Soljenitsının romanının tərcüməsi qüsurludur – İradə Musayeva yazır...

Soljenitsının romanının tərcüməsi qüsurludur – <span style="color:red;">İradə Musayeva yazır...
11 iyul 2018
# 17:30

Kulis.az tənqidçi İradə Musayevanın “Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər...” məqaləsini təqdim edir.

V məqalə

əvvəli burda

Saraşkada 280 dustaq hər gecə yuxu görürdü...

Romanın yekun ideyası inam və inamsızlıqlar, yanlışlıqlar ilğımında sosializm əqidəsi naminə boşuna yol gedən insanlarla bu insanların tam əksi olaraq düşünən ideoloqlar arasındakı konfliktin ortaya qoyduğu məntiqi nəticədən ibarətdir. Sovet hökumətinə və Lenin ideallarına həbsdə də sadiq qalan, amma ziyalı və intellektual potensialı ilə hamının diqqətini çəkən Rubin üsyankar Qleb Nerjinin birmənalı etirazlarını qəbul etmir. Vəziyyət elə olur ki, get-gedə özü də bu hökumətə və düşüncəsində illərlə qoruyub saxladığı ideallarına asi çıxır. Hətta aclıq elan etməklə nəyəsə nail olmaq niyyətinə düşür.

Soljenitsının “Birinci çevrə” romanında dialoqlar, müxtəlif statuslu insanların ictimai-siyasi, sosial-mədəni sahələrin mənzərəsini təhlil edən polemikaları bəzən yorucu görünür. Həmin səhnələrdə L.Tolstoy təsvirlərinə bənzər fraqmentlər, oxucunu uzun-uzadı eyni dairədə, eyni mövzu cazibəsində saxlamaq metodu məzmunun mahiyyətini anlamağa yardım edir. Bəlkə də daha yığcam fraqmentlərlə də ideyanı oxucuya çatdırmaq olardı. Lakin bu lövhələr səbirli oxucu üçün həmin dövrün yığıncaqlarında, iclaslarında, məhkəmələrində iştirak etmək kimi bir “əyləncə” rolu oynayır.

Rubin Qleb Nerjini yola gətirməyə çalışır ki, akustika laboratoriyasında birlikdə işləsinlər və hətta yeni bir elmin – öz metod və nəzəriyyəsi olan fonoskopiyanın əsaslarını yaratsınlar. O, vədlərə inanır və Nerjini də inandırmağa çalışır ki, yaxşı işləsələr, onları tez azad edərlər, təmiz pasport verib vətən xaini ləkəsini üstlərindən götürərlər, ən azından bu elmi kəşflə saraşkada hörmət qazanar, hansısa Anton tərəfindən döyülməzlər. Müəllifin öz obrazını əks etdirən Qleb Nerjin isə rejimə və Stalinə nifrət etdiyi üçün onun tapşırığından imtina etmişdi. Nerjin haqqında artıq “yox edilsin” mesajı verilmişdir.

Rubinin sədaqəti də onu xilas etmədi. Paxtina vaxtilə Rubinə belə demişdi: “Yoldaş Rubin, sən partiya qarşısında tərk-silah olmalısan!” Rubini suçlayırdılar ki, əmisi oğlunun əvvəllər trotskçi olmasını partiyadan gizlədibdir...

İndi isə saraşkada haqq-ədalətin hər gün bir az öldürülməsi, məhv edilməsi, yerlə-yeksan olması mənzərələri Rubinin səbrini axır ki tükətdi...

Romanda zamanın siyasi portretinə saysız-hesabsız parodiyalar var. Məsələn, “xalqın arasına getmə” tezisinin siyasi mahiyyəti istehzalı şəkildə izah olunur. Nerjinin dalandar Spiridonla dostluq etməsini Rubinlə Soloqdin zarafatla “xalqın arasına getmə” və hələ Nerjindən də əvvəl Qoqolun, Nekrasovun, Gertsenin, slavyanofillərin, xalqçıların, Dostoyevskinin, Lev Tolstoyun, nəhayət, şərlənmiş Vasisuali Loxankinin tapa bilmədikləri kəndli həqiqətinin axtarışı adlandırırdılar.

Romanda hadisələr diplomat İnnokentinin bomba təhlükəsini xəbər verən zəngi ilə başlanmışdı. İnnokentini izləyir, telefon danışıqlarını dinləyir və ələ keçirirlər. O özünü pəncərədən, üçüncü mərtəbədən atmaq, ya da asmaq haqqında düşünür. Hissləri qarışır, özünü mühakimə edir, axı niyə 30 yaşında həyatla vidalaşmalıdır? Peşmançılıq ağrısı qəlbini incitsə də, öz böyük həqiqətinə sədaqətini də etiraf edir...

İnnokenti dünyanı atom müharibəsindən xilas etmək üçün zəng etmişdi. O, deyirdi ki, atom bombası kommunistlərin əlinə düşsə dünya məhv olacaq.

Burada yaradıcı insandan sistemin strategiyasına uyğun şəkildə dəyişilib məmura, intriqaçı rəhbərə çevrilmiş Adam Roytman obrazı var ki, o da müharibədən əvvəl və sonranın elmi-mədəni mühitindəki vəziyyətin xarakterini açmaqda bizə köməklik edir. “Bütün bu illər ərzində nə ilə məşğul olmuşdur? İntriqalarla. İnstitutda birincilik uğrunda mübarizəylə. Bir qrup dostu ilə onlar Yakonovu ləkələmək, onu yıxmaq üçün hər şeyi edir, düşünürdülər ki, bu adam öz nüfuzu, iddialılığı ilə onların üstünə kölgə salır, Stalin mükafatını da tək özü alacaq. Yakonovun keçmişinin ləkəli olmasından və buna görə də nə qədər özünü dağa-daşa vursa da, partiyaya girə bilməməsindən istifadə edərək, “gənclər” partiya iclasları vasitəsi ilə ona həmlələr edirdilər: onun hesabatlarını gündəliyə salır, sonra isə ondan iclası tərk etməyini xahiş edərək, ya da ki elə gözlərinin qabağındaca (“ancaq partiya üzvləri səs verirlər!”) müzakirələr aparıb qərar çıxarırdılar. Partiya qərarlarına əsasən Yakonov həmişə günahkar olurdu”.

Soljenitsının saraşkası əslində balaca bir SSRİ idi. SSRİ-nin kiçildilmiş maketi, modeli idi. Burada zaman, məkan, hərəkət qanunauyğunluqları qeyri-real, absurd və tərsinə işləyən qanunlar diktəsi fonunda arxaplanlı olmuşdu. Məkan içərisində məkanlar, zaman içərisində keçmişlə gələcəyi çarpazlaşdıran absurd zaman strukturu müəyyənləşir. Əsərdə də deyildiyi kimi “Ölkəni bütün perimetri boyu əhatəyə almış Dəmir Pərdənin içərisində – Marfino ətrafında – daha bir keçilməz polad pərdə asılırdı...”

Romanın süjetində dramatik məqamlardan biri də Soloqdinin çertyoju yandırması hadisəsidir. Klipper və Vokoder əməliyyatları hadisələrin konflikt və süjetin kulminasiya mərkəzitək diqqətdə saxlanılır. Soloqdinin çertyoju yandırması nüansı bu dramatizmi bir az da artırır. Daha sonra Roytman və Rubinin aparat üzərində çalışması, onların ciddi-cəhdlə fonoskopiya elminə töhfə vermək iddiası ən incə detallarına qədər açılır. Bu qurğu vasitəsilə istənilən cinayətkarın səsi yazıya alınır, digərləri ilə müqayisə edilə bilir və oğruların əl izi seyflərin üzərində necə qeydə alınırsa, o şəkildə də məhkəmə protokoluna əsaslı fakt kimi daxil ola bilir. İnnokentinin taleyi artıq təhlükə altındadır...

Roytman və Rubin bomba ilə bağlı zəng edən adamın kimliyini ilk olaraq ələ keçirdikləri səslərin arasında tapmalı idilər. İnnokenti zəng etmişdi, amma ehtimallar da nəzərə alınır və şübhələndikləri şəxsləri də nəzarətə götürürlər.

İnnokenti hər an qapının döyüləcəyini və həbs olunacağı anı gözləyir. Və o an gəlir. Ona SSRİ baş prokurorunun sanksiyasını oxudurlar. Həbs orderi ona aid idi... “Volodin İnnokenti Artemyeviç, 1919-cu il...” – yalnız bundan sonra bütün bədənini, sanki, böyük bir iynə ilə deşdilər, gözlənilmədən canına od düşdü. İnnokenti ağzını açdı, amma bircə səs də çıxara bilmədi, qırmızı vərəqi tutmuş əli hələ də dizinə çatmamış “mexanik” onun çiynindən yapışdı və təhdidlə dedi:

- Hə, sakit, sakit, tərpənmə, yoxsa buradaca boğaram!

Fənəri ilə Volodinin gözlərini kor edir, papirosunun tüstüsünü onun sifətinə buraxırdı. Vərəqi isə ondan aldı. İnnokenti həbs olunduğunu oxusa da, bunun həyatının sonu, uçurum olduğunu başa düşsə də, bu həyasızlıq, çiyninə batmış barmaqlar, üzünə dəyən işıq və tüstü ona dözülməz gəldi.”

Volodin İnnokenti Artemyeviçi həbs edirlər. Və həbs olunması haqqında ona uzadılan vərəqin üstündə “Əbədi saxlanılsın!” ifadəsi yeni mistik bir aləmə aparır onu. O, peşman olur ki, hansısa azad bir Avstraliyada bombardımansız, beşilliklərsiz, rahat bir həyat tərzi seçə bilmədi. Atom oğrularının dalınca qaçdı...

Roman müəllifin həyəcansız, sakit intonasiyalı təhkiyəsi ilə tamamlanır. 281 nəfər saraşka məhbusundan 20-sini, o cümlədən də Qleb Nerjini yatabla başqa yerə (daha ağır cəzaçəkmə məntəqəsinə) göndərirlər. 261 nəfər 20 nəfəri yola salır... Həmin 20 nəfər azad iradələri, sərbəst düşüncə tərzi ilə həbsxana rəhbərliyini qəzəbləndirənlərdir.

Finalın maraqlı situasiya ilə yadda qalma səbəbini araşdırsaq, müəllif ironiyasının mahiyyətini də açmış olarıq. Cəzadan cəzaya yol ölçən normal düşüncəli, sağlam əqidəli insanlar dustaq maşınının qaranlıq darısqallığında təsəlli axtarırlar. Daha pis yerə sürgün olunan bu məhbuslar, əksinə, özləri və gələcəkləri barədə daha inamla və daha rahatlıqla danışır. Kədərin və ağrının sevinc doğa bilmə absurdluğu adamı həm də ona görə mütəəssir edir ki, bütün bunların hamısını məhz Soljenitsın özü yaşayıb. Dustaq maşını bu iyirmi adamı soyuq və ümidsiz bir yerə - xəstəliklər və ölüm düşərgəsinə aparırdı. Onlar gözəl bilirdi ki, getdikləri düşərgədə saraşkanı “qızıl yuxu” kimi xatırlayacaqlar. Çox pis bir gələcəyə yola salınırdılar: Mis mədənləri, bel, araba, külüng, ürəkbulandıran yeməklərə doğru yol gedirdilər...

İlya Xorobrov deyir: “Eybi yox, uşaqlar, getməyimə təəssüflənmirəm. Saraşkadakı bəyəm həyatdır? Dəhlizlə gedirsən, ayağın Siromaxaya ilişir. Hər beşinci nəfər çuğuldur, ayaqyolunda cınqırını çıxarmağa imkan tapmırsan, dərhal kirvə xəbər tutur. Artıq iki ildir bazar günlərimiz yoxdur, əclafla! İş günü də ki on iki saat. İyirmi qram yağa görə bütün beynini ver bunlara. Evlə yazışmağı da qadağan etdilər, bunların babalarına lənət. Bundan sonra da işlə? Bu ki lap cəhənnəmdir!”

Cavabında Qleb Nerjinin dediyi sözlər isə romanın adını və ideyasını səciyyələndirən tezislər kimi səslənir:

“Yox, İlya Terentiç, bu cəhənnəm deyil. Bu cəhənnəm deyil. Cəhənnəmə biz gedirik. Cəhənnəmə biz qayıdırıq. Saraşka cəhənnəmin ali, birinci çevrəsidir. Bu, demək olar, cənnətdir”.

Soljenitsının bioqrafiyasında isə oxuyuruq: “Bir il Lubyanka həbsxanasında qaldıqdan sonra yazıçını Moskva ətrafındakı ixtisaslaşmış Marfino həbsxanasına köçürürlər. Bu həbsxanada riyaziyyatçılar, fiziklər və digər ixtisas sahibləri gizli elmi tədqiqatları ilə məşğul olurdular. Burada yaşadığı məhbus həyatını Soljenitsın özünün “Birinci çevrə” əsərində əks etdirmişdir. Dörd il sonra Soljenitsın Qazaxıstandakı siyasi məhbuslar düşərgəsinə köçürülür. Ağır məhbəs həyatı və dalbadal yaşadığı psixoloji sarsıntılardan o, burada xərçəng xəstəliyinə tutulur. Hamı onu ölümə məhkum olunmuş xəstə hesab edirdi, lakin Daşkənd hospitalında şüa müalicəsi alan Soljenitsın bu ağır xəstəlikdən sağalır və sonralar bu haqda “Xərçəng korpusu” adlı povesti qələmə alır.”

Romandakı çoxsaylı xarakterlərin, baş qəhrəmanların taleləri, gələcəkləri barədə müəllif maraqlı bir ümumiləşdirmə aparır. Onların hamısı eyni taleyi bölüşmək məcburiyyətindədir. Dustaq kimi yaşama, vətən xaini kimi cəzalandırılma və hörmətsiz ölüm...

Sovet sisteminin qanunları bütün insanları bərabərləşdirmə strategiyası uğrunda mübarizədə ikən, SSRİ adlı bir həbsxana tikib başa çatdırdı. “Düşmənlər”lə dolu bir ölkə! Soljenitsının romanda bütün təhlili insana hesablanırdı. İçindən sökülüb tökülən, tar-mar edilən insanlara elegiya kimi yazmışdı romanını. Bu 1000 səhifəyə yaxın romanın təfərrüatları az qala 100 ilin rejimi kimi bəşəriyyətə əzab verən sosializmə parodiya idi. “Novıy mir” mərkəzinin 1990-cı ildə çap etdiyi kitaba “Son söz”də yazırdı ki, “marfino saraşkası”nın özü də, sakinləri də, əsasən, naturadan götürülmüşdür.

Bəli, Soljenitsın nəsrinin “naturadan götürülmə” metodologiyası, üslubu, tərzi onu başqalarından tam fərqləndirən bir yol oldu. Tolstoyun bitdiyi nöqtədən başladı və zamanının ictimai-siyasi, sosial-mədəni obrazını romanlaşdırdı. Roman müəllifin 1955-ci ildə, Kok-Terekdə (cənubi Qazaxıstan) sürgündə olduğu zamanda yazılmağa başlanmışdı.

Romanın çox sadə “Atom” adlı süjeti bir müddət “Yeni dərmanın qərbə ötürülməsi” süjeti ilə əvəzləndi. Bir süjetdə “xəyanətkar diplomat”, o birisində isə “satqın həkim” ideyası vurğulanmışdı. Mahiyyətcə o qədər də fərqlənməyən bu variantların hər ikisində, əslində, bəşəriyyətin taleyi və SSRİ-də baş verən anti-humanist hərəkatın əsl mahiyyəti açılıb göstərilirdi. Və bu ağrılar müəllifin canından qopduğu üçün oxucu daha yaxından duya bilir o mənzərəni.

Bir neçə kəlmə də romanın Azərbaycan dilinə tərcüməsi məsələsinə toxunmaq istərdim. Çox təəccüblüdür ki, 1000 səhifəyə yaxın kitabın (Aleksandr Soljenitsın. Seçilmiş əsərləri. Bakı, Şərq-qərb, 2010. 944 səh.) tərcümə üslubunda vahidlik prinsipi gözlənilməyib. Romanın bəzi hissələri dilimizə məqbul şəkildə çevrildiyi halda, xeyli hissəsi qeyri-peşəkarcasına tərcümə olunub. Romanın tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, redaktoru isə filologiya elmləri doktoru, professor Asif Hacılıdır.

Hətta uzlaşmayan, məna-məzmun və qrammatik baxımdan qüsurlu cümlələr, bütöv abzaslar var ki, mətnin qavranılmasında böyük problemlər yaradır. Məsələn:

O, israfçılıqla yerə sərilmiş xalçanın üzəri ilə yeriyirdi. Xalça yumşaq, xovlu idi, adam onun üstüylə lap sürüşmək istəyirdi. Zalın sağ tərəfi iri pəncərələrdən ibarət idi, sol tərəfdə isə döşəmədən başlayan güzgü ucalırdı (s.144).

Otaq nə çox böyük, nə də çox hündür idi. İki qapısı vardı, pəncərəsi olsa da, pərdəylə tam örtülmüşdü və divardan seçilmirdi. Amma havası təmiz və xoş idi (ayrıca bir nəfər havanın içəri və çölə buraxılmasına, onun kimyəvi zərərsizliyinə görə məsuliyyət daşıyırdı (s.152).

Taxtın üstündə şəkilləri Yer qabığının mövcud olduğu üç milyard il ərzində heç kəsin şəkilləri çəkilməmiş sayda yağlı boya ilə, akvarellə, quaşla, kömürlə, tabaşirlə, üyüdülmüş kərpic tozu ilə çəkilmiş, yolkənarı daşlardan, balıqqulağından, şirli lövhələrdən, buğda dənələrindən, paxladan düzəldilmiş, sümük üzərində oyulmuş, otlardan yetişdirilmiş, xalçaların üstünə toxunmuş, təyyarələrdən qurulmuş, kino lentlərinə salınmış insan uzanmışdı (s.153).

O yumşaq, sıx toxunmuş coraba bənzəyən Qafqaz çəkmələri geyinmiş ayaqlarını yığaraq, sadəcə uzanmışdı. Əynində dörd iri - iki döş, iki yan cibi olan – frenç vardı. Bu köhnə, uzun müddət geydiyi, yaxşı öyrəşdiyi frenç onun hələ vətəndaş müharibəsi illərindən geyməyə başladığı (bir az da Napoleonu təkrarlayaraq), Stalinqraddan sonra isə marşal mundiri ilə əvəzlədiyi həmin o boz, qara, ağ, xaki rəngli frençlərdən biri idi (s.153).

Xozeynə görə narahatlıq dolu baxışla onun dəvə yunundan şalı yarıyacan üstünə çəkərək necə uzandığına diqqət etdi, amma birbaşa səhhəti barədə sual vermədi Stalin belə sualları xoşlamırdı) və pıçıltı ilə soruşdu (161).

Əsrin üçdə ikisi – başlanğıcında ən cəsarətli xəyal kimi belə təsəvvürə gətirilə bilinməyən, sonunda isə başlanğıcının yaddaşlarda canlandırılması və inanılması mümkün olmayan göyümtül ənginlik (s.162).

Burada, “Bioqrafiya”da, bir şəkil var: həmin şəkildə ruhani məktəbinin məzunu Cuqaşvili sona qədər düymələnmiş dairəvi yaxalıqlı boz keşiş paltarında təsvir edilişdi, onun ibadət etməkdən üzülmüş yeniyetmə sifətinin ovalı donuqlaşmışdı, ruhani fəaliyyəti üçün hazırlanan uzun saçları ciddiliklə iki tərəfə daranmış, itaətlə qəndil yağı ilə yağlanmış və qulaqlarının üstünə kimi sallanmışdı. Bircə gözləri və gərginlik içərisində olan qaşları bu cavanın, bəlkə də, mitropolitliyə qədər gedib çıxacağından xəbər verirdi (s.163).

Onun əməlli-başlı öyrəşdiyi polis idarəsindən şəxsi vərəqəsini və ruhunu hərbi rəisə təhvil verdilər, o da ki nə sosial-demokratlardan, nə MK üzvlərindən başı çıxmayan adam kimi, 1879-cu il təvəllüdlü, əvvəllər hərbi mükəlləfiyyətini yerinə yetirməmiş İosif Cuqaşvilini rus imperator ordusuna çağırdı (s.171).

Rusiyanı tanımayan, hər hansı bir pozitiv və müntəzəm təcrübəsi olmayan, tələffüzü başa düşülməyən bu avantürist gəlib əl-qol ata-ata, boğula-boğula öz aprel tezisləri ilə aləmi tamamilə qatıb-qarışdırana kimi hər şey aydın idi (s.172)ş

O, insanların torpaqla birləşdikləri yerlərinə, bazislərinə bələd idi, elə yerlərinə bələd idi ki, onsuz ayaq üstə dayana, heç nəyə davam gətirə bilməzlər, bundan yuxarıda olan isə, o şey ki onun köməyi ilə riyakarlıq, ikiüzlülük edirlər, bəzilərini göstərməyə çalışırlar –bu üstqurumdur, heç nəyi həll etmir (s.174).

Bu sadəcə istisnalar deyil, bu cür misallar hədsiz dərəcədə çoxdur. İfadələr, cümlələr bədii mətn üslubunu korlamaq dərəcəsində yanlış seçilirsə, oxucunu mütaliədən uzaqlaşdırır... Aşağıdakı misallar da ilk baxışda diqqəti cəlb edən qüsurlardır. Halbuki bütün kitab başdan-başa bu keyfiyyətlə tərcümə edilib.

Şərq tipli yeni nəzarətçi,

Fikirləri duruldu, başı çoxdan olmadığı dərəcədə aydınlaşdı

Onun dəlib çıxdığı mübarizə və iztirab yüksəkliyindən böyük materialistin müdrikliyi vəhşi əlinə düşmüş kompas kimi də olmasa, hər halda uşaq qığıltısı kimi görünürdü,

Qapı guruldadı

Kameralarda kimisi alt, kimisi üst çarpayıda ayaqlarını aşağı sallayıb oturmuş dustaqlar isə yerlərindən durmağa tələsmir, sinələrini qaşıyır, əsnəyir, bir-biri ilə həvəssiz zarafatlaşır, bütün məhbusları ən sevimli mövzusu sayılan acı talelərinə istehza edir, yuxularını danışırdılar

Şübhə idrakın vicdanlı olması deməkdir

Papağını çıxardaraq, lakin sırıqlısını soyunmadan və ayaqlarını geyinmək üçün aşağı sallamadan (indi bunu etməyin mənası yox idi, çünki yuyunma, səhər yeməyi və gəzinti vaxtı çoxdan bitmişdi), ona bir stəkan çay süzmələrini xahiş etdi,

İnsanlar çay içmələrini, yeyilməmiş yağ-çörəklərini bir kənara qoydular, bir-birinə və gedənlərə tərəf atıldılar. İyirmi beş nəfərdən dördü - bu qeyri adi, çoxsaylı qurban demək idi. Hamı birdən danışmağa başladı, həyəcanlı səslər düşkünləşmiş nifrət dolu ötkəm səslərə qarışmışdı. Bəziləri üst çarpayılarda ayaq üstə durub əl-qol atır, başqaları başlarını tutmuşdu, o biriləri sinələrinə döyərək qızğınlıqla nəyi isə sübut etməyə çalışırdılar, dördüncüləri yastıqları üzlüklərin içərisindən çıxarırdılar: bir sözlə, bütün otaq kədər, itaətkarlıq, hiddət, qətiyyət, şikayət və hesablaşma yığnağına dönmüşdü və bütün bunlar bir neçə mərtəbə şəklində dar bir yerdə toplanmışdı

Nerjinin bütün yır-yığış vaxtı xəstə bir parıltı ilə alışıb -yanan gözləri indi sönükləşmiş və hərəkətsizləşmişdi

...Ürək istehsalat üçün ağrıyır, ayaq isə sanitar hissəsinə çəkir

Soloqdin sinəsi ilə xırıldadı və əllərini yellədi və s.

09.07.2018.

# 2651 dəfə oxunub

Müəllifin son yazıları

# # #