Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
31 mart 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Yuxu dərmanıdır”dır.

Ələmdar vağzala düşən kimi taksiyə oturub birbaşa qardaşıgilə getdi. Evdəkilərlə görüşüb hal-əhval tutduqdan sonra şəhərə səfərinin məqsədini dedi:

- Yuxusuzluq xəstəliyinə tutulmuşam, qardaş. Gecələr yorğan-döşəkdə eşələnməkdən belim fır bağlayıb.

- Yəni heç yata bilmirsən? – deyə qardaşı soruşdu.

- Yarım saat yatam, ya yatmayam. Elə bil beynimi çıxarıb yerinə daş qoyublar. Mühasib babayam, gündüzlər çaqqa-çuruqdayam, gecələr də cəmi-aləm yuxuda olanda mən gözlərimlə tir sayıram.

Qardaşı söz verdi ki, yaxşı bir həkim tapıb Ələmdarı göstərər, özü də geyinib işə getdi.

Qardaşı arvadı Ələmdarın qabağına çay-çörək qoydu. Elə bu vaxt balaca Soltanəli yuxudan oyandı. Ələmdar uşağı qucağına alıb marçamarçla o üzündən, bu üzündən öpdü. Kənddən gətirdiyi sovqatları onun qabağına tökdü.

- Maşallah. Soltanəli yekə oğlan olub, – uşağı təzədən öpdü.

Anası Soltanəlinin başını sığalladı:

- Dörd yaşın tamam eləyib.

Soltanəlinin ağlına nə gəldisə “du, du” eləyə-eləyə başladı stolun dövrəsinə fırlanmağa. Uşağın cır səsi Ələmdarın əsəblərinə toxunsa da səbrini basıb gülümsədi. Qardaşı arvadı Ələmdarı söhbətə tutdu. Kəndi, qohum-əqrəbanı xəbər aldı. Birdən uşağa qışqırdı:

- A bala, düş aşağı.

Soltanəli yemək stolunun üstündə dizlərini qatlayıb oturmuşdu. Stəkan-nəlbəkini, qənd, mürəbbə qabını dartışdırırdı.

Anası onu qucaqlayıb stolun üstündən düşürmək istəyəndə Soltanəlidən bir qışqırıq çıxdı, gəl görəsən. Ələmdar dil-dodağını çeynədi.

- Sən fikir vermə, onun dərdindən ev-eşiyi də yığışdıra bilmirəm, aləmi bir-birinə qatır... Çayını iç.

Ələmdar stəkanı qabağına çəkdi. Çayın isti-soyuqluğunu yoxlamaq üçün bir qurtum aldı və birdən sancısı tutmuş kimi üz-gözünü qırışdırdı. Soltanəli əllərini bir-birinə vurub qəh-qəhə çəkdi. Anası yenə uşağa qışqırdı:

- Soltanəli! Ayıb olsun, əminin çayına duz tökmüsən?!

Soltanəli gülməyindən qalmırdı. Anası onu qucağına alıb zorla mətbəxə apardı. Uşaq orada xeyli qışqırandan sonra səsini kəsdi. Ələmdar bir-iki tikə çörək yeyib qalxdı.

Şəhərə çıxmaq istədi. Soltanəli görməsin deyə pəncələri üstə dəhlizə keçdi. Gözləri mətbəxin qapısında ola-ola ayağı ilə ayaqqabısını axtardı. Çox axtardı, tapa bilmədi. Soltanəlinin anası əhvalatdan xəbər tutub güldü:

- Eybi yoxdur, Ələmdar, taparıq. Keç, otur evdə, hara tələsirsən.

Ələmdar naəlac qalıb evə keçdi: “Bircə həkim tez tapılsaydı... Yoxsa Soltanəli olan-qalan ağlımı da başımdan çıxaracaq”.

Elə bu zaman uşaq belində taxta xəncər, əlində taxta tapança, başında dənizçi papağı içəri girdi.

- Part! Part! – qışqırıb tapançanı əmisinə tuşladı.

- Part! Yıxıl də. Sən ölmüsən, yıxıl. Part!

Ələmdarın qanı tərsinə fırlandı: “İşə keçmədim”. Acıqlı-acıqlı uşağa baxdı. Soltanəli başladı yanıqlı-yanıqlı ağlamağa.

- Yıxılmır... Əmi yıxılmır.

Ana da işə qarışdı:

- Ay Ələmdar, sən allah yıxıl, nə olacaq ey. Yıxıl divanın üstünə, uşağın başı qarışsın, mən də sizə günorta yeməyi hazırlayım.

- Sonra ətəyi ilə Soltanəlinin göz yaşlarını sildi.

- Ağlama, bala, bu saat əmi yaxılacaq. Əmi çiçədi, çiçə.

Uşaq güldü, taxta tapançasını fırladıb əmisini nişan aldı. Bir gözünü qıyıb qışqırdı:

- Part!

Ələmdar başını yırğalaya-yırğalaya stuldan qalxıb divanda uzandı.

- Part! Gözlərini yum!

Ələmdar gözlərini yumdu.

- Part! Part! Ayaqlarını qalxız!

Ələmdar çardaq sütunu kimi iki ayaqlarını da dik qalxızdı.

- Ayağa qalx!

Ələmdar qalxdı.

- Sən qaç, mən daldan atacağam.

Ələmdar stolun devrəsinə fırlandı.

- Part! Part! İndi yıxıl!

Bir saatdan sonra Ələmdarın bədənindən tər su kimi axırdı. O, çırpılmış yun kimi divanın üstünə sərildi. Nə qədər yatdığını bilmədi. Hiss etdi ki, kimsə onu silkələyir. Gözlərini zorla açdı.

Soltanəli onun sinəsinin üstündə oturub ayaqlarını sallamışdı. Ələmdar bilmədi ki, gülsün, ya ağlasın. Oğlan yenə taxta-tapançasını götürüb düşdü kişinin canına. Ələmdarı əldən saldı. Ələmdarın uşaqla oynamağa taqəti qalmamışdı. Kişi divanda oturduğu yerdə mürgüləyirdi. Soltanəli qışqırırdı:

- Dur! Ayağa dur, part-part!

Ələmdar gözünü zorla açıb uşağa baxdı. Yenidən gözlərini yumdu.

Soltanəli qaynamış xırda gözlərini əmisinin uzun, lopa bığına zillədi. Barmağını irəli uzadıb qışqırdı:

- Onu mənə ver! Onu mənə ver!

Elə bil Ələmdarın ürəyi qırılıb ayağının altına düşdü: “Baho, məsələ lap yoğunladı”. Soltanəli nə qədər yalvardısa da, uşaq dediyindən dönmədi:

- Bunu çıxart ver mənə.

Ələmdar yazıq-yazıq dedi:

- Əmi qurban, Soltanəli, məni incitmə.

- Ver!

- Axı, mən bunu necə çıxardım, Soltanəli? – Ələmdar bığını dartışdırdı və o saat da gözlərini yumdu. Soltanəli daha bərkdən qışqırdı:

- Ver! Tez ol, ver!

Ələmdar anasını itirmiş uşaq kimi ağlamsındı:

- Soltanəli, axı, bu şitil deyil ki, dartıb çıxardım. Əmi qurban, məni incitmə. Mənə yazığın gəlsin, Soltanəli.

Söz ağzından qurtarmamış Ələmdarın gözləri qapandı. Soltanəli kişini nə qədər dürtmələdi, çimdiklədisə də oyada bilmədi...

Axşam Ələmdarı qardaşı oyatdı:

- Deyəsən, Bakının havası sizə düşür, yatırsan. Dur. Yaxşı bir həkim tapmışam, sabah gedəcəyik.

Ələmdar dinməz-söyləməz qalxdı, çamadanını yığışdırmağa başladı.

Qardaşı soruşdu:

- Hara belə?

- Niyə? Bəs həkim, müalicə?

- Sağalmışam, yüz faiz. Ömrümdə belə rahat yatmamışdım.

- Nə danışırsan?

- Sağ olsun Soltanəli, loğman imiş, yatmağın yolunu öyrətdi. Evdə beş balam var. Hamısı növbə ilə bığımı dartışdırsa, gecələr ölü kimi yataram.

- Əşi, bir dayan görək...

- Ay tövbə.

Ələmdar qapıdan çıxdı. Pilləkənləri: düşəndə arxasınca yüyürən Soltanəlinin səsini eşitdi;

- Part! Part!

1965

P.S. İsi Məlikzadənin silsilə hekayələrinə burda son veririk. Təqdim edəcəyimiz növbbəti yazıçı az tanınmasına baxmayaraq, 60-cılar nəslinin ən istedadlı imzalarından olan Şahmardır. Onun hekayələri də internet resurslarında yoxdur. Hər ikinci gün eyni vaxtda görüşənədək

# 3757 dəfə oxunub

Müəllifin son yazıları

# # #