Kulis.az İradə Musayevanın “İtirilmiş zamanın sorağında” romanı haqqında məqaləsinin dördüncü hissəsini təqdim edir.
Prustun qəhrəmanı itirilmiş zaman sorağıyla əslində
özünü axtarır. Məlum olur ki, hamımız bütün müəmmalı suallara
cavab vəziyyətində göy üzünə və içimizə baxırıq...
XIX əsrin sonu XX əsrin əvvəlləri elm, texnika, ədəbiyyat və ümumən, incəsənət sahəsində intibahi inkişaf dövrü kimi səciyyələnir. Təşəkkülü əsasən XIX əsrin 20-30-cu illərinə təsadüf edən romantizmin modern təfəkkür yaradıcılığı zamanında da mövcud olduğunu və hətta yeni çalarlar qazandığını müşahidə edirik (Onu da qeyd edək ki, M.Prust dədqiqatçıları arasında onu romantizm cərəyanına aid edənlər də var). Orhan Koçak Samuel Beckettin “Prust” adlı kitabına yazdığı giriş sözündə göstərir ki, S.Baskett F.M.Dostoyevski ilə Prust arasında əlaqə görən ilk müəllif idi.O həm də M.Prust yaradıcılığında romantizm cərəyanına xas əlamətləri seçib təhlil etmişdi. “Beckett Prustun romantik hərəkatla əlaqələrini vurğulayır, eyni zamanda onun romantizminin hədsiz dərəcədə subyektivliyini bildirir. Prust, romantik sənətkar olaraq patoloji cəsarət və qüdrəti ilə sensasiyaya meylli olduğunu sübut etdi”.
Müəllif həm də mətnin mənəvi-psixoloji mənası olduğunu da göstərir, bunun üç səviyyədə ifadə olunduğunu bildirirdi: 1. allegorik məna, 2. mənəvi məna və 3. analoji məna.
Misal üçün, Tövrat hekayələrindəki hadisələri İncil və İsa baxımından şərh etmək mənəvi məna olduğunu göstərir, analoji məna insanın əsirlikdən qurtuluşu və əbədi xoşbəxtliyi mənasına gəlir. Beckett analogiyaya başqa bir nüans əlavə edir: Analoji, bir simvolun (və ya görüntünün) müqəddəs mətnlərdə yazılmış şərti mənasından müstəqildir və öz muxtariyyətini qazanır.
Fəlsəfədə, eləcə də, incəsənətin bütün növlərində olduğu kimi, ədəbiyyatda da insana yeni baxış mədəniyyəti, ideyası meydana çıxdı. İnsanın və ümumən, cəmiyyətin zahiri göstəriciləri (ali və aşağı təbəqə ayrıseçkiliyi və s.) əhəmiyyətsiz axtarış kredosu kimi unuduldu və tarixi, sosial-siyasi hadisələrdə bu kateqoriyaların (insanın və cəmiyyətin) rolu, ilk növbədə isə insanın daxili, mənəvi-psixoloji aləmi əsas mövzu kimi canlandı. İnsanı özü ilə tanışlığa dəvət edən sənət estetikaları yarandı və qısa nüddətdə fəlsəfə, riyaziyyat, fizika, rəssamlıq, musiqi, ədəbiyyat və s. sahələrdə konkret nümunələrlə tezislərini isbatladı.
M.Prustun romanından danışarkən “Prust zamanı” anlayışını da tez-tez yada salmalıyıq. M.Prustu yetişdirən əzəmətli tarixi dönəmlər olmuşdur. “Prusta qədərki intibah zamanı” və “Prust zamanı intibahı” – deyə iki ictimai-siyasi, sosial-mədəni inqilablar faktını göz önünə gətirək. İ.Q.Fixte (1762-1814), F.V.Şellinq (1775-1854), A.Şopenhauer (1788-1860), E.T.Amadey Hofman (1776-1822), C.Bayron (1766-1824), P.B.Şelli (1792-1822) V.Hüqo (1802-1885), J.Sand (1804-1876), K.M.Veber (1786-1826) və başqa bu kimi dahi sənətkarların məktəbi, sənət estetikası və yenilikləri gələcək böyük modernizm inqilabı üçün zəmin idi.
M.Prust dövrünün sosial-siyasi, ədəbi-mədəni mənzərəsi isə göstərir ki, ikinci və həlledici təkan kimi elm və mədəniyyət sahəsində yaradılan inqilablar nəinki cəmiyyətin mədəni və sosial-siyasi həyata baxışını, hətta insanın özü və dünya, kainatla əlaqəsi fəlsəfəsinə münasibəti dəyişdi.
Tomas Mann, İqor Stravinski, Maks Planck, Albert Eynşteyn, Niels Henri David Bohr, Ziqmund Freyd, Stivinq Sveyq, Tomas Eliot, Pablo Pikasso, Henri Martisse, Piet Mondrian, Vasili Kandinski və başqa bu kimi elm, sənət təkamülçüləri, yenilikçiləri və ixtiraçıları məhz Prust zamanı adamları idi. Prustun müasirlərinin kim olması hətta onun romanının mövzu və ideyasına da təsir göstərdi. Bütün bunlar sübut edir ki, Prust öz müasirlərinin elmi-fəlsəfi, mədəni-estetik baxışları ilə yaxından tanış idi.
Xatırlama, xüsusi qoxu, səs, cisim və ya işıq, işığın oynaması nəticəsində yaranan kortəbii xatırlama, əşyaların mikroskopik incəliklərlə təsvirinə varmaq, səhnələrdə, fraqmentlərdə hadisə, hərəkət və düşüncə epizodlarında hər şeyi canlı, hərəkətli hala gətirə bilən təfərrüat ustalığı və s. bu kimi xüsusiyyətlər ədəbiyyata yeni baxış keyfiyyətindən xəbər verirdi. Romanında Prustun həm elm, həm də incəsənət biliyi, duyumu olması faktı təsdiqini tapır. Qeyri-ixtiyari yaddaş aparıcı rol oynayır. Məlum olur ki, məqsədli şəkildə, güclə xatırlama, yada salma zamanı bərpa etmə gücünə qadir deyil. Şüur axını, sel kimi coşqunluqla oyadılan zaman öz “keçmiş”indən qopub “indiki” zamanda yenidən doğula bilir.
“İtirilmiş zamanın sorağında” epopeyasının “Svana doğru” adlı birinci kitabında yatmağa çalışan, yata bilməyən, yatağında durmadan sağa-sola çönən bir uşağın yuxusuzluq əzabı onlarla səhifədə təsvir edilir. Həmin uşağın zehni-psixoloji, ruhi-mənəvi varlıq kimi bir parçası keçmişdə, bir parçası indidə, digər parçası isə gələcəkdə, bəlkə də, qeyri-müəyyən, illüziya kimi təsəvvür edilə bilən mifik bir aləmdə, kosmik fəzada ilişib qalıb. Zaman kimi insanın yaddaşı, yuxusu, ruhu, zehni və psixologiyası, genetik keçmişi də maddi, real, əllə tutulan və gözlə görünən deyil. Sadəcə Yer kürəsinin yox, kainatın mövcudluq elementləri olan bütün bu qeyri-maddi məfhumlar (zaman, yaddaş, yuxu, ruh, şüur, psixologiya, genetik keçmiş və s.) sübut edir ki, insan öz yaddaşı ilə bəşəriyyətin “dayanmayan saat”, “əbədi zaman mexanizmi”ndə rolu olan güc funksiyasına malikdir. Prust üçün zaman tam, bütöv, vahid bir məfhum idi. Sadəcə insan öz yaddaşı ilə içərisində olduğu bu bütöv, tam, vahid olanı hissələrə (keçmiş-indi və gələcək) ayırır.
Aristotel, İ.Nyuton, A.Eynşteyn fizikası dövrünün zaman fəlsəfəsi fərqli idi. Zaman ilə hərəkət arasındakı müqayisə, hansının daha önəmli olması məsələsi bu nəzəriyyələri bir-birinə qarşı qoyurdu. Aristotelə görə zamanın yaranması, mövcudluğu üçün hərəkət mütləqdir. Yəni hərəkətdə olan, hərəkət edə bilən bütün məfhumlar zamanı yaradır və özü də bunu hiss edir.
Aristoteldən sonra da onun obyektiv zaman anlayışı uzun müddət (İ.Nyutona qədər) yeganə doğru baxış kimi qala bildi. Doğrudur, əks və tam fərqli zaman nəzəriyyələri də meydana gəlməkdə idi. Lakin əsas zaman anlayışı Aristotellə bağlı olmuşdur. A.Avqustinin (354-430) subyektiv zaman anlayışı Aristotelin obyektiv zaman fəlsəfəsi, zamanın hərəkət vasitəsilə mümkünlüyü məsələsini inkar etdi. Filosof, ilahiyyatçı, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu Avqustin Tanrının əbədi, maddi dünyanı isə müvəqqəti hesab edir, zamanı planetlərin hərəkəti ilə deyil, Tanrının iradəsi ilə əlaqələndirirdi. Həm də dünyada hər şeyin hərəkət səbəbini zamana bağlayır, bildirirdi ki, dünya yaradılandan əvvəl zaman məfhumu olmayıb, zaman yalnız sonradan (yaradılışdan sonra) şeylərin hərəkət və vəziyyət dəyişmə ölçüsü kimi mövcud olub.
Prust da romanında Avqustin kimi indiki zaman, keçmiş və gələcək zaman kateqoriyalarını izah etməyə cəhd etmiş, əslində keçmiş və gələcək anlayışlarının mövcud olmadığını, onların da indiki zamana aidliyini sübuta çalışmışdır. İnsan yaddaşı ilə keçmiş, xəyallarla gələcək müəyyənləşsə də, əslində hər ikisi indiki zamana bağlıdır.
Avqustin obyektiv zaman anlayışını inkar edir və bidirirdi ki, hərəkət olmasa belə zaman insan düşüncəsində daima var olacaq.
İ.Nyuton hərəkəti zamandan asılı hesab edirdi. Hər şeydə təməl olaraq zamanı, mütləq zaman anlayışını əsas götürürdü. Göstərirdi ki, heç nədən, hətta insan düşüncəsindən asılı olmadan zaman axır.
A.Eynşteynə qədər nəzəriyyələrin bir çoxunda zamanın hər kəs üçün eyni olması şübhəsiz idi. Ancaq zamanın nisbiliyini sübut etməyə çalışan Eynşteyn hərəkət sürəti ilə (insanların sürətli və ya asta hərəkət etməsi və s.) zamanın nisbi olduğunu bildirirdi. Zamanın sürətli keçməsi nisbilik nəzəriyyəsi ilə irəli sürülmüşdür.
İ.Kanta görə isə, məkan və zaman subyektivdir. Yəni, fərdlərdən asılıdır. Prustun romanında təkcə sənətkarlıq, fəlsəfə və həcm möhtəşəmliyi, təkrarsız xarakterlər silsiləsi yox, həm də insanın həyat fəlsəfəsində əbədi görünən bir ana sualın hədəflənməsi maraq doğurur. Sual olunur: Zaman içində əriyib yox olan, milyon-milyon gəlib-gedən insan, yoxsa insanın içində əsir, məhbus kimi yatıb qalan zaman?! Hansı həlledicidir, hansı daha aparıcı və səbəb, vasitə olandır? Varolmanın sirri insandamı, ya zaman mövcudluğundamı? C.Coys bütün kainatı insanın beyninə, şüuruna yerləşdirir və sanki hər şeyi şüur axınından keçirib analiz edirdi. M.Prust isə insanı zamanın əsiri kimi qəbul etmirdi, zamanın insandan asılılığını, onun insanın içərisində əsir edilməsini, orada məhbus kimi yatıb qalmasını və yalnız insanın iradəsi, istəyi ilə yenilənə, azad ola biləcəyini konkret misallarla, hamıya tanış faktlarla sübut edirdi.
M.Prustun romanındakı zaman modern mədəniyyət, sənət və həyat, ictimai-iqtisadi formasiya zamanına bərabər anlayış deyildi. Prustun “zamanı” klassik, fəlsəfi, mistik və bəlkə də, kosmik, səmavi səviyyələrlə ölçülən qlobal anlayış idi. Onun içərisində olduğu həyatın, kapitalizm zamanının obrazı epizod kimi keçir. Prust bu romanı yazmaqla bəşəriyyətin, kainatın hərəkət dövriyyəsi ilə bağlı zamanın cilovuna əl atmışdı.
Romanda hər şey zamana qoşulub yox olur, fəqət yaddaş vasitəsilə geri dönür. M.Prust bütün zamanların (əslində o zamanı tam bir bütöv kimi götürürdü, parçalanmamış, bölünməmiş) insan ruhunda oyanışı prosesini yaddaşda, şüuraltıda gizlənmiş əşyalar, müxtəlif detallar, fraqmentlər vasitəsi ilə reallaşdırırdı. O, zamana səyahəti bəzən heçliyə, yoxluğa, boşluğa səyahət kimi izah edir. Onun analizinə görə qaranlığın da yaddaşı var və o çıxıb gedəndə əşyalar da dəyişir. “Bəlkə, heçliyə geri dönəcək olsaq, onları itirərik, silinib gedər. Ancaq yaşadığımız müddətcə həqiqi cisimlər kimi bu anlayışlarla tanış olduğumuzu inkar etmək mümkün deyil, məsələn, lampanı yandırdığımızda otağımızdakı əşyaları dəyişdirən və hətta qaranlıqların yaddaşını dəf edən işığa şübhə edə bilmərik” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 376).
Prust da Berqson kimi düşünürdü ki, bizim xatırlayıb-xatırlamamağımızdan asılı olmayaraq biz kifayət qədər xatirələrlə əhatə olunmuşuq. Amma bizi dövrəyə almış xatirələrdən xəsisliklə istifadə edirik. Bəzən isə sadəcə dəqiqələri, saatları canlandırırıq. Halbuki zamanı belə sərhədləmək olmaz. İnsan yaddaşını, xatırlama mexanizmini hətta doğumundan əvvəlki həyatına qədər uzada bilərmiş...
“Geridə qalmış xatirələrin böyük bir hissəsini bilmədən, onlardan xəbərsiz halda tanımadığım adamlar içərisində bir insan olaraq həyatımın lap əvvəllərində yer alan xatirələrin var olduğunu kim inkar edə bilər? İçimdə və ətrafımda bu qədər xatirə varsa, bu yaddaşsızlıq (hər hansı bir şeyi görmə qabiliyyətindən məhrumluq, hətta hərəkətləri, feilən baş verənləri unutmaq) nədir? Yaddaş və xatırlama bir başqa insanın bədənində hətta bir başqa planetdə yaşadığım bir hayatı da anlada bilir. Yaddaşsızlıq isə hər şeyi silə bilər” (Marcel Proust. Kayıp Zamanın İzinde. Sodom ve Gomorra. Kitap 4. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 392).
Şüurlu və məqsədli şəkildə xatırlama ilə qeyri-ixtiyari xatırlama arasında fərq böyükdür. Prust romanında kiçik bir epizodu canlandırmağa onlarla səhifə ayırır. Təfərrüatın su kimi axan təhkiyədə baş alıb getməsi sübut edir ki, burada qeyri-ixtiyari xatırlama metodundan istifadə olunub. Eyni zamanda keçmişin canlandırılması prosesində instinktiv olaraq sevinc, kövrəlmə, özünü xoşbəxt hiss etmə halları da yaşanır. Madlen dadı həzzi damaqdan yox, yaddaşdan doğurmuş kimi göründü. Madlen sehrli, kodlarla cilalanmış maddətək Marselin bütün varlığına sirayət etdi. Ölmüş bədəni elektrik cərəyanı ilə oyatma üsulu kimi madlen də sanki ildırım parçası kimi bir insanın itirdiyi keçmişə toxunaraq onu yenidən yaratdı. Madlen keksi Kombre boyda zaman, məkan, insan toplumu, aristokratiya həyatı, tarix, sosial-siyasi mühit və bütün bunların bir arada toplandığı keçmişi var etdi. Necə ki ihlamur yarpağı isti suya salınanda şəkillənib yeni bir aləm yarada, bütün Kombreni xatırlada bilir. “…eynən yaponların suyla dolu çini bir kasaya atdıqları zərif kağız parçalarının, suya girər-girməz yumşalıb şəkillənərək, rənglənərək müəyyən forma alır, eləcə də çiçəklər, evlər, insanlar, hər biri aydın və konkret şəkildə, heç bir şübhə yeri qoymadan canlanır” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 53).
Həm öz bağçalarındakı, həm də Svangilin bağçasındakı bütün çiçəklər, Vivonne çayının su zanbaqları, kəndin saf ürəkli insanları, onların kiçik evləri, kilsə, bütün Kombre, onun ətrafı yenidən var oldu. Marsel bütün xatirələrini bağrına basırmış kimi hərarət, istək və darıxan adam kövrəkliyi ilə qarşılamışdı.
Məqsədli xatırlamalarda pis şeyləri, uğursuzluqları xatırlamamağa cəhdlər də olur. Şüurlu şəkildə həmin xatirələr yox edilməsə də, arxivləşdirilir. Qəribədir ki, həmişə də keçmiş, yəni uşaqlıq saflıq və xoşbəxtlik mərhələsi kimi xatırlanmaq istəyir. Sadəcə, fotolara baxmaq, keçmiş zamana aid və ya dünyasını dəyişmiş insanlarla bağlı hadisələri xatırlamaq, məkanları ən xırda elementləri ilə göz önünə gətirmək – bütün bunlar böyük zaman qapılarını döymək, həmin qapıların açılmasına cəhd deməkdir. Keçmişin həmişə indiki zaman qavraması və dərrakəsi ilə yenilənməsi danılmazdır. İtirilmiş zamanın kodları indinin içərisində saxlanılır. İndiki zaman daha “zəhmətkeşdir”. O həm keçmişin, həm də gələcəyin əziyyətini çəkir. Keçmişi bərpa edib “həyata qaytarmaq”, var etmək, gələcəyi isə ehtimallar, xəyallar və illüziyalarla canlandırıb dairəvi zaman konsepsiyasını tamamlamaq missiyası da ona (indiki zamana) aiddir.
Əsərin qəhrəmanı hay-küylü, çığırtılı bir günü xatırlayır. Həmin səs-küy yaddaşında canlanır. Səsi eşitmək üçün qulaq kəsilir, səs yaddaşın göstərişi ilə onun daxilindən, daha dərinlərdən gəlir. Səsi, çığırtını illər sonra bərpa edə bilir və belə qənaətə gəlir ki, bu dünyada heç nə itmir. Hətta o uzaq hay-küy və çığırtı belə onun öz içində varlığında imiş. O uzaqlıq keçmiş zaman hesab olunursa, deməli, keçmiş zamanı adam öz içində nə vaxt istəsə, yeniləyə, canlandıra bilər.
Bağırtı səsini daha yaxından eşitmək üçün öz içindəki dərinliklərə qayıtmaq məcburiyyətində qalır. Demək ki, bu səs içində həmişə mövcud olub. O səslə bərabər indiki zamanda var olan keçmişi özü də bilmədən daima içində saxlayırmış. Keçmiş ona bağlı idi, onu öz içinə baş vuraraq tapa biləcəyinə, ona qayıda biləcəyinə əminlik vardı. Deməli, bu müddət ərzində bir an da olsa dayanmamış, daima düşünmüş, öz varlığında o zamanı yaşatmışdı.
Ölümdən sonra zaman, izsiz, solğun xatirələr artıq bədəni tərk edir. Kombredəki bağçada eşitdiyi o uzaq səs, bununla birlikdə içində yer alan tarix, sahib olduğunu bilmədiyi uzun məsafələri ölçməyə yarayacaq çıxış nöqtəsiydi. Üstündə yol getdiyi kilometrlərlə uzanan, boyundan çox-çox böyük, içində yer alan o qədər ili daxilinə boylanarkən gördükdə başı gicəllənir.
Demək ki, bütün zaman sistemini, mexanizmini, sadəcə, içimizdə gəzdiririk və bu yüklə, özümüzdən xəbərsiz halda keçmişin nisgilini, gələcəyin həsrətini çəkirik. Prust insanın başını öz içinə döndürüb həmin zaman qalaktikasını ona göstərir. Xronologiyalar, illər, aylar, saatlarla bölüşdürdüyümüz, əslində isə bütöv zamanı...
O, ədəbiyyat vasitəsilə bizim sərhədlədiyimiz zamanı (keçmişi, indini və gələcəyi) insan ruhunda sistemli, tam və bölünməz məfhum kimi yaradırdı. Onun romanında zaman yuxu və gerçəklik arasında bölündüyü kimi, hisslər, düşüncələr və insanlara münasibət meyarı da parçalanır, ikiləşir və insanı daima dilemma qarşısında qoyurdu. Etimad və şübhələr bir-birini mütəmadi olaraq əvəzləyir, çaşqınlıq yaradırdı. Sevgi nifrətə çevrilir, nifrət dönüb məftunluq olurdu.
Odettanın sevgi dolu gözlərindən yaş axıb Svanın üstünə tökülür, ürəyinə od salır və Svann bu qadını elə bir sevgi ilə sevir ki, onu götürüb özü ilə həmişəlik aparmaq istəyir. Qız qəflətən “getməliyəm” – deyib dönüb laqeydliklə uzaqlaşır. Amma qəlbi faciəli şəkildə çırpınır, Odettaya nifrət edir, az öncə sevdiyi gözləri oyub tökmək, yorğun və solğun üzünü əzişdirmək istəyirdi. Madam Verdyurinlə birlikdə aşağı enən Odettadan addım-addım uzaqlaşırdı. Bir saniyə sonra Odettanın gedişindən sanki saatlar keçmişdi... “Rəssam Svanın diqqətini Odettanın ardınca dərhal yox olan III Napoleona yönəltdi. “Hər halda öz aralarında anlaşıblar” – deyə əlavə etdi. Sahilin bir az aşağı tərəfində görüşəcəklər mütləq, amma ayıb olmasın deyə birlikdə getmirlər. Odetta onun məşuqəsidir”. Svanın tanımadığı cavan oğlan ağlamağa başladı. Svann ona təsəlli verməyə çalışırdı. Cavan oğlanın gözlərinin yaşını silib, papağını çıxararaq: “O da haqlıdır, əslində”, – dedi. “Mən bunu neçə dəfə tövsiyə etdim ona, üzüləcək nə var? Odettanı ən yaxşı anlaya biləcək kişi odur”.
Svann bu sözləri özünə deyirdi, çünki əsas tanımadığı cavan oğlan da o idi. Bəzi romançılar kimi o da daxili “mən”ini iki qəhrəman arasında, yuxunu görənlə qarşısındakı papaqlı gənc arasında paylaşmışdı” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 406).
Prust Svann və Odetta münasibətləri fonunda sevən insanın daxilindəki təlatümlərin anatomiyasını öyrənir. Diqqət yetirsək, Odettanın düşüncələri, daxili aləmi, psixoloji durumu, sevinci, sevgisi, sarsıntıları və s. kimi hallar arxaplanlıdır. Bu süjetdə bütün diqqət sevən kişinin bir qadın uğrundakı mənəvi-psixoloji tənəzzülü, əslində açılışı, hisslərinin, duyğu və düşüncələrinin qeyri-ixtiyari püskürtüsü romanına yönəlib. Heç bir parametr kəsişməsi, heç bir səviyyə, zövq, əsil-nəcabət uyğunluğu olmadan tam sənə zidd mövqeli bir insanı sevmək və onun yolunda özün də hiss etmədən kiçilib mikroskopik bir varlığa çevrilmək... Svann dəfələrlə öz-özünə Odettanı daha sevməyəcəyini, ona laqeyd olacağını bəyan edir. Amma bu bəyanatları onun – Odettanın pəncərəsinin altında gecələr onun haradan gəlməsini gözləyə-gözləyə edir. Eyni anda da özünə o qədər uzun ömür arzulayır ki, nə vaxtsa nahardan sonra Odettanı ziyarətə getdiyi gün Odettanın Foşvillə yatıb-yatmadığı müəmmasını öyrənə bilsin.
Svann bu qadın uğrunda o qədər kiçilib çılızlaşır ki, hətta öz məşhur əsil-nəcabətini belə unudur, kimliyinin, hansı təbəqəyə məxsus olduğunun fərqində belə deyil. Bəzən əvvəlki mövqeyinə qaytarılanda özü də çaşqın vəziyyətə düşür. “Svann, həqiqətən, uzun müddət “Svanın oğlu” olduğunu unutmuşdu və bu şəxsiyyəti bir anlığa bərpa etdikdə, digər usandırıcı zövqlərdən daha çox həzz alması da təbii idi. Özünü həmişə “Svann oğlu” olaraq görməyə adət etdiyi üçün burjua mehribanlığı və ehtiramı, aristokratiya rəğbəti ona xoş gəlirdi. Burjua rəğbəti heç olmasa, daha məntiqli və qanunauyğun görünürdü” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 322).
Bəzən də aristokratiya sinfi haqqında onun düşüncəsində tam fərqli mənzərələr yaranır. Elit cənablar və xanımların toplaşdığı ziyafətlər, məşhur rəssamların sərgiləri, Bethoven musiqisi, Ay işığı sonatası...
Svanın həmişə “Gerçək həyat” – dediyi aristokratiya mühiti indi ona Dantenin “İlahi komediya” əsərindəki sonuncu dairəni xatırladırdı. “Ən bərbad həyat”, “Ən bayağı mühit”, “Toplumun ən düşük təbəqəsi” – deyirdi.
“Dantenin son cəhənnəm dairəsi. Şübhəsiz ki, o böyük əsər Verdyurinlərdən bəhs edir... Yüksək zadəgan təbəqəsinə mənsub olanların da qüsurları var və bu qüsurları mənim qədər heç kim bilməz” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 308).
Aristokratlar, hətta onu şəxsən tanımayan insanlar “Svann oğlu” statusuna görə ona ehtiram borclusu olduqlarını düşünür, bu soyada ənənəvi olaraq hörmət etməyi qanun kimi qəbul edirdilər...
Aristokratiya məclislərinin fəxri qonağı olan, durmadan belə məclislərə dəvətlər alan Svann indi Odetta zövqsüzlüyü və qədrbilməzliyi, saxtakarlığı və hiyləsi ilə üz-üzə qaldığını zənn etdiyi üçün özünü aldadılmış hesab edirdi.
Prust sevgini mərhələlərə bölürdü. Svanın eşqini ölümcül, sağalmaz sevgi qrupuna aid edir, bu stadiyada tibbin də əlacsız olduğunu yazırdı. “Svanın sevgisi o qədər inkişaf etmiş bir xəstəlik idi ki, Svanın bütün vərdişlərinə, hərəkətlərinə, düşüncələrinə, sağlamlığına, yuxusuna, həyatına, hətta ölümünə və ölümdən sonrakı arzularına da nüfuz etmişdi. Belə ki Svanın özünü paramparça etmədən bu sevgini ondan söküb atmaq mümkün deyildi. Cərrahi terminlə desək, eşqi artıq əməliyyat edilməyəcək hala gəlmişdi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 322).
Prustun mətnində əşyalar, anlayışlar kimi düşüncə və hisslərin də canlı insantək yaradılmış obrazı var. Hisslərin isə elə insan adına bənzər adı var: Şübhə, Qısqanclıq, Sevgi, Qorxu, Yaltaqlıq, Riyakarlıq, Nifrət, Xəyanət və s. Məsələn, romanda Svanla qoşa addımlayan bu hisslərin arasında bir də bir “Odetta xəyalı, Odetta düşüncəsi” – adlı obraz var ki, o Svanla bütün yolları, gecələri, səhərləri birlikdə qarşılayıb, yola salır. Svann bu cür düşüncələrə daldığı bir gün Odettanın keçmişdə məşuqə həyatı sürdüyünə aid eşitdiyi sözləri xatırlamış, bu düşüncə onu rahat buraxmamışdır. “Məşuqə” – adlandırılan ifadənin qaranlıq və şeytani çalarlarını o qədər həssaslıqla çözməyə çalışmışdı ki, axırda Qustav Moronun (fransız simvolost rəssamı, “İncil”lə və daha çox mifoloji obrazlarla bağlı əsərləri var – İ.M) xəyalları kimi qiymətli qaş-daşla bəzənmiş zəhərli çiçək çələngi – əcaib obrazına bütün fikri ilişib qalmışdı. “Maşına addımını atarkən, Odetta düşüncəsinin də onunla birlikdə sıçrayıb mindiyini hiss etdi, Odetta düşüncəsi onunla hər yerə gedir, süfrə başında oturanda da başqa qonaqlardan xəbərsiz vəziyyətdə yanında dayanır, sevimli heyvan kimi dizlərinin üstündə oturur.
Romandakı sevgi analizlərindən belə məlum olur ki, sevdiyimiz zaman, böyük sevgilər içimizə sığmır, o qədər böyüyür ki, sevdiyimiz insana doğru yol alır, orada özünə bir dayaq nöqtəsi tapıb həmin nöqtədən özümüzə – başlanğııc nöqtəsinə doğru qayıdır. Əslində “qarşımızdakının sevgisi” – dediyimiz şey elə öz sevgimizin hədəfə çırpılıb qayıtmasıdır. Bizdən çıxan sevgi geri qayıdanda daha çox həyəcanlanırıq və elə zənn edirik ki, qarşıdakı adamın sevgisidir.
“Qarşılıqlı sevgi”– söhbəti yanlış imiş...
Amma biz bu məqamda həm də M.Füzulinin “Leyli və Məcnun” əsərindəki Məcnunu düşünək. Eynən öz sevgisinə bürünən Məcnunu. Məcnunu sevgisi vurğun vurmuş kimi, ildırım kimi vurur. Məcnun öz eşqinə “mübtəla”, “giriftar” olur. Onun öz içindən çıxan sevginin həcmi və enerjisi həddindən çox idi. Ona görə özünə dönəndə bütün varlığını parça-parça edir. Və Leyli də burada yalnız hədəf, obyekt rolu oynayır. Leyli özlüyündə böyük, dağıdıcı eşq daşıyıcısı deyildi.
Svann Odettanın şəfqətli baxışlarında belə ölümcül xəstəyə təsəlli elementlərini görür və ikrahla ondan nəzərlərini yayındırmaq istəyirdi, amma bütün yollar yenə onu Odettanı sevməyə doğru aparırdı. O, bir qadına aşiq olmanı kişinin ruhunun o qadına ötürülməsi, köçürülməsi kimi qəbul edirdi. Belə çıxırdı ki, önəmli olan qadının dəyəri deyil, ruh halının dərinliyidir. Adi bir gənc qızın yaratdığı duyğular sayəsində mənliyimizin ən özəl, şəxsi, dərinliklərdə olan əlamətləri ortaya çıxa bilər. Yüksək səviyyəli bir adamın söhbəti və ya əsərlərini heyranlıqla seyretmə bunu əvəz edə bilməz. Necə ki aristokratiya nümayəndəsi Svanın Odettaya olan sevgisi bunu sübut edir. Bütün aristokratiya mühiti bu anlaşılmaz sevgidəki tərəfləri tərəziyə qoyub analizlər, müzakirələr aparır. Nəticədə söz hansısa tərəfin deyil, sevginin olur. O sevginin ünvanı layiqli və ya layiqsiz şəxs olsa belə, dəyər sevginin mahiyyətinə verilir. Kimi sevmək yox, necə sevmək təhlil olunur.
“Mənim bildiyim həqiqət artıq yoxdur. Madam Svanın fərqli bir geyimdə və qeyri-müəyyən vaxtlarda xiyabanda görünməsi kifayət idi ki, bütün mənzərə dəyişsin. Tanıdığımız yerlər yalnız təsəvvürümüzün tərtib etdiyi xəritədə mövcuddur və burada mənəvi rahatlıq tapırıq. Onların hər biri, sadəcə, o dövrdəki həyatımızın bir-biri ilə əlaqəli təəssüratlarından yığılmış incə fraqmentlərdir, müəyyən bir yaddaş epizodu yalnız müəyyən bir an üçün təəssüf hissi keçirməyə səbəb olur. Heyhat, evlər, yollar, xiyabanlar da illər kimi uçub gedir” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 502).
Qısqanclıq hissi Svanı xəstələndirmişdi. Odettanı yuxuda belə III Napaleonun məşuqəsi kimi görür. Yuxuda reallıq, reallıqda yuxu qarışıqlığı, anlaşılmazlığı taqətini tükədir. Və bir gün Svann ucadan öz-özünə qışqırır: “Məgər həyatımın o qədər illərini xərclədiyim, uğrunda ölmək istədiyim, ən böyük eşqimi yaşadığım qadın, əslində, xoşlamadığım, zövqümcə olmayan qadınmış?!” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 408).
Svanın sevgisi onun yaradıcılığını, tədqiqatlarını, işini də alt-üst edirdi, böyük rəssam Vermerlə bağlı araşdırmasını da məhz qısqanclıq səbəbindən ləngidirdi, Drezdenə və başqa şəhərlərə getməliydi, lakin Odetta Parisdə ikən o başqa şəhərə necə gedə bilərdi? – deyə narahat olurdu.
Prust insan psixologiyası və insanın psixoloji, ruhi dəyişimlərindəki halları idealistcəsinə, xəyali və romantik tezislər, təhlillərlə izah etmir. Onun istənilən məqam üçün rəsm etdiyi səhnə, təsvirlər adama doğma gəlir. Obrazlarının deyil, ümumiyyətlə, insanın və insanlığın tarixçəsini vərəqləyir, tədqiq edir və sən mütləq özünü orada görürsən. Yüzlərlə misal göstərmək olar. Onun fikrincə bəzi həssas insanlar gizlətdikləri göz yaşlarını kiminsə gözündə görərsə, dözməz, kədərlənər. İllərlə sıxıb saxladığın göz yaşlarını yad bir adamın gözündə görürsən və o adam sənə doğmalaşır, ona acıyırsan, yanırsan. Onun kədərinə dözə bilmirsən. Çünki sənin şüuraltındakı ağrını, göz qapağı arxasındakı kədərini sənin üçün o açıb göstərir...
Romanda saysız-hesabsız psixoloji yanaşma analizləri var ki, onun məğzi, nəticəsi adi həyati məsələlərin, münasibətlərin əsl həqiqətini açır. Məsələn, müəllif göstərir ki, əslində bizə oxşayan nə varsa, ona nifrət edirik, qüsurlarımızı başqalarında gördükdə hövsələdən çıxır, onları tənqid edirik. Xüsusilə də, yaşlı adamlar öz eyiblərinin oxşarını gənclərdə görərkən onları amansızlıqla yamanlayır, lənətləyir. Ailələrdə sevgiyə rəğmən, hətta nə qədər böyük sevgi olursa-olsun, o qədər də böyük anlaşılmazlıqların olması, bu anlaşılmazlıqların bitməməsi səbəbi məhz həmin bənzərliklərdəndir.
Prustun portretləri və münasibətləri təsvir edən qələmi bəzən ikisini bir cümlədə belə ifadə edə bilir: “Üzündəki ifadələr sanki, sadəcə, mənim üçün yaradılmış bir dildə yazılmışdı”.
“İtirilmiş zamanın sorağında” romanında üslub fərqliliyi əvvəldə dediyimiz kimi, məqsədli şəkildə, bəzən mətnin məzmunu ilə bağlı, bəzən ədəbi üslublara parodiya formasında ifadəsini tapır.
Məsələn, misal göstərdiyimiz bu parçada Prust romanının ümumi intonasiyasından seçilən, zadəgan təbəqəsinin pafosuna uyğun şəkildə yazılmış cümlələr xüsusi işarə kimi diqqəti cəlb edir. “Oo, nəhayət gəldiniz, sizi əsrlərdir görmürdük”, – dedi general Svana. Sonra da Svanın solmuş çöhrəsi diqqətini cəlb etdi, xəstələndiyi üçün aristokrat məclislərindən kənarda qalmasını zənn etdiyini bildirdi: “Çox yaxşı ki gördüm sizi!” Bu arada – M.de Breotenin “Əzizim, siz ha, nə edirsiniz burada?” – deyərkən yüksək cəmiyyət romançısı yeganə psixoloji araşdırma və acımasız təhlillər orqanı olan monoklunu gözünə sıxdıqdan sonra əsrarəngiz, özünü göstərən bir ədayla “r” hərfini sərt tələffüz edərək cavab verdi: “Müşahidə edirəm” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 250).
“Bir neçə addım qabaqda xəyallara dalmış vəziyyətdə duran uniformalı, cüssəli dəliqanlı Mantenyanın ən hərəkətli tablolarında, ətrafında alt-alta, üst-üstə bir-birini boğazlayan insanları qalxanına dayanaraq müşahidə edən dekorativ döyüşçü qədər tərpənməz, heykəlləşmiş və anlamsızdır. O, Svanın çevrəsində dörd dönən dostlarından kənarda dayanaraq, qəddarlıq tökülən baxışlarıyla dalğın-dalğın müşahidə etdiyi bu səhnəyə, adətən məsumların qətli və ya Əziz Yaqubun şəhid edilməsini izləyirmiş kimi laqeyd qalmağa qərarlıydı” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s. 246).
Prust yeri düşdükcə musiqi, rəsm, memarlıq, heykəltaraşlıq sənətinin klassik nümunələrini müasir dövrlə əlaqəli şəkildə yenidən canlandırır, təhlil edir. Andrea Manteqnanın sənətindən də mətnin məzmununa uyğun şəkildə söhbət açır. Antik Roma mədəniyyəti və incəsənətinə dərindən bələd olan Manteqnanın həyatı və əsərlərinin estetikası, dinamikası və ideya mesajı maraq doğurur. Məhkəmə rəssamı olan XV əsrdə yaşamış A.Manteqna xidməti vəzifəsində nə qədər sabit, sədaqətli və üzüyola olsa da, əsərlərində azad, orijinallığını prinsipiallıqla təsdiq etdirən sənətkar idi. Manteqna sənəti sərt, bəzən amansızlıq nümayiş etdirən və bəzən də erkən renesansın italyan rəssamı və nəzəriyyəçisi Piero della Francesca sənətinə qarşı sərt mövqedə dayanan estetika ilə zəngin idi. Manteqnanın ilk freskaları Eremitani Padua kilsəsində qurulmuşdu.
Prustun romanında antik və modern sənət təsvirlərinin eyni cəmiyyətdə, eyni aristokrat təbəqə insanları arasında qavramı təhlil edilir. Modern və inkişaf etmiş aristokratiya klassik sənət, ədəbiyyat, mədəniyyət və fəlsəfə dəyərini, estetikasını necə qavrayır? Romanda bununla bağlı, Verdyurinlərin ziyafət səhnələri daha çox istehza, parodiya işarələri ilə rəsm edilir. Ən qədim kilsə freskoları və XX əsr modern sənət estetikası çarpazlaşması əslində insanın daxilində, hisslərin iştirakı ilə ortaya çıxır. Qədim kilsə divarlarının və boyaların, heykəllərin müəllifləri olan insanlar müasir cəmiyyətin, modern dünyanın adamı kimi obrazlaşır. Yuxarıda da vurğuladığımız kimi, Prust əsrlər öncə yaşayan insanların müasir insanlarla görüşünün ancaq sənətdə, tarixi abidələrdə mümkün olduğunu bildirir. Burada artıq müxtəlif insanlardan söhbət getmir, sanki eyni insanın, bəşər övladının dünən yaratdığı və bu gün üzərində işlədiyi sənət əsərindəki zamansızlıq və məkan vəhdəti fəlsəfəsini kəşf edir. Məsələn, rəssamlıq, bəstəçilik, romançılıq bir, vahid obyektdir, bütün yaradıcılar bu kateqoriyanın süjetində, sadəcə, iştirakçıdır. Və yaxud, zamanla bağlı, tutaq ki, Platon, Aristotel, Kant, Berqson və Prust nəzəriyyələri var və bu müxtəlifzamanlı nəzəriyyələr, əslində, zaman haqqında baxış, estetika və görüşlərin bir süjetdə şaxələnməsidir. Yəni zaman məsələsində yüzlərlə filosof nə deyirsə desin, nəticədə bu məfhuma insanın, sanki bircə insanın yekun baxışı kimi xitam verilir. Prust ümumiləşdirmələri məhz bu baxımdan möhtəşəmdir. O, sevgi, nifrət, qorxu, qısqanclıq və s. anlayışların praktik və nəzəri təhlillərini də bu şəkildə ümumiləşdirir.
Bundan sonrakı Marsel sevgisi isə davam və yeni obyektlərdə, yeni insanlarda həmin sevginin təcəlləsi kimi əksini tapır.
Ardı var...