İrlandiyanın yeni Məsihi

İrlandiyanın yeni Məsihi
11 sentyabr 2017
# 10:54

Kulis.az İradə Musayevanın “Ceyms Coysda Dublinin allahı olmaq iddiası” yazısını təqdim edim.

əvvəli burda

VI məqalə

Qadınların işlətdiyi iynələrin sayı inanılmaz,

tikansız da gül olmaz...

X.L.Borxes deyirdi ki, Coys ədəbiyyatçı deyil, ədəbiyyatın özüdür...

C.Coys hekayəsini danışdığı günün (16 iyun, 1904-cü il, çərşənbə günü) xronikasını sadalayır. Daha doğrusu, Leopold Blumun bir yaz günü içərisindəki səyahətinin marşrutunu... Dublin şəhərinin küçələrini gəzirik onunla, xəyalımız, təsəvvürümüz isə Leopold Blumla birlikdə dünyanı fəth edir. Elə ona görə də Blum deyir: “Eh, nə uzun gündür bu? Marta, hamam, dəfn mərasimi, Keyes müəssisəsi, muzeydəki tanrıçalar, Dedalusun mahnısı, sonra Barney Kiernandakı o dəli hərif... Cavabını yaxşı verdim hərifin oradaca...” Əslində Coys bu xatırlatmanı oxucusu üçün edir. Əsərin həddindən çox dağınıq, xaoslu təhkiyəsinin səliqəli süjetini yaratmaq istəyir bu mesajı ilə. Düşüncədəki çarpazlaşmalara bir düzən verir.

Əsərin əvvəlində Blum Marta ilə söhbət etmişdi kitab və s. haqqında. Onun məktubu, xəyanəti günün sonunadək (elə bilirik, az qala ömrünün sonunadək) silsiləvi süjetlər doğurur. Küçədə Mister Coyla rastlaşır. Əlində turba kimi burulmuş qəzet, cibində məktub. Məktubda iynə ilə bəndlənmiş çiçək də var. “Qadınlar iynəylə çox oynayar”-deyə düşünür... Daima sancırlar, tikirlər, bəndləyirlər... Blum tez-tez məktuba əlini toxundurur və çox həyəcanlıdır. Coy öz arvadının konsertindən bəhs edir, Blum da fəxr ilə Mollydən (Martadan). Və Coyla sağollaşandan sonra məktubu açır: “Sevgili Henry! Yazdığın son məktubu aldım, çox təşəkkür edirəm. Bundan əvvəlki məktubumun xoşuna gəlməməsinə çox üzüldüm. Niyə pul göndərdin ki? Məni son dərəcə əsəbiləşdirdin... Buna görə də səni cəzalandırmaq istəyirəm. Sənə “yaramaz uşaq” deməyimin səbəbini o biri dünya-filan yalanını sevmədiyim üçündür. Lütfən, o sözün həqiqi mənasını mənə açarsanmı? Sən evində xoşbəxt deyilsənmi, yaramaz uşaq? Kaş sənin üçün nəsə edə biləydim... Bu yazıq dostun haqqında nələr düşündüyünü yaz. Tez-tez sənin o gözəl adını düşünürəm. Sevgili Henri, nə zaman görüşəcəyik? Səni düşünmədiyim bir dəqiqə belə yoxdur, inan! İndiyə qədər heç bir kişi məni bu qədər özünə çəkməmişdir, bu mənə çox əzab verir. Lütfən, mənə uzun bir məktub yaz və hər şeyi anlat. Yazmasan, unutma ki, səni cəzalandıracağam. Beləcə, məktub yazmasan, sənə nə edəcəyimi bildin, yaramaz uşaq! Ah, səni elə gözləyirəm ki... Henry, sevgilim, səbrim tükənmədən bu istəyimi yerinə yetirərsən, inşallah. O zaman sənə bir şeyi anladaram. Hələlik, xoşca qal, yaramaz sevgilim... Bu gün başım də elə bərk ağrayır ki... Gözlətmədən cavab verərsən...

Sənin üçün darıxan Marta”.

Marta sevgilisi ilə 4-30-da görüşməlidir. Blum bu xəyanətə mane ola bilmir. Amma romanın bir neçə yerində bu zaman-“4-30” ağrılı bir rəqəm assosasiyası yaradır. 4-30-da onun saatı da dayanır nədənsə. “Qəribədir, saatım 4-30-da dayandı. Tozdan... Təmizləmək üçün köpəkbalığının qaraciyəryağı lazımdır. Özüm də təmizləyə bilərəm...”

Qadın, sevgi, xəyanət, sədaqət və başqa bu qəbildən olan düşüncələr Adəm və Həvva başlanğıcına qədər müzakirələrə yol açır. Sonra dostu Diğnamın dəfni... Bu ziyarət isə “həyat və ölüm”, “ruh və bədən”, “günah və tövbə” və s. bu kimi fəlsəfi suallar atır ortaya. Digər məqamlar da bu cür geniş mahiyyətlərə doğru baş alıb gedir... Boş, praktik olaraq heç bir hadisə baş verməyən günün vakkumu bizi, əslində dünyanın, insanın yaradılışı, taleyi, tarixi ilə bağlı ən möhtəşəm suallarla imtahana çəkir. Düşüncə seli insanın, insan şüurunun nələrə qadir olduğunu göstərir. Coys oxucusunu bezdirməkdən, əsəbiləşdirməkdən, deyindirməkdən, sanki məmnunluq duyur. Və bu giley-güzarın sonunda həyatdan “məna” tapıb çıxartmaq məqsədimizin gülünclüyünü bizə dərk etdirir...

Nobel mükafatçısı Samuel Bekket düşüncələri silkələyən “Uliss” romanı haqda təsadüfən deməmişdi ki, “bu romanı oxumaq yox, dinləmək və görmək lazımdır”. Coys yeni ədəbiyyat meydana qoyduğu kimi, həm də yeni bir oxucu çeşidi, “Uliss” oxucusu da yaradır. Və bu yeni oxucu elə Bekketin dediyi kimi, yalnız səbrlə oxumağı yox, eyni zamanda diqqətlə, bezmədən, usanmadan dinləməyi, situasiyaları görməyi (Ancaq təsəvvür etməyi deyil, məhz gözü ilə real şəkildə görməyi!) də bacarmalıdır.

Yazı prosesində ən çox düşündüyüm məsələlərdən biri Coys müşahidələrindəki, eləcə də təsvirlərindəki daimi aktuallıq və bəşərilikdir. Q.Q.Markesin “Patriarxın payızı” romanında olduğu kimi... Necə ki Markes bəşəri bir patriarx obrazını, daha doğrusu, patriarxallıq xəstəliyinin spesifikasını özündə cəmləşdirən bir bədii portretin cizgilərini əbədiləşdirdi, bu sindroma, siyasi, ictimai faciələrə rəvac verən xəstəliyə ədəbi bir möhür vurdu... Məlum oldu ki, bütün dünyada bütün patriarxlar eyni xislətdə, xasiyyətdə, eyni qiyafədə olur və eyni proqramlı idarəetmə məramnaməsinə malikdirlər. “Patriarxın payızı” romanında da lotereya oyunları, milli idman oyunları, “vətənə xidmətə” görə yox, “vətənə xəyanətə” görə təltifləmələr, kütləyə hökmdar sevgisi aşılamaq siyasəti, diktator kimi idarəetmə prinsiplərinin ilkin şərti olan maliyyəni və mətbuatı əldə saxlama və s. qlobal mahiyyətli problemlər ifadəsini tapır. Təxminən 60 il ondan əvvəl yazılan “Uliss” romanı “Odesseya” tendensiyalı olsa da, zamanın, eləcə də daha sonrakı zamanların aktual problemlərini əks etdirən realist yanaşma romanıdır. Yaşıllığı qoruma layihələri, lotereya oyunları (hətta krallığın dəstəyi ilə keçirilən və saxta oyunlar), milli olimpiya oyunları və s. bu kimi ictimai düşüncəni daima nə iləsə məşğul edib öz “siyasətini”, hakimiyyətini arxayınlıqla tənzimləmə metodu anti-demokratiya faktı kimi açılır.

“-Milli idmanımızı,-dedi Joe, yenidən canlandıran adam budur. Baxın, burda dayanıb. James Stephensi qaçıran adam... Güllə atma oyununda İrlandiya milli çempionu...”

Romanda göstərilir ki, idman oyunlarının bir çox növü təkcə bədənin fiziki tərbiyəsi ilə yox, əslində daha çox anti-humanist cizgiləri ilə xarakterizə edilir. “Mədəniyyət qiyafəsində barbarlıq” tənqid olunur. İnsanlar nəyi alqışlayır? Nəyə “qələbə” deyir? Bu suala müəllif mətnin ümumi intonasiyasından, sarkazmdan istifadə edərək istehzalı şəkildə cavab verir. Elə bir oyun, mübarizə, döyüş səhnəsini əks etdirir ki, orada hünər, şücaət yox, namərdlik və qəddarlıq təlqin edilir. Eyni zamanda, “İdman oyunu milli intibah faktıdır!”- qənaətini Coys yerlə yeksan edir. İronik təsvir və mühakimələrdə bunu aydınca görmək olur. Məsələn, Coys göstərir ki, məşhur bir dil araşdırıcısı guya millətdə ülvi hisslər oyandırmaq üçün antik Gal idman və əyləncələrinin yenidən canlandırılması tələbini etmişdir. Halbuki bu fikrin ardınca rinqi və tamaşaçıların gözü qarşısında baş verən döyüş səhnəsini əks etdirən oxucu anlayır ki, burada ülvi hissləri oyadan heç bir əlamət yoxdur. “- Antik Yunan, antik Roma və antik İrlandiyada olduğu kimi bir irqin mövcudluğu üçün şərt olan bədən tərbiyəsinə əhəmiyyət haqqında çox maraqlı bir konfrans keçirilmişdir. Əsil alicənab cəmiyyətin möhtərəm rəisinin fikrincə toplantıda iştirak edənlərin sayı xeyli çox olmuşdur. Rəis tərəfindən bəlağət və fəsahət ilə ifadə edilən möhtəşəm bir xitabətlə nitq söylənilmişdir. Bir çox faydalı məlumatın müqabilində, qədim Pankeltik atalarımızın antik oyun və idmanlarına yenidən rəğbət qazandırılmasının faydaları ortaya çıxmışdı. Hər zamankı kimi yüksək səviyyədə son dərəcə maraqlı və əhəmiyyətli görüşmələr təşkil olunmuşdur. Qədim dilimiz üzərində dərin çalışmalar etmiş tanınmış və çox möhtərəm Mr. Joseph M.Carthy Hynes məlum bir xitabətlə, Finn Mac Cool tərəfindən gecə-gündüz tətbiq olunan və bizlərə ta qədim zamanlardan qalmış olan insan oğluna xas ən ülvi qüvvət və cəsarət duyğularını təkrar oyandırması gözlənilən antik Gal idman və əyləncələrinin yenidən canlandırılması tələbini etmişdir”.

İdman yarışmaları zamanı oxunan mahnının adında da istehza var: “Yenidən bir millət”...

“Ölümsüz Thomas Oshorne Davisin “Ynidən Bir Millət” mahnısının həmişəyaşar misralarını (şükür hər kəs bildiyi üçün burada təkrarlamağa ehtiyac yoxdur) fövqalədə diqqətə layiq bir şəkildə söyləmişdir. Mahnı oxunanda o qocaman vətənpərvər çempion özünü daha qüvvətli hiss etmişdir. İrlandiya Caruso-Garibaldisi formunun zirvəsindəydi. Onun o yanıq, gur səsi ən gözəl intonasiyasını ancaq vətəndaşımızın söylədiyi mübarək nəğmədə tapa bilirdi. Onun, üstün keyfiyyəti ilə mövcud beynəlmiləl şöhrətini daha da artıran möhtəşəm əladan əla səsi, aralarında bir çox mümtaz kilsə mənsubları ilə, mətbuat və bar üzvlərinin, sərbəst məslək sahiblərinin toplaşdığı böyük bir auditoriya tərəfindən alqışlanmışdır. Daha sonra toplantıya son verilmişdir”.

Əsərin bu hissələrində müəllif elə üslub seçir ki, sanki özü də bu oyunlara aludə bir tamaşaçıdır. Guya bu oyun-döyüş rinqinə həyəcan və sevinc içərisndə tamaşa edir. Əslində isə sətiraltı mənalar başqa məqsədlərin açılmasına xidmət edir. Rinqdə belə “ingilis və irlandlı” problemi diqqət mərkəzində əks olunur. “Myler ilə Percy əlli ingilisin daşıdığı qızıl kisəni qazanmaq üçün əlcəkləri geydikləri gün tarixi və güclü bir oyun düzəldilmişdir... Son rauntdakı var gücü ilə yumruqlaşmalar hər iki çempion üçün dəhşətli olmuşdur. Baş çavuş Keoghun sağlı-sollu yumruqlara hədəf olduğu daha əvvəlki qarışıqlıqda rəqibinə qalib gəlmiş, topçu da sevimli qəhrəmanımızın burnunu yaxşıca yastılaşdırmışdır... Əsgər hücuma keçərək qüvvətli zərbələr endirəndə irlandiyalı qladiator da o sərt yumruğunu şimşək kimi Bennettinin çənəsinə tərəf yollayaraq qarşılıq verdi. İngilis başını əyib bu zərbəni ötürdüsə də, dublinli bir sol vuruşla onu havalandırdı və hərifi bir gözəlcə döydü. Sonra ikisi bir-birinə sarıldılar. Myler qəflətən rəqibini yumruqlamağa başladı və cüssəli adamı məğlub edərək küncə qısnadı, bir az da orada döydü. Sağ gözü şişərək möhkəmcə qapanan ingilis köşəsinə döndü ki, üstünə çoxlu su töksünlər və o rahatlansın. Amma elə həmin andaca fit çalındı və o yenidən hirslə qarşısındakı Eblanite boksçunu göz açıb yumana qədər yerə sərəcəyindən əmin bir şəkildə ortaya çıxdı. Bu kimin daha üstün olduğunu sübut edən döyüş çox acımasız idi. İki adam qaplanlar kimi boğuşdu, salonda həyəcan göyə qalxmışdı. Hakim Pucking Percyeni rəqibinə sarıldığı üçün xəbərdar etdi, amma sevimli oyunçumuz hünərini göstərərək şahanə ayaq hərəkətlərini davam etdirdi.

Qısa sürən bir nəzakət anından sonra əsgərin bir zərbəsi ilə rəqibinin ağzından qan fışqırması bir oldu. Sevimli qəhrəmanımızın qəflətən rəqibinin üstünə hücum edərək Battling Bennettin mədəsinə şiddətli bir zərbə endirdi və onu yerə sərdi. Təmiz və ağıllı bir nakautdur... Gərgin bir gözlənti içində rəqəmlər sayılarkən Portobello döyüşçüsünün yerdən qalxmadığını görən Bennettinin yardımçısı dəsmalı atdı və Santry Boy, hücum edərək rinqin iplərini aşıb ətrafını bürüyən tamaşaçıların çılğın alqışlama sədaları altında qalib elan edildi”.

Romanda, qeyd etdiyim kimi “yəhudi məsələsi” deyilən mövzu mütəmadi olaraq müzakirə obyektinə çevrilir. İrlandiyalı olmaq, yəhudi olmaq və həm də bir Leopold Blum ampulasında görünmək kimi missiyanı yerinə yetirən obraza başqalarının münasibəti də maraqlıdır. Blumdan bir yəhudi kimi şübhələnənlər çoxdur. Ondan tez-tez soruşurlar: Sənin vətənin haradır? Sənin milliyyətin nədir?

“Mən,-dedi Blum, o nifrət edilən, zülüm görən irqin nümayəndəsiyəm. Bu anda, lap elə indi də... Baxdı, barmaqları əsməyə başladı... Soyulan, talan edilən, həqarət görən, zülm edilən... Haqlarımızı əlimizdən almışlar, bax bu anda belə, - yumruqlarını havaya qaldıraraq dedi Blum... Fasta kölələr, ya da heyvanlar kimi hərraclarda satmışlar.

-Yəni, Qüdsdənmi bəhs edirsən?-dedi qardaş.

-Ədalətsizlikdən danışıram, -dedi Blum.

-Lap yaxşı,-dedi John Wyse. O halda insan kimi çıx qarşılarına. Tam aktual, gündəmlik bir mənzərə. Tam dumdum gülləsi üçün hədəf. Əlində bir süpürgə olsa, hələ bax bir də xidmətçi önlüyü, nə qədər də yaraşardı...

-Amma bir yararı olmaz ki,-dedi o. Zülm, nifrət, tarix hamısı da... Kişilərin, qadınların həyatı həqarətlə, nifrətlə solub gedər... Gerçək həyatın tam ziddi olduğunu hər kəs bilir.

-Nə?-dedi Alf.

-Sevgi!-dedi Blum. Yəni, nifrətin qarşılığı...”

Coys Blumu “macar-musəvi” kökənli kimi təqdim edir.

“-Junius kimdir?-dedi J.J.

-Onu istəmirik,-dedi Orangist, ya da Presbiteryen Crofter.

-Musəvilikdən dönmədir o,-dedi Martin. Macarıstanın harasındansa gəlmədir. Zatən bütün planları Macar sisteminə görə hazırlayan da oymuş. Şatoda bunların hamısını bilirik biz.

-Diş ustası Blumun qohumu deyilmi o?-dedi Jask Power.

-Əlbəttə, o deyil,-dedi Martin. Ancaq ad oxşarlığıdır. Onun adı Viragdır, özünü zəhərləyən atasının adı... Adı məhkəmə qərarıyla dəyişdirmiş, atası yəni...

- İrlandiyanın yeni Məsihi olur, yəni,-dedi qardaş. Mələklər və əllamələr adası!

-Hə... Hamısı da xilaskarlarını gözləyir hələ,-dedi Martin. Əslində elə biz də eləyik...

- Bəli,-dedi J.J.-hər kəs oğlan uşağı doğulanda düşünürlər ki, yeni Məsih gəldi... Elə hesab edirəm ki, hər yəhudi, uşağın atamı, anamı olacağını öyrənənə qədər böyük bir həyəcan içində gözləyir.

-Yəni, hər an gələ bilir,-deyə gözləyir, -dedi Lenehan”.

Maraqlıdır ki, Blumu və onun arvadını yəhudi əsilli insanlar kimi təqdimatın özündə də bir istehza sezilir. Kitab Stivenlə başlayıb Marion ilə bitir. “Blumun arvadı Marion (Molli) ata tərəfdən irland, ana tərəfdən ispan yəhudisidir. Konsert müğənnisidir. Stiven intellektual, Leopold Blum yarım-intellektual, Molli isə savadsız və vulqardı. Amma hər üçünün də özünəməxsus bədii tərəfləri var. Stivenin vəziyyətində bu bədiilik həqiqi olmayacaq qədər yaxşıdır – heç kim onun gündəlik nitqindəki kimi mükəmməl bədii kontrola sahib bir adamla “real həyatda” rastlaşa bilməz. Yarım-intellektual Blum Stivenə baxanda daha az sənətçidir, amma tənqidçilərin fərqinə vardığından daha çox sənətçidir: bir azdan izah edəcəyəm, Blumun şüur axını bəzən Stiveninkinə çox yaxındır. Son olaraq Molli Blum – basmaqəlib olsa da, fikirləri klişe, özü bayağı olsa da, kitabın sonundakı bənzərsiz monoloqun axırıncı parçasında görəcəyimiz kimi, o, həyatın adiliyindəki zənginliyə hissi reaksiya verə bilir”. (V.Nabokov)

Romanın bir məqamında John Wyese ilə Griffit Blumu öz qəzetində “beyin pozan” bir missioner kimi müzakirə edirlər. Onu İrlandiya sənayesini xaricilərə satma işindəki reklamçı kimi tanıyırlar. “Yəni, “Peterdən oğurladığını Paula ödə”... baxaq o sümsük sifətli hərif bizim işlərimizi necə qarışdırır. Əşşi, burax, bir az nəfəs alaq... Tanrı İrlandiyanı o yekəpər çaqqallardan qorusun. Mr. Blumun yalanları, dolanları... Onsuz da saxtakarlıq işlərinə özündən qabaq babası başlamışdı. Qoca Metuşalem Blum, məmləkəti incik-muncuğa və iki manatlıq saxta almazlara boğduqdan sonra özünü zəhərləyən soyğunçu ...

“Yəhudilik” bu əsərdə bir missiya, bir bəşəri idarəetmə funksiyasının baş planı kimi səciyyələndirilir. Məlumdur ki, bütün dünyaya səpələnən, say etibarı ilə çox az olan, amma az mqala bütün idarəetmələrdə izi görünən “yəhudi sindiromu” çözülür.

“-Amma düşünün bir dəfə,-dedi John Wyse, bir yəhudi də başqa hər kəs kimi öz vətənini nə üçün sevməsin ki?

-Əlbəttə, sevsin, -dedi J.J,.Amma əvvəlcə hansı vətəni sevəcəyindən yaxşıca əmin olsun!

-Bu adam bir yəhudimi, yoxsa bütpərəstmi, ya da bir Katolikmi, Protestantmı, ya da hər nə poxsa, nədir?-dedi Ned. Əslində kimdir o?”

Qəribədir ki, bu gün də dünyanın ən məşhur alimlərinin, bəstəkarlarının, yazarlarının çox hallarda yəhudi əsilli olduğunu müşahidə edirik. Coys da əsərində bu faktı xatırladır:

“Mendelsson yəhudiydi, Karl Marks, Mercadante və Spinoza da yəhudiydi. Həzrəti İsa da yəhudiydi və onun atası da yəhudiydi –sizin allahınız...

-Onun atası yoxdu ki,-dedi Martin, yaxşı, bəsdir, sür maşıını...

-Kimin allahı?-dedi qardaş.

-Eh, əmisi bir yahudiydi, -dedi o. Sizin allahınız bir yəhudiydi. İsa, mənim kimi bir yəhudiydi”.

Hətta söhbət əsnasında “Aydakı adam da bir yahudimiydi?”-replikası durmadan təkrarlanır...

Leopold Blum romandakı çoxsaylı obrazlar vasitəsi ilə müxtəlif rakurslardan təhlil edilir. O arvadı, iş yoldaşları, dostları və tanışları, xüsusən İrlandiya milliləri üçün kimdir?-sualı hərtərəfli çözülür. Bizim özümüz üçün də onun insan kimi obrazı ziddiyyətli görünür bəzən... Lakin dəniz kənarında Gerty adlı gənc qızın ona münasibəti isə bambaşqadır. Gerty ilk baxışdanca bu adamı xəyalının qəhrəmanı kimi qəbul edir. Dərdli və mənalı simasını özünə doğmadan doğma adamın xəyalı ilə müqayisə edir. Vurğunluq bu qədər tez baş verə bilərmi?- sualı gəlir meydana. Gerty çox uzaqlara baxırdı. Amma ürəyi şiddətlə döyünürdü. Bəli, bu adam ona baxırdı... Adamın gözləri yanaraq onun daxilinə təsir edircəsinə daxilini oyur, oyur, ruhunu oxuyurdu... Molly üçün mənasız adama çevrilmiş Blum Gerty üçün əlçatmaz və sevimli bir adam idi. “Şahanə gözləri var. İfadəsi möhtəşəm! Görəsən, ona güvənə bilərəmmi? İnsanlar bir az qəribədirlər... Qara gözlərindən və solğun, intellektual üzündən onun bir əcnəbi olduğu anlaşılırdı. Qadınların sevimli artisti Martin Harveyin ondakı şəklinə (bığlarını çıxsaq) çox oxşayır...”

Gerty onun yas içərisində olduğunu, başında bir kədər hekayəsi gəzdirdiyini duyur. O kədərin səbəbini bilmək üçün nələr verməzdi... düşüncəsində daima axtardığı adam indi onun qarşısındaydı. Gerty özünü bu an dünyanın ən xoşbəxt qadını hesab edirdi... Şüur axını üslubu Gertynun da düşüncələrinə tətbiq edilir. Gerty əslində dəniz kənarında Cissy və ekiz körpələrlə keçirdiyi qısa gəzinti zamanında çox-çox uzaqlara yol alır xəyalı vasitəsilə. Şüur axını Blumda olduğu kimi Gertyda da keçmişi və gələcəyi bu günün sonsuzluğunda cilovlayır. Gerty adını belə bilmədiyi adamın haqqında gələcəyinə də sahib olan biri kimi xəyallar qurmağa başlayır. “Canım, sevgilim mənim! Yuxularındakı sevgilinin ardınca gedəcəkdi, qəlbindən gələn bir səs o adamın tamamilə Gertyya aid olduğunu, onun eşqinə layiq bir kişinin məhz o olduğunu, dünyaya hökm edən şeyin eşq olduğunu düşünürdü. Başqa heç bir şeyin önəmi yoxdur. Nə olur olsun, zəncirlərini qıracaq, çılğın. Azad bir həyata başlayacaqdı Gerty”.

Bu qadınla qarşılaşması onu da həyəcanlandırır. “Diğnamın dəfn mərasimindən çıxanda kədərli idim, məni şad etdin. Var ol!”-deyə düşünür.

10.09.2017

# 1224 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #