrlə zəngin bir əsərdir. Şərqlə Qərbin qovşağında dağınıq həyat yaşayan bu insanlar şərqli tipindən heç cür xilas ola bilmirlər. Pəmbə uzun illər Londonda yaşamasına baxmayaraq, hələ də küçədə öpüşən cütlük görərkən həyəcanlanır, xəcalət hissi keçirir.

Onun tərbiyəsini görmüş İsgəndər düşdüyü mühitin qurbanı deyilmi?

İsgəndər Şərqin Qərbdə döyünən ürəyidir. Tam ekzotika!

"Ata və bic" romanıyla yazıçı tarixin yaralarını sarımağa cəhd edir. Ermənilərin zaman-zaman türklərə qarşı irəli sürdüyü "soyqırım" ittihamını təkzibolunmaz tarixi faktlarla təkzib edir. Onların Osmanlı dönəmində baş qaldırdığını və türk kəndlərində dinc insanları öldürdüyünü yazır. Günaha batmış Kazançı ailəsində nəslin bütün kişiləri erkən ölür, dörd bacının yeganə qardaşı Mustafa gənc ikən Amerikaya yollanır və keçmişini büsbütün unutmağa çalışır. Çünki keçmişində bağışlanmaz bir günah yaşayır, özü də canlı insan şəklində. Zelihanın qızı Asya onun günahıdır.

Nəyi təlqin edir bu roman? Keçmiş nəslin günahlarının bədəlini gələcək nəsil ödəyir. Yazıçı süjet dolanbacları ilə oxucunu məşum həqiqətə gətirib çıxarır. Sonda məlum olur ki, Asya Mustafa ilə Zelihanın bir günahının məhsuludur, günahın övladıdır. Bu nəslin kişiləri lənətlənib. Süjet bir az da Edip kompleksini yada salır. Freydizm nöqteyi-nəzərindən yanaşdıqda bu dəhşətli hadisəni ruhi pozğunluğun doğurduğu faciə kimi qəbul edə bilərik. Əsərdəki bir-birini təqib edən faciələrin kökündə məhz insest dayanır. Ailədə dörd bacıdan ikisi imanlı, Şərq dəyərlərinə bağlı, digər ikisi isə Qərbsayağı həyat tərzinə bağlıdırlar. Və bu rəzillik ailədəki Qərbə meylli, sərbəst həyat tərzi keçirən bacılardan birinin üzərində baş verir. Günaha batmış qardaş Mustafa özü könüllü ölümü seçir və imanlı bacısının verdiyi zəhəri içir. Yazıçının hər iki qütbə baxışı bu olayda aydınlaşır.

Elif Şəfəq bütün romanlarında qadını hadisələrin mərkəzinə qoyur və ideyalarını da məhz qadın obrazların çiyninə yükləyir. "Şəmsparə"də yazdığı kimi, öz həmcinsləriylə "dalğa keçmək"dən zövq alan yazıçıdır. Amma bu, əsla qadınları aşağılamaq məqsədi daşımır, əksinə, qadının ağrılarına şərik olmaq, onun azadlığını məhdudlaşdıran yazılmamış qanunlara qarşı savaşmaqdır. Qanun həmişə qadının tərəfindədir, qadın daha çox yazılmamış qanunların buxovuna çevrilir. Elif Şafak bütün əsərlərində türk qadınının böyüklüyünü, bütövlüyünü, zərifliyini, gözəlliyini təsvir edir, amma toplumun alt qatlarında qadına əziyyət verən çürük dəyərləri hər zaman hədəfə alır. "İsgəndər"dəki Hədiyyə məhz o çürük dəyərlərin qurbanı olur və belə qurbanların sayı-hesabı yoxdur.

E.Şəfəq "Şəmsparə" kitabında Şərq və Qərb qadınları arasındakı fərqi göstərən bir nümunə təqdim edir. Uşaqlığı İspaniyada keçən bir qız uşağı öz vətəninə, Ankaraya dönür və ictimai nəqliyyatda kişilərin qadınlara qarşı təzyiqi onun canını sıxır, Madrid küçələrində qadınların azad, sərbəst, heç bir təzyiq olmadan gəzib-dolaşmasını xatırlayır. Burada isə qız uşaqları çantalarında iynə gəzdirirlər, onlara sataşan olsa, iynəni ona batırmaq üçün. Əlbəttə, tragikomik situasiyadır. Şekspir yazırdı ki, mən qadının zahiri gözəlliyinə deyil, ruhi gözəlliyinə üstünlük verirəm. Nizami Gəncəvinin "Xosrov və Şirin"ində cismani ehtirasların əsiri olmuş Xosrovu məhz Şirin düz yola çəkir, onun mənəvi aləmini təmiz, ülvi hissləriylə işıqlandırır.

Elif Şəfəq sanki obrazlarını Şərqdən Qərbə, Qərbdən Şərqə daşıyan bir ekspress qatarıdır. Elə özünün həyatı da bu iki qütb arasında keçir. Avropanın ən kosmopolit şəhəri olan Londonda yaşayır. Uzun illər Amerikanın müxtəlif universitetlərində qadın və ədəbiyyat, Türkiyə və mədəni şəxsiyyətlər mövzularında dərslər verdi. Fərqli mədəniyyətlərin, fərqli toplumların arasındakı get-gəllər əsərlərində onların mütəmadi qiyaslanması kimi bir məşğuliyyət yaradıb. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Avropa ölkələrində təhsil almış türk yazıçılarının əsərlərində Şərq mistisizmi ilə Qərb metafizikası, yaxud ekzistensializmi qəribə bir uyarlıq halına gəlir. Bu tendensiya türk kinosunda və musiqisində də öz əksini tapır. Bu isə tamam başqa bir söhbətin mövzusudur.

“Ədəbiyyat qzəeti”

# 2903 dəfə oxunub

Müəllifin son yazıları

# # #