Kulis.az İradə Musayevanın “Ədəbiyyatşünaslıq adına çap olunan kitablar...” adlı məqaləsini təqdim edir.
“Ədəbiyyatşünaslıq” adına yazılan kitab o qədər ciddi yanaşma, məsuliyyət tələb edir ki, bu işi hər adam boynuna götürə bilmir. Daha doğrusu, götürməməlidir. Əslində, bu kitabı elmli, bilikli, bu sahə ilə bağlı xeyli sayda qələm təcrübəsi olan müəlliflər və filoloji auditoriyanın havasına bələd olan müəllimlər yazmalıdır. Mənim aləmimdə “Ədəbiyyatşünaslıq” kitabı “ədəbi konstitusiya” qədər dəqiq və hamının anlayacağı, qəbul edəcəyi, maddələrinə hörmətlə yanaşacağı bir “ədəbi qanunnamə” olmalıdır. Amma bizim bu adla yazılan kitablarda elmilik, tədqiqatçılıq, müasirlik və s. bu kimi vacib şərtlər yox dərəcəsindədir. Bu kitablarda rus ədəbiyyatşünaslığından köçürmələr, özündən əvvəlki müəllifləri təkrarlama, qeyri-elmi, qeyri-dəqiq, qeyri-müəyyən, müəmmalı, qarışıq, oxucunu labirintə salan anlaşılmaz fikirlər var. Nəinki tələbə və sıradan bir oxucu, hətta özünü ədəbiyyatşünas hesab edən mütəxəssis də bu cür kitabları oxuyub bitirdikdən sonra uğursuz cəhdinin - bu elmin sirlərinə yiyələnmək həvəsinin peşmançılığını yaşayır, elə ilk səhifələrdəcə olub-qalan bilgiləri də unudası olur… İfadə yanlışları, fikir təkrarları, aidiyyatsızlıqlar, ümumi, boş, mahiyyətsiz məsələlər haqqında sanki, elmi - nəzəri əhəmiyyəti olan problem anlamında danışmaq cəhdi – bütün bu məsuliyyətsizliklər bizi istər-istəməz tənqid ruhuna kökləyir.
Konkret faktlara üz tutaq. “Nəğməkar şair” kimi tanınan professor Vüqar Əhmədin “Ədəbiyyatşünaslıq” kitabını vərəqləyirəm. “Ədəbiyyat nəzəriyyəsi” adına yazılan fikirlərin təkrarını “Ədəbi tənqid” və sonrakı başqa başlıqların da mətnində bir daha oxumalı oluruq. Həddindən çox uzun, qeyri-səlis cümlələr düşünmək imkanımızı məhdudlaşdırır. Mürəkkəb və elmi olduğu üçün yox, mənasız-məzmunsuz və aidiyyatsız olduğu üçün: “Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq F.B.Köçərli ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən sistemli “Azərbaycan ədəbiyyat tarixi materialları” əsərini yazmışdır”. “Hələ çox qədim dövrlərdə şairlər, söz ustaları öz xalqının, eləcə də ərəblərin, farsların, Osmanlı türklərinin, eyni zamanda yunanların və Avropa xalqlarının ədəbiyyatının folklorunun biliciləri tərəfindən məclislərdəki mübahisələr zamanı söylənən bu mülahizələrdə bədii əsərin məqsəd və vəzifələri, estetik təsirin incəlikləri, şer şəkillərinin əlvanlığı və s. haqqında konkret fikirlər meydana çıxırdı”. s11
Sintaktik yanlışlığı kənara qoyuram, bu cümlənin o tərəf, bu tərəfinə, yəni əvvəlki və sonrakı abzaslara belə nə qədər diqqətlə baxdımsa, hansı “mülahizələr”dən söhbət getdiyini bilmədim…
Növbəti iki cümlənin mətnində o qədər qeyri-dəqiq və mühakiməyə çəkiləcək “bəyanatlar” var ki, müəllifin bu qədər qeyri-ciddi yanaşması təəccüb doğurmaya bilmir. Diqqət edin: “Azəri türkcəsində yazılmış ən qədim əsərlərdən biri “Dədə Qorqud” dastanıdır. Dastanın bəzi boyları islamdan qabaq yazılsa da əsas hissəsi, yəni tarixi bir şəxsiyyət olub, iki yüz on beş il ömür sürən və ahıl vaxtlarında İslam peyğəmbəri Həzrəti Muhəmməd əleyhissəlamla görüşüb İslamı qəbul edən Dədə Qorqudun təşəbbüsü ilə kütləvi şəkildə islamı qəbul edən oğuzlar tərəfindən artıq müsəlman olduqlarından sonra yazılmışdır”. s13
Ümumtürk abidəsi olan “Kitabi - Dədə Qorqud” sırf azəri türkcəsindədirmi? Bu abidə hansı dövrə aiddir ki, çoxəsrlik türk ədəbiyyatı tarixində “ən qədim”i hesab edilir? Dədə Qorqudun 215 il yaşaması hansı konkret tarixi faktla söylənilir? (Axı bu kitab elmi-tarixi araşdırmalar nəticəsində yazılıbsa havadan, bədahətən, ya da əfsanələr, rəvayətlər əsasında söz deməyin də söykənəcək bir yeri, istinadgahı olmalıdır) Dədə Qorqud islamı ahıl vaxtlarında, yəni konkret nə vaxt, qəbul edib? Axı 215 yaşdan konkret fakt kimi danışılırsa bu yaşın “ahıllıq” dövrü də bilinməliydi… Və cümlənin ən qəribə, diksindirici məqamı: Oğuzlar Dədə Qorqudun təşəbbüsü ilə islam dinini kütləvi şəkildə qəbul edib, olub müsəlman?!
Elmi üslubun prinsipləri var. Məntiqlilik, konkretlik, intensivlik, modallıq, sistemlilik və ən əsası aydın, yığcam ifadə tərzi və s. Həmin kitabdan söylədiklərimin hamısını inkar edən iki cümləni misal gətirirəm. Onu da nəzərə alın ki, bütün kitab bu cür söz yığınından, elmi dil və üslub əsasında yazılan tarixi, tənqidi, nəzəri mətnlərdən deyil, sırf əsassız və qeyri-məntiqi “qaralamalardan” ibarətdir: “Bədii ədəbiyyat haqqında elm, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın bölmələrindən olan, qədim dünya yazıçıları Aristotelin “Poetika”, Horatsinin “Poeziya sənəti haqqında”, yaxud “Pizonlara məktub” əsərləri ilə məşhur olan poetika elmi tarixin müxtəlif dövrlərində müxtəlif vəzifələrlə gah müstəqil elm, gah fəlsəfə və yaxud estetikanın bir hissəsi kimi fəaliyyət göstərərkən göründüyü kimi, Azərbaycanda da hələ qədim dövrlərdən bizim sənətçilər poetika yaradıcılığının spesifikasını təyin etməklə bədii əsərin quruluşunu, onun ideya-estetik məzmununu, kompozisiya və süjetini, surətlər sistemini, şeir və nəsr dilinin xüsusiyyətlərini öyrənməklə, ədəbi prosesin qanunauyğunluqlarının, ədəbi metodların, ədəbi növlərin orijinal şəkildə nəzəriyyəsini yaratmışlar”. s17
“Azərbaycan ədəbi-mədəni mühitindəki tendensiyalar klassik ədəbi ənənə ilə çox bağlı olmuşdur, bütün dövrlər üçün zəruri olan qanunauyğunluq, eləcə də ərəb mədəniyyətinin özü ilə gətirib gəldiyi bir sıra nümunələr, məsələn yunancadan tərcümə olunmuş elmi, ədəbi və fəlsəfi əsərlər, eyni zamanda Qurani-Kərim işığında yazılmış olduqca möhtəşəm sənət inciləri və s. onlardan öyrənmək və bəhrələnmək əlamətlərini İslamdan Antik dövrə dönüş səviyyəsində geriyə qayıtmağın faktları və hadisələri kimi qiymətləndirmək doğru olar”. s18
Kitabdakı “Ədəbi tənqid” başlığı ona aid hissədən məzmun etibarilə xəbərsizdir. Ümumiyyətlə, bu kitabda başlıqlar aid olduqları mətnin mahiyyətini aça bilmir, mətn başlığı doğrultmur. İslam dini tarixindən epizodlar, müəllifin dini dünyagörüşündən doğan subyektiv yanaşmalar hər hissədə, elmi-nəzəri mülahizələrin hər məqamında yerli-yersiz baş qaldırır və s.
Yəqin ki, gələcəkdə ədəbiyyatşünaslıq adına yazılan kitabların hər birisi haqqında ayrıca danışacağıq. İndi isə professor Vüqar Əhmədin “Ədəbiyyatşünaslıq” kitabının “Ədəbi-nəzəri fikrin inkişaf və mərhələləri” adlı hissəsindəki absurd və qeyri-dəqiq məqamlara da nəzər yetirib sonra başqa müəlliflərə üz tutaq. Professor V. Əhməd yazır: “Hər bir ədəbi əsərin özündən sonra yazılan həmin növdən olan əsərlərə təsiri vardır. Bütün bunlar üsul və metoda, bədii üsluba, mətləb və mənanı düzgün ifadə etmək üçün münasib düzgün sözlər işlətməyə öz bəhrəsini verir. Öz təcəssümünü surətlərdə tapan bədii ümumiləşdirmənin əsasında sənətkar şüurunun obyektiv gerçəkliyi dərketmə bacarığı, həyatının ayrı-ayrı faktlarında və hadisələrində başlıca, mühüm cəhətləri müqayisə, təhlil yolu ilə aşkara çıxarmaq, onlardan məna əxz etmək qabiliyyəti durur. Sənətkar mühüm olanı fərdilikdə ümumiləşdirərək, insanlara xas ümumi xüsusiyyətləri, müəyyən ictimai qrupun əxlaqının, adətlərinin ümumi cəhətlərini əyani olaraq aşkara çıxarır”. s. 23
Bu məqamda kitabın əvvəlinə, ilk səhifələrinə qayıdası oldum. Belə ciddi bir adla meydana gələn nəşrin redaktorunu, rəyçilərini, rəsmi icazəsini aradım. Nazirlik, ali məktəb, akademik, elmi dərəcəli və adlı bir neçə şəxsin razılığı, “ön söz”ü , təsdiqi ilə çap olunubmuş... Özü də belə bir tövsiyə ilə: “AMİ-nin professoru, filologiya elmləri doktoru, tanınmış şair, ədəbiyyatşünas alim Vüqar Əhmədin “Ədəbiyyatşünaslıq” dərsliyi filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdən kollec və orta məktəblərin müəllim, tələbə və şagirdləri, elmi işçilər və ədəbiyyatsevərlər də faydalana bilərlər. Ümumiyyətlə, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur”.
(Vüqar Əhməd. Ədəbiyyatşünasliq. Bakı, “Müəllim” nəşriyyatı, 2008, Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu, filologiya fakültəsinin tələbələri üçün, ixtisas: “hs 020200 – Azərbaycan dili və ədəbiyyatı”)
Daha bir qəribəlik: dərslik “Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ 25 dekabr, 2007-ci il tarixli “1282 ” saylı əmri ilə təsdiq edilmişdir”...
Kitabın elmi redaktoru akademik Vasim Məmmədəli oğlu Məmmədəliyevdir, rəyçiləri Fikrət Ramazan oğlu Xaliqov (AMİ-nin Azərbaycan dili, ədəbiyyatı və tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru), Əlibala Qüdrət oğlu Hacızadə (filologiya elmlər namizədi, MEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran filologiyası” şöbəsinin baş elmi işçisi), Nazilə Əbdül qızı Abdullazadə (AMİ-nin Azərbaycan dili, ədəbiyyatı və tədrisi metodikası kafedrasının baş müəllimi, pedaqoji elmlər namizədi)...
Pedaqoji elmlər namizədi Nazilə Abdullazadə kitabın “Ədəbiyyatşünaslığa yeni töhfə “adlı ön söz”ündə yazır: “Fikrimizcə, bədii ədəbiyyatdan bəhs edən hər bir əsərdə tədqiqatçı-alim düşüncəsi ilə yanaşı bədii zövqlə köklənən sənətkar qələmi vəhdət təşkil edərsə, söylənən hər fikir təzə, bakirə olar. Vüqar Əhmədin dilindəki lirizm, həssas duyum, axıcılıq, qulağa yad ifadələrdən uzaqlıq, səmimilik əsərə yeni bir ruh verir. Prof.V.Əhmədin “Ədəbiyyatşünaslıq” əsəri müasir dövrümüzdə ədəbiyyat tariximizin öyrənilməsində əhatəli və məzmunlu dərs vəsaiti olmaqla yanaşı, ictimai əhəmiyyətə malik bir tədqiqat əsəridir”. (s5)
Fikrimcə, bu kitab “Yeni, bakirə, ictimai əhəmiyyətli” olmasa da olardı, yetərdi ki, söhbətin nədən getməsini anlatmış olaydı...
Redaktə və korrektə olunmamış, yəqin ki redaktor və rəyçilərin belə oxumadığı (oxumayıblarsa bir, oxuyub təsdiqləyiblərsə, ikiqat təəccüb!) bu kitab dərslikdir, əziz oxucular! Ədəbiyyat haqqında elmi bilik almaq istəyən tələbəyə ciddi elmi nəşr kimi uzadılmış dərslik!...
Professor Rəhim Əliyev 360 səhifəlik “Ədəbiyyat nəzəriyyəsi” kitabını (Bakı, “Mütərcim”, 2008) da ümumi “Ədəbiyyatşünaslıq” məsələləri əsasında tərtib edib. “Tərtib edib” ona görə deyirik ki, kitabın annotasiyasında “Tənqidçi Rəhim Əliyevin bu kitabı onun Mədəniyyət və İncəsənət Universitetində dediyi mühazirələr əsasında hazırlanmışdır” -cümləsi yazılmışdır.
Mən əvvəldə qeyd etdim ki, “Ədəbiyyatşünaslıq” kitabları fundamental tədqiqatlar, araşdırmalar, elmi-nəzəri konseptuallıq əsasında yaranmalıdır. Təəssüf ki, “əlavə maraq”, əlavə ədəbi məşğuliyyət çeşidi kimi də yarana bilirmiş… Onda isə nəticəsi, “ortada olan nəticəsi” izaholunmaz durumlarla nəticələnir, sonlanır… R. Əliyev kitabının müqəddiməsində yazır:
“İki il əvvəl dostlardan biri mənə Mədəniyyət və İncəsənət Universitetində ədəbiyyat nəzəriyyəsindən mühazirə deməyi təklif etdi. Bu təklifdən oxucunun əlində tutduğu bu kitab yarandı. Ona görə bu təklifi edənlərə öz minnətdarlığımı bildirirəm. Cavanlıqda nəzəriyyə ilə həmişə imkan daxilində, yaxşı kitablar düşdükcə məşğul olurdum. Amma yaşlaşdıqca ədəbiyyata dair öz qənaətlərin sabitləşir və başqa nəzəriyyəçilər adama bir qədər darıxdırıcı görünür. Mühazirələr məni nəzəriyyəyə qaytardı. Bütün kursu demək sistemli bir plan-proqram tərtibini tələb edirdi. Onu hazırlayandan sonra 2006-cı ilin noyabrından kitabı yazmağa başladım. Amma başlayandan bir şey mənə aydın idi: mən dərslik yazmırdım. Ədəbiyyatın nə olduğu barədə öz əsərimi yazırdım. Həm də mühazirələr üçün düzəltdiyim plan əsasında yazırdım. Nəticəsi ortadadır”.s7.
Onu da qeyd edim ki, oxucuların “Nəsimişünas” kimi tanıdığı müəllif bu kitabında özünü “darvinist” kimi təqdim edir. Maraqlı deyil? – “Nəsimişünas” və “Darvinist!” R.Əliyev yazır: “Dilin mənşəyini şərh edəndə mən bütün hallarda olduğu kimi Ç.Darvinin təkamül nəzəriyyəsi mövqeyindəyəm”. s9
İlk səhifələrdəki anlaşılmazlıqlar imkan vermir ki, növbəti-konkret nəzəri məsələlərə həsr edilmiş hissələrə keçək: “Ədəbiyyatşünaslığın əsasları ədəbiyyat elmi haqda ümumi məlumat verir və onun əsas anlayış və terminlərini yığcam, sistemli şəkildə izah edir. Bu fənn adətən filoloji təhsilin əvvəlində, birinci kurslarda tədris edilir. Yalnız ədəbiyyat tarixi və dünya ədəbiyyatı barədə geniş biliklər alındıqdan sonra ədəbiyyat nəzəriyyəsi bu bilikləri nəzəri cəhətdən əlaqələndirəm və müqayisəli şəkildə izah edən və sistemləşdirən bir fənn kimi öyrənilir. Ədəbiyyat nəzəriyyəsinin əsas termin və anlayışlarını yaxşı mənimsəmək və təsəvvür etmək üçün üç-dörd ədəbiyyatın tarixini, təcrübəsini az-çox bilmək zəruridir” s11…
I fəsil belə adlanır, buna da diqqət edin: “Ədəbiyyat haqda elmin tarixi haqqında”… Sonra müxtəlif başlıqlar və yarımbaşlıqlar gəlir ki, orda da ciddi ədəbiyyatşünas baxışları və tədqiqatları yox dərəcəsindədir. Məsələn, “Ədəbi şərh problemi və onun janrları” hissəsində oxuyuruq: “Mətnləri şərh, kommentari etmək, yekməna anlam irəli sürmək təşəbbüsləri nəzəri ədəbiyyatşünaslığın ilkin forması idi. Dini düşüncədə yekməna anlama gələn tekstoloji məna həm də Allahın nöqteyi-nəzərinin tapılması və dərk edilməsi kimi ortaya çıxırdı. Allahın nöqteyi-nəzərini ifadə edən adamlar isə peyğəmbərlər oldu. Onların şərhlərini də insanlar yekməna qəbul edə bilməzdilər, ona görə peyğəmbərlər özlərinin Allahla bağlı olduqlarını irəli sürdülər. Bu mətnlərin dini-mistik qavrayışına, qeyri-tənqidi qavrayışına yol açdı. Beləliklə peyğəmbərlik institutu da sözün və dilin simvolizmini aradan qaldırmaq və mətnləri yekməna qəbul edilməsini təmin etmək, dildəki mistisizmi aradan götürmək üçün yarandı”...
Rəhim Əliyevin kitabı hətta normal təhlil prinsiplərinə belə münasib deyil, bu kitab haqqında danışmaq da olmur, susmaq da…
Kamran Əliyevin AMEA-nın Folklor İnstitutu adına çap olunmuş “Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar” (Bakı, “Elm və təhsil”,2013) kitabını ümidlə oxumağa başladım. Məlum oldu ki, ədəbiyyatşünaslığın müasir problematikası və bu sahənin nisbətən cavan nəslinin yaradıcılığı bu kitabda yoxdur. Kitab 50-60 il əvvəlin “ədəbi söhbətlər”ində ilişib qalıb... Özü də yenə də təkrarlamaq məcburiyyətindəyəm: Elmi üslub və leksik-semantik qanunları tar-mar edən “sözçülük” tendensiyası ilə... Məsələn, ədəbiyyatşünaslıq o qədərmi primitiv və “uşaq əyləncəsi” səviyyəsindədir ki, müəllif belə bir fikir irəli sürür: “Kamal Talıbzadənin ədəbiyyatşünaslığa marağı uşaq yaşlarından başlamışdır”. s.134
Və ya, “Səlahiyyət haqqı” məqaləsindəki bu cümlələr ümumiçilik, aidiyyatsızlıq, elmi-nəzəri düşüncə və ifadə tərzindən uzaqlığa misal deyilmi? “Qədim Naxçıvan torpağında dünyaya gəlmiş, sonradan müqəddəs idealları arxasınca ayrı-ayrı böyük şəhərlərə, ölkələrə səfər etmiş ədəbiyyat və sənət fədailəri illər və qərinələr keçdikcə daha çox öyrənilməyə möhtacdırlar. Bu şəxsiyyətlər harada yaşamalarından asılı olmayaraq qanlarına və iliklərinə hopmuş milli psixologiyanı və adət-ənənəni özləri ilə birgə yaşatmış, istəklərinin həqiqət olması üçün çətinliklərə sinə gərmiş, dəf olunası maneələr qarşısında yeni ədəbi formalara sığınmış və əbədiyyət qazanmışlar. Janr seçimi, mətbuat səhifəsi, teatr səhnəsi, tədris müəssisəsi, muzey idarəçiliyi, natiqlik tribunası onların arzu-istəkləri ilə mövcudiyyət arasındakı təzadları göstərmək vasitəsinə çevrilmişdir”. s.150
Kitab bu cür boşluqların cəngindən xilas ola bilməyib. Hər səhifə, hər abzas belə cümlələrdən ibarətdir... Bizim ədəbi-intellektual düşüncəmizdəki ifadə sərbəstliyi üçün yaradılmış ictimai-siyasi, sosial məqamın K.Əliyev yanaşmasındakı yozumuna baxaq, “Biləcəridən o yana” kimi məişət ifadəsi elmi üslubadamı yol tapdı?: “Biz vaxtilə yazılarımızın Biləcəridən o tərəfdə getməməsindən və özümüzün də kifayət qədər tanınmamağından tez-tez gileylənərdik. İndi artıq bütün sərhədlər açıq, mətbuat və kitab nəşri azad, özümüz də müstəqil dövlətin vətəndaşlarıyıq”. s.156
“Ədəbiyyatşünaslıq” kitabları üçün atıq səciyyəvi hal almış - cümlələr arasındakı məntiqi əlaqənin olmaması, qeyri-intensivlik, fikir ardıcıllığının yoxluğu, fraqmentallıq, “məntiqi son”suzluq, ideyasızlıq və s. kimi prinsipial əhəmiyyətli nöqsanlar bu kitabda da yetərincədir. Məsələn, təkrar-təkrar oxusam da aşağıda misal göstərdiyim hissədə Azərbaycan ədəbiyyatı tarixinin “az tədqiq edilmiş sahə”sinə “ögey münasibət” məsələsinin səbəbini anlaya bilmədim. Çünki müəllif deyir ki, bunun səbəbi “daha çox ədəbi mərhələ üçün səciyyəvi olan nümunə və faktların zənginliyi və tükənməzliyidir”: “Azərbaycan ədəbiyyatı tarixinin elə dövrləri vardır ki, həmin dövrlərin ədəbi hadisələri və ədəbi prosesi barədə nə qədər yazılsa da, yenə az tədqiq edilmiş sahə kimi qalmaqdadır. Bunun başlıca səbəbi nəzərdə tutulan müəyyən bir mərhələyə ögey münasibət bəsləmək deyil, daha çox ədəbi mərhələ üçün səciyyəvi olan nümunə və faktların zənginliyi və tükənməzliyidir”. s.166
Başdan-başa bu cür yazılır bu kitablar... Növbəti Ədəbiyyat nəzəriyyəçisi-Nizaməddin Şəmsizadənin kitabı haqqında isə istəyirəm başqa bir tənqidçinin fikrini təqdim edim. Həmkarım Cavanşir Yusifli heyrət içində yazır: “Qayıdaq nəzəriyyə söhbətinə. Yaxınlarda bu kitablardan biri ilə tanış oldum. Müəllif: Nizaməddin Şəmsizadə. Kitabın adı: Ədəbiyyat nəzəriyyəsi. il – 2012. Dərhal sitat verirəm: “... beləliklə, Allah əmanəti olan insan ruhunun SÖZ-də cisim və can bulmasına ədəbiyyat deyilir” (adı çəkilən kitab, səhifə 8). Əvvəlcə gözlərimə inanmadım, bir də oxudum, bunun qarabasma olmadığını görüb pərt oldum. Bir də cəhd etdim, 8-ci səhifədə qara və yağlı şriftlə verilən, altı cızılan cümləni əlimlə tutub qapadım, sonra maraq güc gəldi, düşündüm ki, əlimi qaldırsam o mənhus cümləni orda görməyəcəyəm. Ancaq gördüm. Və məni ağlamaq tutdu. Bu təqribən ona oxşayır ki, deyəsən: Füzulinin dahiliyi onun Füzuliliyindədir, yaxud Füzuli olmasaydı füzulişünaslıq elmi də olmazdı. Yaxud: füzuliləşə-füzuliləşə hegelləşirik, hegelləşə-hegelləşə füzuliləşirik. Yalançı pafosun ritmi və intonasiyası tanışdan tanışdır: getdim gördüm bir dərədə iki kar, kor... Əziz oxucu, mən bu sitatın yer aldığı kitab haqqında ciddi tonda yazmağa inan ki, çox cəhd etdim, ancaq nə yazdımsa alınmadı, gördüm həmin tərif gülə-gülə məni barmağına dolayır. Get dolanginən xamisən hənuz, Hələ bilmirsən sən vəzni əruz... Burda iki nöqtə birləşir, indi Azərbaycan filologiya elmində əruz və qafiyə haqqında nə və necə yazılırsa, haqqında bəhs etdiyimiz kitabda da eyni rüsvayçı tonla rastlaşırıq. Kitabın başqa bir yerində, konkret olaraq 203-cü səhifədə oxuyuruq: “roman ədəbi-bədii janrların ən möhtəşəmi, ədəbiyyatın qocalıq şəklidir.” Sarsıdıcı zərbədir, deyilmi? Mən sənətimlə bağlı olaraq institut illərindən üzü bu yana nə qədər nəzəriyyə kitabı oxumuşam, özü də ən müxtəlif dillərdə. Hətta müəlliflərin obrazlı dillə danışdıqlarının da şahidi olmuşam. Məsələn fransız filologiyasının dili akademik deyil, əksinə obrazlarla zəngin bir dildir. Ancaq burda diqqət mətnin obraz və epitetlərlə süsləndirilməsinə yox, mənanın verilməsinə yönəlir. Bizim nəzəriyyəçi alim, professor N.Şəmsizadə daha sonra eyni mətləblə bağlı yazır: “...o (yəni, roman – C.Y.), xalq həyatının bədii təcəssümüdür. Əgər xalq romanda özünü görmürsə, deməli yazıçı mənasız təsvirlərlə məşğul olub. Hətta ən maraqlı əhvalatların dal-dala düzümü roman deyil”. (http://kulis.lent.az/news/3269)
Qəribədir ki, bu gün ədəbiyyatşünaslıq elminin boşluqları, problemləri ikinci dərəcəli məsələ kimi görünür bəzən, daha çox uğurlardan danışılır, əsası olmayan «uğurlar»dan. Ədəbiyyatşünaslıq elmi və onun dərsliyi, kitabı barədə çox etirazlar, narazılıqlar və suallar dolaşır ədəbi mühitdə. Cavablar isə elə həmin kitablardakı müəmmalılıq, qeyri-müəyyənlik kimi anlaşılmaz olur adətən. Cavabları oxuyuruq, bilmirik ki, ədəbiyyatşünaslığımızın vəziyyəti yaxşıdır, ya pis? Ədəbi-nəzəri düşüncəmiz inkişafdadır, ya inkişafdan qalıb? Bu sahədə konkret hansı konseptual məsələlər həll olunmaqdadır? Ümumiyyətlə, bu ciddi problem aidiyyatı elmi idarə və müəssisələrdə elmi sual və həlli vacib problem kimi fikirləri məşğul edirmi? Konkret işlər görülürmü? Yoxsa, sadəcə «jurnalist susduran» papulist cavablarla məsələni havadan asılı qoyub gedirlər?
“Kaspi” qəzeti (30 iyul, 2016) hörmətli professorlarımız - Bədirxan Əhmədov və Buludxan Xəlilovdan bu problemin -ədəbiyyatşünaslıq adına mükəmməl bir kitabın olmaması – probleminin səbəbini öyrənmək istəyib. Bədirxan müəllim deyir: “Çox ciddi ədəbiyyatşünaslarımız var. Burada ad çəkməyəcəm, (?-İ.M) son illərdə dərc edilən məqalə və monoqrafiyalar mövzusu, problematikası və elmi səviyyəsi baxımından tamamilə standartlara cavab verir. Bəs elə isə nədən yaxşı ədəbiyyatşünaslıq əsərlərinin yazılmaması ilə bağlı heç də əsassız olmayan söhbətlər ortaya çıxır? Çünki bu gün mətbuat və elmi məcmuələr çoxdur, ona görə də burada çoxlu elmi və orijinal olmayan, bir-birini təkrar edən, bəzən kopyalanan məqalələr də dərc edilir. Tutaq ki, bir alim ildə necə 20 məqalə yaza bilər?! Gənc alim yazır ki, keçən il 20 məqaləm dərc edilib. Halbuki bir alim üçün ildə 3-4 məqalə də kifayət edir və belə də olmalıdır. Deməli ki, bu məqalələr içində problematik, elmi və orijinal məqalə yoxdur. Nəticədə bu məqalələr, kitablar bolluğunda elmi məqalələr itib-batır və bu cür söhbətlər ortaya çıxır”. Cavabının bir məqamında «Bu gün də milli ədəbiyyatşünaslıq həmin yolu davam etdirir. Hətta deyərdim ki, bir qədər də ədəbiyyatşünaslıq eninə və dərininə doğru inkişaf edib, yeni, orijinal ədəbiyyatşünaslıq əsərləri yazılıb» -deyən Bədirxan müəllim bu problemin həllini belə izah edir: "İndiyədək yazılan ədəbiyyat nəzəriyyələrinin hamısını qarşısına qoyub kiçik bir təhlil aparsan, bunu aydın görərsən. Bu da təbiidir, çünki bizdə indiyədək nəzəri məktəblər də olmayıb, sırf nəzəriyyəçi alim (özünün nəzəriyyəsi olan!) yetişməyib. Bizim bir əlacımız var, dünyada dərc edilən ədəbiyyat nəzəriyyələrini tərcümə etmək və tələbə və magistrlərə öyrətmək. Yalnız ondan sonra bizdə yaxşı ədəbiyyat nəzəriyyəsi kitabları yazıla bilər”...
Buludxan müəllim isə Bədirxan müəllimdən fərqli olaraq “dünyada dərc edilən ədəbiyyat nəzəriyyələrini tərcümə etmək və tələbə və magistrlərə öyrətmək” yox, daha çox “milli təfəkkür”, “milli konseptual prizmadan məsələni həll etmək” qənaətində olduğunu bildirir: “Bu zəhmətə qatlaşmaq üçün alim cəfakeşliyi, milli təfəkkür istiqamətində yanaşma, milli konseptual prizmadan məsələni həll etmək ədəbiyyatşünas alimlərin qarşısında ciddi vəzifə kimi dayanırdı. Müstəqillik dövründən sonra «Ədəbiyyatşünaslığa giriş» və «Ədəbiyyat nəzəriyyəsi» yarandı. Ancaq onlar irəli gedə bilmədilər. Həmçinin ədəbiyyatımızın nəzəri problemlərini də irəli apara bilmədilər. Hətta ədəbiyyatımızın mövcud nəzəri problemlərini saf-çürük etməyi bacarmadılar. Eləcə də ədəbiyyatşünaslığımızın problemlərini, perspektivlərini analiz edə bilmədilər. Ona görə də bu gün nə birinci kursda tədris olunacaq «Ədəbiyyatşünaslığa giriş» dərsliyimiz var, nə də son kursda tədris olunacaq «Ədəbiyyat nəzəriyyəsi». Amma ayrı-ayrılıqda müəllimlərin kitabları var. Onlar da sovet dövründə barmaqla göstəriləcək dərsliklərlə müqayisə oluna bilmir. Çünki o dərsliklər zamanın bütün tələblərinə cavab verir və ədəbiyyatın reallıqlarını ortalığa çıxara bilirdi. Həmçinin tələbəni ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi baxımından hazırlayırdı”.
Buludxan müəllim təklif edir ki, bu istiqamətdə ali məktəbdə təcrübəsi olan ədəbiyyatşünaslarla Nizami adına Ədəbiyyat İnstitutunda çalışan ədəbiyyatşünasların birgə əməkdaşlığı yaransın: "Yəni Nizami adına Ədəbiyyat İnstitutunda çalışan əməkdaşlar onun elmi əsaslarını təhlil etməli, onun metodik, tədrisə necə gəlmə, tələbəyə necə öyrədilmə tərəfinə diqqət etməli, hansı materialı tələbənin necə qavramasını duymaq şərti ilə ali məktəbdə çalışan ədəbiyyatşünaslar onu cilalamalıdırlar. Bu, birgə həyata keçirilməlidir. Mənə elə gəlir ki, bu kitablar bu gün bizim ali məktəb tələbələri, "Ədəbiyyatşünaslığa giriş” və "Ədəbiyyat nəzəriyyəsi”ni tədris edən fakültələrimiz üçün hava və su qədər lazımdır». Professor onu da doğru vurğulayır ki, bu kitablar bir nəfərin qələmindən çıxmamalıdır, kollektiv əməyin məhsulu olmalıdır. Bu dərslikləri yazandan sonra elmi ictimaiyyətin müzakirəsinə vermək lazımdır. Qoy təkmilləşsin, cilalansın və sanballı dərsliklər ortaya çıxsın…
Bəli... Biz bu məsələyə mütləq qayıtmalıyıq! Biz şöbələrdə, institutlarda titullar və dolanışıq naminə hər gün açılıb-örtülən qapıları var gücümüzlə döyməliyik. Böyük bir filoloji auditoriyanın, ədəbi düşüncə insanlarının tələb etdiyi həmin kitabları mütəxəssislərin vasitəsi ilə hazırlayıb ortaya qoymaq zamanı çoxdan keçib…